525.Az

BSU və Bakı Ali Neft Məktəbində "Tələbə Həftəsi"


 

BSU və Bakı Ali Neft Məktəbində "Tələbə Həftəsi" <b style="color:red"></b>

Azərbaycan Tələbələr Birliyinin 10-17 noyabr 2015-ci il tarixlərində elan etdiyi "Tələbə Həftəsi" çərçivəsində daha bir tədbir Bakı Ali Neft Məktəbində (BANM) təşkil edilib.  

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, tədbirdə Ali Məktəbin ümumi işlər üzrə prorektoru Rəşad Həsənov, Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov, Gənclər və İdman Nazirliyinin yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev iştirak edib.  

Tədbiri giriş sözü ilə açan R. Həsənov ölkəmizdə dövlətimiz tərəfindən gənclərə böyük diqqət göstərildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin gənclər siyasətinə önəm verdiyini və onların inkişafı üçün mühüm işlərin görüldüyünü bildirib. Ali Məktəbin fəaliyyətindən, tələbələrin sosial aktivliyindən söz açıb, bu cür tədbirlərin tələbələrin ictimai həyata inteqrasiyasında çox böyük rol oynadığını qeyd edib. R. Həsənov deyib ki, son illərdə sürətlə inkişaf edən ölkəmizin həyatında artıq Bakı Ali Neft Məktəbi də öz yerini tuta bilib. Ali Məktəbdə tələbələrə yaradılan şəraiti də qeyd edən Rəşad Həsənov bildirib ki, burada ali təhsilin keyfiyyətli təşkili əsasında tələbələrə hər cür imkanlar yaradılıb.  

E. Aslanov bildirib ki,  Bakı Ali Neft Məktəbi artıq ölkəmizdə nümunəvi ali təhsil müəssisəsinə çevrilməklə yanaşı müəyyən məsələlərdə innovativ yanaşmaları ilə ölkəmizin təhsil sistemində yeni yol açıb. O, Azərbaycan Tələbələr Birliyinin fəaliyyəti və "Tələbə Həftəsi" barədə geniş məlumat verərək bu tədbirin 17 noyabr "Beynəlxalq Tələbə günü" ilə əlaqədar olaraq keçirildiyini vurğulayıb: "Siz burada yüksək mühəndislik təhsili alırsınız, gələcəkdə ölkəmizdə və ölkəmizdən kənarda ən məşhur neft-qaz şirkətlərində çalışacaqsınız. Məhz o cür beynəlxalq şirkətlərdə çalışan zaman öz xarici həmkarlarınıza ölkəmizi yaxşı mənada tanıtmalısınız. Məhz buna görə də artıq indidən öz təhsilinizlə yanaşı, ölkəmizin ictimai-siyasi həyatı, Prezidentin yürütdüyü siyasət və onun nəticələri, ölkəmizin reallıqları, Qarabağ problemi kimi məsələlərlə yaxından tanış olmalı, bu sahədə müxtəlif məlumatlara yiyələnməlisiniz. Buna görə də Sizləri fəal olmağa, müxtəlif tədbirlərdə aktiv iştirak etməyə çağırıram".  

N. Mehdiyev isə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin mahiyyətindən danışıb, bu sahədə tələbələrə göstərilən diqqətin önəmini vurğulayıb. O, koordinatoru olduğu "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin fəaliyyətindən danışıb, tələbələri Mərkəzin həyata keçirdiyi layihələrdə aktiv iştirak etməyə və Mərkəzin hazırladığı müxtəlif məhsulların dünya ictimaiyyətinə çatdırılmasında köməklik göstərməyə çağırıb.  

Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Azərbaycanda dövlət tərəfindən aparılan gənclər siyasətindən, habelə gənclər siyasətinin uğurlu nümunələrindən biri kimi Bakı Ali Neft Məktəbinin yaradılmasından söz açaraq, Ali Məktəbdə tələbələr üçün yaradılan şərait, gənclərin müxtəlif layihələrdə iştirakı, Bakı Ali Neft Məktəbinin tələbələrinin müxtəlif tələbə təşkilatlarında və tələbə klublarındakı fəaliyyətindən bəhs edib.

