525.Az

“Zamanın əl ağacı” – dəyərli yaradıcılıq uğuru


 

“Zamanın əl ağacı” – dəyərli yaradıcılıq uğuru

Bugünlərdə yaxın dostlarımdan biri mənə bir kitab gətirib dedi:

 

Eldar müəllim, bu kitabı müəllif özü sizə göndərib...

 

Kitabı əlimə aldım, üstündə yazılmışdı:

 

Səyyarə Məmmədli. “Zamanın əl ağacı”.

 

Doğrusu, müəllif haqqında məlumatım yox idi. Amma bu imzaya mətbuat səhifəsində ara-sıra rast  gəlmişdim.

 

Üz qabığının arxasında verilmiş biblioqrafik məlumata baxanda Səyyarənin Göyçə mahalından, daha doğrusu Kəsəmən kəndindən olduğu məni heyrətə gətirdi. Axı mən bu kəndin insanları ilə həmişə sıx əlaqədə olmuşam. Əslən Kəsəmənli olan yaxın dostlarım çoxdur. Necə ola bilər ki, mən Kəsəmənin yetirməsi olan bu şair haqqında müəyyən bilgiyə  malik deyiləm...

 

Kitabı vərəqlədikcə, şeirlər bələdçim oldu, onlar Səyyarə Məmmədlinin qeyri-adi poetik dünyasına çəkib apardı məni. Bu kitabda sözün günəş parlaqlığı, hikmət, məna saflığı ilə baş-başa qaldım. Sözün dəyəri məni həm qürurlandırdı, həm yerimdən tərpətdi:

 

 

Biz qocayıq bu dünyadan,

 

Bəlkə yaşadıq elə.

 

Bu dünya bir ömür yükdü,

 

Çiyində daşıdıq elə.

 

 

İndi anladım ki, bu istedadlı şairi gec tanımağımın səbəbi imiş... Adətən sözün qədr-qiymətini bilən, onu poetik zirvəyə qaldırmağıbacaran, hər misranı ürəyinin odu ilə cilalayan söz adamları heç vaxt özlərini gözə soxmağa can atmır, “mənəm-məndeməkdən uzaq olurlar. Hətta yazdıqları hər şeirə, poetik parçaya o qədər həssaslıqla yanaşırlar ki, onu ortaya çıxartmağa da çəkinir, abır-həya, eləyirlər. Mən deyərdim ki, belə abır-həya, nəzakət sahiblərindən biri   istedadlı şairimiz Səyyarə Məmmədlidir. Bu kitabı oxuyanda aydınlaşır ki, yalnız o, başını salıb öz şairlik dünyası ilə məşğuldur. Ürəyinin odu ilə əlinə aldığı qələm vasitəsilə sevincini, kədərini, niskilini, həsrətini köçürür dəftərə. O, ürək sözlərini kiminsə qulağına doldurmaq üçün deyil, özünün ürək odunu söndürmək üçün yazır-yaradır. Səyyarə xanıma görə torpaq, yurd itirən  hər bir kəsin fikri-zikri daim bu həsrət üstə köklənməlidir. Siz onunÖtə bilmirəmadlı şeirindən bir bəndə diqqət yetirin:

 

 

Ən yağlı tikəm yağıda,

 

Mənə töhmət, göz dağıdı.

 

yesəm zəhər, ağıdı,

 

Uda bilmirəm, bilmirəm.

 

 

Təhlilə ehtiyac yoxdur. Aydın, səlis, obrazlı...

 

Səyyarə Məmmədli namərd düşmən əlində olan milli sərvətləri mənəviyyatına gözdağı, töhmət kimi qəbul edir. Onun fikrincə, həyatındakı bəxtəvər günləri düşmən əlindən almışdır. O, hayqıraraq üsyan edir ki, bu itkilərdən sonra yesəm mənim üçün ağıdı, mən bu ağını həzm edib uda bilmirəm.

 

Yüksək poetik tonda deyilmiş bu misralarda bədii sözün ən tutarlı məqamları əksini tapmışdır. Söz kürədə əriyə-əriyə qəlibdən çıxmışdır. Belə şeir nümunələri yalnız içində narahat duyğular yaşadan, güclü istedada qabiliyyətə malik qələm sahiblərinə xas olan keyfiyyətdir.

 

Adətən şeirdə vətən, torpaq, millət adı çəkən hər qələm tutana (güclümü, zəifmi) vətənpərvər şair deyirlər. Mən Səyyarə xanımın şeirlərindəki yanğını, qığılcımı, ürək döyüntüsünü görərəkdən, duyaraqdan onu əsil vətənsevər, yurdsevər, millətsevər şair adlandırıram. O, Göyçə yanğılı, Təbriz həsrətli, Qarabağ dərdli şairdir. Oxucularına dosta sevgi, düşmənə nifrət aşılayan Səyyarə xanım sözün qılınc kimi kəsərindən istifadə edir.

