525.Az

Suriya münaqişəsində kənar qüvvələr: İranın maraqları


 

Suriya münaqişəsində kənar qüvvələr: <b style="color:red">İranın maraqları</b>

Suriyada uzun müddətdir ki, davam edən daxili siyasi böhran artıq bütövlükdə Yaxış Şərq regionu üçün destabilləşdirici amilə çevrilən vətəndaş müharibəsinə keçid etmişdir.

Suriyadakı hərbi-siyasi böhran nəticəsində çoxlu sayda insanlar həlak olmuş, iqtisadi itkilər baş vermişdir. Böhran ölkə hüdudlarında müxtəlif konfessional qrupların birgəyaşayış imkanlarının uzun zəifləməsinə, Suriya cəmiyyətinin parçalanmasına gətirib çıxarmışdır. Suriyada vətəndaş müharibəsi regionun qonşu ölkələrində, o cümlədən Livan və İordaniyada da vəziyyətin kəskinləşməsinə səbəb oldu, İraq və Türkiyədə daxili siyasi situasiyaya neqativ təsir göstərdi. Beləliklə, Suriya böhranının sülh yolu ilə həlli Yaxın Şərq regionu üçün həyat əhəmiyyətli vəzifələrdəndir. Belə şəraitdə Suriya böhranının hərbi qarşıdurmanı uzada və ya bu beynəlxalq problemin sülh yolu ilə həllini asanlaşdıra bilən xarici oyunçularının mövqeyinin öyrənilməsi xüsusi aktuallıq kəsb edir.

Belə oyunçulardan biri İran İslam Respublikasıdır. Onun Suriya ilə strateji tərəfdaşlığı Yaxın Şərqdə siyasi vəziyyətin əsas amillərindən biridir. İİR və SƏR arasında strateji tərəfdaşlıq İranda islam inqilabının qələbəsindən dərhal sonra başlamışdır. Ələvilərin şiələrə yaxın olmasına baxmayaraq, Dəməşq-Tehran alyansı dini həmrəylikdən deyil, geosiyasi məqsədə müvafiqlik zərurətindən yarandı. Tehran üçün bu, ərəb dünyasında İran təsirinin yayılmasına zəmanət verməklə yanaşı, həm də Livanda İran yönümlü "Hizbullah" hərəkatı üçün arxa cəbhədə platsdarm yaratmaq imkanı verirdi. Dəməşqin İranla müttəfiqlik münasibətlərini qurmaq istəyi üç amildən irəli gəlir. Birincisi, Əsəd rejimi ilə ölkə daxilindəki sünni fundamentalistlər arasında sərt qarşıdurma şəraitində bəəsçilər küfrdə (inamsızlıqda) ittiham olunmamaq üçün Tehrandakı şiə dini rejiminin dəstəyini almalıdırlar. İkincisi, "Hizbullah" şiə hərəkatı Dəməşqin Livanda üstünlüyə nail olma istiqamətində göstərdiyi səylərində onun əsas müttəfiqi oldu. Üçüncüsü, hər iki dövləti bir-birinə yaxınlaşdıran Səddam İraqı ilə düşmənçilik münasibətləri idi.

2000-ci ildə Dəməşqdə hakimiyyətə Bəşər Əsədin gəlişindən sonra vəziyyət dəyişdi. Suriyanın xarici siyasət kursu işlənərkən, İran təsiri üstünlük təşkil edir, İranla müttəfiqlik isə Suriya diplomatiyasının əsas prioritetinə çevrilirdi. 2005-ci ilə yaxın İran, İraq, Suriya və Livanın iştirakı ilə "şiə ayparası"nın yaradılması perspektivi meydana gəldi. İraqda İranla geosiyasi alyansın formalaşmasına 2005-ci ilin parlament seçkilərində şiə partiyalarının qələbəsi şərait yaradırdı. Livanda İran yönümlü və Suriya yönümlü "Hizbullah" şiə hərəkatının mövqeləri xeyli gücləndi.

