525.Az

"Azərbaycan tarixi məsuliyyətin öhdəsindən layiqincə gəldi"


 

"AVROPA OYUNLARI PREZİDENT-XALQ BİRLİYİNİN TƏNTƏNƏSİNİ BİR DAHA NÜMAYİŞ ETDİRDİ"

"Azərbaycan tarixi məsuliyyətin öhdəsindən layiqincə gəldi"<b style="color:red"></b>

İyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisinin peşə bayramına və 2014-2015-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

DİN-in mətbuat xidmətindən "525"ə verilən xəbərə görə, mərasimdə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov Polis Akademiyasının müəllim və müdavim heyətini əlamətdar hadisələr münasibətilə təbrik edib.

Ramil Usubov təntənəli mərasimdə çıxış edərək Milli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladağı Fərmanla iyulun 2-ni Azərbaycan Polisi günü elan etdiyini xatırladıb. O, çoxminli asayiş keşikçiləri nəslinin Vətənə və xalqa xidmətlərini özündə əks etdirən, mərdlik, şücaət və qəhrəmanlıqlarla zəngin olan bu tarixin 1918-ci il iyulun 2-də Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində asayişi mühafizə dəstələrinin yaradılması ilə başlandığını diqqətə çatdırıb.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən  sonra ölkəmizdə yaranmış mürəkkəb vəziyyət, daxili çəkişmələr, özbaşınalıq, hüquq mühafizə orqanlarının fəaliyyətsizliyi və bütün bunların məntiqi nəticəsi olaraq sabitliyin pozulmasının respublikamıza çox böyük zərbə vurduğu, onu dağılmaq həddinə çatdırdığı bildirilib.
 
O deyib ki, belə ağır vəziyyətdə xalqın tələbi ilə 1993-cü ilin iyununda respublikaya siyasi rəhbərliyə qayıdan Milli Lider Heydər Əliyev ölkəni vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etdi:
 
"Bu qayıdış digər sahələrlə bərabər, Daxili İşlər Nazirliyi sistemində də köklü dönüş mərhələsi oldu və sonrakı illərdə polisin keçdiyi yolun şərəf tarixinə çevrilməsində müstəsna rol oynadı. Ulu Öndər fəaliyyətimizin qanunçuluq, xalqa və dövlətə sədaqət, milli maraqlara xidmət kimi prinsiplər üzərində qurulmasının möhkəm təməlini yaratdı, hüquqi əsaslarının müəyyən edilməsi üçün 34 qanun, 100-dən çox fərman və sərəncam imzaladı. Onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində uğurları təmin edən çox böyük işlər görüldü. Artıq 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 1992-ci illə müqayisədə 67 faizdən 95 faizə yüksəldi, ümumi cinayətlərin sayı 31 faiz, bağlı qalmış cinayətlər 13 dəfə azaldı. Müstəqillik illərində polis və Daxili Qoşunlar asayişi və daxili təhlükəsizliyi cəsarətlə qoruyub, ən çətin anlarda Vətənə sədaqətlə xidmət ediblər. Respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşən 1695 əməkdaşımız və hərbi qulluqçumuz şəhid olub, 1710 nəfər yaralanıb. Göstərdikləri şücaətə və igidliyə görə 67 nəfər "Milli Qəhrəman" adına, 1143 nəfər orden və medallara layiq görülüb. Sonrakı illərdə də daxili işlər orqanlarının şəxsi heyətinin fəaliyyəti gərgin olub. Təkcə onu demək kifayətdir ki,  cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 95 polis əməkdaşı həlak olub, 2514 nəfər xəsarət alıb".  

Nazir qeyd edib ki, 2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoyub: "Həmin ildən başlayaraq onun rəhbərliyi altında aparılan quruculuq işləri, islahatlar, xalqımız və dövlətimiz üçün çox mühüm olan layihələrin reallaşması Daxili İşlər Nazirliyini, onun orqan və hissələrini də əhatə etdi. Məhz cənab Prezidentin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında Nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə əhəmiyyətli  işlər görüldü. Ötən 12 ildə fəaliyyətin qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması, cəmiyyətin maraqlarına tam cavab verməsi məqsədilə 421 fərman və sərəncam imzalandı. Nazirliyin büdcəsi 11 dəfə artdı, infrastrukturu yeniləndi, maddi-texniki bazası əsaslı surətdə təkmilləşdi. Struktur qurumlar, o cümlədən, ərazi polis orqanları və Daxili Qoşunlar üçün 362 sosial obyekt tikildi, 4 mindən çox nəqliyyat vasitəsi alındı".

