525.Az

Gənclər Təşkilatlarının II Milli Konqresinə qeydiyyat davam edir


 

Gənclər Təşkilatlarının II Milli Konqresinə qeydiyyat davam edir<b style="color:red"></b>

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilən Gənclər Təşkilatlarının II Milli Konqresinə qeydiyyat davam edir.

Şuradan 525.az-a verilən məlumata görə, Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) 20 illik yubileyi çərçivəsində keçirilən tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq. Konqresdə dövlət rəsmiləri, beynəlxalq gənclər platformalarının və ölkənin dövlət qeydiyyatına alınan bütün gənclər təşkilatlarının və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Konqres 25 noyabr tarixində “Boulevard Hotel Baku”da keçiriləcək. Tədbirdə iştirak üçün www.congress.nayora.az ünvanında qeydiyyatdan keçmək lazımdır.

Tədbir zamanı dövət rəsmilərinin çıxışları dinləniləcək, “Azərbaycanın Gənclər Siyasəti: Müasir Çağırışlar və Davamlı İnkişaf” mövzusunda Davos formatında müzakirələr həyata keçiriləcək. Tədbirin sonunda iştirakçıların təltif olunma mərasimi baş tutacaq.

Məlumat üçün qeyd edək ki, Gənclər Təşkilatlarının II Milli Konqresi Gənclər Təşkilatları Milli Şurası təsis olunmasının 20 illik yubileyi çərçivəsində təşkil olunur. 1995 –ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunan Gənclər Təşkilatları Milli Şurası fəaliyyət göstərdiyi 20 il ərzində daima Azərbaycan Respublikasının prioritetlərini dəstəkləyib. Milli Şura öz strategiyası çərçivəsində tərəfdaşları, üzvü olan gənclər təşkilatları ilə birgə yerli və beynəlxalq səviyyədə tədbir və proqramların həyata keçirilməsini təmin edib.

Gənclər Təşkilatları Milli Şurası bu gün 112 gənclər təşkilatı və minlərlə gənci özündə birləşdirən Azərbaycanın ən böyük gənclər platformasıdır. Avropa, Asiya, Afrika, Amerika qitələrinin aparıcı gənclər platformasında təmsil olunan Milli Şura bu platformalarda Azərbaycan Respublikasının maraqlarının qorunması, o cümlədən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yaxından iştirak edir, Azərbaycan gənclərinin bu platformaların qərarvermə prosesində iştirakını təmin edir.

Xatırladaq ki, Gənclər Təşkilatlarının Milli Konqresinin təşkil olunması ilə bağlı təşəbbüs ilk dəfə 2012-ci ilin noyabr ayında həyata keçirilən Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgini ziyarət edərkən səsləndirilib. Daha sonra 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatlarının I Milli Konqresi təşkil olunub. Konqresdə 200-dən çox gənclər təşkilatının nümayəndələri, dövlət rəsmiləri, beynəlxalq qurumlar və mətbuat orqanlarının nümayəndələri iştirak edib.

Vəfa MƏMMƏDLİ

 





06.11.2015    çap et  çap et