525.Az

Qarayev Fransa nümayəndə heyətini qəbul edib


 

Qarayev Fransa nümayəndə heyətini qəbul edib<b style="color:red"></b> Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Fransa arasındakı turizm sahəsində əməkdaşlığın vəziyyəti və gələcək perspektivlər müzakirə edilib. 
 
Ə. Qarayev bildirib ki, Azərbaycanla Fransa arasında mədəniyyət sahəsində olduğu kimi, turizm sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur:

“Qarşılıqlı münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti, həyata keçirilən layihələr olduqca mühüm əhəmiyyət kəsb edir.

Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqeyin davamı olaraq bütün məsələlərdə beynəlxalq hüquq normalarının əsas götürülməsi, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri və separatçı rejim ilə Fransanın regionları arasında əməkdaşlıq cəhdlərinin qarşısının alınması vacibdir.

May ayında Xorvatiyada keçirilmiş Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 100-cü sessiyasında “Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” adlı qətnaməyə dair qərarın qəbulunda Fransa tərəfinin dəstəyi təqdirəlayiqdir, lakin bu qərarın icrasının Fransada keçirilən turizm sərgilərində təmin edilməsi üçün Fransanın dövlət və özəl qurumları tərəfindən səylərin artırılması zəruridir”.
 
Qonaq Fransa-Azərbaycan arasında turizm sahəsində əməkdaşlıqda maraqlı olduqlarını və bu istiqamətdə lazımi fəaliyyətin həyata keçirilməsinə hazır olduqları bildirib
 
Görüşdə viza prosedurunun sadələşdirilməsi, turizm marşrutları, birgə infoturların təşkili, turizm menecmenti üzrə təhsil sahəsində əməkdaşlıq, mətbəx mübadiləsi layihələri kimi məsələlər də müzakirə olunub.
 





06.07.2015    çap et  çap et