525.Az

"Azərbaycan xalçaları"nın 15-ci sayı işıq üzü görüb


 

"Azərbaycan xalçaları"nın 15-ci sayı işıq üzü görüb<b style="color:red"></b>

Azərbaycan, ingilis, rus dillərində işıq üzü görən "Azərbaycan xalçaları" elmi-publisistik jurnalı yeni - XV nömrəsi ilə oxucuların görüşünə gəlib.

Jurnalın üz qabığında "Bakı-2015" ilk Avropa Oyunları münasibətilə "Azər-İlmə"də toxunmuş xalçanın fotoşəkili yer alıb. Nəşrin səhifələrində bu möhtəşəm idman, eyni zamanda mədəniyyət bayramı əhatəli şəkildə işıqlandırılıb, açılış mərasimini əks etdirən fotoşəkillər verilib. Azərbaycanın həyatında mühüm hadisə olan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən tədbirlər, təqdimatlar haqqında rəsmi xəbərlər təqdim olunub.

Oxucular sənətşünaslıq və tarixşünaslıq sahələri üzrə ixtisaslaşmış jurnalın bu nömrəsində də Azərbaycan tarixinə və mədəniyyətinə, incəsənətinə dair materiallarla, müəllif yazıları ilə tanış ola biləcəklər. Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun "Azərbaycan xalçaçıları: Qazaxdan Borçalıyadək", professor Şahin Fazilin "Xanlıqlar dövründə Qubada xalçaçılıq sənətinin inkişafı", tarixçi Şahin Əhmədovun "Kolanı tayfası", biologiya elmlər doktoru Mayis Qasımovun və professor Vidadi Muradovun "Yun ipin boyaq bitkiləri ilə boyanması" və s. kimi məqalələr tarix, sənət problemlərinə həsr edilib. Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Məhəmmədxan Məhəmmədxanovla müsahibə Azərbaycan və Dağıstanın xalçaçılıq ənənələrinə, həmçinin REA Dağıstan Elmi Mərkəzinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun "Azər-İlmə" ilə elmi əməkdaşlıq əlaqələri, həyata keçirilən fundamental tədqiqat işləri, ekspedisiyalar haqqındadır.
 
"Tərcümələr" rubrikasında İranda yaşayan Şahsevən tayfalarının toxuduqları cecimlər, dünya şöhrətli balet ustası Rudolf Nureyevin Paris şəhəri yaxınlığındakı rus qəbristanlığındakı xalça çeşnili mozaika ilə işlənmiş məzarı haqqında təqdim olunub. Rəngarəng illüstrasiyalar, miniatürlərdən seçmələr, xalça və xalça məmulatlarının fotoşəkilləri məqalələrin əyaniliyini təmin edir.

Jurnalın baş redaktoru "Azər-İlmə"nin rəhbəri, Əməkdar incəsənət xadimi Vidadi Muradovdur.

 

 





03.07.2015    çap et  çap et