 

Ulularının at belində keçdiyi, yadellilərlə savaşlarda zəfər çalan babalarının yurd yeri, doğulub boya-başa çatdığı Göyçə üçün Səyyarə xanım göz yaşı tökür, fəryad eləyir. özü ilə barışa bilir, mənsub olduğu el-oba ilə. “Bu qədər torpağı itirən xalqın gözünə yuxu necə gəlir, necə durub-dincələ bilir?” – deyə haray çəkir. Bu qədər itkinin müqabilində toylarda süzən kişilərə ən ağır ittihamını bildirir:

 

 

Göyçə”, “Laçınhavasıyla

 

Toyda yasa oynayırıq.

 

Şənləndirib dərdimizi,

 

Dözə-dözə oynayırıq...

 

Dərdin bizdən xoşu gəlir.

 

 

Aşırıb dağı dağ üstdən

 

Dağ üstə çəkdilər dağı”,

 

Öz doğma and yerimizi

 

Bizə etdilər göz dağı,

 

Dərdin bizdən xoşu gəlir.

 

 

Bir el məsəlində deyilir ki, Tanrı, dərdi çəkənə ver!  Görünür dərdi çəkə bildiyimizə görə dərd yaxamızdan tutub durub, bizdən əl çəkmək istəmir.

 

Səyyarə xanım məna dərinliyi ilə yeni söz qovşağında, folklordan gələn hikmət fonunda poetik düşüncə müstəvisində çələng toxuyur. Bu çələngin nəbzində qəlbinin qanı, gözünün işığı, ilhamının coşqusu döyünür.

 

Dərd çəkməklə, ah-uf eləməklə yaralar sağalmır. Dərdi dəf etmək üçün mübarizə aparmağa çağıran şair Göyçənin xilasını da  məhz bunda görür belə olduğu təqdirdə inamını itirmir: “Adım Səyyarədir, kəndim Kəsəməndeyən Səyyarə xanım son məqama kimi göyçəlilərə dözməyi tövsiyə edir:

 

 

Döz, dədəm Ələsgər, söz zamanındı,

 

Quyu qazanındı, düz yazanındı.

 

Meydan əvvəl-axır sən ozanındı,

 

Göyçəlilər qayıdacaq Göyçəyə!

 

 

Belə bir inam, belə bir əqidə, belə bir məqsədlə əlinə qələm alan Səyyarə Məmmədli istər həsrətdən, dərddən-ələmdən, istər sevgidən, məhəbbətdən, istərsə həyati  düşüncələrdən söz açırsa açsın, hər sözünə, mövzusuna eyni dərəcədə ustalıqla yanaşır, ilhamı ilə cilalayır.

 

Səyyarə xanım sözə çox həssaslıqla, narahatlıqla, məsuliyyətlə yanaşan şairlərdəndir. Az sözlə güclü fikir demək qabiliyyəti onun yaradıcılığında başlıca məziyyətlərdən biridir. Bu da şair üçün, söz sahibi üçün ən vacib şərtdir. Şair belə bir mövqedə, belə bir bacarıqda qabiliyyətdə olanda söz zirvəyə yüksəlir, hikmət daşıyıcısı olur. Səyyarə Məmmədli poeziyasında olduğu kimi. Fikrimizi yetirmək üçün nümunələr:

 

 

Öldüm dərddən qurtardım,

 

şad xəbərdi ölüm.

 

Dərd mənimlə ölmədi,

 

bəd xəbərdi ölüm...

 

 

...Başım ağrıyanda dizini arzulayıram, ana!

 

 

...Ömrüm əriyib

 

 zər kimi tökülür

 

 ötən günlərin üstünə...

 

 

...Addım-addım...

 

sonumu gətirir

 

gələcəyim.

 

 

...Gah fərəhdən,

 

gah qəhərdən

 

söz söz olub

 

gözlərimdən süzüldü...

 

 

...Mənim gözüm

 

ürəkadlı

 

bir bulağın gözüdü...

 

Deyimlər məna, fikir baxımından tüğyan edən bir dənizin dalğalarından süzülən mərcana bənzəyir.

