525.Az

Qurban Qurbanov: “Mən hələ yaxşı məşqçi olmağın sirrini axtarıram” (Müsahibə)


 

Qurban Qurbanov: “Mən hələ yaxşı məşqçi olmağın sirrini axtarıram”<b style="color:red"> (Müsahibə)</b>

Mənə görə (subyektiv fikrimdir) futbolda iki xarizmatik məşqçi var. Biri hazırda “Real”ı (Madrid) çalışdıran Joze Mourinyo, biri də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov. Mourinyo ilə Qurbanovun məşqçi karyeralarını müqayisə etmək fikrindən uzağam. Amma mənim üçün Qurban Qurbanovun Azərbaycan futbolu adına gördüyü işlər, portuqaliyalı məşqçinin dünya futboluna verdiyi tövhələrdən qat-qat dəyərli və daha doğmadır. Çünki mən “Qarabağ”ı sevirəm. Qurban Qurbanov isə işğal altındakı torpaqlarımızın bir növ rəmzi sayılan “Qarabağ”ı Avropaya çıxaran məşqçidir. Məhz onun rəhbərliyi altında “Qarabağ” dalbadal iki il Avropa Liqasının pley-off mərhələsinə qədər irəliləyə bildi. Bu, artıq çoxdan siyasiləşən idmanda təkcə bir futbol klubunun qələbəsi deyildi. Bu, həm də Avropada Azərbaycana məxsus olan “Qarabağ”ın etirafı idi. Təbii ki, Qurban Qurbanovun futbolçu və məşqçi kimi uğurları tək bu klubla məhdudlaşmır. Futbolçu karyerasında Azərbaycan çempionu, ölkə kubokunun qalibi, çempionatın bombardiri olub. Bir vaxtlar formasını geyindiyi “Neftçi” klubunda məşqçi karyerasına başlayıb. Azərbaycan kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxsdir. Amma danılmaz faktdır ki, bir məşqçi kimi ən böyük uğurlarını məhz “Qarabağ”da qazanıb. Və “Qarabağ”ın uğurlarının əsas sirri də elə məhz bu xarizmatik peşəkarda gizlənir.

Çox hörmət etdiyim ziyalılarımızdan olan Rəşad Məcid yazılarının birində qeyd etmişdi ki, Qurban Qurbanov Qarabağı qaytarmağımızın düsturunu futbolda ortaya qotub – GÜCLÜ OLMALIYIQ, ÖZÜMÜZƏ GÜVƏNMƏLİYİK, BİR OLMALIYIQ!. Yəqin elə bu səbəbdəndir ki, “Qarabağ”ın hər qələbəsi işğal altındakı torpaqlarımıza qayıtmaq ümidimizi və inamımızı bir az da artırır. “HƏMSÖBƏT”imlə görüşümüz  birincinin qalib ayrıldığı “Qarabağ” - “Neftçi” qarşılaşmasından sonra baş tutdu. Etiraf edim ki, bu günə qədər yalnız futbol sahələrində gördüyüm Qurban Qurbanov haqqında təəssüratım o qədər də geniş deyildi. Meydançada hər zaman qaş-qabaqlı, sakit, təmkinli, qarşılaşma boyu heç bir halda emosiyalarını biruzə verməyən – gülməyən, sevincini, əsəbini biruzə verməyən məşqçi ilə söhbətin nə dərəcədə səmimi və maraqlı alınacağına şübhə edirdim. Üstəlik çox danışmağı sevmədiyini eşitdiyimçün bir az da narahat idim. Amma gözlədiyimin tam əksi olan bir insanla qarşılaşdım. Qurban Qurbanovun bizi çox səmimi və gülərüzlə (ilk dəfə idi onu gülən görürdüm) qarşılamasından istifadə edib ayaqüstü məni ən çox maraqlandıran bir sualı verdim.



- Qurban müəllim ola bilər başlanğıc üçün qəribə səslənəcək, amma mənim üçün çox maraqlıdır ürəyinizlə bağlı bir probleminiz yoxdur?

