12px14px16px18px

KİV-də peşəkarlıq problemini yaradan səbəblər müzakirə edilib

02:02 / 28.10.2009
 
 
       Dünən Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə “Kütləvi informasiya vasitələrində peşəkarlıq probleminin yaradan səbəblər” mövzusunda dəyirmi masa keçirilib. SAMF-ın sədri Musa Yaqub bildirib ki, ötən müddət ərzində fond daha çox mətbuat tarixinə, beynəlxalq əlaqələrin yaranmasına dair layihələr həyata keçirib. Bundan sonra isə Azərbaycanda söz azadlığının, jurnalist peşəkarlığının vəziyyəti, Azərbaycan jurnalistlərinin Avropaya inteqrasiyası da fondun layihə mövzuları sırasında yer alacaq. Azərbaycanda söz azadlığı ilə bağlı xeyli işlər görüldüyünü diqqətə çatdıran QHT rəhbəri bu sahədə hələ də bir sıra problemlər olduğunu da qeyd edib. M.Yaqub mediada olan problemlər sırasında bir sıra mətbuat xidmətlərinin fəaliyyətinin qənaətbəxş olmadığını vurğulayaraq, onların jurnalistlərə informasiya əldə etməkdə yardımçı olmadığını dilə gətirib: “Bir sıra qurumların mətbuat xidmətləri jurnalistlərlə normal münasibət qura bilmir. Jurnalist dəfələrlə həmin şəxslə əlaqə saxlamağa çalışsa da, sorğusuna cavab ala bilmir. Mətbuat xidmətinin rəhbəri vəzifəsini yerinə yetirən şəxs müxtəlif bəhanələrlə sualdan yayınır. Sonda əlacsız qalan jurnalist informasiyanı dəqiqləşdirmədən yaymalı olur. Və bu da bəzən həmin mətbuat orqanının qeyri-dəqiq məlumat yayması ittihamı ilə üzləşməsilə nəticələnir. Əslində bu məsələdə jurnalist qeyri-obyektiv deyil. Mətbuat xidməti sualdan yayındığından məsuliyyəti jurnalistin üzərinə atır”.
        SAMF-in layihə üzrə koordinatoru Nəzirməmməd Quliyev bildirib ki, son zamanlar “reketçilik”lə mübarizə aparılsa da, bəzi şəxslər özlərini “böyük jurnalist” adlandıraraq, bir neçə qəzet təsis edərək “şəbəkə” yaradırlar. Həmin insanlar bu şəbəkə adı ilə dövlət qurumlarına yollanır və “reketçilik” edirlər. Mətbuat Şurası bu məsələ ilə bağlı tədbirlər görsə də, “reketçiliyin” qarşısını almaq hələ mümkün olmayıb. Efirdə şoulaşma həddini aşıb və bu da ailələrin mənəviyyatına təsir edir. Ömründə ailə qurmayan müğənni qızlar efirdən Azərbaycan qızlarına ailə tərbiyəsi barədə “dərs keçirlər”. Belə məsələlərə son qoymağın vaxtı çatıb və ictimaiyyət öz sözünü deməlidir”.
        N.Quliyev KİV-də qeyri-peşəkarlığın səbəblər sırasında reklam uğrunda qeyri-sağlam mübarizənin yaratdığı fəsadları da qeyd edib.
        APA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı “rekeçtçiliklə” mübarizəyə dövlət tərəfindən dəstəyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bunun üçün Ədliyyə Nazirliyi səviyyəsində monitorinq qrupu yaradılmalı və Mətbuat Şurasına bu işdə dəstək verilməlidir: “Təkcə qəzetin adını “reket” elan etməklə bunun qarşısını almaq mümkün deyil. Bu gün hansısa qəzeti “reket” elan edirsən, sabah həmin şəxs Ədliyyə Nazirliyində başqa qəzet təsis edir və eyni niyyətlə fəaliyyət göstərir. Buna görə də dövlət qurumları qrup yaratmalı və məsələ ilə bağlı mütəmadi monitorinqlər keçirilməlidir”.
        V.Mahirqızı mətbuatda peşəkarların azlığını bu sahədə normal vəziyyət olmaması ilə əlaqələndirib. Onun dediyinə görə, indi mətbuat qurumlarının maddi imkanları ürəkaçan deyil: “Deyirlər ki, araşdırma yazıların sayı azalıb və ya yoxdur. Elə araşdırma yazısı var ki, bunun ərsəyə gəlməsi üçün jurnalistə 200-300 manat lazımdır. Görək bu gün qəzetlər həmin araşdırma yazıya o qədər pul verirmi? Qəzetlərin buna imkanı çatmadığından peşəkar da araşdırma yazıları yazmır. Bununla yanaşı, bu gün yazılı mediada reklam uğrunda deyil, pul alıb kiminsə sözünü yazmaq uğrunda mübarizə gedir”.
       Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli bildirib ki, ölkədə kifayət qədər peşəkar jurnalistlər var. Amma onların əksəriyyəti mətbuatdan uzaqlaşıblar: “Bu gün mətbuatımızda peşəkarlıq problemi yoxdur, peşəkarı saxlamaq və onların potensialından istifadə etmək problemi var. Məhz bu səbəbdən mətbuatda peşəkar qıtlığı yaranıb”.
 
BƏXTİYAR
 



Bu yazı ( 316 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar