525.Az

“Tolerantlığın Azərbaycan nümunəsində sadəcə bir-birinə dözmək yox, qarşılıqlı hörmət amili əsas yer tutur” (davamı)


 

“Tolerantlığın Azərbaycan nümunəsində sadəcə bir-birinə dözmək yox, qarşılıqlı hörmət amili əsas yer tutur” <b style="color:red">(davamı)</b>

Həmsöhbətimiz Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, Fəlsəfi Maarifçilik Assosiasiyasının prezidenti, fəlsəfə elmləri doktoru Adil Əsədovdur. Müsahibimizlə xalqların tiplərinin millətlərarası münasibətlərə təsirindən, Qafqaz regionundakı xalqların tipoloji təsnifatından, mövcud milli birliyimizin əldə olunmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolundan, xalqımızın azərbaycançılıq ideyası ətrafında yaranan vəhdətindən və başqa bu kimi aktual məsələlərdən danışmışıq.

– Danılmaz həqiqətdir ki, biz ermənilərdən daha güclü xalqıq. Bu, həm ərazimizin böyük olması ilə, həm əhalimizin sayca çox olması ilə bağlıdır. Qafqazda 100-dən artıq xalq var, amma onların içərisində ən böyük dövləti olan da bizimkidir, ən tərəqqi edən də bizik. İqtisadi baxımdan da da biz öndəyik. Bu həm də təkcə neftin hesabına deyil, insan potensialı da əsas amil kimi iştirak edir. Nəzərə alaq ki, xalq cəbhəsinin hakimiyyəti vaxtında da həmin neft bizdə idi, amma xalqın maddi vəziyyəti sıfır idi. Biz hər cəhətdən ermənilərdən üstünük. Erməniləri səciyyələndirən bir cəhət isə qeyd etməliyəm. Ermənilərdə icma şüuru çox inkişaf edib. Biri ermənidirsə, erməni əsillidirsə, dərhal onu özlərininki hesab edirlər.

– Bir məsələ ilə bağlı fikrinizi öyrənmək istərdik. Biz ölkəmizə gələn əcnəbilərlə də öz dilində danışmağa çalışırıq, istəyirik ki, hər bir halda bizdən razı qalsınlar. Bəziləri bunu bizdə xoşgörünün, qonaqpərvərliyin yüksək səviyyəsi, bəziləri isə milli özünüdərkin aşağı səviyyəsi ilə əlaqələndirir. Yaxud da illərlə ölkəmizdə, Bakıda yaşayan rus Azərbaycan dilini öyrənmir, o bizim dildə danışmaq əvəzinə, biz onunla rus dilində danışırıq. Doğrudanmı, bu, xoşgörünün parlaq təzahürüdür, yoxsa milli özünüdərkin aşağı göstəricisi, milli mənsubiyyətinə ikinci dərəcəli yanaşmadır?

–Siz bizim ölkədə öz doğma dilində danışan rusu misal gətirdiniz. Hələ niyə bunu da demirsiniz ki, Azərbaycanda yaşayan azərbaycanlı niyə öz doğma dilini qoyub rusca danışır? Konkret bu misallardan götürsək, rusca danışmaq meyili sovetlər vaxtından qalmadır. Rus dilinin daha mədəni, rusca danışmağın daha aristokratik olması qəbul edilirdi. Belə hesab olunurdu ki, rusca danışmaq elitarlığın əlamətidir, mədəniyyətə yaxın olmağın ifadəçisidir və sair...Bu cür yanaşmalar hələ tam məhv olmayıb, təxminən 20 faiz qalıb. Bəziləri rusca danışanda hesab eləyir ki, o daha mədəni, daha elitar, daha yüksək səviyyəlidir. Amma hər nə qədər bu meyil qalsa da, özünü azərbaycanlı kimi qavramağı ehtiva edən icma şüuru bizdə getdikcə güclənməkdədir. Əvvəllər isə bu icma şüuru demək olar ki, yox idi. Rusdillilər özlərini daha çox elitaya aid edirdilər, istəyirdilər ki, daha çox özlərini Moskvanın elitasına aid etsinlər. Amma ki, özünü azərbaycanlı olaraq hiss etmək və bununla qürur duymaq- bu, əsasən müstəqillik dövrlərinə aiddir.

– İndi bizdə milli özünüdərk sizcə, hansı səviyyədədir?

– Bu bir faktdır ki, getdikcə milli özünüdərk dərinləşir, çoxalır. Yəni, özünü azərbaycanlı olaraq qavramaq və bununla fəxr etmək xeyli artıb. Yadımdadır, aspirant olduğum vaxt Bakıdan gedib Moskvada yaşayan tanınmış filosof Murad Axundovla söhbətimiz zamanı bir mövzu götürmək istədiyimi bildirdim. O, təbii ki, rusca soruşdu ki, harada götürmək istəiyrsən? Cavab verdim ki, Bakıda. Murad Axundov dedi ki, Bakıda hansı elmdən söhbət gedə bilər? Amma indi o, elə bir millətçi olub ki. Hazırda ABŞ-da yaşayır. Kitab buraxanda üstündə Bakıda – Odlar Yurdunda doğulduğunu xüsusilə qeyd etdirir və bununla fəxr edir. Fikrimcə, nəinki Azərbaycanda yaşayanlarda, hətta xaricdə yaşayan həmvətənlərimizdə də milli özünüdərk, mili mənsubiyyəti ilə fəxarət hissi artıb.

– Tolerantlıqdan daha üstün keyfiyyət olan xoşgörü bizim millətimizdə dini istiqamətdə də üstünlük təşkil edir. Yəni, biz təkcə digər xalqlara yox, həm də islamdan qeyri dinin nümayəndələrinə də nəinki dözümlə, daha çox hörmətlə yanaşırıq.

– Açığı, xoşgörü termini mənim üçün yenidir. Həm də fikrimcə, bu, daha uğurlu ifadədir. Ümumiyyətlə, dözümlülük və mədəniyyət bayaq da qeyd etdiyim kimi, feminin xüsusiyyətlərə aiddir. Dözümlülük də, tolerantlıq da, xoşgörü də xeyirxahlığın təzahürlərdir. Dediyimiz anlayışlar da həmin o xeyirxahlıqdan irəli gəlir. Dini dözümlülükdən danışanda qeyd etməliyəm ki, din məsələsində həmişə ehtiyatlı olmaq lazımdır. Müsəlman dini tarixi baxımdan üç qütbə bölünür. İlkin müsəlmanlıq, şiəlik və sünnilik. Bunların arasında təbii ki, fəlsəfi nöqteyi-nəzərdən fərqlər də mövcuddur. Belə bir hal xristianlıqda da var. Bir alman mütəfəkkiri protestantizmi burjua xirstianlığı kimi səciyyələndirib. Burjua yarananda onun dünyagörüşünü ifadə edən təriqət kimi protestantizm yaranıb. Mən hesab edirəm ki, buna həmçinin ortodoksalizmi-pravoslavlığı da aid etmək olar. Əsl islam Allahın buyurduğu kimi yaşamaqdır. Daha başqasının həyatına müdaxilə etmək deyil. Qurani-Kərim uzun tarixi proses nəticəsində formalaşmış bir kitabdır. Bu, bilavasitə tarixi hadisələrin konteksində formalaşmış bir hadisədir. Əlbəttə ki, orada ziddiyyətli məqamlar ola bilər. Baxır indi kim orada nə tapır, nəyi götürür. Biz tarixə yanaşanda da oradan o fikirləri götürürük ki, bizim indiki fəaliyyətimizə yararlıdır. Biz əksər hallarda öz biliklərimizdən silah kimi istifadə edirik. Qurani-Kərimdə surələrdən, ayələrdən şiəlik özünə lazım olanı, sünnilik də özünə lazım olanı seçir. Bütün hallarda din məsələsində dözümlülüklə yanaşı, bir ehtiyatlılıq prinsipi də gözlənilməlidir. Bu həm də etniklərə olan münasibətdə olduğu kimi, digər dinlərin təmsilçilərinə də dərin hörmət hissi ilə müşayiət olunmalıdır. Mən həmişə hesab etmişəm ki, bizim bir-birimizə münasibətimiz dözməklə ölçülmür. Biz bir-birimizə qardaşıq. Qardaşın qardaşa münasibətində yalnız birlik, birgəlik, səmimilik olar. Qardaşın qardaşa münasibətində “dözürəm” demək nə dərəcədə düzgündür? Nə qədər ki, biz azərbaycançılıq ideyası mövqeyindəyik, bir-birimizə qardaşıq, həmişə də qardaş olaraq qalacağıq. Bu ideologiyaya görə, dözümlülük yox, qardaşlıq münasibəti mövcuddur. Qardaş qardaşı sevir, sevgi isə dözməkdən tam fərqli anlayışdır. Bayaq qeyd etdiyiniz kimi qardaş qardaşı xoş görməlidir, ona xoşgörü ilə yanaşmalıdır. Azərbaycan ərazisində yaşayan bütün xalqlar bir-birinə dostdur, qardaşdır. Biz vahid xalqıq və bir-birimizə də hörmətlə yanaşırıq.

– Adil müəllim, son sualım bundan ibarətdir ki, bu vahidliyi, milli və dini birliyi qoruyub saxlamaq üçün bundan sonra hansı meyarı, prinsipi əsas tutaraq ümummilli konsepsiyaya çevirməliyik?

–Milli və dini birliyimizi qoruyub saxlamaq üçün azərbaycançılıq ideologiyasından möhkəm yapışmalıyıq. Onun təhrif olunmasına yol verməməliyik. Azərbaycançılıq ideologiyasının əsas prinsipləri budur: hesab etməliyik ki, Azərbaycan vətəndaşı olmaq elə azərbaycanlı olmaq deməkdir. Ona görə də biz deməməliyik ki, bu türkdür, bu talışdır, bu ləzgidir, bu avardır, bu inqiloydur. Bunlar hamısı bizdəndir, bunlar hamısı bizik, bunlar bizimkidir prinsipi ilə yanaşmalıyıq, qəbul etməliyik, bu belədir. Azərbaycanın əsas xalqı ifadəsini işlətmək özü belə ayrı-seçkilik olardı. Azərbaycanın əsas xalqı elə Azərbaycan xalqıdır, buranın hər bir vətəndaşı da əsasdır. Bu azərbaycançılıq ideologiyasının əsasını təşkil edən prinsipdir. Biz bu ideologiyaya sadəcə əməl etmək xatirinə birləşməli deyilik, buna ürəklən bağlanmalı, bunu bütün ruhumuzla hiss etməliyik. Biz azərbaycanlıyıq, dilimiz də Azərbaycan dilidir. Dilimizdən söz düşmüşkən, Hüseyn Arifin maraqlı bir şeiri var; “Bədəl olmaram” şeirinin məzmunu belədir: biz uşaq ikən dava-dava oynayanda biri deyərdi ki, mən Qoç Koroğluyam, kim mənlə? O biri deyərdi ki, mən Qaçaq Nəbiyəm, kim mənlə? Biri deyərmiş ki, mən Giziroğlu Mustafa bəyəm, kim mənlə? Bir Bədəl varmış, o deyərmiş ki, mən kimlə? Biz də şəstlə deməliyik ki, Azərbaycan xalqıyıq, daha deməməliyik ki, biz kimlə? Bizim vahid milli birliyimizin yolu ancaq və ancaq azərbaycançılıq ideyasından keçir, biz bu ideya ətrafında yumruq kimi birləşməliyik.

Sevinc MÜRVƏTQIZI

 





16.05.2013    çap et  çap et