Bir az təəccüblə qarşılasa da sualı cavabsız qoymadı. 

- Yox şükür heç bir problemim yoxdur. Niyə soruşdunuz ki? (gülür)

- Sadəcə mənim üçün çox maraqlıdır, 90 dəqiqəlik qarşılaşma ərzində futbol kimi həyəcanlı bir oyunda necə soyuqqanlı ola bilirsiniz və emosiyalarınızı necə cilovlayırsınız? Adətən, deyirlər, belə insanlar emosiyalarını daxilə ötürürlər. Bu isə hərdən insanın səhhətində problem yarada bilər.

- (gülür) Mən emosiyalarımı oyundan sonra biruzə verirəm.

- Ümumiyyətlə sahədəki Qurban Qurbanov sizin məxsusi yaratdığınız məşqçi imicidir, yoxsa xarakteriniz belədir? Məsələn, mən sizin stadionda güldüyünüzü heç görməmişəm.

- Məncə, bu, xarakterdir. Güldüyüm vaxtlar olub, amma çox az. Yəqin ona görə görməmisiniz. İradılarımı, tövsiyələrimi, tapşırıqlarımı da verirəm. Amma sakitiyi qorumağa çalışıram. Qələbə sevincimi və ya məğlubiyyətlə bağlı iradlarımı isə oyundan sonraya saxlayıram.

- Futbolçulara tətbiq etdiyiniz özünüzəməxsus bir cəza var?

- Qadağalar olur hərdən. Ümumiyyətlə, pul cəzalarının o qədər tərəfdarı deyiləm. Amma bu cəzanı tətbiq etdiyim vaxtlar da olub. Ümumiyyətlə, maksimum çalışıram ki, onlar məni məşqçi kimi hiss etsinlər və qəbul etsinlər. Digər tərəfdən, hər futbolçuya fərdi yanaşmaq lazımdır. Təsəvvür edin, 25 nəfər fərqli insandır. İstər-istəməz hər birini öz dilində başa salmalısan, ələ almalısan və davranmalısan. Elə etməyə çalışıram ki, mənim hirslənməyim və ya hər hansı sözüm onlara aldıqları digər cəzalardan daha ağır və təsirli olsun.

- Sizinlə “Qarabag” – “Neftçi” qarşılaşmasından sonra görüşürük. Oyundan qalib ayrılmaq bir məşqçi üçün necə hissdir?

- Qarşılaşmadan qalib ayrılmaq ümumiyyətlə, hər bir məşqçinin, hər bir futbolçunun qarşısına qoyulan vəzifədir. Bu vəzifənin öhdəsindən gələndə əlbəttə ki, xoş olur. Amma idman, futbol ümumiyyətlə, belədir ki, qalib olduğun vaxt məğlub ola bilərsən və yaxud bərabərliyə qala bilərsən. Və biz hər üçünə də hazır olmalıyıq. Oyunun gedişatında hazır olmalıyıq ki, məğlub oluruqsa nəyi dəyişməliyik meydanda. Və yaxud bərabərə qalırıqsa, nəyi dəyişməliyik. Nəhayət, qalib gəliriksə, nəyi dəyişməliyik ki, hesab bizim xeyrimizə olsun.



- Bəs həyatda qalib gəlmək necə hissdir? Bir var, bir idmançı kimi qalib olasan, bir də var insan kimi...

- İdmanda qalibiyyət tam başqadır, həyatda tam başqa. Və ümumiyyətlə, hər yaş dövrünün, həyatın hər mərhələsinin öz qalibiyyəti olur. Mən indi-indi dərk edirəm bunları. Əvvəldən bunu hiss etsəydim, bəlkə də tam başqa cür qurardım öz həyatımı. Fərqi yoxdur hər hansı idman növündə və ya həyatda. Qalib gəlmək hissi hər bir insanda olmalıdır. Elə yaşamaq lazımdı ki, bu həyatdan köçəndə də qalib köçəsən.

- Həyatınıza nələri dəyişmək və ya əlavə etmək istəyərdiniz?