R.Usubov bildirib ki, ölkə başçısının vətəndaşlarımızın ərizə və şikayətlərinə həssaslıqla yanaşılması, qanunla qorunan hüquq və mənafelərinin etibarlı müdafiəsi barədə tələb və tapşırıqlarının icrası məqsədilə "102" zəng mərkəzi və "Təhlükəsiz Şəhər" sistemi, "qaynar xət"lər, veb-saytlar, habelə 40-dan çox informasiya resursu yaradılıb. "Korrupsiyaya qarşı mübarizəyə dair" Milli Fəaliyyət Planlarına müvafiq olaraq, orqan və hissələrin işində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında təşkili, informasiya əldə olunmasının asanlaşdırılması, etik davranış qaydalarının təkmilləşdirilməsi ilə bağlı konkret tədbirlər görülüb və bu gün də davam etdirilir:

"Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun həyata keçirilən kompleks tədbirlər, o cümlədən, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində sistemli fəaliyyət orqan və hissələrdə qanunçuluğu əhəmiyyətli dərəcədə möhkəmləndirib. 2014-cü ildə və cari ilin ötən dövründə 65 mindən çox ərizə və şikayət araşdırılıb, Nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən paytaxtda və respublikanın müxtəlif bölgələrində 5 minə yaxın vətəndaş qəbul edilib. Bütün müraciətlər üzrə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, əksəriyyəti yerində həll olunub".

Daha sonra daxili işlər naziri ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin və ictimai qaydanın nümunəvi təmin edilməsinin uğurlu nəticələri barədə ətraflı məlumat verib. Natiq vurğulayıb ki, artıq neçə illərdir Azərbaycan ictimai asayişin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 12 ildə orta hesabla 233 fakt olmaqla əksər dünya ölkələri ilə müqayisədə bir çox hallarda dəfələrlə azdır.

Bu dövrdə cinayətlərin illik orta açılması 88 faiz olub, 4 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda olan 41 minə yaxın təqsirləndirilən şəxs tutulub. Əllərdə qanunsuz saxlanılan 13 min odlu silah yığılıb və onun tətbiqilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalıb. Məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir.

Bildirilib ki, ölkə Prezidentinin rəhbərliyi altında həyata keçirilən mühüm işlərin məntiqi nəticəsi olaraq, Azərbaycan, özünün sabit və təhlükəsiz ölkə imicini tam təsdiqləyib. Təsadüfi deyil ki, respublikamız son illər dünyanı bürüyən problemlərdən çıxış yolunu arayan zirvə görüşlərinin, beynəlxalq konfransların, humanitar forumların keçirildiyi qlobal mərkəzə çevrilib. Bu səviyyəli tədbirlər isə yalnız sabitliyin ən yüksək standartlarını təmin edən, müvafiq imkanları və  şəraiti olan dövlətlərdə mümkündür.

I Avropa Oyunları kimi möhtəşəm idman tədbirinin Bakıda keçirilməsi və uğurla başa çatması barədə danışan nazir xüsusilə vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və gərgin əməyi, Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çox yüksək təşkilatçılıq bacarığı və böyük xidmətləri sayəsində ölkəmiz üzərinə götürdüyü öhdəliyi cəmi 27 ay ərzində yerinə yetirdi. Dövlətimizin qarşıya qoyduğu hədəflərə çatmasında son 10 ildə ölkədə idmanın inkişafı, xüsusən kütləviliyinin təmin edilməsi üçün həyata keçirilən mühüm tədbirlərin, o cümlədən, onlarca müasir Olimpiya mərkəzinin inşa edilib gənclərimizin istifadəsinə verilməsinin də böyük rolu olduğu diqqətə çatdırılıb.

O qeyd edib ki, ilk Avropa Oyunları üçün heç bir təcrübənin və standartın olmamasına baxmayaraq, "Bakı - 2015" dünyada ən yüksək idman standartlarını təqdim etdi: "Respublikamız, onun bütün dövlət strukturları və vətəndaş cəmiyyəti üzərinə düşən tarixi məsuliyyətin öhdəsindən layiqincə gəldi. Bütün Azərbaycanda 17 gün əsl bayram ab-havası hökm sürdü. 1996-cı ildə müstəqil dövlət kimi Olimpiya Oyunlarına 23 idmançı ilə qatılaraq yalnız bir gümüş medal əldə edən ölkəmiz  artıq ilk Avropa Oyunlarında yüksək nəticələr göstərərək 21-i qızıl olmaqla 56 medal qazandı, qitə ölkələri arasında ikinci yeri tutdu. Ümumən, Azərbaycan, bu mühüm əhəmiyyətli tədbiri keçirməklə dünyaya açıq ölkə olduğunu bir daha təsdiqlədi, sülhün, dostluğun, milli həmrəyliyin, Prezident-xalq birliyinin təntənəsini bir daha nümayiş etdirdi". 

