|
|
|
|
Abşeron rayonunun Sənətkarlıq Paytaxtı elan edilməsi ilə əlaqədar, 2014-cü il tədbirlər planına uyğun olaraq, rayondakı Heydər Əliyev Mərkəzində tanınmış rəssam və şairlərlə görüş keçirilib.
Qonaqlar ilk öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Daha sonra qonaqlar Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara baxıblar .
Məlumat verilib ki, mərkəzlə bağlı mühüm amillərdən biri də burada interaktiv məlumat tablolarına geniş yer verilməsidir. Mərkəzdə Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi muzey də yaradılıb. Ekspozisiya zallarının hamısı zəruri avadanlıqla təchiz olunub. Mərkəzin funksionallığını artırmaq məqsədilə burada gənclər üçün müzakirə və diskussiya zalları qurulub, elektron kitabxana yaradılıb. Sərgi zalından əlavə, mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da var. Bütün bunlar gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkil edilməsinə geniş imkanlar açır.
Mərkəzin 3-cü mərtəbəsində Abşerondan olan rəssam Elçin Muradovun 50-yə yaxın əl işindən ibarət sərgisi daha çox diqqəti cəlb edir. Onun çəkdiyi əsərlərdə rənglər parlaq və aydınlığı ilə daha çox seçilir. Bu, özlüyündə rəssamın öz sənətinə ürəkdən bağlılığından xəbər verir.
Qonaqlara məlumat verilib ki, son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlərə də başlanıb. Qeyd edilib ki, bu mərkəzdə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili nəzərdə tutulur. 280 yerlik böyük akt zalı istifadəyə verilib ki, burada da rayonla bağlı bir çox tədbirlərin keçirilməsi üçün böyük imkanlar var. Bir sözlə, Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi üçün burada hər cür şərait yaradılıb.
Mərkəzin akt zalında toplaşmış qonaqlara tədbir haqda məlumat verən Abşeron rayon mədəniyyət və turizim şöbəsinin müdiri İlham Manafov son vaxtlar burada həyata keçirilən quruculuq və abadlıq işlərinin geniş vüsət aldığını qeyd edərək bildirib ki, rayon icra hakimiyyəti tərəfindən digər sahələrdə olduğu kimi, bədii yaradıcılığa, şair və yazıçılara, xüsusilə də gənc yaradıcılara diqqət və qayğı artırılıb. Bildirilib ki, rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun dəstəyi ilə bir neçə gənc yazarın kitablarının işıq üzü görməsi təqdirəlayiqdir. Daha sonra çıxış edən "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid qeyd edib ki, prezident İlham Əliyev son 10 ildə milli mədəni və mənəvi irsə yüksək qayğı göstərib, imzaladığı fərman və sərəncamlar xalqın mədəni və mənəvi yüksəlişinə xidmət edib. Bu müddət ərzində prezident İlham Əliyev tərəfindən mədəniyyət və turizm inkişafı ilə bağlı 5 Dövlət Proqramı, çox sayda fərman və sərəncam imzalanıb. Mədəniyyət infrastrukturunun müasir standartlara uyğun yeni mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsinə xüsusi diqqət yetirilib: "Mədəniyyət və incəsənət xadimlərinə diqqət həmişəki kimi yüksək səviyyədə olmuş, onların mədəni fəaliyyəti və zəhməti qiymətləndirilib, yüzlərlə sənətçi xalq şairi, xalq yazıçısı, xalq artisti, xalq rəssamı, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəsam, əməkdar mədəniyyət işçisi kimi fəxri adlar, həyatını milli mədəniyyət və elmimizin inkişafına, istedadını və ömrünü xalqına həsr edən görkəmli sənətçi və elm adamlarına xüsusi təqaüd və mükafatlar verilib".
Sonra çıxış edən fəlsəfə elmləri doktoru ,yazıçı-publisist, millət vəkili Elmira Axundova qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin elm və sənət sahələrinə, o cümlədən çoxəsrlik ədəbiyyatımıza, mədəniyyət və incəsənətimizə aid nəzəri-estetik görüşləri fundamental elmi-tədqiqat əsərləri üçün zəngin material verir: "Heydər Əliyev peşəkar teatrşünas idi, peşəkar kinoşünas idi, peşəkar rəssam idi, peşəkar musiqiçi idi, peşəkar dilçi-natiq idi, peşəkar yazıçı, tənqidçi idi. O, mədəniyyət və incəsənətimizin ayrı-ayrı sahələrindən bəhs edərkən bütün bunlara dövlətçilik baxımından azərbaycançılıq fəlsəfi kontekstindən yanaşıb. Heydər Əliyevin Azərbaycan naminə gördüyü titanik fəaliyyəti barədə cild-cild kitablar yazılıb və zaman keçdikcə bu kitabların sayı və sanbalı artacaq".