525.Az

“Tolerantlığın Azərbaycan nümunəsində sadəcə bir-birinə dözmək yox, qarşılıqlı hörmət amili əsas yer tutur” (davamı)


 

“Tolerantlığın Azərbaycan nümunəsində sadəcə bir-birinə dözmək yox, qarşılıqlı hörmət amili əsas yer tutur” <b style="color:red">(davamı)</b>

Həmsöhbətimiz Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, Fəlsəfi Maarifçilik Assosiasiyasının prezidenti, fəlsəfə elmləri doktoru Adil Əsədovdur. Müsahibimizlə xalqların tiplərinin millətlərarası münasibətlərə təsirindən, Qafqaz regionundakı xalqların tipoloji təsnifatından, mövcud milli birliyimizin əldə olunmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolundan, xalqımızın azərbaycançılıq ideyası ətrafında yaranan vəhdətindən və başqa bu kimi aktual məsələlərdən danışmışıq.

– Anlaşılır ki, siz də kiminsə soy-kökünü, yaxud etnik mənşəyini qərəzlə araşdırmağın, məqsədli şəkildə axtarmağın məhz elə qeyri-tolerantlıq təzahürü kimi qəbul edirsiniz?

– Bəli, əgər kimlərsə bunu qərəzli, məqsədli şəkildə edirlərsə, şişirdirlərsə, məncə, belələri bu milləti parçalamağa maraqlı şəxslərdir. Amma ki, hər kəsin öz nəslini, kökünü- etnik nöqteyi-nəzərdən yoxa, tarixi cəhətdən bilməsi vacibdir. Çünki hər kəs öz nəslinin keçdiyi yolu özündə daşıyır. Genetik olaraq bizim genimizdə, təhtəlşüurumuzda əcdadlarımızın keçdiyi yol yazılıb, amma ki, biz həmin yolu görmək üçün nəslimizin tarixini də öyrənməliyik.

– Ölkəmizə qonşu olan dövlətlərdə tolerantlığın səviyyəsinə müqayisəli yanaşaraq hansı fikirləri deyə bilərsiniz?

– Qonşu Rusiyadan başlayaq. Bir neçə il Rusiyada yaşamış biri kimi bunu deyə bilərəm ki, orada digər millətlərə sevgi görmüşəm. Deyə bilmərəm ki, ruslar tolerant deyil. Sovet dövründə təyinatla bir müddət orada işləmişəm, xalis rus şəhəri Vladimirdə yaşamışam. Şəxsi təcrübəmə əsaslanıb təsdiq edə bilərəm ki, orada mənə ancaq qayğı, rəğbət və sevgi ilə yanaşıblar. Bir hadisəni danışım. Orada yaşadığım vaxt bir dəfə telefonla zəng edərək bir nəfərin telefon nömrəsini öyrənmək istəyirdim. Telefonda cavab verirlər ki, biz o nömrəni verə bilmərik. Deyirəm: axı bu nömrə mənə vacib lazımdır. Mənə cavab verdilər ki, axı mən təkcə ləhcənizə görə qaydaları poza bilmərəm? Deməli, hətta qafqazlı ləhcəsinin özü belə onlarda rəğbət yaradırdı (gülür).

– Adil müəllim, amma bir məsələni də vurğulayaq ki, qafqazlıları Rusiyanın daha çox qadın qismi rəğbətlə qarşılayır, sevir. Qarşı cinsin nümayəndələrinin daha çox aqressiv münasibəti nəzərə çarpır. Məsələn, skinhedlərin mövcudluğu yəqin ki, bu fikrin təsdiqi üçün yetərlidir.

