525.Az

Kitablar, rəylər


 

Kitablar, rəylər<b style="color:red"></b>

ELÇİN HÜSEYNBƏYLİNİN QARABAĞ “SƏYAHƏTİ”

(Elçin Hüseynbəyli. “Ağ. Qara”. “Qələmnəşr”, Bakı, 2013)

Dünya ədəbiyyatında müharibə mövzusunda  çoxlu əsərlər yazılıb və bu əsərlərin bir qismi sözün əsl mənasında bədii təsir gücü, tarixi əhəmiyyəti baxımından həmişə oxucuların diqqətini cəlb etmişdir. Daha doğrusu, bir insan-oxucu nəsli dünyadan köçmüş, yenisi gəlmiş, amma müharibə həqqında yazılan əsərlərə maraq qətiyyən azalmamışdır. Deyək ki, Lev Tolstoy və Ernest Heminquey kimi yazıçıların müharibə “dərsləri” hələ də  davam edir və  milyonlarla oxucuları bu bəşəri fəlakətin mahiyyəti barədə düşünməyə səsləyir.    Azərbaycan ədəbiyyatında müharibə haqqında geniş, epik lövhələri əhatə edən əsərlər İkinci Dünya müharibəsi bitdikdən sonra yazılmağa başladı. İndi bəzi müəlliflər iddia edirlər ki, Azərbaycan ədəbiyyatında, xüsusilə nəsrdə Böyük Vətən müharibəsi ilə bağlı əsl həqiqətlər heç də əks olunmamışdır və bunun da əsas səbəbi sosialist realizmi prinsiplərinin kor-koranə tətbiqi ilə bağlı olmuşdur. Əlbəttə, bu fikirlə qətiyyən razılaşmaq olmaz. Azərbaycan ədəbiyyatı istər müharibə illərində, istərsə də müharibədən sonrakı dövrdə üzərinə düşən missiyanı  yerinə yetirmişdir. Müharibə illərində Poeziya və Publisistika, müharibə bitdikdən sonra isə Nəsr müharibə həqiqətlərini əks etdirən nümunələr ortaya qoydu. Burada söhbət nəsrdən gedir və biz Əbülhəsənin “Müharibə”  (“Dostluq qalası”) romanını, Mehdi Hüseynin, İsmayıl Şıxlının, Hüseyn Abbaszadənin, Nurəddin Babayevin, İmran Qasımov, Həsən Seyidbəylinin və b. müəlliflərin povest və hekayələrini xatırlada bilərik. Olsun ki, daha sanballı əsərlər yazıla bilərdi, amma yazılan əsərlər Azərbaycan və Böyük Vətən müharibəsi mövzusunu bir çox aspektlərdən əhatə edə bilir.

Bəs müasir Azərbaycan ədəbiyyatında Qarabağda baş verən hadisələr, xüsusilə müharibə ilə bağlı həqiqətlər necə əks olunur? Bu suala cavab vermək təbii ki, kiçik bir yazının məqsədinə aid deyil (Yenə də adlar çəkə bilərdik: Elçin Əfəndiyev, Hüseynbala Mirələmov, Aqil Abbas, Yusif Kərimov, Eyvaz Zeynalov, və b). Ayrıca, daha geniş bir yazının mövzusudur bu. Biz yalnız həmin mövzunun bir yazıçının-Elçin Hüseynbəylinin nəsr əsərlərində  necə inikas olunduğunu izləyəcəyik.

Elçin Hüseynbəyli son on üç ildə Qarabağda baş verən olaylarla bağlı qələmə aldığı povestlərini, hekayələrini “Ağ. Qara” adı ilə bir kitabda cəmləyib və belə baxanda  “Ağ. Qara” kitabı bir yazıçının “Qarabağnaməsi” də  adlana bilər. Doğrudur, kitabdakı hekayələrin bəzilərinin Qarabağ müharibəsi ilə heç bir əlaqəsi yoxdur, amma təsvir olunan məkanın müəyyən cizgiləri haqda təsəvvür yaradır. Kitaba yazılan son sözdə oxuyuruq: “Kitabın adı da təsadüfi seçilməyib. Ağ-qara yazıçının ovqatını əks  etdirir. “Ağ hekayələr”i oxuyanda adamın bir gözü ağlayır, biri gülür, “qara hekayələr”i oxuyanda isə adamın ürəyindən qara qanlar axır.  Hər bir halda bu yazılar doğma Qarabağ haqqındadır: onun indiki ağrı-acıları, xoş xatirələri ilə birgə”.

