525.Az

Sözün Aqil Abbas ahəngi


 

Aqil Abbas-60

Sözün Aqil Abbas ahəngi<b style="color:red"></b>

Bədii olan, yaşamağa qadir hər bir sözün, mətnin arxasında ŞƏXSİYYƏT durur. Bu şəxsiyyətlərin varlığıdır ki, ədəbiyyat yaranır və həmin şəxsiyyətlər olmasa, mənəviyyat aləmi də çat verər.

Altmış yaşı aprelin ilk günündəcə tamam olan Aqil Abbas Məhəmməd oğlu da müasir ədəbiyyatımızda belə şəxsiyyətlərdən biridir.Bu gün çox mürəkkəb və təzadlı bir zəmanədə-Azərbaycan cəmiyyətində Aqil Abbasın öz yeri və mövqeyi var. Otuz-otuz beş il öncə belə bir hökmü verə bilməzdik, çünki Aqil Abbas həm bir yazıçı kimi, həm də bir ziyalı olaraq özünü axtarırdı və bu axtarışlar gec-tez sona varmalıydı. Yəni orta adam yox, cəmiyyətin sayılan, seçilən, tanınan bir üzvü olmaq üçün Aqil Abbas tam formalaşmışdı. Heç şübhəsiz, “Elm və həyat” jurnalında, “Sovet kəndi” qəzetində həyat və yaradıcılıq təcrübəsi qazanmaq da onun ömür yolunda az rol oynamadı.

Doxsanıncı illər başlananda  Aqil Abbas artıq gənc, həm də istedadlı bir yazıçı kimi tanınırdı, hətta o zaman dəbdə olan, sözün həqiqi mənasında hər bir yazarın həsrətlisi olduğu Respublika Komsomolu laureatı adını qazanmaq da ona nəsib oldu.

Aqil Abbasın ilk yazılarında böyük bir səmimiyyət duyulurdu və bu səmimiyyət ondan irəli gəlirdi ki, o, həyatın, gerçəkliyin olaylarını qələmə alırdı, yalan yazmırdı. Ən başlıcası, özünün və yaşıdlarının romantika ilə dolu gənclik duyğularını qələmə alırdı. Yəni onun üçün kitablardan deyil, həyatdan süjetlər gəlirdi. Nə var idi bu yazılarda? Aqil Abbasın o zaman özü yaşda qəhrəmanlarının təmiz romantikadan, xəyallardan doğan istilik, gözəl bir qızın qapqara gözlərində batmaq arzusu, bir az da kənd həsrəti, kənd sıxıntısı...Aqil Abbas o zaman öz nadir və son dərəcə parlaq istedadı ilə artıq məşhurlaşmağa başlayan Qədir Rüstəmovun həyatından bir povest yazdı. Məhəbbətdən, səmimiyyətdən yaranmışdı bu əsər, hərçənd ki, Qədir səsinin möcüzəsinə çata bilməzdi. Çünki “bu səs adilikdən başlayıb qeyri-adiliyə qalxırdı. Elə qeyri-adiliyə ki, kamança da, qarmon da, o zirvəyə qalxa bilmirdilər, qalxa bilməzdilər də. Bu zirvə onlar üçün yad idi. Bütün yük düşürdü tarın üzərinə. Yalnız tar o zirvəyə qalxmağı bacarırdı”. Qədirə böyük, intəhasız məhəbbətin hiss olunduğu bu əsərdə elə bil TAR səsi çatışmırdı. Məncə, Aqil Abbas Qədirə, onun səsinə bir də qayıtmalıdır..

