525.Az

Bakı Slavyan Universiteti intellektual mübadilə meydanıdır


 

Bakı Slavyan Universiteti intellektual mübadilə meydanıdır <b style="color:red"></b>

May ayının 1-dən 4-dək Bakı Slavyan Universitetində AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi və BSU-nun təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda IV Beynəlxalq Elmi Konfrans keçirildi.

Beynəlxalq konfransın təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik Akif Əlizadə tədbirin əsas leytmotivi olan azərbaycançılıq məfkurəsinin banisi Heydər Əliyevin zaman baxımından Azərbaycanın böyük bir tarixi şəxsiyyəti olduğunu bildirdi. A.Əlizadə Bakı Slavyan Universitetinin azərbaycanşünaslıq üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında gördüyü işlərin təqdirəlayiq olduğunu vurğuladı. “Heydər Əliyev ideyalarının konfransda səslənməsi dünyada azərbaycançılıq məfkurəsinin yayılmasına yardım edəcək”.

BSU-nun rektoru AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev öz növbəsində konfransı müəllim və tələbələr, eləcə də bütün iştirakçılar üçün elm bayramı kimi dəyərləndirdi, xarici universitetlərdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzlərindən söhbət açdı. Rektor BSU-nun Kiyev, Poltava, Moskva və Minskdəki mərkəzlərinin azərbaycanşünaslığın inkişafında əhəmiyyətini vurğuladı.               

Belarus Respublikasının Azərbaycandakı səfiri N.Y.Paskeviç bölgədə lider dövlət olan Azərbaycanın beynəlxalq arenada özünəməxsus yer tutduğunu bildirdi. Eyni zamanda, Heydər Əliyevin Azərbaycanın inkişafında rolundan bəhs edən cənab səfir onu “müasir Azərbaycanın memarı” adlandırdı. 

220-dən çox yerli və xarici alimin elmi məruzələrinin müzakirə olunduğu konfransda AMEA-nın müxtəlif institutlarından, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran, Mingəçevir və Şamaxıdan nümayəndələr, eləcə də 14 ölkədən, o cümlədən, Rusiya, Belarus, ABŞ, Türkiyə, Avstriya, Litva, Yunanıstan, Polşa, Ukrayna, Çexiya, Gürcüstan, Misir, Qazaxıstan, Bolqarıstandan 40-dan çox qonaq iştirak edirdi.

Qonaqlar arasında Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru, professor A.A.Nestulya, Türkiyənin İstanbul Kültür Universitetinin rektoru, professor S.S.Demir, Polşanın “Marşalek” Holdinqin prezidenti A.Marşalek, Çexiyanın Palatski Universitetinin rektoru, professor M.Maşlan, ABŞ-ın Harvard Universitetinin professoru M.Kramer, Gürcüstanın Tbilisi Dövlət Universiteti Linqvistika Institutunun direktor müavini, professor M.Mancqaladze, Litva Dili İnstitutunun direktoru, professor İ.Zabarskayte, Misirin Ayn-Şəms Universitetinin əməkdaşı Ə.S.Elaydi, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İ.Məmmədzadə, Rusiyanın Ural Federal Universitetinin professoru A.G.Nesterov, Qazıxıstan Milli Texniki Universitetinin professoru K.Beqalinovanın çıxışları xüsusi maraq doğurdu.

Tədbirin maraqlı məqamlarından biri də BSU-nun gəncləri adından “Evrovision-2011” mahnı müsabiqəsinin qalibi, BSU-nun məzunu və əməkdaşı Eldar Qasımovun “Azərbaycan” mahnısını ifa etməsi oldu.

Konfrans çərçivəsində “Heydər Əliyev şəxsiyyəti və fəaliyyəti”, “Heydər Əliyev və azərbaycançılıq”, “Heydər Əliyev və qloballaşan dünyada Azərbaycan”, “Azərbaycan dili və ədəbiyyatının inkişaf perspektivləri”, “Azərbaycan elmi və mədəniyyətinin inkişaf perspektivləri” mövzusunda beş bölmə fəaliyyət göstərdi.