Suriyadakı daxili siyasi böhran ölkəni misilsiz dərəcədə zəiflətdi və ərəb Şərqində İranın geosiyasi mövqelərinə ciddi zərbə vurdu. Suriya böhranının səbəblərinin araşdırılması bu məqalənin çərçivələrindən kənara çıxır. Lakin qeyd etmək lazımdır ki, iqtisadi (liberal islahatların gedişində Suriya kəndlilərinin və dövlət müəssisələri işçilərinin xeyli hissəsinin yoxsullaşması) və daxili siyasi (suriyalıların çox hissəsinin avtoritar rejimdən və xüsusi xidmət orqanlarının özbaşınalığından narazılığı) amillərdən başqa, ölkədə siyasi vəziyyətin kəskinləşməsinə xarici amil – ABŞ və onun müttəfiqlərinin Suriya dövlətini destabilləşdirmək cəhdləri də təsir göstərdi. ABŞ və Fars körfəzinin mühafizəkar monarxiyalarının Suriyaya qarşı sarsıdıcı hərəkətlərinin səbəblərindən biri "müqavimət oxu"nu (Tehran-Dəməşq-"Hizbullah"-"Həmas") kəsmək və İranın Yaxın Şərqdə mövqelərini zəiflətmək istəyi oldu. Hadisələrin bu cür inkişafında ABŞ-ın regiondakı müttəfiqləri – İsrail və Səudiyyə Ərəbistanı maraqlı idilər. Onlar İranın siyasətini özlərinin milli təhlükəsizliyinə təhdid hesab edirlər. Fars körfəzi dövlətlərini Suriyaya qarşı sarsıdıcı aksiyaları təşkil etməyə təhrik edən əsas amillərdən biri Suriya-İran alyansını dağıtmaq arzusudur. 2011-ci ilin yaz aylarında Səudiyyə Ərəbistanının ali rütbəli şəxslərindən biri Amerikanın keçmiş vitse-prezidenti Dik Çeyni administrasiyasının rəhbəri Con Hanna ilə söhbətində əmin olduğunu bildirmişdir ki, Suriyada rejimin dəyişməsi Səudiyyə Ərəbistanına həddindən artıq müsbət təsir göstərəcəkdir. O, demişdir: "Kral bilir ki, İslam Respublikasının özünün iflasından başqa, İranı Suriyanı itirməkdən daha çox heç nə zəiflədə bilməz".

