525.Az

Ölkədə aparılan uğurlu iqtisadi siyasət Ağcabədidə aqrar sahənin inkişafını sürətləndirib


 

Regionların sosial-iqtisadi inkişafının təşfiq edilməsi

Ölkədə aparılan uğurlu iqtisadi siyasət Ağcabədidə aqrar sahənin inkişafını sürətləndirib<b style="color:red"></b>

Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində Ağcabədi rayonunun sosial-iqtisadi göstəriciləri yüksəlib, bütün sahələrdə olduğu kimi kənd təsərrüfatının da inkişafında uğurlar qazanılıb.

Rayonda aqrar sahənin inkişaf etdirilməsi sosial-iqtisadi inkişafı sürətləndirməklə, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalını artırıb. İstehsal edilən bir sıra kənd təsərrüfatı məhsulları nəinki rayonun, eləcə də ölkə əhalisinin tələbatının ödənilməsində, respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Aqrar sahənin inkişafı ilə bağlı dövlətimizin başçısı tərəfindən imzalanan sərəncamlar, əkin sahələrinin becərilməsi üçün istehsalçılara verilən subsidiyalar, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə və texnika ilə təmin olunması nəticəsində son illərdə Ağcabədi rayonunda kənd təsərrüfatı məhsulları istehsalı xeyli artıb.

Aqrar sahənin inkişafına və sahibkarlığa göstərilən dövlət qayğısı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, rayonda 4000 başlıq "Aqat-aqro" iribuynuzlu heyvandarlıq kompleksi, Cəfərbəyli kəndində ölkədə ilk böyük keçi təsərrüfatı, 5000 ton tutumu olan taxıl anbarı, Aşağı Avşar kəndində tutumu 1000 ton, Rəncbərlər kəndində tutumu 5000 ton olan soyuducu anbar kompleksləri, ölkədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatı yaradılıb. Bu dövrdə rayonda aqrar sahə ilə birbaşa bağlı olan 250 ton sutkalıq istehsal gücünə malik "Atena" süd emalı kombinatı, Xocavənd kəndində ət kəsimi kombinatı kimi iri istehsal müəssisələri fəaliyyətə başlayıb, "Gilan Holding" şirkətinə məxsus sutkalıq istehsal gücü 20 ton olan süd zavodu inşa edilib.

Rayonda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Son illərdə rayonda müasir heyvandarlıq komplekslərinin yaradılması, sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanların satılması və heyvanlar arasında aparılan süni mayalanma tədbirləri genişləndirilib.

Rayonda yaradılan ən nümunəvi heyvandarlıq komplekslərindən biri Ağabəyli kəndindəki 4 min başlıq "Aqat-aqro" MMC-dir. İribuynuzlu heyvandarlıq kompleksi müasir ferma avadanlığı - avtomatik yönləndirmə və yemləmə sistemləri, birdəfəyə 40 baş inəyin sağılmasına imkan verən karusel tipli avadanlıq, soyutma sistemi və sair ilə təchiz edilib. Hazırda kompleksdə 3649 baş cins heyvan, o cümlədən 1523 baş inək var. Burada istehsal edilən süd "Atena" süd kombinatının xammala tələbatının təmin edilməsində mühüm rol oynayır.

Rayonda aqrar sahəyə dövlət qayğısının təzahürü olaraq yaradılan iri sahibkarlıq subyektlərindən biri Ağabəyli kəndi ərazisində "BMS Aqro" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yaradılmış ölkəmizdə ilk böyük damazlıq keçi təsərrüfatıdır. 11 hektar ərazini əhatə edən təsəttüfat hər biri 1500 başlıq 8 fermadan, təkə, revir, çəpiş üçün binalardan, baş ofis, sağımxana və sağımxana ofisindən ibarətdir. Təsərrüfat ən müasir ferma avadanlığı - avtomatik yönəltmə və yemləmə, parallel sağım sistemi və xüsusi texnikalarla təchiz edilib, işçilərin çalışmaları və istirahəti üçün hər cür şərait yaradılıb. Təsərrüfata Hollandiya və Fransadan məhsuldarlığı və südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malik "SAANEN" və "Alpin" cinslərindən olan 4 min başdan çox keçi gətirilib. Burada keçilərdən bir gündə orta hesabla 2 tondan çox süd sağılır. Keçi südündən motal pendiri, duzlu pendir, təzə pendir, qəlib pendiri ve şüyüdlü pendir hazirlanır. Keçi südü və istehsal edilən bu məhsullar respublikamızın bir sıra bölgələrinə, o cümlədən Bakı şəhərinə göndərilir.

