525.Az

Azərbaycanın dövlətçilik tarixində Albaniya fenomeni


 

Azərbaycanın dövlətçilik tarixində Albaniya fenomeni<b style="color:red"></b>

Dövlətçilik tariximizin, xalqımızın keçdiyi tarixi-mədəni inkişaf yolunun araşdırılmasına, dərindən öyrənilməsinə Azərbaycan dövlətinin xüsusi diqqət və həssaslıqla yanaşdığı danılmaz həqiqətdir.

Prezident İlham Əliyevin 29 dekabr 2012-ci il tarixində təsdiqlədiyi “Azərbaycan  2020: Gələcəyə baxış” inkişaf konsepsiyasında “Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı”nın qəbul edilməsi Azərbaycan  dövlətçiliyi üçün çox əhəmiyyətli  bir məsələni özündə ehtiva etdi.

Bu konsepsiya Qafqaz Albaniyası dövründə Azərbaycan torpaqlarında  və ətraflarında yaradılmış böyük irs, bugünkü dövrdə  yaşayan Azərbaycan millətinin  ayrılmaz tarixinin öyrənilməsinə doğru istiqamət verən bir strateji addımdır. 

10-11 iyun 2014-cü il  tarixində Bakı şəhərində Mədəniyyət və Turizm  Nazirliyi və AMEA-nın İnsan  Hüquqları İnstitutu tərəfindən “Qafqaz Albaniyasının  tarixi və mədəni irsi  insan  hüquqları kontekstində “mövzusunda Beynəlxalq konfrans təşkil olunub. Beynəlxalq  konfransda Mədəniyyət və turizm naziri  Əbülfəs Qarayev  məruzə edərək bildirib: “Bu gün bizim bədnam qonşularımız Qafqaz Albaniyasının, onun kilsəsinin guya başqa mədəniyyətə məxsus olmasına dair xəbərlər yayırlar. Bizim qəti fikrimiz ondan ibarətdir ki, Qafqaz Albaniyasının tarixi Azərbaycanın, Azərbaycan xalqının  tarixidir, bizim mədəniyyətimizin ayrılmaz bir hissəsidir. Biz heç kəsə onu mənimsəməyə, özəlləşdirməyə imkan verməyəcəyik. Biz beynəlxalq təşkilatlarda da öz sözümüzü deyirik və bunu sübut edirik. Azərbaycan tarixinin, mədəniyyətinin mənimsənilməsinə qəti  etirazımızı bildiririk. Bu bizim qəti mövqeyimizdir. Qafqaz Albaniyasının  irsinin araşdırılmasına gəlincə  Azərbaycan alimləri arasında vahid yanaşmanın olmaması  təəssüf doğurur. Müxtəlif alimlər bu mövzuya müxtəlif baxımdan yanaşırlar. Bununla belə nə qədər çox yanaşma, təhlil, ideya olarsa, o qədər də biz bu böyük mədəniyyətdən daha yaxşı xəbərdar olarıq”.

Milli Elmlər Akademiyası Tarix İnstitutu tərəfindən yeni “Azərbaycan tarixi” kitabının yazılmasına başlanması məsələsi xalqımızın bütün zümrələrini sevindirir və bu, dövlətimizin başçısı cənab İlham Əliyevin xalqımızın tarixinə verdiyi böyük töhfə kimi qiymətləndirilir.

AMEA-nın müxbir üzvü, professor, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov jurnalistlərə bu barədə verdiyi müsahibəsində bildirib ki, Azərbaycan tarixinin yenidən hazırlanmasına çox böyük ehtiyac var. O qeyd edib ki, vaxtilə çıxan 3 cildlik və 7 cildlik “Azərbaycan tarixi”ndə bir sıra nöqsanlar, yuxarıdan olan diktələr, elmin o vaxtkı vəziyyəti ilə bağlı çox ciddi qüsurlar var. İrəvanın və Dərbəndin tarixi “Azərbaycan tarixi” kitabına düşməyib, Borçalının, Cənubi Azərbaycanın tarixi lazımınca tədqiq olunmayıb.

Azərbaycan tarixinin böyük bir hissəsi olan Albaniya haqqında yazılmış  əsərlərdə, professor Yaqub Mahmudovun qeyd etdiyi kimi, Alban tarixi tam öyrənilməyib və öz əksini tapmayıb.