2013-cü ilin payız aylarına qədər Körfəz monarxiyalarının Suriya məsələsi ilə bağlı mövqeləri ABŞ-ın maraqları ilə tam üst-üstə düşürdü. Bu yanaşmaların təhlili Corc Fridmanın "Suriya, İran və Yaxın Şərqdə qüvvələr balansı" adlı məqaləsində verilmişdir. Fridmanın rəhbərlik etdiyi "Stratfor" mərkəzinin çox vaxt "kölgə MKİ" adlandırıldığını nəzərə alaraq, qeyd etmək lazımdır ki, həmin məqalə sadəcə ekspert rəyi deyil. Burada "Amerika qoşunlarının bölgədən çıxarılmasından sonra qüvvələr balansında miqyaslı dəyişikliklərdən və nəticədə İranın marginal ölkədən fövqəldövlətə çevriləcəyindən" narahatlıq ifadə olunur. Fridman İran-Suriya strateji tərəfdaşlığının səbəblərini aşağıdakı kimi təhlil etmişdir: "İrandakı islam rejimi dünyəvi Suriya rejiminə Livandakı şiə fundamentalizmindən immunitet verdi. Daha əhəmiyyətlisi odur ki, həmin rejim Livan avantüralarında ona dəstək verdi və Suriyanın özündə sünni çoxluğunun mümkün etirazlarından müdafiə etdi". Məqalədə qeyd edilir ki, İran-Suriya alyansı uzunmüddətli perspektiv üçün stabil konturlar almaqdadır. Buradan da belə nəticə əldə olunur ki, Əsəd rejimi qaldıqda (məqalə Suriyada etiraz aksiyalarının qızğın vaxtlarında yazılmışdır), bundan ən çox udan İran olacaqdır. Fridman yazır: "İraq uzun müddət İranın təsiri altına düşərsə, yerdə qalan dünyadan təcrid olan, amma İran tərəfindən dəstəklənən Əsəd rejimi isə sağ qalarsa, bu, Tehrana Əfqanıstanın qərbindən Aralıq dənizinin sahillərinə qədər (Suriya və "Hizbullah" əraziləri vasitəsilə) uzanan məkanı öz təsir sferasına salmağa imkan verər. Belə bir perspektiv İran hərbi qüvvələrinin qərb istiqamətində fəallaşmasına təkan verər ki, bunun da uzaqgedən nəticələri ola bilər". Fridmanın fikirlərinə görə, belə olduğu halda, Səudiyyə Ərəbistanının və İordaniyanın şimal sərhədləri, habelə Türkiyənin cənub sərhədləri İranın təsir sferasına düşə bilər. İranın bu bölgəyə xeyli qüvvə gətirmək imkanı xüsusən də Səudiyyə Ərəbistanı üçün riski daha da artırır. Fridmana görə, hadisələrin bu cür gedişatının qarşısını almaq üçün Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və İsrail əlindən gələni eməlidirlər.

Fars körfəzinin mühafizəkar monarxiyalarının İranın Suriyada iştirakını məhdudlaşdırmaq niyyətlərinin daha bir səbəbi enerji sferasında İran-Qətər rəqabətidir. 2009-cu ildə Qətər rəhbərliyi Suriyaya bu ölkənin ərazisi ilə Aralıq dənizinə qədər gələcəkdə Avropaya çıxış perspektivləri olmaqla qaz kəmərini çəkməyi təklif etdi. Rusiya ilə Ukraynanın enerji münasibətlərindəki çətinliklərdən sonra Qətər əmiri Həməd əl-Tani Avropa qaz bazarında Rusiya ilə rəqabət imkanlarını ciddi şəkildə nəzərdən keçirməyə başladı. 2009-2010-cu illərdə Qətər-Suriya yaxınlaşması qeydə alındı. 2010-cu ildə iki dövlət arasında birgə müdafiə haqqında müqavilə imzalandı. Lakin sonralar Suriya prezidenti Bəşər Əsəd İranla enerji əməkdaşlığının xeyrinə Qətərin təklifini rədd etdi. 2011-ci ilin iyul ayında İran, İraq və Suriya arasında təxminən 10 mlrd. dollar dəyərində "İslam qaz kəmərinin" tikintisi haqqında saziş imzalandı. Bəzi ekspertlər hesab edirlər ki, bu amil Qətərin Suriya müxalifətinə güclü dəstək göstərməsinin əsas səbəbi oldu. Maraqlıdır ki, Qətərin "əl-Cəzirə" teleşirkətinin Bəşər Əsəd hökumətinə qarşı informasiya müharibəsi məhz 2011-ci ilin iyun ayından başlamışdır.

Ərəb ölkələrində inqilabi dəyişikliklərin və diktator rejimlərinə qarşı kütləvi etiraz aksiyalarının başlamasını İranın siyasi dairələri ruh yüksəkliyi ilə qarşıladırlar. Tehran "ərəb inqilabları"nı İranın xarici siyasi mövqelərini möhkəmləndirmək, regiondakı Amerika yönümlü rejimlərdən yaxa qurtarmaq, ərəb Şərqi xalqlarına "islam respublikası" modelini təklif etmək şansı kimi dəyərləndirdi. Livan və Misirdə baş verən siyasi dəyişikliklərə Tehran xüsusi ümid bəsləyirdi. Qəzzafi rejiminə neqativ münasibətə səbəb onun "satqınlığı" oldu. 2003-cü ildə Liviya lideri Liviyanın İranla birgə işlədiyi nüvə proqramını aparmaqdan imtina etdi və ABŞ-a bu məsələ ilə bağlı bütün sənədləri çatdırdı. Misirə gəlincə, qeyd etmək lazımdır ki, İİR rəhbərliyi ümid edirdi ki, Qahirədə hakimiyyətə "Müsəlman qardaşları"nın gəlməsi MƏR-in ABŞ və İsraillə strateji tərədaşlığına son qoyacaq, Tehrana yeni Misir hökuməti ilə müttəfiqlik münasibətlərini qurmaqda köməklik edəcəkdir.

