"Bu gün çox adam İnsan hüquqları üzrə birgə qrupa can atır və həmin qrupa düşməyənlər bizə qarşı qeyri-ciddi fikirlər səsləndirir".
Belə bir açıqlama ilə hüquq müdafiəçisi Novella Cəfəroğlu sözügedən İşçi Qrupuna qarşı bir sıra hüquq müdafiəçilərinin tənqidi fikirlər səsləndirməsinə və onları hakimiyyətlə iş birliyində günahlandırmasına münasibət bildirərkən çıxış edib. Onun sözlərinə görə, artıq ortada nəticələr də görünməkdədir, lakin onların işlərinə mane olanlar var: "Biz bu qrupda ona görə işləyirik ki, xəstə olan məhbuslara, ailəsində problem olan məhbuslara kömək edək. Yəni bir nəticəyə gələk çıxaq. Ancaq ortaya belə məsələlər çıxdıqda biz heç nəyə nail ola bilmirik".
Hüquq müdafiəçisi İşçi Qrupunda təmsil olunan hüquq müdafiəçilərinin bəzi müxalifət partiyaları tərəfindən də ittiham olunmalarına sərt münasibət bildirib: "Bir tərəfdən deyirlər ki, "siyasi məhbuslar" azadlığa çıxmalıdır, bir tərəfdən də bizi ittiham edirlər ki, hakimiyyətlə iş birliyinə gedirsiniz. Mən başa düşə bilmirəm, bunlar nə demək istəyirlər?! Hər hansı bir problemi həll etmək üçün hakimiyyətlə danışıqlara getmək lazımdır. Demək dialoq mühiti var ki, bizim də nə isə danışmağımıza şərait yaranıb. İndi kimin xoşuna gəlmir, gəlməsin! Biz hər adamın sözü ilə oturub-durmuruq ki". N. Cəfəroğlu ittiham edən tərəfin onlara hüquq müdafiəçiliyindən dərs keçmək ixtiyarlarının olmadığını da bildirib: "Biz uzun illərdir ki, bu yolun yolçusuyuq. Şəxsən mən, 24-25 ildir ki, hüquq müdafiəçiliyi ilə məşğul oluram. Ona görə də bizə irad tutanlara bildirmək istəyirəm ki, çox şadam ki, həmin qrupdayam, çox şadam ki, mənim dostlarım o qrupdadır və çox şadam ki, Azərbaycan cəmiyyətində nə isə bir addım atmağa nail olmuşuq, vəssalam!"
Hüquq müdafiəçisi Arzu Abdullayeva isə bildirib ki, İşçi Qrupuna qarşı elə də ciddi hücumlar yoxdur: "Ola bilsin ki, bəzi vətəndaş cəmiyyəti fəalları bu qrupun fəaliyyətinə inamsız yanaşırlar. Lakin gərək İşçi Qrupu davamlı qaydada işləməyə başlasın ki, nələrə nail olmasını göstərsin ki, onun fəaliyyəti ilə bağlı hər hansı bir iddialar, inamsızlıq fikirləri irəli sürülsün. Məhz bundan sonra baxmaq və nəticə çıxarmaq olar ki, İşçi Qrupu yaxşı işləyir, yaxud da işləyə bilmir". A.Abdullayeva eyni zamanda xatırladıb ki, artıq İşçi Qrupu ilk uğurlu addımını atmağa nail olub: "Bir müsbət iş olub ki, bu da Hilal Məmmədovla bağlı idi. Bilirsiniz ki, onun öz qızının toyunda iştirak etməsinə icazə verilmişdi. Bunu isə artıq İşçi Qrupunun yaxşı fəaliyyət göstərməsi ilə əlaqələndirmək olar. Lakin bütün bunlara rəğmən, Qrupun mənfi, ya da müsbət tərəfi haqqında danışmaq məncə, tezdir".
Hüquq müdafiəçisi qeyd edib ki, İşçi Qrupunun fəaliyyətinin bərpası Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın təşəbbüsüdür: "İş ondadır ki, bu bizim təşəbbüsümüz deyil, Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın təşəbbüsüdür. Həm iqtidarın, həm də vətəndaş cəmiyyətinin nümayəndələri bu təşəbbüsdən sonra birgə fəaliyyətə başlayıblar. Çünki birinci İşçi Qrupunun davamı kimi bizim Qrup da öz işini davam etməli idi. Digər tərəfdən, birinci İşçi Qrupunun fəaliyyətində də müsbət işlər aparılmışdı. 373 nəfər azadlığa buraxılmışdı. Yəni bunu danmaq mümkün deyil. Ona görə də nəticə çıxaranlar tələsməməlidirlər. Zaman hər şeyi göstərəcək. Çünki dialoq bu prosesdə çox mühüm bir faktordur".
Qeyd edək ki, Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun fəaliyyəti oktyabrın 22-də bərpa edilib, işçi qrupunun keçirilən iclasında təşkilati məsələlər müzakirə edilib, qrupun həmsədrləri və katibləri seçilib. Qrupun həmsədrləri Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər. Həmçinin qrupun adı dəyişdirilərək İnsan Hüquqları üzrə Birləşmiş Qrup adlanıb. 2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Torbörn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edib.
PƏRVANƏ