525.Az

Düz yolda düz addımlarla


 

BAKI-2015: BİRİNCİ AVROPA OYUNLARI - GƏLƏCƏYƏ HESABLANAN İQTİSADİ-STRATEJİ LAYİHƏ

Düz yolda düz addımlarla<b style="color:red"></b>

“Biz dövlətimizi, xalqımızı hər şeydən çox sevirik. Bu məhəbbət, bu vətənpərvərlik, bu peşəkarlıq və işimizə sədaqət əlbəttə, imkan verir ki, Azərbaycan sürətlə inkişaf etsin və bizim gələcəkdə də çox böyük qələbələrimiz olacaqdır”.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti 

Dünyada qəliblər var və hər bir insan, istəsə də-istəməsə də, ömrü boyu cəmiyyətdəki sosial statusuna uyğun gələn o qəlibin sərhədləri daxilində yaşamaq zorunda qalır.
 
İctimai-siyasi xadim, dövlət başçısı kimi əlahiddə sosial statuslu insanlar üçün bu çərçivə və standartlardan kənara çıxmaq nünumələrinə tarixdə çox nadir hallarda rast gəlmək mümkündür. Bakı-2015: Birinci Avropa Oyunları zamanı biz Azərbaycan Prezidenti cənab İlham Əliyevin timsalında dəfələrlə bu stereotiplərin qırıldığını müşahidə elədik. İstər Azərbaycan idmançılarının qələbələrini əsl vətənpərvər, sadiq azarkeş kimi ayaqüstə, böyük sevinclə alqışladığı anlar olsun, istərsə də üçqat Paralimpiya çempionumuz, ilk Avropa Oyunlarının qızıl mükafatçısı İlham Zəkiyevə qızıl medalın təqdimetmə mərasimində yaşadığı təsirli və duyğusal məqam  - bütün hallarda biz cənab prezidenti ilk növbədə Vətəninə və Xalqına bağlı olan, onun hər bir övladının qazandığı uğurlara ürəkdən sevinən ALİ VƏTƏNDAŞ kimi bir daha gördük, böyük iftixar və qürur hissi keçirdik. Hər hadisənin, hər başlanğıcın mütləq bir səbəbi olur, deyirlər. Məni də bu sətirləri yazmağa məhz həmin anlarda keçirdiyim hisslər məcbur elədi. Bir daha Azərbaycan vətəndaşı olduğum, azərbaycanlı kimi doğulduğum üçün qürur hissi keçirdim.

Son illər Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda hərtərəfli inkişafın təmin olunması istiqamətində görülən genişmiqyaslı işlər, əldə olunan böyük nailiyyətlər ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə etməklə yanaşı, gələcək uğurlarımız üçün möhkəm təməl rolunu oynayır. Bu uğurlardan biri artıq geridə qoyduğumuz və xoş təəssüratlarla xatırladığımız Bakı-2015: Birinci Avropa Oyunlarıdır. Qitənin tarixində ilkə imza atan Azərbaycan hər zaman bu Oyunların təşəbbüskarı kimi xatırlanacaq. Xüsusi məqamlardan biri də odur ki, Avropa Olimpiya Komitəsinin qərarı ilə gələcək Oyunların məşəli məhz Bakıda Atəşgah məbədində yandırılacaq. Təbii ki, bundan sonra həmin məbədlə, eləcə də digər tarixi-mədəni abidələrimizlə tanış olmaq istəyən əcnəbilərin ölkəmizə marağı daha da artacaq, nəsillər bir-birini əvəzlədikcə bu hal ənənəvi xarakter alacaq. Bununla Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi kimi, Azərbaycan dünyaya günəş kimi doğacaq. Nəticədə, iqtisadi dayanıqlılıq daha da möhkəmlənəcək, ölkə iqtisadiyyatının prioritet istiqaməti olan turizm sektoru əsas biznes sahəsinə çevriləcək.

Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkinin sözləri ilə desək, Azərbaycan sanki bir körpənin dünyaya göz açmasına imkan yaratdı: “Bu körpə artıq dünyaya göz açdı və beləliklə, uğurla böyüyəcək və inkişaf edəcək. Azərbaycan vəd etdiyindən də yüksək səviyyədə Oyunlar nümayiş etdirdi və bu, bizim gözlədiyimizdən də heyrətamiz oldu”.