2011-ci ilin sonundan etibarən İran Bəşər Əsəd hökumətinə əsaslı iqtisadi, hərbi və siyasi yardım göstərir. Daxili silahlı müxalifət və onun xarici himayədarları (ABŞ, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, Avropa Birliyi ölkələri) tərəfindən güclü təzyiqə baxmayaraq, bu, rejimə hakimiyyətdə qalmaqda köməklik edir.

B.Əsədə hərbi yardım göstərməklə yanaşı, iranlılar eyni zamanda Suriya böhranının həlli istiqamətində diplomatik səylər də göstərirlər. Tehran hesab edir ki, qarşı-qarşıya duran tərəflərin heç biri hərbi yolla qalib gələ bilməyəcəkdir. Suriyada münaqişənin başladığı andan İran rəhbərliyi dərk edirdi ki, hakim rejim inqilabi hadisələrə tab gətirə bilməyəcəkdir. Buna görə də o, Suriya hakimiyyətinə rejimin əsaslarını qoruyub saxlamağa imkan verən islahatlar aparmağı tövsiyə edirdi. Dəməşqə kömək etmək üçün İran xaricdəki Suriya müxalifəti və onun rəhbərliyi ilə Avropada bir sıra görüşlər keçirdi, hətta Suriya "Müsəlman qardaşları"nın başçısı M.Tayfurla danışıqlar da apardı.

İranın heç dəvət almadığı 2014-cü ilin Cenevrə konfransında olduğu kimi, indi də Tehranın siyasi elitası ABŞ və AB ölkələrinin İİR diplomatiyasını danışıqlar prosesindən təcrid etməyə calışmasından narazıdır.

Suriya böhranının uzanması İran üçün neqativ nəticələrə səbəb ola bilər. İİR-in ərəb dünyasında mövqelərini möhkəmləndirən və Tehrana Aralıq dənizinə çıxışı təmin edən güclü tərəfdaş əvəzinə iranlılar qarşısında indi silahlı müxalifətin hücumlarını susdurmaq məcburiyyətində qalan və xeyli iqtisadi və hərbi yardıma ehtiyacı olan bir tərəfdaş durur. Beynəlxalq sanksiyaların tətbiq edildiyi şəraitdə İran İslam Respublikası belə bir yardımı çətinliklə göstərə bilir. Bundan başqa, Dəməşqə gələcəkdə də yardım göstərdiyi təqdirdə, bu, Tehranı imicinə xələl gətirər.

İranda artıq dərk olunur ki, Suriyanın 40 il ərzində "Bəəs" partiyası tərəfindən yaradılan siyasi sisteminin taleyi artıq həll olunmuşdur və onu bərpa etmək mümkün deyil. İranın mühafizəkar dairələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun ruporu olan nüfuzlu "Ettelaat" qəzetində dərc edilən "Panərəbizm və ərəb baharı: mental uğursuzluq" və "Ərəb baharı: "stabil" siyasi strukturların kənarında cəmiyyətdə qeyri-stabillik" adlı məqalələr deyilənlərin əyani sübutudur. Məqalələrdə Suriyanın siyasi sisteminin təməl daşını təşkil edən dünyəvi ərəb millətçiliyi ideologiyası kəskin tənqid atəşinə tutulur.