Bu yaxınlarda fermaya İspaniyadan 1092 baş ətlik-südlük istiqamətli "Asaf" cinsli və ətlik istiqamətli "Şarole" cinsli qoyunlar da gətirilib. Təsərrüfatda qazanılan uğurlar fərdi təsərrüfat sahiblərində də bu sahəyə maraq oyadıb. Odur ki, damazlıq keçi və qoyunlardan ibarət kiçik fermer təsərrüfatlarının yaradılması üçün ailələrə köməklik ediləcək.

Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması da uğurla həyata keçirilir. Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri və əldə edilən yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalanma tədbirlərinə marağını artırıb. Təkcə bu ilin əvvəlindən rayonda fəaliyyət göstərən 8 süni mayalanma texniki tərəfindən 2700 baş inək və düyə süni yolla mayalandırılıb, 1477 baş sağlam cins buzov alınıb. Bundan başqa bu il rayona sahibharlar tərəfindən lizinq yolu ilə 66 baş südlük istiqamətli cins iri buynuzlu heyvan gətirilib. Cari ildə rayonun Təzəkənd kəndində kiçik ailə fermer cins heyvandarlıq təsərrüfatlarının yaradılması layihəsi həyata keçiriləcək.

Əhalinin sağlamlığının qorunması məqsədilə ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunması, heyvan mənşəli xəstəliklərə qarşı vaxtında mübarizə tədbirlərinin aparılması uğurla davam etdirilir. Rayon baytarlıq idarəsi tərəfindən mütəmadi olaraq mal-qara və quşlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktik peyvəndləmə və dezinfeksiya işləri aparılır, epizootiya əleyhinə və bioloji təhlükəsizliyin qorunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Görülən işlərin nəticəsində rayonda mal-qaranın cins tərkibi yaxşılaşıb, baş sayı və heyvandarlıq məhsullarının istehsalı artıb. Belə ki, 2005-ci illə müqayisədə rayonda iribuynuzlu mal-qaranın sayı 7,2 faiz, qoyun və keçilərin sayı 3,2 faiz, ət istehsalı 20,8 faiz, süd istehsalı 39,4 faiz, yun istehsalı 3,4 faiz çoxalıb.

Respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə atılan mühüm addımlardan biri Ağcabədi və Beyləqan rayonları ərazisində 4800 hektar sahədə ölkədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatının yaradılmasıdır. "Qarabağ-Taxıl" MMC tərəfindən yaradılan təsərrüfatın fəaliyyətinin təmin edilməsi üçün dövlət tərəfindən ərazidə lazımi infrastruktur yaradılıb, meliorasiya-irriqasiya, yolların çəkilməsi və enerji təminatı həyata keçirilib. Burada süni yağışyağdırma sistemi quraşdırılıb, təsərüfatdaxili hərəkət yolları, yeraltı su və elektrik xətləri çəkilib. Əkinə hazırlıq, səpin, becərmə və itkisiz məhsul yığımının təmin edilməsi üçün əraziyə xaricdən müasir texnika və aqreqatlar, taxılbiçən kombaynlar gətirilib. Əraziyə müasir texnika və aqreqatlar vasitəsilə mineral və üzvi gübrələr verilir, yüksək reproduksiyalı toxum gətirilərək buğda, qarğıdalı, günəbaxan və soya becərilir, yüksək məhsuldarlıq əldə edilir.

