525.Az

Mirzə Ələkbər Sabir müəllim kimi


 

ÖLMƏZ ŞAİRİMİZİN PEDAQOJİ FƏALİYYƏTİNİN ƏN MÜHÜM MƏQAMLARI BARƏDƏ BİR XATIRLATMA

Mirzə Ələkbər Sabir müəllim kimi<b style="color:red"></b>

Böyük şair Mirzə Ələkbər Sabir çoxəsrlik Azərbaycan poeziyasının ənənələrini öz yaradıcılığında əks etdirməklə yanaşı, ictimai fikrin formalaşmasında da xüsusi rol oynamış söz ustalarından biridir. "Molla Nəsrəddin" jurnalı ətrafında formalaşmış ədəbi cərəyanın ən parlaq simalarından olan Sabirin yaradıcılığının əsas mövzusu maarifə, elmə çağırışdır.

(Əvvəli ötən sayımızda) 

Mirzə Ələkbər  Məşədi Zeynal oğluna (Sabir - red.) və onunla bir yerdə imtahan verənlərə aid imtahan sənədlərini Bakı Quberniya Ruhani Məclisinin sədri, Quranın Azərbaycan dilinə ilk tərcüməçilərindən biri olan Hacı Mir Məhəmməd Kərim Hacı Mircəfərzadə, məclis üzvləri Axund Ağa Rəsulzadə (M.Ə.Rəsulzadənin atası-N.N.) və Axund Ağa Əlizadə imzalayıblar. Sənədlər baxılmaq və təsdiq olunmaq üçün aprelin 19-da Tiflisə-Zaqafqaziya Ruhani İdarəsinin sərəncamına göndərilib.

O vaxt artıq bir neçə ay idi ki, Zaqafqaziyada şeyxülislam vəzifəsi boş idi: 1879-cu ildə Qori Müəllimlər Seminariyasının müsəlman (Azərbaycan-N.N.) şöbəsi açılan gündən burada oxuyan şiəməzhəb tələbələrin ana dili və şəriət müəllimi olmuş, sonralar uzun müddət ruhani idarəsinə rəhbərlik etmiş Əbdüssəlam Axundzadə 1907-ci il noyabrın 18-də ömrünün 64-cü ilində vəfat etmişdi.

Aprelin 22-də Tiflisə çatdırılan imtahan sənədlərinə Zaqafqaziya Ruhani İdarəsinin üzvləri tərəfindən dövlət nümayəndələrinin iştirakı ilə mayın 5-də baxılır. 1908-ci il mayın 7-də Bakının Qobu kənd sakini Molla Abdulla Hacı İsmayıl oğluna, qalalı Molla Əbdülhəmid Kərbəlayı Hacı Vəli oğluna, Göyçayın Alpoud kənd sakini Mehdi bəy Molla Əbdülhəsən Kərbəlayı İsmayıl oğluna və şamaxılı Mirzə Ələkbər Məşədi Zeynal oğluna prixod mollası və müəllimlik attestatı (diplomu yox- N.N.) verilir.

Mirzə Ələkbərin bəxtinə 944 nömrəli attestat düşür.

M.Ə.Sabir müəllim işləmək üçün attestatı Şamaxı Əhli-Təsənni Ruhani İdarəsinin xəttilə də ala bilərdi. Şeirlərinin birində yazdığı kimi, onun babası sünni, nənəsi isə şiə idi. Onun sünni ruhani məclisinin sədri Hacı Məcid Əfəndi Əfəndizadə ilə səmimi dostluq münasibəti vardı. 1908-ci il fevralın 29-da vəfat edən Məcid Əfəndinin matəminə Sabirin iki mərsiyə yazması bu münasibətdən irəli gəlirdi.

Mirzə Ələkbər Məşədi Zeynal oğlu Bakı Quberniya Şiə Ruhani İdarəsinə müəllimlik attestatı almaqdan ötrü göndərdiyi ərizəni Məcid Əfəndinin ölümündən 17 gün əvvəl - fevralın 12-də yazmışdı.