Aqil Abbas “Xoşbəxt” adlı povestində artıq yetkin qələm sahibi kimi diqqəti cəlb etməyə başladı. Əgər o, “Evləri köndələn yar” povestində ancaq səmimi təsir bağışlayırdısa və bu səmimiyyət bütün əsər boyu davam edirdisə, “Xoşbəxt” povestində səmimiyyət həm də istedadla müşayiət olunurdu. Buradaca qeyd edim ki, Aqil Abbasın bir çox yaşıdları ilk yazılarında özlərinə yaxın olan bir nəsli- “altmışıncıları” təqlid edirdilər, amma Aqil Abbas heç kimi yamsılamadı və mümkün qədər çalışdı ki, özü olsun və özü də oldu.”Xoşbəxt” povestində Aqil Abbas ilk hekayələrindəki romantikadan üzülüşməmişdi, yenə təmiz hisslərlə yaşayan, xoşbəxtlik haqqında düşüncələrə dalan yaşıdının taleyini əks etdirmişdi. Təklik və tənhalıq içində çırpınan bu yaşıdı sovet dövrünün ictimai sifarişindən doğan ideallarla deyil, öz ürəyinin səsi ilə yaşayırdı.  O tək və tənha qəhrəman bu təklikdən və tənhalıqdan mümkün qədər uzaq olmağa çalışırdı. Hətta həyatının elə bir məqamına gəlib çatır ki, ölümlə üzbəüz dayanır. Ancaq bu zaman qəhrəmanın xəyalında yaşatdığı o qız gəlib çıxır. “Elə bil ki, otağı həmişəki otaq deyildi, işıqlanmışdı”. Və povestin sonu da elə bu işıqlı cümlələrlə bitirdi: “Qəribədir. Leyla getmişdi, amma otaq elə əvvəlki kimi işıqlı və isti qalmışdı”. “Saçın ucun hörməzlər” adlı başqa bir povestində də Aqil Abbas yenə işığa üz tutur: “Bu vaxt iynənin ulduzu boyda işıq göründü və bu işığa doğru iki əl uzandı, nəhayət, çatdı işığa”.Beləcə, onun hər iki qəhrəmanı işıqla zülmətin qovuşduğu yerdən, iki prizmadan nəzərə çarpırdı. Ancaq Aqil Abbas işığı seçir, çünki işıq həyat deməkdir. Həyatı isə lap bir insan üçün də zülmətə, qaranlığa çevirmək olmaz.

Doxsanıncı illər Azərbaycanın ictimai, siyasi, mənəvi həyatında yeni bir dövrün başlanması ilə xarakterizə olunur. Dəyişilən zəmanə, ictimai quruluş və sistem yeni insan və qəhrəman tipini yaratmalıydı və proses bir qədər çətin və mürəkkəb başa gəlsə də, hər halda öz axarını tapdı. Aqil Abbas bu mənada, müstəqillik dövrünün bütün atributlarını özündə əks etdirən ilk yazıçılardan oldu. Əgər belə demək mümkünsə, AQİL ABBAS doxsanıncı illərə qədərki ROMANTİK HƏYAT AXARINI dəyişdi, sırf realist, özü də SƏRT REALİZM yolunu tutdu. Doxsanıncı ildən təsis etdiyi və uzun müddət baş redaktor olduğu “Ədalət” qəzeti həm məzmununa görə, həm də ideya-estetik prinsiplərinə görə müstəqillik dövrünün mahiyyətini ifadə edən ilk qəzetlərdən biri oldu. Bu qəzet sözün həqiqi mənasında Aqil Abbasın özünə oxşayırdı: sözü ironiya, məzə, yumor və satirik çalarlarla ifadə etmək Aqil Abbasın publisistikasında aydın nəzərə çarpırdı və bu manera qəzetdəki yazılara da sirayət edirdi.Bir sözlə qəzet də onun  özünə oxşayırdı.Və beləcə, “Ədalət” deyəndə Aqil Abbas, Aqil Abbas deyəndə “Ədalət” yada düşürdü. Xatırlayıram ikimininci illərin əvvəllərini: Aqil Abbas “Ədalət” qəzeti vasitəsilə bir sıra ədəbi qrupları və meylləri bir araya topladı. Qəzetdə əlavə ədəbiyyat səhifələri yaradıldı.  “Karvan” (V.Yusifli)-müasir Azərbaycan ədəbiyyatının müxtəlif nəsillərinin yaradıcılığını təbliğ edir, unudulmuş və unudulmaqda olan yazıçıların xatirəsini yad edir. “Pərvanə” (Qəşəm Nəcəfzadə)- bir ədəbi məclisin yazılarını çap edir, üstəlik, bölgələrdə yaranan ədəbiyyata da biganə qalmır. “Körpü” (Əsəd Cahangir)-ədəbiyyatda yenilik tərəfdarı kimi çıxış edir, postmodernizm nümunələrini çap edir, onları qiymətləndirir.  “Alatoran” (Rasim Qaraca) –mövqeyi lap əvvəldən məlum: “Yeni düşüncə inqilabı” adı ilə ədəbiyyatda “köhnəliyi” qamçılayır, açıq-aşkar Yazıçılar Birliyinə qarşı çıxır, xarici ölkə yazıçılarının əsərlərinə üz tuturdu.  “Turan” (Əkbər Qoşalı)-türkçü və turançı əqidəli cavanları ətrafına toplayıb.