- Ümumiyyələ, bugünkü günümə şükr edirəm. Həm həyatda yaşadığıma, həm seçdiyim peşəyə. Detallarla açmaq istəməzdim, amma həyatımda çox dəyişikliklər olub. Çox şeyi dəyişmişəm. Nəyisə dəyişmək hələ gec deyil. Əsas odu cavanlığımızda etdiyimiz səhvləri təkrarlamayaq. Bundan sonra səhv etməmək özü elə bir dəyişiklikdir.

- Çox olub səhvləriniz?

- Bəlkə də çox olub. Çox olub, bəli.

- Heç həyatınızda peşman olduğunuz hansısa məqam, hansısa səhv var? 

- Bilirsiniz, düşünürəm ki, insan səhv etdikcə təcrübə qazanır, kamilləşir. Həyatı dərk etmək üçün, işimizdə daha çox çalışmaq üçün hərdən səhv də etməliyik. Bəzən elə məqamlar olur ki, nə zamansa etdiyimiz səhv bu gün xeyrimizə işləyir. Düşünürsən ki, bəlkə o vaxt mən hər şeyi düz etsəydim, daha ağır nəticəsi olardı.

- Yəqin ki, həyatınızda dəyişmək istədikləriniz sırasında futbol yoxdur... Yenə də futbolçu olardınız, yoxsa?

- Futbolçu olmaq mənim qismətimdir. Bəlkə bundan sonra yenidən dünyaya gəlsəydim, yenə də futbolçu olardım. Əsas odur həyatda bir insan kimi nümunə olmağı bacarasan. Bir insan kimi öz boynumuza düşən vəzifəni qoruyub saxlaya bilsək, insani keyfiyyətlərimizi qoruyub saxlamağı bacarsaq, bundan gözəl heç nə ola bilməz. Ən azından bunu dərk etmək böyük xoşbəxtlikdir.

- Futbolçu olmasaydı Qurban Qurbanov bu gün kim olardı?

- İdmana marağım çox böyük olub uşaqlıqdan. Enerjim çox olub. Hər bir idman növünə maraq göstərmişəm. Bəlkə yenə də idman sahəsində olardım. Amma hansısa başqa növ üzrə. Amma idmançı xarakteri məndə olmasaydı, bəlkə daha çox oxumağa meyl edərdim, elm dalınca gedərdim. Əvvəla pis oxumurdum. Digər tərəfdən anam çox tələbkar idi bu məsələdə. Diqqət yetirirdi təhsilimə. Qiymətlərim hamısı 5 olmalı idi. 8-ci sinifə kimi əla oxumuşam. 8-ci sinifdən sonra futbola daha çox vaxt ayırdım.

- Digər idman növlərindən hansı daha çox sizin xarakterinizə uyğundur?

- Təkbətək idman növlərinə meylim olub. İstər-istəməz kənd uşağıyıq da (gülür). Maraq göstərmişəm həmişə. O vaxtlar güləşə daha çox maraq göstərirdik. Yəqin ki, təkbətək idman növlərindən biri olardı.

- Amma futbolçu oldunuz. Azərbaycan futbolunda əvvəlcə seçilən futbolçulardan, sonra uğurlu məşqçi. Bütün bunları nəzərə alsaq futbol sizə nə verdi?

- Belə bir söz var – futbolçu kimi doğulmaq lazımdır. Bu həqiqətən belədir. Futbol mənim həyatımda böyük dəyişikliklər etdi. O zaman futbol indiki qədər populyar deyildi. Xüsusən də mənim doğulduğum Zaqatala kimi ucqar bir rayonda. Və belə bir rayondan gəlib “Neftçi” kimi komandada oynamaq, Azərbaycan yığmasına düşmək əlbəttə ki, bu böyük uğur idi mənim üçün. Futbolun sayəsində daha çox tanınmağa başladım. Müxtəlif sahələri təmsil edən çoxlu insanlar tanıdım. İstər-istəməz insanların mənə, oyunlarıma marağını hiss etdim və bu, məsuliyyətimi daha da artırdı. Öz üzərimdə daha çox çalışmağa başladım. Mən futbolu daha çox çalışqanlığın hesabına oynamışam. O vaxtlar məktəb keçməmişdim, hansı ki, indi 6-7 yaşından futbola başlayırlar. O məktəb, o texnika, düzgün düşünmək və s. yox idi o vaxt. Amma get-gedə, komandalarımı dəyişdikcə, fərqli mühitlərə düşdükcə futbolun sirrlərini daha çox öyrənməyə başladım.