Əlbəttə, bu fikirlə bağlı elə bir ciddi  iradımız yoxdur. Sadəcə olaraq  “bir gözümüzün ağlayıb”, o birisinin “gülməsi”, ya da ürəyimizdən “qara qanlar axması”  bir  az mübahisəlidir. Bu fikri bütün oxucuların gözlərinə və ürəklərinə şamil etmək olmaz. Şəxsən mən bir oxucu kimi,  “ağlayıb gülməkdən” daha çox düşüncələrə qərq oldum.

Qarabağda baş verən hadisə və olaylar, xüsusilə, müharibə ilə bağlı səhnələr ilk növbədə, təbii və inandırıcı olmalıdır. Buna ancaq o zaman nail ola bilərik ki, bu müharibənin mahiyyətini dərk edək, müşahidələrimiz dəqiq və reallığı ilə seçilsin, yalnız təsəvvür əsasında olmasın, təsvir olunan obrazlar süni və qondarma təsir bağışlamasın. Elçin Hüseynbəylinin Qarabağ müharibəsi ilə bağlı ilk sözü “Qurdun şərqisi” (“Əsirlər” və “Qoca” adı ilə iki hissə) adlı povesti olmuşdur. Bu povestdə, eləcə də Elçinin bundan sonra yazdığı hekayələrdə müharibəyə tamam fərqli bir münasibətlə qarşılaşırıq. Nədir bu fərqli münasibət? Vaxtilə yazıçılarımızı qınayırdılar ki, əgər sən bir azərbaycanlının Böyük Vətən müharibəsində igidliyini, qəhrəmanlığını təsvir etmək istəyirsənsə, mütləq onun keçdiyi döyüş yolunu izləməlisən.Axı, qəhrəmanlıq, məsələn, Həzi Aslanov kimi general olmaq və Sovet İttifaqı Qəhramanı kimi uğurlu, şərəfli bir yol keçmək heç də asan başa gəlmir.

Elçinin Qarabağda baş verən hadisə və olaylarla, xüsusilə, müharibə ilə bağlı qələmə aldığı nəsr əsərlərinin heç birində döyüş səhnələrinə rast gəlmədik. Ümumiyyətlə, təkcə Elçin Hüseynbəylinin deyil, Qarabağ müharibəsi ilə bağlı yazılan roman, povest və hekayələrin bir-iki nümunəsi istisna olunmaqla heç birində canlı müharibənin özünü görmürük. Bunun səbəblərini necə izah edək? Yazıçıların bir çoxunun  həmin o canlı müharibənin iştirakçısı olmamasındamı?  Yaxud, bu müharibənin öz xarakteri etibarilə çox ziddiyyətli xarakter daşımasındamı? Bir tərəfdən güclü dövlətlərin köməyi və “qayğısı” ilə silahlanan düşmən ordusu, o biri tərəfdən çox zəif, hələ heç ordu adlana bilməyən kiçik, pərakəndə qruplar.. (Ordu sonralar, torpaqlarımızın iyirmi faizi əldən gedəndən sonra yaranacaqdı).

Əslində, bizim fikrimizcə, döyüş səhnələrinin təsvirinə ehtiyac duyulmaması təbii idi. Artıq bu üsul ənənəvi idi, sırf texniki xarakter daşıyırdı və beləliklə, öz əhəmiyyətini də itirmişdi. Bir də ki, “canlı müharibə” anlayışı heç də üz-üzə gələn qüvvələrin çarpışması demək deyil. Canlı müharibə daha çox həmin müharibənin ağırlıqlarını çiynində daşıyan, əzabını çəkən, təkcə maddi deyil, mənəvi itkilərlə üzləşən insanın keçdiyi yolu səciyyələndirir. Biz Elçin Hüseynbəylinin hekayələrində, povestlərində də məhz canlı müharibəni bu şəkildə görürük. Daha doğrusu, müharibə psixologiyasının ayrı-ayrı fərdlərin həyatında, varlığında necə iz buraxdığının şahidi oluruq.Az-çox ənənəvi “canlı müharibə”  səhnələri ilə diqqəti cəlb edən “Dolu” romanında da (Aqil Abbas) silahların, topların, tankların deyil, psixologiyaların döyüşünü izləməli oluruq və qeyd edək ki, “Dolu” Azərbaycan nəsrində bu istiqamətin artıq aparıcı olduğunu sübut edir.

