Böyük alim, həkim, ziyalı Cavad Heyət dünyasını dəyişdi. Abbas Səhhət deyirdi ki, Sabirin şeirləri İran inqilabına bir ordudan ziyadə xidmət göstərib. Cavad Heyət də İranda Azərbaycan dilinin yaşaması üçün, Quzeydə yaranan ədəbiyyatımızın Güneydə təbliği üçün, tariximizi təhrif edənlərə tutarlı, məntiqli elmi cavablar verməkdən ötrü bəlkə də yüz kişinin görə bilməyəcəyi işi təkbaşına görürdü. Bir vaxtlar o da böyük alim və şair olan Həmid Nitqi onunla bərabər bu çətinliklərə sinə gərir, bu ağır yükü çiyinlərində birgə daşıyırdılar. Cavad bəy: "Həmid Nitqi İranda olmayanda özümü tənha, kimsəsiz hiss edirəm" - deyərdi. Nitqinin vəfatından sonra Cavad bəy bu fəaliyyətində demək olar ki, yalnız qaldı, amma yolundan dönmədi, amalından çəkinmədi, həmişəki şövqlə, enerjiylə, həvəslə və əzmlə mübarək döyüşünü davam etdirdi.
Bu doğrudan da əsl döyüş idi. Millətin tarixini azdırmağa, dilini unutdurmağa, sıradan çıxarıb ancaq küçədə, bazarda saxlamağa rüsxət verənlərə, ümumiyyətlə, xalqın varlığını danmaq istəyənlərə Cavad bəy varlığıyla cavab verirdi. Həm böyük mənada, yəni özünün bu dünyada varlığıyla, həm də nəşr etdiyi "Varlıq" dərgisinin böyük hərflə yazılan adıyla. "Varlıq" - varlığımızın sübutu, özlüyümüzün təsdiqiydi.
Cavad Heyət həqiqətən unikal şəxsiyyət idi. Dünyaca məşhur həkim, həkimliyiylə ən yüksək məqamlara çata bilən, beynəlxalq miqyasda tanınan cərrah, bu qədər uğur qazandığı peşəsiylə kifayətlənmədi, insanların tək bir fiziki sağlamlığının keşiyində durmaqla yetinmədi, xalqının mənəvi səhhətinin də qayğısını çəkdi. Ensiklopedik biliklərə malik olan poliqlot - Avropa və Şərq dillərində yüzlərlə mənbəyə isnad edərək millətinin şərəfinə, ləyaqətinə sahib çıxdı, milli heysiyyətimizi növ-növ qarayaxmalardan qorudu.
Cavad Heyət hər yerdə nüfuzu, yeri bilinən şəxsiyyət idi. Avropa ölkələrində elmi-tibbi konfranslarda da, İstanbulda türkoloji toplantılarda da, Tehranda, Təbrizdə yorulmaz maarifçilik fəaliyyətində də, son illər Bakıda xəstələrə şəfa verəndə də o böyük ürəyinin səsiylə hərəkət edirdi.
Cavad bəy haqqında, onunla səmimi görüşlərim, söhbətlərim barədə çox şeylər yaza bilərdim və yazacam... İndi bu qısa vida sözləriylə kifayətlənirəm.
Cavad Heyətin yoxluğunu, onun elmi, ədəbi, mənəvi həyatımızda nə qədər önəmli yer tutduğunu bundan sonra daha dəqiq və dərindən dərk edəcəyik. Yeri həmişə görünəcək.