525.Az

Təhsil Problemləri İnstitutu müəllimlər üçün beynəlxalq seminar keçirir


 

Təhsil Problemləri İnstitutu müəllimlər üçün beynəlxalq seminar keçirir<b style="color:red"></b>

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu (ARTPİ)  respublikanın təhsil işçiləri üçün  “Pedaqoji kadrların peşəkarlığının yüksəldilməsi: mənəvi dəyərlərə əsaslanan təhsil” mövzusunda beynəlxalq seminar təşkil edib.

ARTPİ-nin direktoru Qulu Novruzov  rəhbərlik etdiyi institutun fəaliyyətindən, ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan danışıb. 

O, son aylarda institutda aparılan yerli və xarici seminarlar,  görüşlər barədə məlumat verib:

“Bu tədbirlərdə məqsəd dünyada aparılan elmi tədqiqatlardan, qabaqcıl təcrübədən faydalanmaq, müəyyən əməkdaşlıq əlaqələrini  qurmaq, bütün bunların reallaşdırılması üçün yollar axtarmaqdır”.

Danimarkanın Kopenhagen şəhərində yerləşən ESSE İnstitutunun direktoru, professor Marianna Meyer, direktorun müavini  Petra Fon Kalinovski və institutun təlimçisi, pedaqogika üzrə fəlsəfə doktoru Anita Fridrix institutun rəhbərliyinə,  seminara toplaşan iştirakçılara dəvətə və buraya toplaşanların  isti münasibətinə görə təşəkkürlərini bildiriblər. 

ESSE İnstitutunun direktoru, professor Marianna Meyer rəhbəri olduğu institutun tarixi barədə geniş məlumat verib.

O, 1987-ci ildə Danimarkanın Kopenhagen şəhərində yaradılmış  İnstitutun əsas fəaliyyətinin müəllim hazırlığı ilə bağlı olduğunu bildirib.
 
Qeyd edib ki, institutda müəllimlər və tərbiyəçilər üçün mənəvi-əxlaqi dəyərlərin tədrisinə əsaslanan treninqlər, seminarlar keçirilir. Bir çox Avropa ölkəsində bu sahə üzrə ixtisaslaşan müəllim və təlimçilər yetişdirdiklərini, 1992-ci ildən başlayaraq ESSE İnstitutunun təlimçiləri Avropa, həmçinin MDB ölkələrinin müəllimləri, təlimçiləri ilə görüşlər keçirdiklərini vurğulayıb.

O, bu görüşlərdə təlimçilərin təcrübə mübadiləsi apararaq təhsil sisteminin təkmilləşdirilməsi üçün birgə qərarlar qəbul etdiklərini söyləyib. Bu sahədə son tədqiqatların ümumbəşəri dəyərlərin iqtisadiyyat, idarəetmə, tibb və digər peşə sahələrinə inteqrasiyasına istiqamətləndiyini bildirib.

Təqdimatın sonunda mövzuya uyğun videoçarx da nümayiş etdirilib.

 





04.07.2015    çap et  çap et