 

Səyyarə Məmmədli üçün mövzu qıtlığı yoxdur. O, gündəlik məsələlərdən, ölkədə, dünyada baş verən hadisələrə, gözəlliklərə eybəcərliklərə, milli mənəvi dəyərlərə qədər öz münasibətini bildirir. Onun ruhu, qəlbi, canı haqqın-ədalətin, insaf mürvətin, bəşəri duyğuları yaşadan insanlığın yanındadı. Namərdliyi, nadanlığı, quldurluğu, tamahkarlığı öz dəyərli poeziyasında tənqid edir, qamçılayır, onları ictimai qınağa çəkir, lənətləyir. Yaramazlıqlarla qədər mübarizə aparsa da, bəzən gücü çatmır, şər qüvvələrdən gələn ləyaqətsizliyə, əxlaqsızlığa, mənəviyyatsızlığa dözə bilmir, ürəyinə üz tutur, sözünü ona deyir. Çünki sevinc , qəm , kədər qayğı da ürəkdən keçir. Hər hissin, duyğunun ağrısını, acısını ürək çəkir:

 

 

Çətindir, ağırdır bu gün o gündən,

 

Qayğılar boy atır hey günü-gündən.

 

Quş kimi qəfəsdə çırpınaraq sən

 

Darıxma, pisi hey yaxşıya yoz,

 

Hələ dözməlisən, döz, ürəyim, döz!

 

 

Çalış ki, qan çağla, qan ağlamaq yox,

 

İçin dərd üyütsün, dərd saxlamaq yox.

 

Qoru özün, mənə bel bağlamaq yox.

 

Mən qəddardan əlin birdəfəlik üz,

 

Dözə bildiyincən döz, ürəyim, döz!

 

 

 

Şair öz ürəyinə deyir: vəzifəni yerinə yetir, “qan çağla”, ancaqqan ağlama”, özün özünü qoru, mənə bel bağlama, ürəyinə biganə olan, qəddarlıq edən bir insan kimi məndən əlini üz. Döz, ancaq dözə biləcəyin qədər döz!

 

Səyyarə xanım oxucularını ağıla, kamala, səbrli olmağa dəvət edir. Səbrdən söhbət açarkən bu məsələyə bir qədər ətraflı yanaşmağı tövsiyə edir. Şairə görə səbr dəyanət ləyaqət mücəssiməsidir. Ancaq səbrin bir sərhəddi olmalıdır. Vətən düşmən zülmü altda inləyirsə, millətin mənliyi tapdanırsa, bu yerdə səbr etməyin mənfəəti varmı? Əlbəttə, bu vəziyyətdə səbr deyib durmaq qətiyyətsizliyə, qorxaqlığa,  şərəfsizliyə nəhayət məğlubiyyətə aparıb çıxarır. Səbrə geniş meydan verəndə biz əldə edirik? Bu suala Səyyarə belə cavab verir:

 

 

Bu dünyaya gələn gündən bu yana,

 

İynə-iynə qazıyıram qəbrimi.

 

Azalmışam iynə-iynə özümdə,

 

Böyütmüşəm yerə əkib səbrimi.

 

 

Bəli, səbri belə böyütmək düşmən tərəfə şans vermək, onun daha da quduzlaşmasına şərait yaratmaqdı. Sonda bu səbr bizi hara aparır?

 

 

Sonda səbrim elə qəbrimdi mənim,

 

Qəbrimsə daşlaşan səbrimdi mənim.

 

Yol gəlib, qırılıb burda dünənim,

 

Dəfn edin, sabaha büküb səbrimi.

 

 

Mövzu əlvanlığı, fikir dərinliyi, məna zənginliyi Səyyarə poeziyasının ana xəttini təşkil edir.

 

Şeirə, sənətə çox böyük dəyər verən Səyyarə xanım əlinə şeir yazmaq xatirinə qələm almır. O, içinin odunu, közünü, narahatlığını, sevgisini ilham pərisinin eşq sevda ilə açılan qanadları üstündə dünyaya yayır.

 

Səyyarə Məmmədli şeirlərini araya-ərsəyə gətirərkən hansı hissləri, ağrıları keçirdiyini belə təsvir edir:

 

 

Ağrıların göz yaşına bələnib,

 

Hər misraya damla-damla çilənib.

 

Bu dünyanın ələyindən ələnib

 

Dərd kimi tökülləm şeirlərimə.

 

 

yaxud

 

 

Ömrüm can atdıqca sona, təzədən

 

Ömürtək əkilləm şeirlərimə.

 

 

Səyyarənin bu etirafının səmimiliyini onun bütöv yaradıcılığında görmək mümkündür. Onun hər sözündə, hər cümləsində vətən eşqi, millət sevgisi, vətəndaşlıq hissi yaşayır. Mənim fikirlərimi təsdiq üçün oxucuların Səyyarə MəmmədlininZamanın əl ağacı  kitabını oxuması gərəkdir.

 

Gözəl, dəyərli şeirlər müəllifi Səyyarə Məmmədliyə daha parlaq, daha möhtəşəm yaradıcılıq yolu keçməsini arzu edirəm. O, buna layiqdir.

 

Eldar İSMAYIL, 

 

Əməkdar jurnalist

 

 





18.09.2012    çap et  çap et