 "Tələbə Həftəsi" çərçivəsində sonuncu tədbir Bakı Slavyan Universitetində keçirilib. Tədbirdə Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Nərgiz Xələf, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov, Bakı Slavyan Universitetinin rektor müşaviri Elvin Hətəmov iştirak ediblər.

Tədbiri giriş sözü ilə Bakı Slavyan Universitetinin rektor müşaviri Elvin Hətəmov açaraq tələbələrin ölkənin ictimai həyatında fəal iştirakının vacibliyindən danışıb.

Sonra Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov çıxış edərək layihə haqqında iştirakçılara məlumat verib. Cəmiyyətin hər zaman gənclərə arxalandığını deyən E.Aslanov onları ölkədə gedən prosesləri yaxından izləməyə dəvət etdi: "Bugünün tələbələri artıq cəmiyyətimizin reallığıdır. Cəmiyyət hər zaman öz gənclərinə arxalanır, gənclərin ən aktiv hissəsi məhz tələbələrdir. Ona görə də tələbələr ölkəmizdə gedən prosesləri yaxından izləməlidirlər. Bizi istəməyən xarici qüvvələrin hücumlarına adekvat cavabı elə məhz Siz tələbələr verməlisiz. Biz bugün Beynəlxalq Tələbələr Gününü qeyd edirik. Məhz bu məqsədlə biz bugün dünya ictimaiyyətinə, tələbə hərəkatına müraciət ünvanlayacağıq. Siz bu müraciətin Avropada və dünyada təhsil alan hər bir tələbəyə çatdırılmasında yardımçı olmalısınız. Siz çalışmalısız ki, biz Azərbaycan tələbələri olaraq öz həqiqətlərimizi, öz sülhsevər mövqemizi dünya ictimaiyyətinə çatdıraq. Bu yolda hər birimizə uğurlar".

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Nərgiz Xələf isə çıxışında gənclərimizin inteqrasiyası prosesində yaxından iştirak etməli olduqlarını, müxtəlif innovativ fikirlərlə çıxış etməli olduqlarını qeyd etdi: "Avropanın bir hissəsi olan Azərbaycanın əsas qüvvəsi tələbələrdirsə, məhz bu inteqrasiyanı da tələbələr aparmalıdırlar. Bugün Sizlər hər biriniz facebook və twitter sosial şəbəkələrində aktiv olmalısınız. Siz ölkənin gələcək kadrlarısınız. Bu mənada hər biriniz indidən ictimai fəallıq nümayiş etdirməlidiniz"

Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək tələbələrin bugünki uğurlarının arxasında dövlət gənclər siyasətinin dayandığını və bu siyasətin əsas hədəfinin gənclərə, daha dəqiq desək tələbələrə daha yaxşı təhsil və sosial şəraitin yaradılmasının olduğunu qeyd etdi: "Azərbaycan nəinki regionda, hətta MDB dövlətləri arasında ən öndə gedən ölkələrdəndir. Cənab Prezident G20 sammitində xatirə lövhəsinə öz imzasını atmaqla adımızı tarixə yazdı. Bu həm də bizim imzamızdır. Ölkəmizin hərtərəfli inkişafını həzm edə bilməyən qüvvələr artıq ciddi şəkildə informasiya müharibəsinə başlayıblar. Bu mübarizədə ön sırada Sizlər olmalısınız. Siz öz təhsilinizlə, öz innovativ biliklərinizin təkmilləşdirilməsi ilə dövlətimizə xidmət etməlisiniz".

Tədbirin sonunda tələbələrə maraqlı olan suallar ətrafında müzakirələr aparıldı.

 





18.11.2015    çap et  çap et