– Əlbəttə, razıyam, vəziyyət dəyişib, son dövrlərdə Rusiyada irqçilyin artması doğrudur. Əlbəttə, o zamanlar da sevgi ilə yanaşı irqçilik təzahürləri də var idi. Məsələnin qeyd etdiyiniz başqa tərəfi ilə də razıyam ki, doğrudur, rusların daha çox qadınları bizə sevgiylə, rəğbətlə yanaşırdılar, yanaşırlar. Tamamilə düz deyirsiniz, onların öz kişilərinə qarşı yox, bizim millətin kişilərinə böyük rəğbəti və sevgisi var (gülür). Əslində elə bu məsələ özü xalqların xüsusiyyəti ilə bağlıdır. Qadına xas olan mərhəmət, qayğıkeşlik kimi feminin xüsusiyyətlər millətlərə də aiddir. Birinin həddindən artıq qayğıkeş olması istər-istəməz onda qadın başlanğıcının daha güclü olmasından xəbər verir. İnsanlar bildiyiniz kimi 4 tipə bölünür: maskulin, feminin, qarışıq və qeyri-müəyyən. Maskulin tipdə kişi xüsusiyyətləri inkişaf edir; qətiyyət, cəsarət, sözü birbaşa demək, qarşısına məqsəd qoyub ona doğru getmək, iradə, mərdanəlik. Feminin tip xeyirxah, mədəni, zərif, hərəkətlərində ölçülü-biçili, heç kəsin xətrinə dəymək istəməyən, şəraitə uyğunlaşandır və sair. Qarışıq tipdə situasiyadan asılı olaraq həm qadın xüsusiyyətləri, həm kişi xüsusiyyətləri özünü göstərir. Belələri bəzən qətiyyət nümayiş etdirir, bəzən də xeyirxah olur, sözü birbaşa da deyə bilər, böyük mədəniyyət də nümayiş etdirməyi bacarır. Qeyri-müəyyən tipdə isə nə maskulin, nə də feminin keyfiyyətlər özünü tam şəkildə göstərə bilmir. Adamların əksəriyyəti əsasən, qarışıq tipə mənsubdurlar. Situasiyadan asılı olaraq həm feminin, həm maskulin keyfiyyətləri büruzə verirlər. Bu tipologiya millətlərə də şamil olunur. Lev Şestov, Nikolay Berdyayev və digərləri rus millətini feminin təbiətli xalq kimi səciyyələndiriblər. Məsələn, Berdyayev belə bir müqayisə aparır: Niyə almanlar həmişə bu qədər müharibə istəyirlər, tabe etdirmək arzusu ilə yaşayırlar, amma onlar neyçün belə azdırlar, ərazicə kiçikdirlər? Rusiyanın canında isə bir o qədər aqressiya yoxdur, amma Rusiya belə böyükdür? Onun fikrincə, bu ondan irəli gəlir ki, ruslar tabe etdirməyə yox, tabe olmağa meyllidirlər, ona görə rusların ərazisi belə böyükdür. Mübarizə, müharibə almanlara böyüməyə imkan vermir. Rus xalqının böyüklüyü isə ondan irəli gəlmir ki, onlar tabe etdirirlər, əksinə, tabe olmaq istəyirlər.

– Bu bölgüdən belə anlaşılır ki, almanlar maskulin millətdir?

– Bəli, almanlar maskulin tipə xas cəhətləri özündə yaşadır.

–Maraqlıdır, Azərbaycan xalqını hansı tipə aid etmək olar?

– Bizim millətimiz qarışıq tipə aiddir. Vurğulayım ki, Qafqaz xalqları içərisində ən maskulin xalq çeçenlərdir. Hər bir millətə həm maskulin, həm də feminin xüsusiyyətlər xasdır. Amma çeçenlər həddindən artıq maskulin olduqları üçün heç zaman dövlət qura bilmirlər. Çünki onlarda kompromisə etmək, güzəşt etmək meyilləri yoxdur, hamısı istəyir ki, tabe etdirsin. Ona görə də onların arasında fikir birliyi yaranmır və nəticədə hələ də dövlətsizdirlər. Amma Azərbaycanda həm maskulinlik, həm femininlik var. Bəzən biz qətiyyət nümayiş etdirməyi bacarırıq. Məsələn, SSRİ-nin dağılması dövründə biz neçə günlərlə meydanda qaldıq, ordu Bakıda olmasına baxmayaraq biz şəhidlərimizi hörmətlə dəfn etdik. Biz istədiyimizi mərd-mərdanə deyə bilirik. Bu, bizim maskulin keyfiyyətimizdir.

– Bizdəki feminin keyfiyyətlər hansılardır?

