525.Az

“Ölüm mələyi”: Ənənədən gələn notlar və yeni çalarlar...


 

“Ölüm mələyi”: Ənənədən gələn notlar və yeni çalarlar... <b style="color:red"></b>

Azərbaycan ədəbiyyatında tarixi roman janrı artıq özünün müəyyən ənənəsini yaratmışdır. Bu fikri söyləyərkən biz doğru-dürüst səksən yaşı olan tarixi romanımızın keçdiyi inkişaf yolunu, bu yolun bir-birindən fərqli dörd mərhələsini və əlbəttə, o ənənənin yaranmasında mütləq mənada rolu olan ayrı-ayrı əsərləri nəzərdə tuturuq. Gəlin, sözün həqiqi mənasında XX əsr ədəbiyyat tariximizdə silinməz izlər buraxan, təkcə yazıldığı dövrdə deyil, əsrin sonrakı  illərində və müasir dövrümüzdə də örnək olası və az-çox diqqəti cəlb edən tarixi romanlarımızı xatırlayaq: “Dumanlı Təbriz”, “Qılınc və qələm” (M.S.Ordubadi), “Qızlar bulağı”, “Qan içində” (Y.V.Çəmənzəminli), “Odlu diyar” (A.Zöhrabbəyov), “Zəngəzur” (Ə.Abasov), “Səhər” (M.Hüseyn),  “Gələcək gün”, “Pərvanə” (M.İbrahimov), “Yolumuz hayanadır” (Mir Cəlal), “Qafqaz qartalı” (S.Rəhimov), “Dəli Kür”, “Ölən dünyam” (İ.Şıxlı), “Qalada üsyan”, “Şimal küləyi” (Q.İlkin) “Səttarxan”, “Gizli zindan” (A.Makulu), “Məhşər” (İ.Muğanna), “Fətəli fəthi”, “Doktor N” (Ç.Hüseynov), “Vətənə qayıt”, “Aləmdə səsim var mənim”, “Yad et məni”, “Bakı-1501” (Ə.Cəfərzadə), “Qətl günü” (Y.Səmədoğlu), “Babək” (Ə.Məmmədxanlı), “Nəğməyə dönmüş ömür”, “Qızılbaşlar” (Ə.Nicat), “Qarlı aşırım”, “Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, “Təbriz namusu” (F.Kərimzadə), “Köç” (M.Süleymanlı), “Mahmud və Məryəm” (Elçin),  “Xallı gürzə” (M.Çəmənli).. Əlbəttə, Azərbaycan tarixi romanının XX əsr mənzərəsi təkcə bu əsərlərlə məhdudlaşmır, adını çəkmədiyimiz digər əsərlər də var və onların sayı bunlardan da çoxdur.. Amma həmin əsərlər adlarını çəkdiyimiz əsərlərlə müqayisədə o qədər də uğurlu deyil və təbii ki, hər hansı bir mənzərədə müxtəlif və fərqli  görüntülər ola bilər.

Yeri gəlmişkən qeyd edək ki, tarixi roman yazmaq ənənəsi XXI əsrdə də davam edir və burada Sabir Rüstəmxanlının, Hüseynbala Mirələmovun, Elçin Hüseynbəylinin, Yunis Oğuzun bu sahədə fəaliyyətini xüsusi qeyd edirik.

Səksən illik tarixi olan bir janrın təbii ki, müəyyən ənənəsi var və bu haqda uzun-uzadı təfərrüata varmırıq, yalnız bəzi xarakterik xüsusiyyətləri nəzərə çarpdırmaq istəyirik: Tarixi romanlarımızda Vətən tariximizin müxtəlif dövrləri əks olunur. O hadisələrdən söhbət açılır ki, Azərbaycan tarixində müəyyən iz buraxıb və yazıçı, tarixçidən fərqli olaraq öz bədii təxəyyülünü də işə salır, olmuş tarixi hadisələrə yeni məna verir.  Yazıçı tarixə o zaman müraciət edir ki, bu günün bir çox suallarını cavab tapsın. Polşa ədibi Tadeuş Qoluy deyir ki: “Keçmiş dövrə mən ona görə müraciət edirəm ki, müasir həyatı daha yaxşı başa düşüm”. Biz “bədii təxəyyül” ifadəsini işlətdik. Bu, o deməkdir ki, yazıçı xəyalı, yazıçı uydurması tarixi romanda da əks oluna bilər, ancaq bir şətrlə ki, bu təxəyyüldən doğan təsvirlər, hadisələr və obrazlar real faktlara əsaslanmalı, tarixi həqiqətlərlə səsləşməlidir. Məsələn, İsa Muğannanın “Məhşər” romanında böyük Fateh Teymurlənglə böyük şair Nəsiminin görüşməsi barədə tarixi mənbələrin heç birində bir qırıq da olsa, məlumat yoxdur. Amma “Məhşər” romanının ən təsirli, yaddaqalan səhnələrindən biri də məhz iki böyük şəxsiyyətin – Teymurun və Nəsiminin görüşüdür. Burada iki dünya, iki fəlsəfə üz-üzə dayanır.