Beynəlxalq ictimaiyyət siyasi, iqtisadi qüdrətimizin şahidi oldu 

Birinci Avropa Oyunlarının möhtəşəm səviyyədə keçirilməsi ilə beynəlxalq ictimaiyyət bir daha ölkəmizin siyasi qüdrətinin, iqtisadi inkişafının, qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək bacarığının, ən nəhayət, yüksək tolerantlıq və qonaqpərvərliyinin əyani şəkildə şahidi oldu. Bu qlobal idman tədbiri, eyni zamanda, müasir Azərbaycanın dünyaya dolğun şəkildə təqdimatı, qazandığımız uğurların, habelə üzləşdiyimiz münaqişə ilə bağlı əsl gerçəkliklərin dünyaya çatdırılması baxımından da mühüm hadisə idi. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi dövlətimizin əldə etdiyi tarixi uğur olmaqla yanaşı, qazandığı ən böyük mənfəətdir. Tarixi qərarın qəbul edilməsində ölkəmizin beynəlxalq nüfuzu, iqtisadi qüdrəti və daxili sabitliyi həlledici rol oynadı. Lakin cəmi iki il yarım öncə ölkəmiz bu möhtəşəm oyunların təşkilinə başlayanda Avropada bəzi dairələr münaqişə şəraitində olan gənc dövlətin qısa zamanda bu işin öhdəsindən gələcəyinə inamsızlıq nümayiş etdirdi. Sonra isə bu inamsızlıq narahatlıq və qısqanclıqla əvəz olunmağa başladı. Azərbaycan əksər Avropa və eləcə də dünya ölkələrinin ən azı 5-6 ilə edə biləcəyi işi 30 aya reallaşdırmaqla Oyunlar başlamazdan əvvəl rekorda imza atdı. Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə reallaşan bu möhtəşəm tədbirin uğurla təşkil edilməsinin bir əsas səbəbi də “Bakı-2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsinə məhz Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etməsiylə bağlıdır. Azərbaycan Prezidentinin və onun xanımının idman yarışlarında milli komandamızın yanında olması, onlara dəstək verməsi ilk Avropa Oyunlarında əldə etdiyimiz uğurların təməlini formalaşdırdı, idmançılarımızda böyük ruh yüksəkliyi yaratdı. Bunun nəticəsidir ki, Azərbaycan idmançıları 21 qızıl, 16 gümüş və 20 bürünc medal qazanaraq Avropanın 50 ölkəsi arasında ikinçi yeri tutdu. Bu idman ölkəsi olan Azərbaycanın  beynəlxalq yarışlarda əldə etdiyi ən böyük uğurlardan biridir. Bu böyük zəfərin qeyd olunması münasibətilə təşkil olunan rəsmi mərasimdə ölkə lideri İlham Əliyevin birinci xanım Mehriban Əliyevanı Azərbaycanın ən böyük mükafatı - Heydər Əliyev Ordeni ilə təltif etməsi hər birimizdə iftixar hissi doğurdu.

Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxış edərək bildirdi ki, Bakı-2015: Birinci Avropa Oyunlarının uğurla təşkil olunmasında Təşkilat Komitəsinin böyük fədakarlığı oldu: “Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə verdi. Deyə bilərəm ki, bu Oyunların yüksək səviyyədə keçirilməsinə öz canını qoydu. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə bu Komitə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq və ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Bu, ümumiyyətlə, ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir”.

Ölkə liderində olan bu əminlik hər bir Azərbaycan vətəndaşında var. Çünki dövlət səviyyəsində aparılan sosial-iqtisadi islahatlar, demokratiyanın dərinləşməsi yolunda qəbul olunan qərarlar ölkənin dinamik inkişafını təmin edir. Bu da xalq-dövlət əlaqələrini daha da möhkəmləndirir və Prezidentə qarşı inamı, etibarı daha da artırır. Ona görə də həyata keçirilən beynəlxalq layihələrin, təşkil olunan mötəbər tədbirlərin həyata keçməsində Azərbaycan xalqı ilə dövlətin birliyi özünü həmişə göstərir. Ölkənin sürətli iqtisadi inkişafına mane olmaq üçün bu birliyə nifaq toxumu səpmək istəyən məkrli qüvvələr isə nəticə etibarıyla öz acizliklərinə kənardan tamaşa etmək məcburiyyətində qalırlar.

Dünya Avropa Oyunlarının həyəcanını, zövqünü yaşadı 

Azərbaycanın təşkil etdiyi mötəbər tədbirin özünəməxsus xüsusiyyətlərindən biri də odur ki, yarışlarda heç bir idmançı məğlub olmadı. Bu zahirən də belə idi, daxilən də. Qalib gələn hər bir idmançı məğlub etdiyi rəqibinin əlini havaya qaldırmaqla, dövlət səviyyəsində idmançılara göstərilən nümunəvi münasibətlə bu öz təsdiqini tapır. Təsadüfi deyil ki, tədbirin bağlanış mərasimində meydana çıxaraq dövrə vuran bütün idmançılarda ilk gündə olduğu kimi ən yüksək əhval-ruhiyyə, sevinc, xoşbəxtlik hissi təzahür olunurdu. Bu Azərbaycanın və onun xalqının yüksək humanizm, nəciblik və tolerantlıq münasibətlərindən qaynaqlanır. Burada yeganə məğlub olan qərəzli kampaniya apararaq sülhə, dostluğa, əmin-amalığa zərbə vurmaq istəyən qüvvələr idi.