Mərasim iştirakçılarının nəzərinə çatdırılıb ki, Daxili İşlər Nazirliyinin I Avropa Oyunları zamanı ictimai asayişin təmin edilməsinə cəlb olunan 25 mindən çox əməkdaşı və hərbi qulluqçusu qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələrək əsl vətənpərvərlik, yüksək əzm və peşəkarlıq nümayiş etdirib. Bu yarışların ölkəmizin adına və nüfuzuna layiq bir səviyyədə, təhlükəsizlik və əmin-amanlıq şəraitində keçməsi üçün digər dövlət orqanları ilə birgə böyük  bir fəaliyyət ortaya qoyub. Nazir xidməti vəzifələrin icrasında göstərdikləri köməyə görə vətəndaşlara, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Hökumətin,  Milli Məclisin, hüquq mühafizə və xüsusi xidmət orqanlarının, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların rəhbərlərinə və nümayəndələrinə dərin minnətdarlığını bildirib, həmçinin, gənc əməkdaşların formalaşmasında böyük işlər görən veteranlara təşəkkür edib.

General-polkovnik Ramil Usubov beş il Polis Akademiyasında mükəmməl təhsil almış, müxtəlif biliklərə yiyələnmiş, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması kimi çətin, lakin çox şərəfli bir peşəni seçmiş müdavimlərə aldıqları nəzəri bilikləri praktikada uğurla tətbiq etmələrini, qabaqcıl təcrübədən yararlanmalarını, yenilikləri mənimsəmələrini, dünyagörüşlərini və peşəkarlıqlarını daim artırmalarını, xalqa sədaqətlərilə polis adını həmişə uca tutmalarını tövsiyə edib. O deyib ki, vətəndaşlarımız polisin peşəkarlığına, qətiyyətinə güvənir və öz hüquqlarının qorunmasını ona etibar edir.

O, ictimai asayişin qorunmasında və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqlənən şəxsi heyətin fədakar əməyinin ölkəmizin başçısı tərəfindən həmişə yüksək qiymətləndirildiyini xatırladıb. Nazir builki peşə bayramı ərəfəsində də ölkə Prezidentinin sərəncamları ilə 41 əməkdaşın orden və medallarla təltif edildiyini, 3 rəhbər vəzifəli şəxsə ali xüsusi rütbələr verildiyini diqqətə çatdırıb.

Mərasimdə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da çıxış edib və Prezident İlham Əliyevin təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırıb. O qeyd edib ki, polis orqanları 97 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətimizin əsas dayaqlarından birinə çevrilib, müstəqilliyin, dövlətçiliyin qorunmasında və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayıb. Bu dövr ərzində Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atıb, qanunun aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təmin olunması, ictimai qaydanın və təhlükəsizliyin etibarlı qorunması kimi çətin, məsuliyyətli  vəzifələrin öhdəsindən layiqincə gəlib.

Akademiyanı fərqlənmə ilə bitirmiş polis baş leytenantı Yusif Hüseynov müdavimlərə olan diqqət və qayğıya, aldıqları mükəmməl təhsilə görə Nazirliyin rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkür edib, göstərilən yüksək etimadı doğruldacaqlarını bildirib.

Tədbirin sonunda  daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş iki məzuna - Cavid Mirzəliyə və Yusif Hüseynova diplomları və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını təqdim edib.

Əlaçı məzun Şahin Qasımov yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.

Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər "Azərbaycan Polisi" marşını ifa ediblər.               

Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.

Təntənəli mərasim başa çatdıqdan sonra Polis Akademiyasının müdavimləri üçün 400 yerlik yataqxana binasının aşılışı olub.

Yataqxana ilə yaxından tanış olan nazir Ramil Usubov yataqxana binasının ən müasir tələblər səviyyəsində tikilməsindən və burada müdavimlərin normal yaşayıb fəaliyyət göstərmələri üçün yaradılmış şəraitdən razılığını bildirib, Akademiyanın rəhbərliyinə bu yöndə konkret tapşırıq və tövsiyələrini verib.

Açılış mərasimində iştirak edən müdavimlərin valideynləri yüksək diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

 





03.07.2015    çap et  çap et