Ağcabədi rayonunda əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Rayonun 65 min hektardan artıq əkin sahələri 2261 kilometr kanal, 2709 kilometr kollektor-drenaj şəbəkəsi, 62 ədəd nasos stansiyası, 863 ədəd subartezian quyusu vasitəsilə suvarma suyu ilə təmin edilir. Son illərdə rayonun Nəcəfqulubəyli kəndi ərazisində 1000 hektardan artıq əkin sahəsini suvarma suyu ilə təmin etmək üçün Qarqar çayı üzərində nasos stansiyası, 18 kilometr uzunluğunda beton üzlüklü suvarma kanalı, 9,71 kilometr uzunluğunda dren və drenaj nasos stansiyası tikilib, 17 kilometr uzunluğunda açıq suyığıcılar və drenlər yenidən qurulub. Salmanbəyli kəndində 1100 hektar əkin sahəsinin suvarılması üçün Yuxarı Qarabağ kanalı üzərində bir ədəd 3 aqreqatlı nasos stansiyası, uzunluğu 30,2 metr olan ikiaşırımlı körpü, həmçinin 6163 metr uzunluğunda 720 millimetr diametrli su borusu, hovuz inşa edilib, 2109 metr uzunluğunda beton kanal yenidən qurulub. Qiyaməddinli kəndində Qarabağ kanalı üzərində 1 ədəd nasos qurulub, 2 kilometr uzunluğunda boru xətti çəkilib. Hazırda Avşar kəndində 800 hektar əkin sahəsinin suvarılamsını təmin etmək üçün nasos stansiyasının yenidən qurulması, 5 kilometr uzunluğunda boru xəttinin çəkilməsi davam etdirilir.

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə son illərdə rayon ərazisində 200-dən artıq subartezian quyusu qazılıb. Ölkə başçısının "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamına əsasən, cari ildə rayonun kəndlərində 20 ədəd yeni subartezian quyusunun qazılmasına başlanılıb. Yeni subartezian quyularının istifadəyə verilməsi ilə rayonun 650 hektardan çox əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi regional nümayəndəliyin Hindarx qəsəbəsində fəaliyyət göstərən bölməsi kənd təsərrüfatı məhsulları istehsalçılarının müasir texnika və texnologiyalara, habelə gübrəyə olan tələbatının ödənilməsində, rayonda aqrar sahəsinin inkişafına öz töhfəsini verir. Hazırda regional bölmədə kənd təsərrüfatının müxtəlif sahələri üçün nəzərdə tutulmuş 278 texnika var. Ötən təsərrüfat ilində bölmənin köməyi ilə rayonda 3000 hektarda şum qaldırılıb, 5000 hektardan artıq taxıl və 1000 hektarda ot biçini həyata keçirilib, kənd əmkçilərinə güzəştli qiymətlərlə 1000 ton azot və superfosfat gübrələri satılıb. Bu il isə torpaq mülkiyyətçilərinə, güzəştli qiymətlərlə, 1500  ton gübrə verilib. Hazırda  olan 40 kombayn, habelə xeyli sayda nəqliyyat vasitəsi, qoşqu və digər texnika taxıl biçini kampaniyasına cəlb edilib.

Görülmüş işlər nəticəsində heyvandarlıq məhsulları kimi, bitkiçilik məhsulları istehsalında da ciddi artıma nail olunub. Belə ki, son 9 ildə buğda istehsalı 21,1 faiz, arpa istehsalı 6,6 dəfə, dən üçün qarğıdalı istehsalı 52,6 dəfə, şəkər çuğunduru istehsalı 46,1 dəfə çoxalıb. Bu gün rayonda kənd təsərrüfatı məhsullarına tələbat əsas etibarilə yerli istehsal hesabına ödənilir. Daxili bazarda məhsul bolluğu yaranıb.

Hazırda Ağcabədi rayonunda əsas diqqət "Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrasına yönəldilib. Dövlət Proqramında cins heyvandarlıq, ətlik istiqamətli quşçuluq, pambıqçılıq, tərəvəzçilik, toxumçuluq, bağçılıq və digər bitkiçilik sahələrinin inkişafı, iri taxılçılıq təsərrüfatının yaradılması, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi kimi tədbirlər nəzərdə tutulub. Əminliklə demək olar ki, 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi və üçüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində rayonda aqrar sahə daha da inkişaf edəcək.

Tahir AĞAMƏMMƏDOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

 





03.07.2015    çap et  çap et