Bölmə iclaslarında bir sira aktual məsələlərə həsr olunmuş məruzələr dinlənildi: “Heydər Əliyev, Mixail Qorbaçov və Dağlıq Qarabağ münaqişəsi” (Mark Kramer, Harvard Universitetinin professoru), “Təhsildə ideologiya gərəkdirmi?” (Kozlovskaya Q.E., Moskva Şəhər Pedaqoji Universitetinin direktoru),  “XVII əsr İrəva Qacar Bəylərbəyliyi: Azərbaycanın milli dövlət qaynaqlarında” (Nesterov A.Q. Ural Federal Universitetinin professoru), “Dünya dili türkcə və Azərbaycan türkcəsi” (Turqut Tok, Pamukkale Universiteti Türk dili və Ədəbiyyatı bölümü), “Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanında Simvolların anlamı” (Lapinskene L. Litva Katolik Elmlər Akademiyasının professoru) və s.

Konfrans çərçivəsində bir-birindən maraqlı tədbirlər – Yasemin Bayerin türkcəyə tərcüməsində Hüseynbala Mirələmovun və Viktor Andrianovun “Heydər Əliyev” kitabının təqdimatı, Harvard Universitetinin professoru Mark Kramerin, Ural Federal Universitetinin kafedra müdiri professor A.G.Nesterovun, Litva dili İnstitutunun direktoru professor İ.Zabarskaytenin, Tbilisi Dövlət Universiteti Linqvistika İnstitutunun direktor müavini professor M.Mancqaladzenin və AMEA-nın Dilçilik İnstitutunun direktoru professor F.Veysəllinin ustad dərsləri keçirildi.

Mayın 3-də konfransın bağlanış mərasimində bölmə rəhbərləri professor A.A.Nestulya, professor A.G.Nesterov, professor K.Beqalinova, professor M.Maşlan, professor S.S.Demir hesabatla çıxış etdilər və bölmə iclaslarının maraqlı və səmərəli keçdiyini bildirdilər.

Sonda BSU ilə Pamukkale Universiteti, BSU ilə Çex Respublikasının Palatski adına Universiteti arasında əməkdaşlıq haqqında müqavilələr imzalandı. Bu dəfəki konfrans təkcə BSU-nun beynəlxalq əlaqələrinin inkişafına töhfə vermədi, həm də BSU-nun dostları qarşılıqlı əməkdaşlıq haqqında razılığa gəldilər. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının institutları xarici həmkarları ilə təmasda oldular. Çex Respublikasının Palatski adına Universiteti ilə Poltava İqtisadiyyat və Ticarət Universiteti, İstanbul Kültür Universiteti, Moskva şəhər Pedaqoji Universitetinin Samara filialı arasında əməkdaşlıq haqqında müqavilələr və qarşılıqlı anlaşma haqqında memorondum imzalandı. Litva Dili İnstitutu, Arnold Çikobava adına Linqvistik İnstitut, Nəsimi adına Dilçilik İnstitutu, Bakı Slavyan Universiteti arasında elm sahəsində birgə fəaliyyət haqqında niyyət protokolu imzalandı.

İlbəil “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda BSU-da keçirilən ənənəvi konfransın coğrafiyasının genişlənməsi Azərbaycanın beynəlxalq elm müstəvisində daha çox tanınmasına və azərbaycançılıq ideologiyasının daha geniş yayılmasına səbəb olur. Konfransda Misirin Ayn-Şəms Universitetinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Ə.S.Elaydinin çıxışındakı “Mən fəxr edirəm ki, azərbaycanşünasam” sözlərinin gurultulu alqışlarla qarşılanması buna ən gözəl sübutdur.      

Bu konfrans hələ uzun zaman iştirakçıların yaddaşında qalacaq.

Bakı Slavyan Universiteti alimlərin, gənclərin intellektual mübadilə meydanıdır və bu konfransın mədəniyyətlərin təmasında rolu danılmazdır.

Xatirə Hüseynova

 





09.05.2013    çap et  çap et