Mətləbdən uzaqlaşmayaq. “Əsirlər” və “Qoca” povestləri  Elçin Hüseynbəylinin və həm də onun təsvir etdiyi obrazların müharibəyə fərdi münasibətinin şahidi oluruq. O fərdilik bundan ibarətdir ki, müharibə haqqında yalnız həqiqəti yazmaq lazımdır. Müharibə təkcə qəhrəmanlar, igidlər yetirmir, qorxaqlar, satqınlar, xainlər, tərəddüd edib fərariliyə yuvarlananlar da az deyil. Yurdsevər, torpaqsevər insanlarla yanaşı, şəhərə, zahiri dəbdəbəyə, rahat yaşamağa  uyanlar da var. Müharibə bu mənada insanları çeşidləyir, kimin kim olduğunu ortaya çıxarır. Bu mənada Elçin Hüseynbəylinin müharibəyə fərdi münasibətini onun təsvir etdiyi obrazların həyat tərzində, düşüncəsində də görə bilirik.

İki döyüşçünü- biri yaşlı, birisə cavan – “mövqeyə” göndərirlər. Onlar tapdıqları tankı ağacların budaqları ilə örtür və sonra yola düşürlər. Ancaq ayrıldıqları dəstəyə çata bilmir və meşədə ermənilərə əsir düşürlər. Onları əsir götürənlərdən biri “kirvə Armik”dir. Ermənilər bu iki əsirdən-yaşlı kişi Xəlildən və cavan oğlan Yavuzdan gizlətdikləri tankın yerini soruşurlar. Traktorçu olmuş Xəlil bir xeyli müddət müqavimət göstərir, cavan oğlan isə elə hey atasını, anasını xatırlayır, qəbul imtahanları yaxınlaşdığı üçün xiffət çəkir. Təsvirlərdən belə anlaşılır ki, müharibənin ilk illəridir, əsir düşənlərin müharibə barədə təsəvvürləri çox zəifdir. Cavan oğlan deyir ki: “Belə də müharibə olar? Belə də əsirlik olar!? Nə güllə atdıq, nə güllə səsi eşitdik. Axmaq kimi Armikin tələsinə düşdük..Anamın ağlamasına, yalvarışlarına qulaq asmadım. Mən axı  bir günlüyə gəldim, bircə günlüyə..Müharibə belə olmur, mən onu kinolarda görmüşəm”. Cavan oğlanın içində əsirlikdən qurtulmaq duyğusu kök salır və yaşlı kişiyə deyir ki: “Armik də tanış çıxdı, sənin tanışın, get indi özün danış onunla, denən ki, bir gündən sonra mənim imtahanlarım başlayır, mən evimizi istəyirəm. De ki, mən o cındırın yerini bilmirəm, qoy məni buraxsınlar. Birbaşa Bakıya gedərəm, qohumlarımın yanına. Babamın tüfəngini də özümə qaytarsınlar”. Cavan oğlanın bu sözlərini, tərəddüd və həyəcanlarını təbii sayırıq. Onun “Mən heç evlənməmişəm də.Anam yola salanda “evlənsəydin, heç olmasa iyini uşağından alardım” deyirdi. Anama-atama yazığım gəlir. Onların nə günahı!?”. Sonda cavan oğlan dözə bilmir, “evimizi istəyirəm” deyib qapını təpikləməyə başlayır, tankın yerini qışqırır.  “Yaşlı kişi yüyürüb arxadan onu qamarladı, əlləri ilə boğazını sıxdı. Oğlan əlləriylə onun əllərini, üz-gözünü cırmaqlamağa başladı..Yaşlı kişi isə avtomat sıralamasından və öz ulartısından başqa heç bir səs eşitmədi”.