Tarixi romanlarımızda Azərbaycan tarixində silinməz izlər buraxan şahların, sərkərdələrin, dövlət xadimlərinin, qüdrətli söz ustalarının həyatı, keçdiyi ömür yolları, mübarizələri əks olunur və qeyd edək ki, bu sahədə müəyyən bir ənənə də yaranmışdır. Elə əsərlər var ki, yazıçılar tarixi şəxsiyyətlərin həyatını bir az  “bəzək-düzəklə” eynilə bədii əsərdə əks etdirirlər və bu olur sadəcə “bədii-tarixi xronologiya” (Mərhum tarixçi Mahmud İsmayılovun “Ağ yapıncı”, “Uzun Həsən”, “Xaqani”, “İki od arasında”, “Qara Yusif” romanlarını xatırlamaq kifayətdir). Amma tutaq ki, İsa Muğannanın “Məhşər”, Çingiz Hüseynovun “Fətəli fəthi”, Fərman Kərimzadənin “Qarlı aşırım” tipli romanlarda tarixi şəxsiyyətlər həm də  bizə məlum olmayan fərdi cizgiləri ilə əks olunurlar və biz bu tarixi şəxsiyyətləri sanki yenidən dərk edirik. Ən əsası da odur ki, tarixi romanlarımızda hansı dövrdən bəhs olunursa, dəxli yoxdur, həmin əsərlərdə VƏTƏNPƏRVƏRLİK, AZƏRBAYCANÇILIQ idealları öz əksini tapsın. Bunsuz tarixi romanın yazılmasının mənası olarmı?

Artıq iki tarixi romanın müəllifi olan Mustafa Çəmənli Azərbaycan tarixi romanının bu ənənələri ilə yaxşı tanışdır və hər iki romanında  bu ənənələrə sadiq qalır, amma eyni zamanda, yazdığı əsərlərdə tarixə münasibətdə özünün mövqeyini də ortaya qoyur. Bu, o deməkdir ki, bir müəllif kimi o, tarixə, tarixi hadisələrə və şəxsiyyətlərə “necə varsa, elə”  prinsipi ilə yanaşmır, “belə də ola bilərdi” prinsipinə də əməl edir. Biz Mustafa Çəmənlinin “Xallı gürzə” romanı haqqında vaxtlə yazmışdıq: “Hər bir tarixi roman, əgər belə demək mümkünsə, yaşanılan tarixin bədii-fəlsəfi dərkidir. Görkəmli yazıçı və tənqidçi Mehdi Hüseyn məşhur “Yazıçı və tarix”  məqaləsində yazırdı: “Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi-bədii əsər yarana bilməz. Bir qədər də sadə desək, tarixçi “nələr olmuşdur?” sualına cavab verirsə, sənətkar “nələr ola bilərdi və necə ola bilərdi?” suallarına da cavab verir. Yazıçının vəzifəsi heç də tarixi şəxsiyyətlərin fəaliyyətini başdan-başa izləyib bədii tərcümeyi-hal yaratmaqdan ibarət deyildir”. Mustafa Çəmənlinin “Xallı gürzə” romanı da tarixi dövrün psixologiyasını təşrih edən bir əsərdir. Doğrudur, bu əsərdə tarixi şəxsiyyətlərin fəaliyyəti xronikal qaydada izlənilir, ancaq bu, romandakı əsas qayəni heç də kölgədə qoymur. Pənah xan gözlərimiz qarşısında  həm də bir insan və şəxsiyyət kimi canlanır.