- Tanınmaq necə hissdir? Sizin kimi təvazökar, sakit təbiətli bir insanı populyar olmaq sıxmır haradasa?

- Əvvəllər mənimçün tanınmaq böyük bir şərəf idi, gənc vaxtlarımda (gülür). Daim istəyirdim üzdə olum, daim istəyirdim məndən yazsınlar, məndən danışsınlar, şəklimi qəzetlərə “vursunlar”. Qurban qol vurdu və s. İndi tam əksinə. Futbol mənim üçün tanınmağa vasitə yox, ən yaxşısını, ən düzünü etməyə borclu olduğum və bunu qarşıma məqsəd qoyduğum işimdir. Qəzetdəmi şəklim olsun, televiziyada və yaxud haradasa məndən danışsınlar, tam səmimi deyirəm, marağında deyiləm və bununla qürürlanmıram. İndi bizim üzərimizə düşən vəzifə maksimum işləməkdir. O qədər işləməliyik ki, futbolumuzun bundan sonrarı inkşafında bir payımız, köməyimiz olsun. Biz hələ heç nə etməmişik, hələ yolun başındayıq. Gündəmdə olmaqdan çox görəcəyimiz işləri düşünməliyik. İndi futbola həm dövlət səviyyəsində, həm də klub rəhbərləri səviyyəsində diqqət və maraq var. Elə etməliyik ki, o insanların etimadını doğruldaq. Gəncləri bu sahəyə həvəsləndirək.

- Gəlin, razılaşaq ki, gənclər üçün ən böyük stimul bizim klubların, ya da yığmamızın qalibiyyəti olar. Yəni dalbadal böyük hesablı məğlubiyyət görsələr, yəqin həvəs də olmaz ...

- Bax həmin bu sistem bizdən asılıdır. Biz nə cür cavanlara çatdıracağıq. Bu gün komanda uduzdu, komandada nəticə yoxdur, futbolçu oynaya bilmir, məşqçi işləyə bilmir. Bunları əldə şüar edib futbola antipatiya yaratsaq, təbii ki, uşaqlarda maraq olmayacaq. Bu gün biz futbola qarşı antitəbliğat aparmamalıyıq. Məşqçiləri, klubları, futbolçuları, azarkeşşləri üz-üzə qoymamalıyıq. İstəyirəm bizdə birlik olsun.

- Nə çatışmır daha yaxşı oyun nümayiş etdirməyimiz üçün. Niyə deyirlər  Azərbaycanda futbol yoxdur? Hər halda bu arqumentə əsaslı bir izah olmalıdır.