Povestin ikinci hissəsində yaşlı kişinin yaralı halda bir neçə gün meşədə gəzib axırda tankı basdırdıqları yerə gəlib çıxması, amma yerində yekə bir çala və soluxmuş ağac budaqlarını görməsi, sonra isə öz kəndinə gedib çıxması və artıq heç kimi görməməsi təsvir edilir. “Heç nə dəyişməmişdi. Kəndlərindən başqa. İndi kəndləri, bağları vəhşi adanı xatırladırdı”.Boşalmış kənddə bir neçə ay tək-tənha dolanır, öz əli ilə tikdiyi, illər uzunu arzuladığı evin pilləkənlərinin də söküldüyünü görür. Yaşlı kişi bir xeyli ermənini qətlə yetirir, onların qocanın verdiyi çaxırdan içib yerdəcə qıvrılırdılar, “qocanın sifətində ölüm gülürdü”. Armikin oğlu onu öldürür. Povestin sonunu müəllif belə bitirir: “Qurdun şərqisi” ideoloji əsərdir. Birinci fəsildə müharibənin dərkolunmazlığı təsvir olunur. İkinci fəsil bizim yenicə başlayan özünüdərkimizin və məğlubiyyətimizin göstəricisidir. Üçüncü fəsildə qalibiyyət olmalıdır. Xəlilin oğlu Xaqan Armikin oğluna qalib gəlməlidir. Hələlik real ilk iki fəsildir.

Azərbaycan əsgəri qalib gəlməsə, üçüncü fəsildə təxminən bunlar yazılacaq.

Bu fəsil qəhrəman Azərbaycan (türk) əsgərinə həsr olunmalıydı. Və bircə cümlə: “..Armikin dəstəsi kəndi geridə qoyub öz yerlərinə qayıdırdı. Qurd oğlu Qurd isə qeyzindən ulayırdı. Qisas qiyamətə qalmamalıydı”.

Elçin Hüseynbəylinin “Qisas qiyamətə qalmamalıydı” fikri təəssüf ki, hələ reallaşmayıb və təbii ki, Xəlilin oğlu Xaqan haçansa başlanacaq savaşda qalib gələcək. Yeri gəlmişkən qeyd edək ki, hələ Azərbaycan nəsrində qalib Azərbaycan əsgərinin dolbun, yaddaqalan və heç vaxt unudulmayacaq obrazı hələ də yaradılmayıb. Elə bir obraz ki, müharibənin bütün ağırlıqlarını çiynində daşımış olsun, bir döyüşçü kimi də, bir insan kimi də, bir azərbaycanlı kimi də yaddaşlara həkk olunsun. Bizim Qarabağ müharibəsində nə qədər (bəlkə qədərindən də artıq) Milli Qəhrəmanlarımız var. Amma onların hansının həyatı, döyüş yolu, qəhrəmanlığı bir romanın ya povestin mövzusuna çevrilib. Söhbət əlbəttə, bədii şəkildə ümumiləşdirilən obrazlardan gedir.

Elçin Hüseynbəylinin də belə bir qəhrəmanı yaratmağa gücü çatar...Amma hələlik söhbət olacaqlardan yox, olmuşlardan gedir və bu baxımdan “Qurdun şərqisi” povestindən sonra Elçinin “Gözünə gün düşür”, “Çıxılmazlıq”, “Ölən gözlərdə də ümid var”, “Boz  eşşəyin məktubları”, “Ağsaqqal” hekayələrindən də söz açmaq istəyirik.