“Ölüm mələyi” adlı yeni tarixi romanında da Mustafa Çəmənli “Xallı gürzə”dəki yolu davam etdirir. Romanda Azərbaycan tarixinin çox mürəkkəb və olduqca ziddiyyətli bir dövrü bədii tədqiq obyektinə çevrilir. Azərbaycan tarixi ərzində bəlkə də ən çox şahlıq taxtında oturmuş (düz əlli iki il-1524-1576) I Təhmasibin ömrünün son günləri təsvir olunur. Amma “son günlər” ifadəsi şərtidir, zahiri xarakter daşıyır, müəllif I Təhmasibin son günlərinin təsviri fonunda onun bütün ömür yolunu canlandırmağa cəhd edir. Romanda həmçinin II Şah İsmayılın qısa sürən(1576-1577) hakimiyyətindən də söz açılır. Beləliklə, “Ölüm mələyi”ndə XVI əsr Azərbaycan tarixinin yarım əsrdən artıq ictimai, siyasi, mənəvi həyatı canlandırılır, bir sarayda baş verən hadisələr, ziddiyyətli, təzadlı münasibətlər, hakimiyyəti ələ keçirmək uğrunda davam edən mübarizələr öz əksini tapır.

Azərbaycan tarixində Səfəvilər dövrü iki əsrdən artıq davam etmiş və bu iki əsrdə bir-birindən fərqli hökmdarlar hakimiyyətdə olmuşlar: I Şah İsmayıl, I Təhmasib, II İsmayıl,  Məhəmməd Xudabəndə, I Abbas, I Səfi, II Abbas, Süleyman, Sultan Hüseyn, II Təhmasib, III Abbas. Tarixdən məlumdur ki, Nadir şah Əfşar 1736-cı ildə Səfəvilər sülaləsinin hakimiyyətinə son qoymuşdur.

“Ölüm mələyi”nin əsas qəhrəmanlarından biri- I Təhmasib I Şah İsmayıldan sonra  Səfəvilər dövlətinin ən qüdrətli hökmdarlarından olmuş, mərkəzi hakimiyyəti qüvvətləndirərək dövlətin sərhədlərini xeyli genişləndirmişdi. Təhmasib bir çox təzkirələrdə deyildiyi kimi, savadlı bir şəxs idi, şairləri, musiqiçiləri, rəssamları himayə edirdi, özü də bədii yaradıcılıq və xəttatlıqla məşğul olurdu.

Romanda daha çox diqqət yetirilən obrazlardan biri də II Şah İsmayıldır. Gəncliyində Osmanlı qoşunlarına qarşı döyüşlərdə fərqlənən İsmayıl, sonralar düşmən qüvvələrin təsirilə atasının gözündən düşmüş və Qəhqəhə qalasına-sürgünə göndərilmişdi. Düz iyirmi ilə yaxın həbsdə olan İsmayıl, atasının ölümündən sonra bacısı Pərixan xanımın və qızılbaş əmirlərinin köməyilə hakimiyyətə gəlmişdi. Uzun illərin psixoloji əhval-ruhiyyəsindənmi və ya təbiətindəki qəddarlıqdanmı, hakimiyyətdə olduğu bir il ərzində atasının bütün övladlarını (Məhəmməd Xudabəndədən başqa), yəni atadanbir, anadan ayrı qardaşlarını və yaxın qohumlarını birgə-bircə aradan götürmüş, qətlə yetirmişdi ki, taxt-taca başqa namizəd olmasın. Amma II İsmayıl özü də çox yaşamır, ancaq Səfəvilər sülaləsinə vurduğu bu ağır zərbələr də unudulmur.