- Mən o fikirlə razı deyiləm ki, Azərbaycanda futbol yoxdur. Bu gün Azərbaycanda futbol var. Bəli, istənilən səviyyədə deyil. Bu gün biz istəyirik ki, milli komandamız olsun Avropa çempionatının finalında, və yaxud da dünya çempionatının finalında oynasın. Bəli, bu tələb lazımdır. Yəni, biz əgər qarşımıza məqsəd qoymuşuqsa, o yerlərə düşməyimiz vacibdir və bunun üzərində çalışmalıyıq və çalışırıq da. Amma bu gün əgər alınmırsa, birdən-birə dediyim kimi, ora düşə bilmiriksə deməli, iş gedir. Sabah düşəcəyik. Biz hələ indi indi Avropaya çıxırıq. Onların isə 50-70 illik Avropa təcrübəsi var. Amma götürək bundan 15 il, 10 il, 5 il əvvəli və bu günü. Əvvəl neçə komandamız Avropada iştirak edirdi, milli komandamız kimlərlə oynayırdı? Normal bir yoldaşlıq görüşü keçirə bilmirdi. Klublarımızı götürək. Avropa Liqasından söhbət belə gedə bilməzdi. Kim gəlirdi bura? İndi baxın “Qarabağ” necə böyük klublarla qarşılaşır, “Nefçi” “İnter”i gətirdi Azərbaycana. Axı, 10-15 il əvvəl yox idi bunların heç biri. Bütün bunları nəzərə alsaq, bu gün futbol var, inkişaf edir. Biz yeni başlamışıq, amma digərləri çoxdan o yoldadır. Ona görə biz futbolu sevdirməliyik, azarkeşləri cəlb etməliyik. Azarkeşlərdə inamsızlıq olmamalıdır. Biz mübarizə aparmalıyıq, azarkeş mübarizə aparmalıdır, fubolçular mübarizə aprmalıdır. Hətta jurnalistlər də mübarizə aparmalıdır yaxşı futbol və inkişaf naminə. Səhvlər olur təbii ki. Mən məşqçiyəm, mənim də səhvlərim olur. Oyunda görürəm, özümü tam motivasiya edə bilməmişəm. Nəyisə başqa cür düşünmüşəm, amma meydana çıxmışam başqa cür alınıb. 0:3 də uduzmuşam, altı qol da buraxmışam. Bundan nə cür dərs çıxarmışam, təzədən qayıda bilmişəmmi özümə? Əsas budur. Bunlar varsa, deməli, biz boş oturmuruq, işləyirik. Bizdə baxırsan futboldan danışmayan, analiz etməyən adam yoxdur. Hamı mütəxəssisdir, futbolu bilir, məsləhət verir. Lap yaxşı. Bu onu göstərir ki, futbola maraq var. Amma bunu antitəbliğat kimi yox, təbliğat, inkişaf naminə etsələr, yaxşı olar. Bizdə futbol da var, yaxşı futbolçular da yetişir. Futbolun sürəti meydançalardan, bazaların olmasından məşq meydanından asılıdır. Azarkeşdən asılıdır. Bunlar hamısı bir-birnə bağlıdır. Çox tələb olunur. Tez istəyirlər olsun. Amma hər şey zamanla mümkündür. 

- “Qarabağ”ın tarixində ən böyük uğurları sizin adınızla bağlıdır. Məhz bu kluba baş məşqçiilik etmək nə dərəcədə məsuliyyətlidir sizin üçün?

-  Bəlkə də bu mənim üçün daha da böyük köməkdir ki, bu komandada çalşıram. “Qarabağ” məni işimdə ikiqat məsuliyyətli olmağa vadar edir. Düşünmürəm ki, başqa klublarda çalışsam, məsuliyyətsiz olardım. Sadəcə “Qarabağ” adı haradasa məni bir az formada saxlayır. “Qarabağ” daim yuxarı yerlərdə olmalıdır.



- Təbii ki, “Qarabağ” bütün görüşlərdən qalib ayrılmır. Uduzduğunuz anlar da olur...


- Belə bir söz var uduzanda məşqçi uduzur, udanda futbolçular. Uduzmağı normal qarşılayıram. Əlbəttə ki, içimdə hansı hisslər keçirirəm, bunu bir Allah bilir. Çünki uduzmağı sevmirəm. Amma məğlub olanda da dərk etmək lazımdır ki, nəyə görə uduzdun və kimə uduzdun. Bəlkə elə bir insana uduzursan ki, daxildən pis olanda anlayırsan ki, o sənə yaxındır. O da Azərbaycan futbolu üçün nəsə edir. Ən azından bilirsən ki, o uğur qazandı.

- Futbol həm də şans oyunudur deyirlər. Bəzən ən güclü komanda məğlub olur, zəif komanda bəxti gətirdiyi üçün qalib gəlir. Razısınız bu fikirlə?