Elçin Hüseynbəyli səhv etmiriksə, artıq yeddi romanın müəllifidir və bir romançı kimi də ədəbi ictimaiyyətdə müsbət rəy doğurmuşdur. Ancaq heç bir fərqləndirmə və müqayisə aparmadan deyə bilərik ki, o, bir hekayəçi kimi daha ustadır. Ən yaxşı hekayələrində Elçin bəlkə romanlarda deyə bilmədiyi sözü deyə bilir, oxucu üçün qaranlıq bir nöqtə qoymur. Məsələn, onun “Gözünə gün düşür” hekayəsini biz son illərdə nəsrimizdə diqqəti cəlb edən ən uğurlu hekayələrdən biri hesab etmək olar. Bu hekayədə hətta bir romanın məzmununa sığa biləcək hadisələr var, təsvir olunan obraz isə doğrudan da İNSAN  və  MÜHARİBƏ problemini özündə dolğunluqla əks etdirir. Hekayənin qəhrəmanı ağır xəstəliyə tutulmuş  əlli üç yaşlı onkoloq-həkimdir və onun yeganə arzusu doğulduğu kəndi, öz həyətlərini son dəfə görmək, orada ölməkdir. Bu niyyətlə o, tanış yollarla öz kəndlərinə doğru yol alır. “Kəndlər yox idi, onların kölgələri qalmışdı. Evlərin çardaqları, divarları sökülüb aparılmışdı, talan edilmişdi, yalnız yaşayış üçün yararsız olan kərpic tövlələrin, toyuq hinlərinin divarları qalırdı.  O, bunları aydınca görməsə də duyurdu.Evlərin bir qismini sərhədin o tayında, Arazın güneyində yaşayan iranlı soydaşları, bir qismini də ermənilər aparmışdılar”. Xəstə həkim çox çətinliklə də olsa, öz həyətlərinə girir və yurdunun yağmalandığını görür: “Xarabalığa dönmüş evə girdi. Bir zamanlar üstündə iməklədiyi, qardaş-bacıları ilə qaçdı-tutdu oynadığı evin döşəməsi də sökülmüşdü. Ara-sıra çürük taxta qırıqları gözə dəyirdi. ..Kimsəsizlik hər tərəfə hakim kəsilmişdi”. Amma bu, uzun çəkmir, kənddə olan iki erməni əsgəri onu qabaqlarına qatır, kənddən iki kilometr aralıda yerləşən zastavaya gətirirlər. Zastavada o, erməni zabitinə məsələni açır və deyir ki, mənim ömrümə bircə gün qalıb, istəyirəm öz kəndimdə öz qəbrimi qazım, ölə bilməsəm, sizlərdən kim isə məni öldürsün. Zabit tərəddüd edir, amma həkim ona rüşvət vəd edir, gəlib qəbristanlığa çatırlar. Həkim sürünə-sürünə atasının qəbrinə çatır, daha qəbir qazmaq lazım olmur, çünki atasının qəbrinin yalnız yeri qalmışdı, özü uçulmuşdu və xəstə həkim özünü həmin boş qəbirə yuvarladır. “Gözlərinin önünə güllü-çiçəkli dağlar, məktəb illəri, quzu otardığı yerlər, çayda balıq tutduğu günlər gəlirdi. Hər şey gözəl idi. Onun yadında daha çox günəş qalmışdı.  Amma bu gözəllik yox olmuşdu və bunun nə zaman baş verdiyini xatırlaya bilmirdi. İndi bu gözəlliyin və itkinin yerini acı bir boşluq doldururdu...

  Səhər açılırdı. Həkimin ürəyi və yaddaşı hələ diriydi.  Ölərkən hiss elədi ki, gözünə gün düşür. Gözlərimi  ovuşdurdum”.Hekayə beləcə sona yetir və “gözlərimi ovuşdurdum” cümləsi elə bil bizi qəflət yuxusundan ayıldır. Bu hadisənin Qarabağ həsrəti ilə yaşayan hər bir azərbaycanlıya dəxli var,-deyə düşünürük. Amma Elçin Hüseynbəylinin qəhrəmanı kimi ölümə yox, öldürməyə, torpaqlarımızı azad etməyə getməliyik!

  Elçinin bu hekayəsi öz psixoloji gərginliyi ilə də seçilir. Biz hadisələrin təsviri ilə bağlı məqamların bütün hekayə boyu psixoloji çalarlarla ifadə edildiyini izləyirik. Hadisənin özü maraq doğurur, amma obrazın keçirdiyi sarsıntılar daha təsirlidir. Elçinin “Çıxılmazlıq”  və “Ölən günlərdə də ümid var” hekayələrini də psixoloji səpkidə yazılan hekayələr kimi qəbul edirik. Məktəblilər üçün yazılmış “Füruzə qaşlı xəncər” hekayəsində isə hadisələr isə dinamikliyi ilə seçilir. Bir azərbaycanlı qadının-Zeynəbin məlum hadisələr zamanı Xocalıdan Ağdama doğru əzablı yolu sadə, aydın və səlis bir təhkiyə tərzi ilə məktəbli oxuculara çatdırılır.

  Biz Elçin Hüseynbəylinin əsasən Qarabağ müharibəsi ilə bağlı povestindən və hekayələrindən söz açdıq.Çox arzulayardıq ki, o, bu mövzuda axtarışlarını davam etdirsin. Yeni hekayələrində psixoloji boyalarını daha da artırsın, təkcə  müharibənin doğurduğu acılıqları öz varlığında yaşadan və ÇIXILMAZLIQ  qarşısında qalan obrazları deyil, həm də Qalib gəlmək həvəsiylə alışıb yanan, öz kəndinə ölməyə yox, düşməni məhv etməyə can atan obrazlar yaratsın...

 





24.06.2013    çap et  çap et