Mustafa Çəmənli də tarixdən məlum olan bu faktları heç də təhrif etməyərək təqdim etdiyi obrazları mümkün qədər reallıq müstəvisində əks etdirməyə çalışmışdır. Əlbəttə, burada yazıçı təxəyyülü də öz sözünü demişdir. Beləliklə, tarixi həqiqətlə yazıçı uydurması vəhdət halına gəlmişdir. Oxucu bilmir və qətiyyən məlumatı yoxdur ki, Səfəvilər sarayının qayda-qanunları necədir, burada hansı prinsiplər, etik davranışlar hökm sürür. Niyə şahlar hakimiyyətə keçən kimi ən yaxın adamlarını, hakimiyyətə gələ biləcək qohum-qardaşlarını məhv etməyə çalışırlar? Təbii ki, XVI əsr bizdən ən azı beş yüz il uzaqdadır və biz zamanı geriyə çevirə biləcək elə bir texniki icadın sahibi deyilik ki, I Şah Təhmasibin, II Şah İsmayılın sarayına daxil olaq və onların əxlaq tərzini, rəftar və münasibətlərini seyr edə bilək, nə düşündüklərini öyrənək...XVI əsr Səfəvilər dövlətinin, ayrı-ayrı xanlıqların yürütdüyü siyasətlə tanış olaq, saraydan üzüaşağı düşüb xalqın içində olaq. Əlbəttə, bu, mümkün deyil. Amma əsl yazıçının qüdrəti də elə bundadır ki, XVI əsr mühitini də yarada bilir, gözlərimiz qarşısında həqiqi, amma bədii bir dünya yaradır. Bu yaranan “dünya” olsun ki, tarixi reallıqla düz mütənasib deyil, amma ədib bizi inandırırsa, bunun heç bir əhəmiyyəti yoxdur. Biz tarixi romanlarımız olan “Qılınc və qələm”i, “Dəli Kür”ü, “Məhşər”i, “Qarlı aşırım”ı, “Qətl günü”nü, “Mahmud və Məryəm”i belə qəbul etmişik və Mustafa Çəmənlinin “Ölüm mələyi”ni bu sıraya qatırıq.

Təbii ki, romanı geniş şərh etməyə ehtiyac duymuruq. Mustafa Çəmənli Azərbaycan tarixi roman ənənəsini bu yeni əsərində uğurla davam etdirmişdir,-deyə bilərik. Yəni XVI əsr Səfəvilər dövlətinin və bu dövləti biri əlli iki il, biri isə bir il idarə etmiş iki hökmdarının, onları əhatə edən insanların (saray adamlarının, məmurların və s.) və orta əsrlərə məxsus şəxsi intriqa və kolliziyaların məna və mahiyyəti kifayət qədər əks olunmuşdur.

Azərbaycan ədəbiyyatşünaslığında tarixi roman janrı əsasən mövzu və problemlər üzrə tədqiq olunmuşdur və biz bunun bariz ifadəsini  görkəmli ədəbiyyatşünas, əsasən tarixi roman tədqiqatçısı kimi tanınmış professor Yavuz Axundlunun sanballı “Azərbaycan tarixi romanı: mərhələlər, problemlər” (2005) monoqrafiyasında da görürük. Amma mövcud tarixi romanlarımızı bir başqa tipologiya üzrə də təsnif etməyin vaxtı gəlib çatıb. Çünki tarixi romanlar təkcə mövzu və problematika baxımından yox, həm də fəlsəfi, psixoloji, sosioloji, mifoloji, tarixi-sosioloji, etnoqrafik və s. baxımdan da bölgülənə bilərlər. Məsələn, deyək ki,  İsa Muğannanın “Məhşər” romanı ilə Mövlud Süleymanlının “Köç”, yaxud Yusif Səmədoğlunun “Qətl günü” romanı ilə Fərman Kərimzadənin “Qarlı aşırım” romanı mövzu-problematika baxımından fərqləndikləri kimi, digər bölgüylə də bir-birindən seçilirlər. Mustafa Çəmənlinin “Xallı gürzə” və “Ölüm mələyi” romanları sırf tarixi-sosioloji romanlardır. Bu əsərlərdə tarix həm də sosioloji aspektdə nəzərə çarpır. Bu tipli romanlar isə Azərbaycan tarixi romanları içərisində çoxluq təşkil edir. Mustafa Çəmənli təsvir etdiyi dövrü təkcə tarixi həqiqətlər baxımından deyil, həm də sosioloji baxımdan da izah və şərh etməyə can atır. Demək istəyir ki, orta əsrlər dövrünün də öz ictimai-siyasi qanunauyğunluqları var, müəyyən sxemlər, qaydalar çərçivəsi insanların da hərəkətlərini tənzimləyir. Ölmək, öldürmək, qətllər, müharibələr, savaşlar...bütün bunların öz mahiyyəti var.