- Bu, nadir hallarda olur. Çox vaxt güclü qazanır. İndi futbol sürətdir, futbol gücdür, taktikadır. Futbol meydanda düşüncədir. Daim nəyisə dəyişməkdir. Bir sözlə, arttıq futbol ağır idman növüdür (gülür).

- Bəs yaxşı məşqçiliyin sirri nədən keçir?

- Mən özüm axtarıram hələ o sirri. Zaman keçdikcə anlayıram ki, mən hələ öyrənirəm. Və bu, məşqçilik karyeramı bitirənə qədər belə olacaq. İnsan “mən varam” dediyi zaman məğlub olur.

- “Qarabağ”la bağlı hədəfləriniz nələrdir? 

- Ən böyük istəyim odur ki, güclü Azərbaycan futbolunun ən böyük parçası “Qarabağ” olsun.

- Futbolu həyatın kiçik bir modeli kimi götürsək, bir insan olaraq həyatda daha çox hansı mövqedəsiniz?. Orta hədd nədir sizinçün? Daim hücumda olmaq, mudafiə və ya taktiki gedişlər?

- Belə deyək, həyatda müdafiə də var, yarımmüdafiə də, hücum da. Yalnız hücumda olsan, uduza bilərsən, müdafiədə olsan məğlub olarsan,  yarımmüdafiədə olsan yenə də uduzarsan. Həyat elədir k, bunların üçündən də istifadə etmək lazımdır - müdafiədən də, yarımmüdafiədən də, hücumdan da.

- Ümumiyyətlə sizin həyat fəlsəfəniz nədir?

- İnsan bir tərəfdən çox güclü, digər tərəfdən həm də çox zəif məxluqdur. Bəzən həyatdan küsdüyüm
vaxtlar da olub. Əksinə həyata sevgimin çoxalan vaxtları da. Bu nə ilə bağlı olur – nəyəsə nail olanda və ya olmayanda.  Biz niyə və necə yaşadığımızı, həyatdakı missiyamızı dərk etsək, daha xoşbəxt olarıq.

- “Yaxşı insan” formulu necədir sizin aləminizdə?

- Hər bir işində ən doğrusunu etməyə çalışan insan. Düzü düz, əyrini əyi görə bilən, düzə əyri deməyən insan. Bu olsa, insanlara eyni gözlə baxmağa nail ola bilərik. Bir dəfə yarandığımızı, dünyanın fani olduğunu dərk etməli və yalandan uzaq olmalıyıq.

- Bağışlamağı bacarırsınız? Sizə edilən hər hansı bir pisliyi unuda bilərsiniz, yoxsa kinlisiniz?

- Kinli deyiləm. Amma nadir hallarda olur ki, bağışlamıram. Bəzən üzdə bildirmədiyim, amma daxilən bağışlamadığım anlar olub və var. Və bu sirri tək özüm blirəm. 

- Ən çox qəlbinizi nə qıra bilər ki, onu heç vaxt bağışlamazsınız.

- Yalan xoşlamıram. Elə insanlar var ki, onlardan gözləyə bilərəm yalan. Amma elə insanlar da var ki, onlara çox güvənirsən, çox inanırsan, hətta bəzən öz sirrlərini o insanla bölüşürsən. Amma sonda elə bir insandan yalan eşidəndə bu həddindən artıq təsir edir sənə. 

- İşdə yığılan əsəblərinizi gəlib evdə ailə üzvlərinizin üstünə tökmürsünüz?

- Yox. İş və ailəni qatmağı sevmirəm bir-birinə.

- Məşqçi Qurban Qurbanovu qoyaq bir kənara. Ailədə Qurban Qurbanov necə insandır?

- Pis insan deyil (gülür).

- Ümumiyyətlə, futboldan başqa həyatınızda nələr var?

- Futboldan başqa həyatımda futbol var yenə (gülür). Ümumən götürsək, futbolun mənim həyatımda faizi daha çoxdur, nəinki şəxsi həyatımın. Çünki bütün günü demək olar ki, futbolun içində oluram.