İki il “Ədalət” qəzetində bu meylləri ifadə edən yazılar çap olundu və Aqil Abbas əslində faydalı bir iş gördü.

Müstəqillik dövrünün yazıçısı kimi Aqil Abbas doxsanıncı illərdən üzü bəri bir realist olaraq Azərbaycan həqiqətlərini qələmə alır. Onun “Qiyamət gecəsi”, “Qapqara uzun saçlar” povestlərini müəllifin uğurlu əsərləri hesab etməsək də, bu əsərlər Aqil Abbasın yaradıcılığında yeni meyllərin, keyfiyyət dəyişikliklərinin yarandığından xəbər verirdi. Aqil Abbas artıq tam professionallaşmışdı və onun bu povestlərdə bədii imkanları qarşıdakı uğurlarından soraq verirdi.

Belə uğurların birincisi “Batmanqılınc” povesti olur.Aqil tarixi mövzuya, tarixi şəxsiyyətə müraciət edir. Bu əsərdə XVIII əsr Qarabağın tarixi-etnoqrafik mənzərəsi görünür. Aqil İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşiri yenilməz bir qəhrəman kimi təqdim edir. Hərçənd ki, o, Molla Pənah Vaqifin və oğlunun qətlinə fərman vermişdi.

Hər hansı bir yazıçını hansı bölgəninsə nümayəndəsi kimi təqdim və təqdir etmək fikrindən uzağıq. Aqil Abbas “külli Qarabağın abi-həyatından” pərvəriş tapsa da, ilk növbədə, varlığında və yaradıcılığında böyük azərbaycançıdır. Bu azərbaycançılığın tərkibində həm də Qarabağ sevgisi dayanır. Əgər belə demək mümkünsə, Aqil Abbas üçün Qarabağla Azərbaycan bir-birindən ayrılmaz məfhumlardır.Aqilin yazılarında Qarabağ koloriti çox güclüdür (dil faktorundan tutmuş adət-ənənələrin təsvirinə qədər), amma bu, məhdud məhəlləçilik səviyyəsinə enmir. O, Qarabağı bütün tarixi keçmişi və müasirliyi ilə azərbaycanlaşdıran yazıçıdır. Bəli, Aqili Qarabağsız təsəvvür etmək mümkün deyil və doxsanıncı illərin o ağır günlərində Aqili Bakıda yox, cəbhə bölgələrində, Qarabağın kəndlərində, döyüşçülər və yaralılar arasında axtarıb tapa bilərdin. Mən bir yazımda demişdim ki, Aqil Abbas böyük Qarabağa can atan kiçik Qarabağdır.

Bu “kiçik Qarabağ-Aqil Abbas” “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Dolu” və “Allahı qatil edənlər” kimi ədəbiyyat tariximizdə yaşaya biləcək əsərlərin müəllifidir və mən deyərdim ki, yazıçı Aqil Abbasın sənət tərcümeyi-halının ən şərəfli, ən qürurlu məqamları elə bu əsərlərlə bağlıdır.

“Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” povestini Aqil Abbasın “Qarabağı necə xilas etmək olar?” suallarından birinə cavab hesab etmək olar. O, povestin girişində yazır ki: “Elə dərdlər var ki, onu yazmaq üçün qüdrətli bir qələm sahibi olmalısan. Və bu dərdi içimdən keçən kimi yazmağa qüdrətim çatmadı. Gücüm çata bilən qədər yazdım”.

