525.Az

Cavad Heyətin yeri həmişə görünəcək


 

Cavad Heyətin yeri həmişə görünəcək<b style="color:red"></b>

Böyük alim, həkim, ziyalı Cavad Heyət dünyasını dəyişdi. Abbas Səhhət deyirdi ki, Sabirin şeirləri İran inqilabına bir ordudan ziyadə xidmət göstərib. Cavad Heyət İranda Azərbaycan dilinin yaşaması üçün, Quzeydə yaranan ədəbiyyatımızın Güneydə təbliği üçün, tariximizi təhrif edənlərə tutarlı, məntiqli elmi  cavablar verməkdən ötrü  bəlkə yüz kişinin görə bilməyəcəyi işi təkbaşına görürdü. Bir vaxtlar o da böyük alim şair olan Həmid Nitqi onunla bərabər bu çətinliklərə sinə gərir, bu ağır yükü  çiyinlərində birgə daşıyırdılar. Cavad bəy: "Həmid Nitqi İranda olmayanda özümü tənha, kimsəsiz hiss edirəm" - deyərdi. Nitqinin vəfatından sonra Cavad  bəy  bu fəaliyyətində   demək olar ki, yalnız qaldı, amma yolundan dönmədi, amalından çəkinmədi, həmişəki şövqlə, enerjiylə, həvəslə əzmlə mübarək döyüşünü davam etdirdi.

Bu doğrudan da əsl döyüş idi. Millətin tarixini azdırmağa, dilini unutdurmağa, sıradan çıxarıb ancaq küçədə, bazarda saxlamağa rüsxət verənlərə, ümumiyyətlə, xalqın varlığını danmaq istəyənlərə Cavad bəy varlığıyla cavab verirdi. Həm  böyük  mənada, yəni özünün bu dünyada varlığıyla, həm nəşr etdiyi "Varlıq" dərgisinin böyük hərflə yazılan adıyla. "Varlıq" - varlığımızın sübutu, özlüyümüzün təsdiqiydi.

Cavad Heyət həqiqətən unikal şəxsiyyət idi. Dünyaca məşhur həkim, həkimliyiylə ən yüksək məqamlara çata bilən, beynəlxalq miqyasda tanınan cərrah, bu qədər uğur qazandığı peşəsiylə kifayətlənmədi, insanların tək bir fiziki sağlamlığının keşiyində durmaqla yetinmədi, xalqının mənəvi səhhətinin qayğısını çəkdi. Ensiklopedik biliklərə malik olan poliqlot - Avropa Şərq dillərində  yüzlərlə mənbəyə isnad edərək millətinin şərəfinə,  ləyaqətinə  sahib çıxdı, milli heysiyyətimizi  növ-növ  qarayaxmalardan qorudu.

Cavad Heyət hər yerdə nüfuzu, yeri bilinən şəxsiyyət idi.  Avropa ölkələrində elmi-tibbi konfranslarda da, İstanbulda  türkoloji toplantılarda da, Tehranda, Təbrizdə yorulmaz maarifçilik fəaliyyətində , son illər Bakıda xəstələrə  şəfa verəndə o  böyük ürəyinin səsiylə  hərəkət edirdi.

Cavad  bəy  haqqında, onunla səmimi görüşlərim, söhbətlərim barədə çox şeylər yaza bilərdim yazacam... İndi bu qısa vida sözləriylə kifayətlənirəm.

Cavad Heyətin yoxluğunu, onun elmi, ədəbi, mənəvi həyatımızda qədər  önəmli  yer tutduğunu bundan sonra daha dəqiq dərindən dərk edəcəyik. Yeri həmişə görünəcək.

 





20.08.2014    çap et  çap et