525.Az

Bələdiyyənin "ASAN" inkişaf yolu


 

Bələdiyyənin "ASAN" inkişaf yolu<b style="color:red"></b>

Son illər yerli özünüidarəetmə sistemiylə  bağlı apardığımız müşahidələrdən belə qənaətə gəlmək olar ki,  Azərbaycan bələdiyyə sisteminin ən böyük uğuru cəmiyyətdə özünü bir struktur olaraq tanıtması olub. Ancaq bununla yanaşı, ötən on beş ildəki fəaliyyəti təhlil etsək bu gün formalaşan bələdiyyələrin həqiqətən ciddi problemləri olduğunu görmək olar.

Bir məqamı qeyd edək ki, əgər on il ərzində bələdiyyənin maliyyə inkişafında  ciddi   bir artım olmayıbsa, demək  sistemin sürətli inkşafından danışmaq hələ tezdir.  2007-ci ildə əlli milyon manat gəlir əldə edən bələdiyyələr bu rəqəmi hələ ki təkrar edə bilməyiblər. Əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına  görə,  2014-cü ildə ölkə bələdiyyələri 49 milyon manat maliyyə vəsaiti toplaya biliblər.

Bu yazıda mövcud durumu təhlil etməklə vəziyyətdən çıxış yolları barədə fikirlərimi bölüşmək istərdim.

Beləliklə, "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin apardığı təhlillərdən belə qənaətə gələ bilərik.

1.Mərkəzi icra strukturları bələdiyyə qanunvericiliyinə aid normativ-hüquqi sənədlərin vaxtında, fərmanlarda göstərilən tarixlərə uyğun şəkildə, yerinə yetirməli olduqlarını unutmamalıdırlar. Bu gün konkret şəkildə demək olar ki, fəaliyyəti ləğv edilmiş  Dövlət Torpaq  və Xəritəçəkmə Komitəsi ötən illərdə atdığı addımlarla bələdiyyə sisteminin inkişafını irəliyə aparmaq əvəzinə daim maneə yaratmışdır.

Hərrac komissiyalarının yaradılması, bələdiyyələrin mülkiyyətinə verilən torpaq fondlarının böyük əksəriyyətinin şəhadətnamələrini bu günədək  bələdiyyələrə verilməməsi, cizgilərnən verilən torpaqların isə real və faktiki vəziyyətə uyğun olmaması təəssüf  hissi doğurur.  Bundan əlavə Hərrac komissiyaları yaradılarkən ədalət prinsipinin qorunmaması, hərrac komissiyasında rayon bələdiyyələrinin cəmi bir nəfərin təmsil etməsi  yerli orqanların haqlı narazılığına səbəb olurdu. Səhvlər, neqativ hallar belə məqamlar da özünü büruzə verirdi. Nəticədə bir nəfərin səhvi bütövlükdə sistemə şamil olunurdu.

Bundan əlavə sənədsiz mənzillər və ya əhali tərəfindən  hansısa səbəbdən uzun illər boyu    zəbt edilmiş torpaqlara görə hüquqi sənədin ala bilməməsi yerli özünidarəetmə orqanlarının maliyyə fəaliyyətinə ciddi şəkildə təsir edir. Yəni statusu olmayan  mənzillərdən və əmlaklardan vergi yığımı  qanunvericilik qaydasında mümkün deyil, bəzən yaranan anlaşılmazlıq da əhalinin narazılığına səbəb olurdu.

Bu gün ləğv edilmiş komitənin səlahiyyətləri Əmlak komitəsinə verilib. Proseslərdə müəyyən irəliləyişlər hiss  olunmaqdadır. Arzu edərdik ki, əvvəllər buraxılmış səhvlər bundan sonra təkrarlanmasın və sistemin inkişafına maneə olan bütün problemlər öz həllini tapmış olsun.

Fikrimcə, əsas diqqət Hərrac komissiyalarının formalaşmasında balansın qorunmasına, yəni bələdiyyələrin komissiyalarda təmsilçiliyinə  və sənədləşdirmə prosesində rast gəlinən süründürməçiliyin aradan qaldırılmasına yönəldilməlidir.

2. Bu gün Bakı və Bakıətrafı ərazilərdə kifayət qədər sənədsiz əmlak mövcuddur. Hazırda bu rəqəmin 500 mindən artıq olduğu deyilir. Rayonlardakı durumu da bura əlavə etsək çox böyük bir rəqəm alına bilər.  Faktiki olaraq paytaxtda beş yüz mindən artıq vətəndaş - ailə başçısı  illər ərzində qurub yaratdığı mənzilində sənədsiz yaşayır. Belə bir ciddi problem dövlət başçısının bir sərəncamıyla həllini tapdı. Komissiya yaradıldı və qanunvericiliyə dəyişikliklər edildi. Beləliklə, prosesə yaşıl işıq yandırıldı.