Aqil Abbas təvazökarlıq edib, çünki povest, bizim fikrimizcə,doğrudan da, sənətkarlıqla qələmə alınıb və onun hər səhifəsində yanan ürəyin çırpıntıları eşidilir. Aqil Abbas XX əsrin sonları Azərbaycan həqiqətini-Qarabağ müəmmasını mükəmməl bir süjet daxilində oxuculara açıqlayır. Bədii əsər, əgər real hadisələrdən söz açırsa, ilk növbədə, tarixi həqiqəti ifadə etməlidir. Və Aqil Abbas ilk yazıçılardandır ki, Qarabağ müharibəsi haqqında birtərəfli, səthi, yanlış təsəvvürləri aradan qaldırır. O, “Qarabağı necə xilas etmək olar?” sualına cavab verərkən, igid bir sərkərdənin yaxud qəhrəman bir döyüşçünün həyat yolunu və taleyini deyil, müharibənin bütün ağırlığını, dəhşətini yaşayan adi bir insanın taleyini əks etdirməklə buna nail olur. Məllim adlandırdığı bu adam başdan-ayağa dərd içində olsa da, təpədən-dırnağa qeyrət mücəssiməsidir. O, tanıdığı yollarla Malıbəyli və oradan da Stepanakertə tərəf yollanır, onun evini yandıran Aşotu axtarıb tapır, qumbaranı işə salır. Özü də həlak olur. “Yaxşı ki, Məllim öldü və Aşotun sağ qaldığını bilmədi. Əgər Məllim də sağ qalsaydı və Aşotun da sağ qaldığını bilsəydi, Allahın heç olmasa bu arzusunu gözündə qoymasına dözməzdi və ürəyi partlayardı.  Amma Allah Aşota yazığı gəldiyinə görə onu sağ saxlamamışdı. Allah Aşotu öldürmək xoşbəxtliyini Məllimin hazırda səngərdə yatan oğluna saxlamışdı. Məllimin səngərdə yatan oğlu Aşotu düz Stepanakertin ortasında asacaqdı. O gün uzaqda deyildi”.

Povest belə bir nikbin sonluqla bitir və bizim fikrimizcə, müəllif qayəsini də elə əsərin bu ümumi ruhunda axtarmaq lazımdır. Yəni müəllif demək istəyir ki, Qarabağı o zaman xilas etmək olar ki, minlərlə, on minlərlə, yüz minlərlə azərbaycanlının fikri Məllim kimi eyni hədəfə vursun: MÜQƏDDƏS QİSAS HİSSİ onları çulğasın.

Aqil Abbasın “Dolu” romanına gəldikdə isə...bu əsər son illər nəsrimizdə Qarabağ mövzusuna həsr olunan ən sanballı bir nümunədir,-desək, qətiyyən səhv etmərik. “Dolu”nu ədəbiyyatımızın yeni “Qarabağnaməsi” hesab edən Nizami Cəfərov yazır ki: “Qarabağ müharibəsi ilə bağlı bu günə qədər oxuduğum və say etibarilə çox olmayan əsərlərin içərisində mən “Dolu” romanı qədər həqiqətən dolu və əhatəli əsər oxumamışam. Mənim zənnimcə, bu ilk növbədə, onunla bağlıdır ki, Aqil Abbas ümumiyyətlə, Qarabağ bölgəsinin ictimai-siyasi, sosial, coğrafi mühitini çox gözəl bilir, insanları yaxşı tanıyır, onların nəyə qadir olduğundan xəbəri var. Aqil Abbas Qarabağın ən böyük intellektlərindən tutmuş, belə deyək ki, ən xuliqan gənclərinə qədər hamısını yaxşı tanıdığından romanında yaratdığı sosial-etnoqrafik mənzərə həddindən artıq dəqiqdir və həddindən artıq da analitikdir”. Bu mənada romanda ictimai mənzərə çox güclüdür və oxucu əsərdə baş verən hadisələrin çoxşaxəliliyi ilə rastlaşır. Bu, ondan irəli gəlir ki, Aqil Abbas müharibə dövrünün mənzərəsinə doğrudan da, yaxşı bələddir və müharibə dövrünün psixologiyası onun romanında öz dəqiq bədii həllini tapır.Aqil Abbas özü deyir ki: “Mən Dünyanın Ən Varlı Şəhəri deyəndə Azərbaycanın bir şəhərini göstərsəm də, bir şəhərini nəzərdə tutmamışam. Kimin üçünsə Ağdam Dünyanın Ən Varlı Şəhəridir, bir başqası üçün Tərtər, Şuşa, Laçın, Zəngilan, Füzuli...”Dolu” romanı ilə Azərbaycandakı müharibə gerçəkliyini qələmə almağa çalışmışam”.

“Dolu” romanı bədii keyfiyyətinə, sənətkarlıq məziyyətinə görə də Aqil Abbasın ən yaxşı, deyərdik ki, ən uğurlu əsəri hesab oluna bilər. Burada hər səhnə özlüyündə bir tamaşadır: bəzən ironik, bəzən qəzəbli, bəzən də kövrək bir tamaşa...Budur, müəllif qəhrəmanlarından birinin ölüm səhnəsini belə təsvir edir: “Drakon Pələngi uzatdı otların üstünə. Gözləri açıq qalmışdı və ağacların başı üzərindən görünən bir parça aydın və işıqlı göyə baxırdı-Drakon onun gözlərini örtməyə ürək eləmədi, başını bağrına basıb saçlarından öpməyə başladı. Xeyli belə oturdu. Pələngin bir az əvvəl bir damla qan qalmayan və Drakonun dünən əzişdirdiyi üzü nura boyanmışdı, işıq saçırdı-bu dəqiqə Dünyanın Ən Gözəl Ölüsü onun qucağındaydı. O da Dünyanın bu Ən Gözəl Ölüsünü bağrına basıb ağlayırdı, amma bəbəklərindən göz yaşı axmırdı, qan axırdı, qıpqırmızı qan”.

