525.Az

Telemexanika Zavodunda baş verən qəzanın ilkin səbəbi açıqlanıb - Yenilənib


 

Telemexanika Zavodunda baş verən qəzanın ilkin səbəbi açıqlanıb - <b style="color:red">Yenilənib</b>

Şirvanda zavodda baş verən qəzanın ilkin səbəbi məlum olub.

Şirvan şəhər İcra Hakimiyyətinin birinci müavini Samit Abıyev APA-ya açıqlamasında bildirib ki, Müdafiə Sənayesi Naziyinə məxsus Telemexanika Zavodunda hadisə qısaqapanma nəticəsində baş verib.
 
S. Abıyev yanğın nəticəsində dünyasını dəyişən şəxsin ailəsinə maddi yardım ediləcəyini bildirib.
 
MSN Telemexanika Zavodunun direktoru Usubağa Məmmədov APA-ya açıqlamasında bildirib ki, saat 11:55-də zavodda 30 kv.m sahədə yanğın baş verib. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yüngül xəsarət alıb.
 
Yanğının səbəbi ilə bağlı müvafiq qurumların araşdırma apardığını, ilkin olaraq yanğının elektrik xəttində qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu bildirən U. Məmmmədov deyib ki, yanğın zamanı 2 nəfərin ölməsi 30 nəfərin xəsarət alması barədə xəbərlər həqiqəti əks etdirmir, bunlar şaiyədir.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya deyib ki, hadisə nəticəsində xəsarət alan 19 nəfərdən 13-ü evə buraxılıb, 6 nəfərin müalicəsi stasionar qaydada davam etdirilir.

*** 15:02

Şirvan şəhərində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda baş verən qəzada xəsarət alan 19 nəfər Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
 
Bu barədə APA-ya məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, zərərçəkənlər partlayış nəticəsində yüngül zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
 
L. Bayramova qeyd edib ki, zərərçəkənlərə toksikoloq və reanimatoloqlar yardım göstərir.
 
Telemexanika Zavodunda baş verən qəza nəticəsində ölən şəxsin kimliyi məlum olub.
 
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ölən şəxs Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızıdır.
 
İlkin məlumata görə, qadın ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.
 
Hadisə nəticəsində xəsarət alan 11 nəfər ambulator yardım göstəriləndən sonra evə buraxılıb.
 
*** 13:32

Şirvan şəhərindəki zavodlardan birində qəza baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün saat 12 radələrində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda qeydə alınıb.
 
Zavodun sexlərdən birində baş verən qəza nəticəsində sexin tavan hissəsi çöküb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
 
Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.
 
Hadisənin baş vermə səbəbləri araşdırılır. Ölən və yaralananların adları dəqiqləşdirilir.

 





06.07.2015    çap et  çap et