 

Prosesə start verilsə də bu gün tariflərin yüksək olması əhalidə marağı xeyli azaldıb.  Kənd və rayonlarda əhalinin bir sıra təbəqəsinin  gəlir səviyyəsinin aşağı olması mənzillərin sənədləşdirilməsinə imkan vermir. Nəticədə yenə bələdiyyə əlavə maliyyə vəsaitindən məhrum olur.

Bu prosesin kompleks şəkildə öz həllini  tapması üçün onun icrasının "ASAN XİDMƏT"ə  verilməsi daha düzgün addım olardı. Həm sürətlilik baxımından, həm şəffaflıq baxımından özünü təsdiqləmiş bir sturktura belə bir prosesin həvalə edilməsi vətəndaşlarda bu istiqamətdə yarana biləcək narazılığın qarşısını almış olar.

Bir məqamı xüsusi vurğulayım ki, 2014-cü ildə bələdiyyələrin qarşılaşdığı problemlərin həlliylə bağlı prezident İlham Əliyev tərəfindən istər əmlak vergisinin yığımıyla, istərsə də şəffaflıq prinsipinin qorunması və sənədsiz mənzillərlə bağlı ciddi addımlar atılmışdı.

3. Qanunvericilikdə boşluqlar və yer

lərdə paralel sturkturların olması, MKİS-lərin  qanunsuz fəaliyyətinə qanuni don geyindirilməsi bələdiyyə sisteminin inkişafına xələl gətirir. Bu arada bələdiyyə üzvlərinin və sədrlərin məsuliyyətsiz addımları bələdiyyələrin fəaliyyətinə kölgəsalan amillərdəndir. Qanunvericiliklə göstərilir ki, "MKİS"-lərin yerinə "Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti" yaradılmalıdır.  Və pilot şəklində bu proses  Bakının Binəqədi rayonunda icra olunur. Bəs bu addımın daha geniş miqyasda fəaliyyət göstərməsinə kim maneə olur?

Məsuliyyətsizlik və vətəndaş təşəbbüskarlığının aşağı olmasını əsas səbəb kimi göstərə bilərik. Yerli idarəçilikdə olan paralelliyin tezliklə aradan qaldırılması, bələdiyyələrlə yanaşı əhalinin üzərinə məsuliyyət yükünün qoyulması bir tərəfdən icra strukturlarının üzərinə düşən məsuliyyət yükü azaltmış olacaq, ikinci bir  tərəfdən vətəndaş yaşadığı ərazidəki problemin həllində məsuliyyətlə yanaşacaq.

4. Əlavə maliyyə istiqamətlərinin bələdiyyələrə verilməsi və sayının yenidən azaldılması  qanunverici orqanın diqqət mərkəzində olması məqsədəuyğundur. Avtomobillər üzrə əmlak vergisinin, avtodayanacaqlar üzrə rüsumların, alqı-satqı əməliyyatlarına şərt olaraq borcların ödənilməsiylə bağlı siyahıya bələdiyyələrə olan borcların bağlanması tələbinin qoyulması ümumi sistemin inkişafına təkan verə bilər.

Bələdiyyələr bu gün ərazilərində aparılan alqı-satqı əməliyyatlarından demək olar ki, xəbərsizdirlər. Məhz belə bir şərtin qəbul edilməsi nəticədə yerli orqanlara kifayət qədər maliyyə vəsaitinin daxil olmasına səbəb olacaq.

5. Bu gün respublikamızda formalaşan bələdiyyələrin hər  biri az da olsa öz ərazisində fəaliyyət göstərir. Konkret fəaliyyətsiz  bələdiyyələrin sayı azdır. Sadəcə bələdiyyələr  öz fəaliyyətlərini təqdim etməyi ya bacarmırlar, ya da maraqlı deyillər. Bu gün ən son yenilikləri təqdim edə bilən bələdiyyələr diqqət mərkəzində deyillər. Cəmiyyət onların fəaliyyətdən xəbərsizdir.

Demək,   bələdiyyələr  daim informasiya kommunikasiya texnologiyalarının tətbiqinə maraqlı olmaqla yanaşı, ondan lazımınca yaralanmalıdırlar. Həm internet resursun yaradılması,  həm də fəaliyyətlər haqqında ictimaiyyətə məlumatların ötürülməsində fəal olmalıdırlar. Sahə qəzetləri olan "Bələdiyyə həyatı" qəzeti və "Belediye.info" portalı vasitəsiylə qanunvericilikdə baş verən düzəlişləri öyrənə  və  görülən işləri asanlıqla təbliğ edə bilərik.

Beləliklə,  biz qısa şəkildə olsa da  bələdiyyənin  perspektiv inkişaf yollarına toxunduq. Deməliyəm ki, prosesin tezliklə həyata keçməsi üçün bələdiyyələrin üzərinə böyük məsuliyyət yükü düşür. Onlar öz fəaliyyətləriylə seçicilərinin etmadını qazanmağa çalışmaqla özlərinə əlavə maliyyə mənbələrinin və səlahiyyətlərin verilməsinə nail ola bilərlər. Odur ki, bələdiyyələrin işləməkdən başqa yolları qalmır.

 

 





03.07.2015    çap et  çap et