İranın Suriya böhranı kontekstində atdığı addımların təhlilindən bir sıra nəticələr əldə etmək mümkün olur. Birincisi, indiki Suriya hökumətinin iflası Tehranın geosiyasi mövqelərinə ciddi zərbə vura bilər. Suriyada gedən vətəndaş müharibəsinin belə bir sonu İranın ərəb dünyasında mövqelərini zəiflədər, onun regionda cərəyan edən proseslərə təsir etmək və Livandakı "Hizbullah" şiə hərəkatına dəstək göstərmək imkanını azaldar. Qətər qaz kəmərinin tikintisi ilə bağlı planları nəzərə alaraq, qeyd etmək olar ki, Əsədin məğlubiyyəti İranın iqtisadi maraqlarına da ciddi zərbə vurardı. Bununla əlaqədar iranlılar orta müddətli perspektivdə Əsəd hökumətinə dəstək göstərməkdə davam edəcəklər.

Eyni zamanda, realist düşüncəli İran siyasətçiləri dərk edirlər ki, B.Əsəd Suriya uğrunda gedən mübarizədə məğlub da ola bilər. Belə şəraitdə İran Suriyada etibarlı və uzunmüddətli mövqe tutmağa çalışır. Bu, ona hətta rejimin dəyişdiyi və hakimiyyətə bu və ya digər yollarla sünni islamçılarla bağlı olan müxalifətin gəldiyi təqdirdə belə, yeni Suriya rəhbərliyinə təsir göstərmək imkanı verərdi. "Hizbullah"ın köməyi ilə İran Suriyada hərbiləşmiş gizli təşkilatlar yaratmışdır. Bu qruplar Əsəd rejiminin nizami hissələri ilə birlikdə qiyamçılarla vuruşur. İİR-in uzunmüddətli məqsədi, Suriyanın etnik və konfessional əlamətlərə görə parçalandığı halda, bu ölkədə etibarlı əməliyyat mövqelərini tutmaqdır.

İkincisi, Suriyada baş verən hadisələri İran-Səudiyyə Ərəbistanı qarşıdurması kontekstində nəzərdən keçirmək lazımdır. Regiondakı vəziyyətin əsas amillərindən birinə çevrilən bu qarşıdurma çoxdandır ki, "soyuq", bəzi yerlərdə isə hətta "qaynar" qarşıdurma xarakterini almışdır. Hal-hazırda Suriyadan başqa İraq, Livan, Yəmən və Bəhreyndə də qarşıdurma vüsət almaqdadır. İslam dünyasında şiə icmasının minoritarlığını nəzərə alaraq, qeyd etmək olar ki, İranın sünni-şiə münaqişəsinə cəlb edilməsi bu ölkə üçün uzunmüddətli neqativ nəticələrə səbəb ola bilər.

Üçüncüsü, milli ərəb dövlətlərinin dağılması obyektiv olaraq İİR-in Yaxın Şərqdə mövqelərini gücləndirir. ХХI əsrin əvvəllərinə qədər ərəb Şərqində əsas siyasi qərarlar Qahirə-Dəməşq-Bağdad xətti ilə qəbul edilirdi. 2003-cü ildə Amerikanın təcavüzünə məruz qalan İraq faktiki olaraq bir neçə hissəyə bölündü. Misir permanent siyasi böhran keçirir. Arası kəsilməyən vətəndaş müharibəsi nəticəsində Suriya dünya siyasətinin subyektindən obyektinə çevrilməkdədir. Belə bir şəraitdə Yaxın Şərqdə İran və Türkiyə kimi aktorlar ön plana çıxır. Bu, obyektiv olaraq İranın regionda təsirini artıracaq və regional fövqəldövlət kimi statusunu yüksəldəcəkdir.

Newtimes.az
Rövşən Aslanov,Tarix üzrə fəlsəfə doktoru

 





06.07.2015    çap et  çap et