525.Az

Rusiyada azərbaycanlı musiqiçinin xatirəsinə beynəlxalq ritm festivalı


 

Rusiyada azərbaycanlı musiqiçinin xatirəsinə beynəlxalq ritm festivalı<b style="color:red"></b>

Rusiya Federasiyasının Samara vilayətinin Tolyatti şəhərində keçirilən 12-ci “Günəşli planet” Beynəlxalq ritm festivalı həmyerlimiz, peşəkar musiqiçi Yusif Mayılovun xatirəsinə həsr edilib.

Dünyanın 23 ölkəsinin musiqiçilərinin qatıldığı festivalı Sumqayıt şəhərindəki N. Nərimanov adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Rövşən” ritm qrupu açıq elan edib.

Açılış mərasimində çıxış edən Yusif Mayılovun anası Solmaz Mayılova musiqi bayramının iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. O, belə bir festivalın oğlunun xatirəsinə həsr olunmasından qürur hissi keçirdiyini bildirib.

“Rövşən” ritm qrupunun səsləndirdiyi musiqilər, o cümlədən, “Sarı gəlin” xalq mahnısı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Ölkəmizi təmsil edən qrup beynəlxalq festivalın növbəti günündə də öz məharətini göstərərək iştirakçılara bir-birindən maraqlı musiqi nömrələri təqdim edib.

Həmyerlilərimizin çıxışları tamaşaçıların alqışları ilə müşayiət olunub.

N. Nərimanov adına Mədəniyyət Mərkəzinin direktoru Samir Şəfiyev və “Rövşən” ritm qrupunun rəhbəri Rövşən Cabbarov festivalda fəal iştiraklarına görə diplomla təltif olunublar.

S.ABDULLAYEVA

 





04.07.2015    çap et  çap et