- Ailədə, futbola daha çox vaxt ayırmağınız doğmalarınızda qısqanclıq yaratmır?

- Olur. Arada o da olur (gülür)

- Hobbiniz var?

- Həm stolüstü tennis, həm də böyük tennisə çox böyük marağıq göstərirəm. Amma təəssüf ki, çox nadir hallarda oynayıram. Dostlarla yığışıb futbol oynamağı da sevirəm. Təəssüf ki, bu da nadir hallarda olur. Formada qalmaq üçün arada fitneslə də məşğul oluram.

- Maraqlıdır, kitabla aranız necədir? Heç mütaliə edirsiniz?

- Baxmayaraq ki, mütaliə etməyənlərə siz jurnalistlər pis baxır (gülür), amma yalan danışmayacağam. Mütaliə etmirəm. Məşqçiliyə elə bağlanmışam ki, vaxtim olan kimi bu sahəyə aid nəsə oxuyuram. İnternetdən və ya kitablardan məşqçiliyin sirrləri ilə bağlı yenilikləri öyrənməyə çalışıram.

- Dostluqda nəyi qiymətləndirirsiniz?

- Dost qardaşlıqdır, möhkəmlikdir. Orada kin olmaz, yalan olmaz. Satqınlıq olmaz.

- Mətbəxlə aranız necədir?

- Pis deyil. Elə bir kaprizim yoxdur. Yeməkləri seçmirəm. Amma evdə yaxşı plov bişiriləndə çox xoşlayıram, qutabı da sevirəm. Xoşlamadığım milli yemək yoxdur.

- Özünüzün əl qabiliyyətiniz var? Nəsə bişirə bilirsiniz?

- Yaxşı qayğanaq bişirə bilirəm (gülür). Son vaxtlar nəsə bişirdiyimi xatırlamıram. Subay vaxtlarımda olub kartof qızardırdım, pomidor çığırtması, bir də qayğanaq bişirirdim.      

- Xarakterinizdə bəyənmədiyiniz, dəyişmək istədiyiniz hansısa məqam var?

- Var. Amma deməsəm, daha yaxşı olar. Zəif nöqtəmdən istifadə etməsinlər (gülür)

- Özünü tənqid hissi necə?

- Var. Çoxdur özü də.

- Sürprizləri sevirsiniz?

- Sürpriz etməyi çox xoşlayıram. Mənə edəndə də xoşlayıram (gülür)

- İndi bizim sizə bir sürprizimiz olacaq.

- Görəsən nədir? (gülür)

Bu yerdə qeyd edək ki, bu gün, yəni aprelin 13-ü (müsahibə aprelin 11-də götürülüb) Qurban Qurbanovun doğum günüdür. Məşqçinin 41 yaşı tamam olur. 525.az olaraq onu ilk təbrik edən biz olduq. Müsahibənin sonunda ona hazırladığımız sürprizdən razı qalan Qurban Qurbanov ad günü tortunu kəsmək xahişimizi yerə salmadı.

- Şamı söndürməzdən əvvəl arzu tutun Qurban müəllim.

- İndi mən nə arzu tutsam yerinə yetəcək? (gülür)

- Bəli, mütləq.

- O zaman tutdum arzumu (gülür)

-  Ən böyük arzunuz nədir?

- Ən böyük arzum var. Amma gəlin açıqlamayım, qoyun sirr olaraq qalsın. İnşallah, arzuma çataram.

- İnşallah.

Günay YELMARQIZI

P.S Bu müsahibə zamanı məşqçi kimi tanıdığımız Qurban Qurbanovu həm də bir insan olaraq kəşf etdim – sadə, səmimi, gülərüz və mehriban. Üstəlik məlum oldu ki, bəzilərinin düşündüyü kimi heç də söhbətdən qaçmır. Müsahibəmiz nə az, nə çox düz iki saat çəkdi. Fürsətdən istifadə edib bu gün doğum gününü qeyd edən məşqçimizə Azərbaycan futbolu adına fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzu edirik! 


 





13.04.2013    çap et  çap et