Xarici dairələrin qərəzli hücumlarına baxmayaraq güclü iqtisadiyyata, böyük nüfuza malik dövlətimizin nümayiş etdirdiyi siyasi iradə və mükəmməl təşkilatçılıq qabiliyyəti bütün maneələrin öhdəsindən qətiyyətlə gəlməyə imkan verdi. Nəticədə, bütün dünya odlar yurdu Azərbaycanda baş tutan möhtəşəm idman yarışlarının həyəcanını, zövqünü yaşadı.

Ən əsası ilk Avropa Oyunlarını təşkil etməklə ölkəmiz daha yaxından tanındı. Bu idman yarışları vasitəsilə dünya insanına yalnız dostluq və sülh mesajları ötürüldü. Bunun əyani nümunəsini isə yenə də ölkə lideri İlham Əliyev nümayiş etdirdi. Boks yarışları üzrə idmançıların mükafatlandırılma mərasimində erməni əsilli Ukrayna idmançısına gümüş medal təqdim edən Prezident üzünü azarkeşlərə tutaraq idman arenasında yaranan mənfi auranın gərəksiz olduğuna işarə bildirərək böyük nəciblik və mərhəmət hissi nümayiş etdirdi. Ermənistan tərəfi isə hələ 2012-ci ildə İrəvanda keçirilən boks üzrə dünya çempionatında Azərbaycana qarşı təxribata əl atdı. Həmin çempionatın açılış mərasimində bütün nümayəndə heyətlərinin bayraqlarını erməni qızlar daşıdığı halda, Azərbaycanın bayrağı Afrika mənşəli xanımın əllərində idi. Ermənistan bununla irqçi və qatı millətçi düşüncənin tərəfində olduğunu ortaya qoydu.

Gələcəyə hesablanan iqtisadi-strateji layihə

Milyonlarla tamaşaçının izlədiyi Avropa Oyunlarının əhəmiyyəti heç bir halda oyunların təşkil oldunduğu müddətlə məhdudlaşdırılmır. Bu təşəbbüs yaxın gələcəyə hesablanan iqtisadi-strateji layihədir və ölkə iqtisadiyyatı bu mütərəqqi layihədən uzun müddət faydalanacaq. Ona görə də, möhtəşəm açılış mərasimi ilə start götürən və təkrarsız bağlanış mərasimi ilə tarixə qovuşan idman yarışlarına geosiyasi, sosial-mədəni və iqtisadi təşəbbüs kimi baxılmalıdır. Mötəbər idman tədbiri keçirilən müddətdə xeyli sayda turist ölkəmizə səfər etdi. Azərbaycana gələn turistlər, sadəcə, paytaxtda deyil, eyni zamanda bölgələrə də səfər edərək ölkəmizi daha yaxından tanıdılar. Turizm sektorunun Azərbaycan üçün priortitet olduğunu nəzərə aldıqda sözügedən sahə belə mötəbər yarışların keçirilməsindən ciddi şəkildə taktiki və strateji gəlirlər əldə edə bildi.

Nəzərə alsaq ki, gələn il Bakıda Dünya Şahmat Olimpiyadası, “Formula-1” üzrə Avropa Qran-Pri yarışları, 2017-ci ildə Dördüncü İslam Həmrəylik Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa Çempionatının final mərhələsinin 4 qarşılaşması təşkil olunacaq, bu zaman Birinci Avropa Oyunlarına hazırlıq mərhələsində ölkəmizdə formalaşdırılan müasir idman infrastrukturunu bu yarışların cüzi təşkilatı xərclər qarşılığında reallaşdırılacağını deməyə əsas verir. Xatırlatmaq lazımdır ki, 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsinin keçirilməsi üçün Bakı körfəzindəki yarımada üzərində inşa edilən və sonradan müxtəlif biznes və idman tədbirlərinə ev sahibliyi edən “Bakı Crystal Holl” Birinci Avropa Oyunlarında idmanın 5 növü üzrə - voleybol, boks, karate, taekvondo və qılıncoynatma yarışlarını qəbul edib.

Hazırda Azərbaycan malik olduğu böyük idman infrastrukturu ilə Olimpiya Oyunlarını belə reallaşdırmaq iqtidarındadır. Bu o deməkdir ki, dövlətimiz düz yoldadır və doğru istiqamətə addımlayır. Bundan sonra da heç bir xarici qüvvənin Azərbaycanı sürətli inkişaf yolundan saxlamağa gücü çatmayacaq və  “Bakı-2015” Birinci Avropa Oyunları  Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın qalib idmançılarımızın mükafatlandırılması mərasimindəki çıxışında dediyi kimi, ölkəmiz Azərbaycan xalqının şərəfli kapitanı İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq.

Emin MAHMUDOV
Beynəlxalq iqtisadi münasibətlər üzrə ekspert

 





04.07.2015    çap et  çap et