"Vergi xidmətinin təkmilləşdirilməsi, modernləşdirilməsi və müasir dünya standartlarına tam uyğunlaşdırılması prosesi gedir və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında vergi siyasəti də daxil olmaqla iqtisadi siyasət sahəsində kompleks tədbirlərin həyata keçirilməsi əks olunub. Konsepsiyada Vergilər Nazirliyinə aid tədbirlərin icrası məqsədilə "2013-2020-ci illərdə vergi sisteminin İnkişaf Strategiyası" qəbul edilib. Strategiyanın əsas missiyalarından biri də əhalinin vergi mədəniyyətinin yüksəldilməsi, vergiödəmə vərdişlərinin cəmiyyətin normasına çevrilməsinə nail olunmasıdır. Vergi ödəyicilərinə göstərilən xidmətlər məlumatlandırma, maarifləndirmə, təbliğat və təlim istiqamətlərində aparılır".
Bu sözləri vergilər nazirinin müşaviri Ələkbər Məmmədov deyib. O bildirib ki, ərazi vergilər departamentləri və idarələrinin yerləşdiyi şəhərlər istisna olmaqla, digər şəhər və rayon mərkəzlərində vergilərin könüllü ödənilməsi sistemini inkişaf etdirmək, elektron xidmətlərdən istifadəni asanlaşdırmaq məqsədilə vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılıb və hazırda respublikada 40 belə mərkəz fəaliyyət göstərir: "2013-cü il ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində 152638 ödəyici qəbul edilmiş və onlara 345466 sayda vergi xidməti göstərilib. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmiş şəxslərin sayı 48,7 faiz artıb.
Vergilər Nazirliyinin rəsmi internet səhifəsi vergi ödəyicilərinin informasiya ilə təmin olunmasında müstəsna rol oynayır. Vergilər Nazirliyinin internet səhifəsində məlumatların mütəmadi yenilənməsi və "İnformasiya əldə etmək haqqında" qanunda nəzərdə tutulan məlumatların yerləşdirilməsi təmin edilir. İnternet səhifəsinə 2013-cü ərzində 2.334.105 daxilolma qeydə alınıb.
2013-cü il ərzində vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə vergilərə aid 14 adda kiçik həcmli bukletlər, kitabçalar, jurnallar 146800 nüsxədə (133900 nüsxə Azərbaycan, 12900 nüsxə ingilis dilində) nəşr etdirilərək vergi ödəyicilərinə çatdırılıb. "Vergi ödəyicilərinə göstərilən xidmətlər - məlumatlandırma, maarifləndirmə və təbliğat işində sahibkarların ictimai təşkilatlarının və KİV-in rolunun artırılması" adlı layihə hazırlanmış, layihə çərçivəsində sahibkarların ictimai təşkilatları və KİV nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilib.
"Vergi ödəyicilərinin vergi xidmətlərindən istifadə imkanlarının araşdırılması və vergi xidmətinin ünvanlılığının təmin olunması layihəsi" adlı başqa bir layihə çərçivəsində respublikanın müxtəlif bölgələrində vergi ödəyicilərinin maarifləndirilməsi, məlumatlandırılması və ünvanlı vergi xidmətinin göstərilməsi, ölkədə əlverişli vergi mühitinin formalaşdırılması mövzusunda "dəyirmi masa"lar keçirilmişdir. Tədbirlərdə aparılmış sosioloji araşdırmaların nəticələri vergi ödəyicilərinə, icra strukturları və qeyri-hökümət təşkilatların nümayəndələrinə təqdim edilmiş və onları maraqlandıran suallar cavablandırılmış, vergi sistemində tətbiq edilən yeniliklər barədə müvafiq izahatlar verilmiş, "vergi ödəyicilərinin vergi xidmətlərindən istifədə imkanlarının araşdırılması" üzrə hazırlanmış sorğu vərəqi əsasında Bakı şəhərində və regionlarda seçilmiş 1000 vergi ödəyicisi və 50 ekspert arasında sorğular aparılıb. Layihə çərçivəsində 2013-cü il ərzində vergi ödəyiciləri üçün 284 vərəqdən ibarət "Ünvanlı vergi xidmətləri" məlumat kitabı, təlimçilər üçün isə 8 modul əsasında 139 vərəqdən ibarət təlim materialları hazırlanaraq vergi ödəyicilərinə təqdim edilib".
O həmçinin vurğulayıb ki, vergi əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün nəzərdə tutulmuş vəzifələrin icrasının mənbəyi vergi orqanlarında insan resurslarının inkişafıdır: "Bu məqsədlə təsdiq olunmuş konsepsiyanın əsas istiqamətlərini 5 qrupda birləşdirmək olar: təbliğat, təlim, qiymətləndirmə, həvəsləndirmə və insan resurslarının informasiya bazasının yaradılması. Vergilər Nazirliyinin tədris konsepsiyasının əsas məqsədi vergi orqanları əməkdaşlarına vergilər sahəsində qəbul edilmiş qanunların öyrədilməsi, onlara texniki vasitələrlə iş vərdişlərinin mənimsədilməsi, nazirliyin strateji məqsədlərinin başa düşülməsi və qavranılması, xüsusi peşə mədəniyyətinin və davranış qaydalarının qəbul edilməsindən ibarətdir. Bu məqsədlə yaradılan Vergilər Nazirliyinin Tədris Mərkəzində işə yeni qəbul edilən stajçı əməkdaşlar, mütəxəssislər, orta, böyük və baş menecerlərdən ibarət təlim və tədris qruplarına ənənəvi, distant və kombinə edilmiş təlim formalarından istifadə olunmaqla ilkin hazırlıq, ixtisasartırma kursları və qısamüddətli təlimlər keçilir. Ötən tədris ilində 23 qısamüddətli təlim, 3 ilkin hazırlıq kursu və 28 ixtisasartırma kursu aparılmış, vergi orqanı əməkdaşlarının təxminən 50%-i (1207 nəfər) tədris prosesinə cəlb olunub".