“Ölüm mələyi” həm də xarakterlər romanıdır. Mustafa Çəmənli “Xallı gürzə”də Pənahəli xanın parlaq obrazını yaratmışdı. Bu əsərində də o, Şah Təhmasibin, II Şah İsmayılın, həmçinin Pərixan bəyimin, Heydər Mirzənin obrazlarını dolğunluqla yaradıb. Romanda hərəkət, dinamika, hadisələrin sürətlə bir-birini əvəz etməsi diqqəti xüsusilə cəlb edir və belə görünür ki, oxucu  bəzi maraqlı macəra romanlarını oxuyurmuş kimi bu əsəri də əlindən yerə qoymayacaq. Amma belə deyil. Romanda “sürətli oxunuş” deyilən bir proseslə üzləşmirik, çünki təsvir olunan hadisələr nə qədər cəzbedici olsa da, macəra örtüyünə bürünməmişdir. Yazıçı hadisələri və tarixi şəxsiyyətləri elə təsvir edir ki, sanki bu hadisələri və şəxsiyyətləri yaxından seyr edirsən. Buna səbəb odur ki, Mustafa Çəmənli Azərbaycan tarixi roman ənənələrinin ən yaşarısına sadiq qalır: o, tarixi şəxsiyyəti həm də İNSAN kimi təsvir edir. Şah Təhmasib onlarla hadisə içində təsvir olunur,bir şah kimi əlli ildə keçdiyi yollar, apardığı müharibələr (bunlar haqqında onun xatırlamaları təqdim edilir), övladları və müxtəlif təriqət başçıları ilə münasibətləri heç də onun bir insan kimi keçirdiyi daxili iztirabları kölgədə qoymur.

Əslində, o bir Şah kimi çox zəif, bir İnsan kimi isə çox maraqlı və güclüdür. Xüsusilə, çoxsaylı hərəmləri içərisində sevdiyi Sultanıma münasibəti, yaxud atası Şah İsmayılın şeirlərini əzbər deyərkən keçirdiyi zövq-səfa, təklikdə Pərixan bəyimlə ata-qız söhbəti nə qədər təbiidir. Hətta deyə bilərik ki, Mustafa Çəmənli Təhmasibi şah-moralist kimi də təqdim edir. O, Çehelsütun sarayında bir məclis təşkil edir, bütün övladlarını, qohumlarını ora toplayır. Məqsədi nəydi: “Şah xəstə yatarkən sarayda baş verənləri unutmaq istəsə də, bu məclisi keçirməklə, həm də qanından, iliyindən gəlmiş övladlarına, doğmalarına ibrət dərsi vermək istəyirdi”. Əlbəttə, əlli iki il ərzində hakimiyyəti əldə saxlamaq, dövləti idarə eləmək son dərəcə mürəkkəb məsələ idi və Təhmasib buna öz ağlı ilə nail ola bildi. Amma ən böyük səhvi onda oldu ki, özündən sonra varis təyin edə bilmədi və II Şah İsmayıl kimi ağılsız və rəhmsiz bir adamın-iyirmi il həbsdə saxladığı və içi kinlə, qisas hissilə dolmuş bir hakimiyyət hərisinin şahlığına yol açdı. Bunu o görmədi...

Səfəvilər sülaləsinin sayca üçüncü hökmdarı-II Şah İsmayıl da ziddiyyətli bir şəxsiyyət olmuşdur və M.Çəmənli onu təsvir edərkən tarixi həqiqətə sadiq qalmışdır. Amma təbii ki, II Şah İsmayılla bağlı tarixi faktlar cüzidir və burada yazıçı ustalığı lazımdır ki, azdan da faydalansın və bədii təxəyyüllə reallıqları birləşdirə bilsin. M.Çəmənli II Şah İsmayılı təkcə qəddar və rəhmsiz bir hökmdar kimi deyil, həm də faciəvi bir insan kimi təqdim edir. Atasına qarşı ağılsız hərəkətlərinə görə gözdən düşüb 7 min 138 gün həbsxanada ömür çürüdən, qadınsız, məhəbbətsiz yaşayan,  saraydan, dövlətdən, döyüş meydanından uzaqlaşdırılıb həbsxana küncünə sıxışdırılan bir insan nə etməliydi. Ona görə də onun “Mən Allahın yer üzündəki ölüm mələyiyəm. Ölüm mələyi! Əzrail!” deməsi tamamilə doğrudur. Bu, onun törətdiyi qətllərə haqq qazandırmasa da, xarakterini düzgün səciyyələndirir.