Albaniya haqqında yazılan kitab və məqalələrin müəlliflərini araşdırarkən onların  əksəriyyətinin əcnəbi (əsasən erməni) tarixçilər olduqları müəyyən edilir. Görkəmli qafqazşünas tarixçi Y.İ.Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir qadağa, məhdudiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin alimləri öyrənirlər. Lakin bir şey məlumdur: Qafqaz Albaniyasının taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.

Hətta bu gün YUNESKO da Albaniyanın tarixinin öyrənilməsi istiqamətində elmi tədqiqatlara xüsusi yer verir və albanşünaslığa dair elmi məlumatlar məcmusu formalaşdırıb.

Albaniya dövləti  haqqında bu günə qədərki yazıları araşdırarkən məlum olur ki, tarixi xətt tamamilə yanlış səmtə yönəlib. Müəlliflərin çoxu etiraf edir ki, Alban dövləti, Alban xalqı və Alban dili izsiz-soraqsız tarixdən “qeyb” olub.

Həqiqətən bu “etiraf” Alban tarixinin yenidən araşdırılmasının yeganə açarıdır. Alban xalqı necə “qeyb” ola bilər? Dövlətlərin “qeyb” olması, müxtəlif səbəblərdən, müharibə və təbii fəlakətlər nəticəsində baş verməsi tarixə məlumdur. Ancaq xalqın heç bir tarixi səbəb göstərilmədən (VII-XII əsrlərdə Albaniyanın tarixi və xalqları haqqında yazılı mənbələr olduğu halda) “qeybə çıxması” təəccüb doğurur.

Gəlin bizə çatdırılan “Alban xalqı” məfhumunu bir anlıq yaddaşımızda saxlayaq və bu məfhuma yeni baxışlarla yanaşaq. “Alban “məfhumu haradan və necə yaranıb - bununla bağlı Roman-Britan tarixi və xristian dini mənbələrinə aid olan tarixi mənbələrlə tanış olaq. Xristianlığın yaranma tarixi şəraitinə diqqət yetirək.

Xristianlıq eramızın I əsrinin 2-ci yarısında Roma imperiyasının şəhər əyalətlərində əvvəl yəhudilər, az sonra digər etnik qruplar içərisində yayılırdı. Quldarlıq quruluşunun böhranı, ağır sosial və siyasi zülm qulların, azad yoxsulların, məzlum xalqların kütləvi üsyanlarına səbəb olurdu. Eramızın I əsrinin başlanğıcında Roma dövlətinin belə üsyanları yatırmasından sonra ümidsizlik, həm də işğalçı zülmkarlara qarşı nifrət əhval- ruhiyyəsi geniş yayılmışdı.

Mənbələr göstərir ki, xristianlıq bir baxımdan da mövcud qaydalara, quldarlıq dövlətinə qarşı qulların, məzlumların etirazının (dini formada) ifadəsi idi. Erkən xristianlıqda müxtəlif qruplar, cərəyanlar arasında bir sıra mühüm dini məsələlər barədə razılıq yox idi, onları yalnız Romaya nifrət, onun tezliklə yıxılacağına, romalıların zülmündən qurtuluşa, yer üzərində İsa başda olmaqla ilahi padşahlıq yaranacağına ümid birləşdirirdi.

Artıq 2-3 əsrlərdə xristianlığın sosial tərkibi dəyişərək tək məzlum qullar yox, xristian icmalarına varlı adamlar daxil olmağa başladılar. Kilsə təşkilatları, rahiblik təsisatı meydana çıxdı.  

Roma imperatorları böyük qüvvəyə çevrilmiş xristian kilsəsini siyasi rəqib hesab edərək, 3-cü əsrdəki böhran və sinfi mübarizənin kəskinləşdiyi dövrdə xristianları təqibə başladılar.