Əgər “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” povestində müəyyən qədər macəraçılıq (sözün yaxşı mənasında!) ünsürləri diqqəti cəlb edirdisə, “Dolu” da təsvir olunan bütün hadisələr sanki sənin gözlərin qabağında olmuş, baş vermiş olaylar kimi diqqəti cəlb edir. Povestdə Qarabağ müharibəsi bir fərdin, bir obrazın taleyindən keçirsə, romanda Qarabağ müharibəsi və müharibədən sonrakı hadisələr neçə insan taleyindən soraq verir. Romanın sonunda Komandirin həbsdən qurtulmağı, acı taleyindən qaçmağı doğrudan da belə bir qənaət oyadır ki, atəşkəs rejimi hökm sürsə də, müharibə hələ bitməmişdir. Sadəcə olaraq, insanların içində bir atəşkəs yaranıb və məsələ burasındadır ki, “Dolu” tipli romanlar insanların içindəki o susqunluğa son qoymaq üçün yazılır. “Dolu” romanının bədii film şəklində meydana çıxması da tamamilə təbii və qanunauyğundur. Aqil Abbas əsərlərinin bədii film kimi yaranmasında çox gecikib. Elə “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” gözəl bir filmə çevrilə bilərdi.

Aqil Abbas o yazıçılardandır ki, həqiqəti yalanla bəzəyib oxucuya sırımır, əksinə, bütün yalanların üstündən keçib əsl həqiqəti ortaya qoyur. Aqilin “Allahı qatil edənlər” romanında da əsas qəhrəman GERÇƏKLİYİN ÖZÜDÜR, amansız həqiqətlərdir. Yeni əsərində A.Abbas bir romançı kimi bir qədər də formalaşır, qabağa gedir. Nəsrin ən çətin və ən mürəkkəb janrı olan roman XX əsrdə, elə XXI əsrdə də insanın daxili-ruhi təkamülünün ideal göstəricisi səviyyəsində bir hadisəyə çevrilmişdir. Bu janrın əsas missiyası dünyanın özünün bütövlükdə mahiyyət və mənasını açmaq, onun amansız həqiqətlərini insanın gözləri qarşısında canlandırmaq və bədii sözün qüdrətilə yaşamağın fəlsəfəsini açıqlamaqdır. Odur ki, roman kimi belə böyük bir missiyanı həyata keçirən bir janra müraciət etmək cəsarət tələb edir. Aqil Abbas belə bir cəsarəti özündə tapıb və arzu edərdik ki, o, roman yaradıcılığını davam etdirsin.

 Əslində, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Dolu” və “Allahı qatil edənlər” əsərlərini trilogiya hesab etmək olar. Üçüncü əsərdə əvvəlki iki əsərdəki hadisələrin məntiqi davamı gəlir. Müəllif diqqəti müharibəyə və onun törətdiyi faciələrə deyil, bu faciələrin dinc və sakit dövrdəki fəsadlarına, mənəvi bəlalarına yönəldir. Məlum olur ki, doğrudan da, müharibə davam edir-özü də daxildə, insanların bu müharibəyə müxtəlif münasibətində.Orduda baş verən hərcmərcliklər, xaos və müsibətlər müəllifi daha çox məşğul edir. Xaos və hərcmərclik olan yerdə böyük vətənpərvər olmaq mümkün deyilmiş! İçərimizdəki bəla və müsibətlərdən xilas olmalıyıq! Bunsuz müharibə udulmaz!

...Aqil Abbasın yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayır və hərdən Milli Məclisdə, yaxud hansı bir ictimai tədbirdəsə onun həqiqəti düz ortasından ifadə edən çıxışlarını eşidirik: Bu, Aqil Abbasdır, bu, Aqil Abbas ahəngidir!  Bu ahənglə yazılan yeni romanlarını gözləyirik, Aqil!

 





18.03.2013    çap et  çap et