Romanda bir obraz da var ki, o öz dolğun və bütöv səciyyəsi ilə heç də iki hökmdardan-atasından və doğma qardaşından geridə qalmır. Bu, Təhmasibin qızı Pərixan bəyimdir. Roman boyu müəllif onun hakimiyyətlə bağlı fikir və duyğularını izləyir və əvvəlcə qardaşı İsmayıla rəğbət bəsləyib onu hakimiyyətə gətirməkdə böyük rol oynayan Pərixan bəyim sonda get-gedə qardaşının qəddar hərəkətləri müqabilində dərin peşimançılıq hissləri keçirir..Və onun özü də hakimiyyət hərisliyinin qurbanı olur, boğulub öldürülür. Romandakı bu ölüm, daha doğrusu, qətl səhnələri bir-birini sürətlə əvəz etsə də, bədii təsirliliyini itirmir, hər biri bir faciənin sonluğuna çevrilir.

Tarixi romanda dil faktoru də mühüm rol oynayır və bu, sənətkarlıq baxımından müəllifin uğurunu ya da uğursuzluğunu müəyyənləşdirən amillərdən biridir. Azərbaycan tarixi romanlarının ən parlaq nümunələrində biz həm də DİL MƏDƏNİYYƏTİ ilə qarşılaşmışıq. Bu fikri söyləyərkən Məmməd Səid Ordubadinin oxucunu ələ alan obrazlı dilini, təhkiyeyi-kəlamını, Mirzə İbrahimovun səlis publisistik ifadə tərzini və dil xüsusiyyətlərini, İsa Muğannanın məntiqli və fəlsəfi dialoq və monoloqlarını, psixoloji təsvir manerasını, Yusif Səmədoğlunun mifdən, folklordan, xalqdan gəlib ədəbi dil kimi formalaşan bədii nitqini, Mövlud Süleymanlının başdan-ayağa etnoqrafik səciyyə daşıyan danışıq tərzini xatırlamamaq olmur. Mustafa Çəmənlinin romanındakı dil də canlıdır, şirəlidir, koloritlidir və burada XVI əsrin Səfəvilər sarayına məxsus bəzi dil elementləri ilə müasir dil xüsusiyyətləri birləşir. Məqsəd heç də o deyil ki, XVI əsrin şahını və dövlət məmurunun nitqini həmin dövrün dil materialı ilə yükləyəsən. O zaman bədii mətndə arxaizm kök salar. Amma  XVI əsrin tarixi olaylarını və şəxsiyyətlərini təsvir edərkən bu günün oxucusunu nəzərə almaq daha münasibdir.

“Ölüm mələyi” romanı fikrimizcə, son illərin uğurlu nəsr əsərlərindən biridir və bir tarixi roman kimi də seçilir, fərqlənir. Doğrudur, müəllif romanda çox zaman saraydan qırağa çıxmır, I Təhmasibin apardığı müharibələr haqqında məlumat çox azdır, daha çox hakimiyyət intriqaları bədii tədqiq hədəfinə çevrilir, amma bu heç də romanın sanbalını azaltmır. Biz I Şah Təhmasibi və II Şah İsmayılı tarixi şəxsiyyətlər və faciəvi insanlar kimi dərk edirik.

Roman belə bir həqiqəti təlqin edir ki, istənilən dövrdə hakimiyyət hərisliyi, bunun üçün törədilən qətllər, ağıllı insanlara qarşı törədilən cinayətlər, nadanlığın, zorun, zülmün ayaq tutub yeriməsi yolverilməzdir və nə qədər belə dəhşətlər, vəhşətlər baş verirsə, ÖLÜM  MƏLƏKLƏRİ məmləkətin başı üstündən əksilməyəcək...

 





29.04.2013    çap et  çap et