Lakin sonralar imperatorlar xristian kilsəsinin xarakter və əhəmiyyətini, ideologiyasının mahiyyətini dərk edərək, xalq kütlələrini itaətdə saxlamaq üçün ona arxalandılar. İmperator taxt-tacı uğrunda mübarizədə də kilsədən istifadə olunurdu. Xristian kilsəsinin müdafiə etdiyi imperator I Konstantin, bütpərəstlik qalmaqla, xristianlığın rəsmi fəaliyyətinə icazə verdi. O, 325-ci ildə dinin yuxarı təbəqə nümayəndələrini ümumdünya kilsə məclisini çağırdı. Məclisdə “Dini rəmz” qəbul olundu. İmperator hakimiyyəti ilə kilsənin ittifaqı yaradıldı. Əvvəllər təqib olunan xristianlıq dövlət dininə çevrildi.

İndi isə Roma imperiyasının İngiltərəni idarə etdiyi tarixi dövrə nəzər yetirək.

Roma imperatoru Sezarın ekspedisiyalarından sonra e.ə. 43-cü ildə romalıların Britaniyanı zəbt etmək cəhdləri başlamışdı. Roma İmperiyasının hökmranlığı və mədəniyyəti burada 350 il hökm sürdü.

Roma İmperiyasının hökmranlığı qərb qolunun süqutuna qədər davam etdi. Roman - Britan mənbələrinin keçmiş və bu günkü tarixində xristian dinində müqəddəs İsanın din qardaşları hesab edilən, xristianlığı İngiltərədə ilk dəfə yaydıqlarına görə ilk şəhid olan (martur) Alban, Yulius və Aaron Roma allahlarına - bütlərə qarşı çıxdıqlarına görə edam edilmişdilər. Bu haqda saysız-hesabsız qeydlər vardır.  Onların adları ilə bağlı bu gün tarixi memarlıq abidələri mövcuddur və dini   mərkəzlərdə onlar təbliğ edilirlər. Kilsə təqviminə 22 iyun Alban günü kimi düşüb.

2006-cı ildə bəzi İngiltərə kilsələrindən ruhanilər təklif etmişdilər ki, Alban “Müqəddəs Georgini” əvəz edə bilər.

Roma imperiyası gücləndikcə Yaxın Şərqi, Kiçik Asiyanı, Qafqazı  istila etmişdi. Roma imperatoru Yulinin XII legionunun sərkərdələri Yuventus və Maximus tərəfindən Qafqaz istila olunmuşdu. Azərbaycan ərazisində - Qobustanda tapılan daş kitabədə bu tarixi hadisə öz əksini tapıb. “İmpdomithino Caesare AVC Germanic Livius Maximus Lee XII FVL (tərcüməsi - İmperator Domision Sezar Avqust Germanik L (yusi) Yuli Maksium, ildırımsaçan XII legionnun senturionu)

Romalılar Albaniyanı istila etdikləri dövrdə xristianlıq Romada rəsmi din kimi qəbul edilmiş, onlar xristianlıq dinini yaymağa başlamışdılar. İmperiyanın özünü imperatordan sonra kilsə idarə edirdi. Kilsə rəhbərləri xristianlığın ilk şəhidləri Alban, Aaronun adlarını  ehtiramla  əbədiləşdirmək üçün xristian dinini yaydıqları ərazilərdə kilsələr (monastrlar) tikdirərək onların adlarını vermişdilər. Alban kilsələri, Aaron kilsələri (Aran, Aran zonası-müəllif). Romalıların xristianlığın təqibi zamanı Alban və Aaronun boyunlarını vurduraraq onları şəhid etdikləri üçün, Romada xristianlığın qəbulundan sonra imperiya öz günahlarını yumaq məqsədi ilə Alban və Aaronun adlarını müqəddəsləşdirməyə başlamışdılar.

Bu günə qədər  Albaniya haqqında yazılan heç bir tarixi mənbələrdə bu fakta rast gəlinmir. Əslində bu,  Albaniya  tarixinin araşdırılması üçün əlverişli istinad nöqtəsidir.

İndiyədək bütün Qafqazda, Dağıstanda, Orta Asiya ölkələrində, Türkiyənin bir hissəsində, indiki Ermənistanda (əsasən oradan deportasiya olunmuş azərbaycanlıların yaşadıqları ərazilərdə) alban kilsələrinin və abidələrinin bir hissəsinin olduğu kimi, bir hissəsinin isə xarabalığı qalıb və bu, qətiyyən təsadüfi deyil.

(Ardı var)

Həsən  ƏLİYEV

 





04.07.2015    çap et  çap et