– Elə haqqında danışdığımız tolerantlıq özü feminin keyfiyyətdir. Lazım olan zaman güzəştə getməyi, dözməyi bacarırıq. Məsələn, Qarabağ münaqişəsində biz indiki halda feminin keyfiyyətləri nümayiş etdiririk. Yəni ki, biz dözürük, ağılla ölçüb-biçirik ki, hazırda müharibə bizim üçün sərfəlidir, yoxsa yox. Maskulin keyfiyyətin femininlikdən bir mühüm fərqi də ondan ibarətdir ki, birinci hər istədiyini, ürəyi istəyəni etməyə meyillidir, nəticəsi yaxşı olanı yox. Ola bilsin ki, maskulin tip ürəyi istəyir və bunu edir, nəticəsi isə fəlakət olacaq. Feminin tipə isə ürəyinin istədiyi yox, nəticəsi vacibdir. Konkretləşdirsək, maskulin üçün əməlin özü, feminin üçün nəticəsi mühümdür. Biz əmin olsaq ki, müharibəyə girsək, işğal olunmuş torpaqlarımızı geri alacağıq, dərhal bunu edərik, biz hələ ki, bunun nəticəsinə tam əmin deyilik.

– Bir sıra qonşularımızdan danışdınız, oxucularımız üçün də maraqlı olardı, regionda digərlərini, gürcüləri və üzdəniraq qonşularımızı- erməniləri millət olaraq səciyyələndirəsiniz...

– Bayaq bəzi mütəfəkkirlərin rusları əsasən feminin xalq kimi səciyyələndirməsini qeyd etdim. Amma mənim şəxsi fikrimcə, ruslar daha çox qarışıq tipə aiddir. Məsələn, kazakları yada salaq. Kazaklar burada maskulin keyfiyyətin təmsilçiləridir. Bəlkə də bütövlükdə rusları feminin xalq kimi səciyyələndirmək olar, amma burada maskulin cəhətlər də özünü büruzə verir. Amma ruslar da müharibə sevəndirlər. Əfqanıstanda, Çeçenistanda, Gürcüstanda müharibələrini yada salaq. Vuruşmağa onlar demək olar ki, meydan axtarırlar. Ona görə də onlarla təxribata getməmək məsləhətdir. Çünki maskulin keyfiyyətli millət vuruşmadan yaşaya bilmir. Məsələn, amerikanlar da maskulin xalqdır. Onlar müharibə etməsələr yaşaya bilməzlər, daim gərək müharibə etsinlər. Azərbaycanlılara xas olan keyfiyyətlər məncə, qonşumuz gürcülərdə də var. Onlar da lazım olanda maskulin, lazım olanda feminin millət kimi çıxış edirlər. Onlar millətini sevəndirlər, millətçi deyillər. Onlar deyir ki, babanın kim olmasının dəxli yoxdur, əgər Gürcüstanda yaşayırsansa, gürcü dilində danışmalısan. Onlar dövlətlərini yüksək qiymətləndirirlər. Necə ki, millətçilik bizə xas olan xüsusiyyət deyil, eləcə də gürcülərə bu, aid deyil. Ermənilərlə elə bir yaxınlığım olmayıb, onlarla birbaşa ünsiyyətdə olmamışam. Amma bir məsələni qeyd edim ki, ermənilər müsəlman dünyasını parçalamaq üçün yuxarıdan çalınmış pazdır, desək, yanılmarıq. Onlar sanki bütün bu müsəlman dünyasını parçalamaq üçün qəsdən yaradılmış elementdir. Xəritəyə nəzər salsanız, özünüz əyani şahidi olarsınız. Egey dənizindən müsəlman dünyası başlayır.Türkiyə, Azərbaycan, İran, Əfqanıstan, Pakistan, Orta Asiya-bu müsəlman arealı ki var, sanki Ermənistan bunları ayırmaq üçün qüvvədir. Ermənistan Azərbaycanla Türkiyənin arasındadır, hətta Azərbaycanın özünü belə ikiyə bölür. Bir çox qüvvələr də bu elementdən təbii ki, istifadə edirlər. Onlar bəlkə də özləri istifadə olunmaq istəmirlər, lakin istifadə olunmaq məcburiyyətindədirlər. Beynəlxalq qüvvələr də Ermənistana etdikləri yardımı, köməyi onlara canları yandıqları üçün yox, müsəlman dünyasını parçalamaqda faktor kimi istifadə etdiklərindən edirlər. Erməniləri müsəlman dünyasını parçalayan bir zolaq olduqları üçün dəstəkləyirlər. Erməniləri bir xalq olaraq səciyyələndirəndə bu məqamla razı deyiləm ki, onları şişirdirlər. Bəziləri deyir ki, ermənilər bizdən güclüdür və sair... Biz zəif olduğumuz üçün ermənilər bizi qırıb, torpağımızı işğal edib- fikri ilə razı deyiləm. Çünki biz heç də ermənilərdən zəif deyilik.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





14.05.2013    çap et  çap et