Sabirin Bakı Quberniyası Şiə Ruhani İdarəsindən attestat almaq istəyi onun

Zaqafqaziya Müəllimlər Seminariyasında şiəməzhəb uşaqlara dərs deyən Firudun bəy Köçərlinin yüksək vəzifəyə gedəcəyi təqdirdə boşalacaq yerdə işləmək arzusundan irəli gəlmişdi. Təəssüf ki, bir neçə kitab müəllifi olan, ədəbiyyatımızın tarixini həm rusca, həm də azərbaycanca yazan, Sokratın təlimini "Təlimati- Sokrat" adı ilə tərcümə edərək pedaqoji elmimizi zənginləşdirən, bacarıqlı tərcüməçi olan F.Köçərlinin ali təhsili olmadığı üçün nəzərdə tutulan istək reallaşmadı. Başqa sözlə, Sabirin Qərbə istiqamətlənmiş yürüşü də məhz buna görə baş tutmadı.

Əhvali-ruhiyyəsi gərginləşən, artıq səkkiz övlad atası olan şair (yeddi qızdan sonra Sabirin bir oğlu da dünyaya gəlmişdi) ailəni müəllim işləmək yolu ilə saxlamaq qərarında israrlı olur.

M.Ə.Sabir 1908-ci ilin iyun ayında "Tazə həyat" qəzetində Bakıda təzə açılan "Səadət" adlı məktəbə iki müəllim tələb olunduğunu oxuyur. O, tərəddüd etmədən məktəbin rəhbərliyinə yazılı şəkildə müraciət edir, lakin Sabirin müəllim işləmək, cəhalət qaranlığında əzab çəkən vətən övladlarına dərs demək, onlara maarifin işıqlı yollarını göstərmək arzusu baş tutmur: attestatlı şairin ümid dolu məktubu cavabsız qalır.

1908-ci ilin sentyabrında Şamaxıda "Ümid məktəbi" adı ilə bir təhsil ocağı açılır. Sabir çətinlik çəkmədən bu məktəbə işə düzəlir. Bu işdə M.Ə Sabirə o vaxtlar Bakı-Dağıstan Məktəblər İdarəsinin inspektoru (müfəttişi) S.M.Qənizadənin kömək etdiyi şübhəsizdir. Məktəbdə Sabirlə yanaşı, Hacı Baba Zamanov soyadlı gənc bir müəllim də işləyirdi. O,Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu idi.

Bu faktları da xatırlamaq yerinə düşür ki, S.M.Qənizadə Qərb təmayüllü ali pedaqoji təhsil almış ilk azərbaycanlılardan biridir: S.M.Qənizadə, onun həmşəhərlisi Həbib bəy Mahmudbəyov, qutqaşınlı (indiki Qəbələ-N.N.) Süleyman bəy Əbdürrəhmanbəyov 1887-ci ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutunu bitirmişdilər.

S.M.Qənizadə H.Mahmudbəyovla birlikdə 1887-ci ildə Bakıda yeni tipli təhsil ocağı -"Rus-Müsəlman məktəbi" yaratmış, qısa bir müddətdə belə məktəblərin sayı xeyli artmışdı.

"Məktəb" jurnalının 1912-ci ildəki 21-ci nömrəsində S.M.Qənizadənin türk dünyasının görkəmli ziyalılarından biri olan məşhur pedaqoq və mühərrir İsmayıl bəy Qaspralı ilə maarif cəbhəsindəki iş birliyindən söz açılır. Yazıdan aydın olur ki, S.M.Qənizadə və İ.Qaspralı Türküstanda-Səmərqəndə "Rus-Müsəlman Məktəbi" yaratmışdılar.

1910-cu ilin əvvəllərində Sabir Bakıya gəlir, S.M.Qənizadənin köməyi ilə, "Nəşri-maarif" cəmiyyətinin xətti ilə açılan Balaxanı kənd məktəbində işə düzəlir. Sabir bu məktəbdə bir ildən artıq işləyir. Bir neçə ay xəstə yatan Sabir 1911-ci il iyulun 12-də dünyasını dəyişir.

Hələ attestat almamışdan əvvəl xalq içində Mirzə Ələkbər kimi tanınan, ana dili ilə yanaşı, fars və ərəb dillərini də şeir yazmaq dərəcəsində mükəmməl bilən, dövrün vacib və qaçılmaz tələbi ilə rus dilini də öyrənməyə məcbur olan Mirzə Ələkbər Məşədi Zeynal oğlu Tahirzadənin (Sabirin, Hop-hopun, Ağlar-Güləyənin, Çaydaçapanın, Nizədarın, Dindirəyinin, Dindarın, Ə.S.Şirvaninin...) məktəbdəki müəllimlik fəaliyyəti cəmi üç il davam edir.

Yaxşı müəllimlərin yaxşı şagirdi olan, xalq pedaqogikasının incəliklərini mükəmməl bilən, Azərbaycan dilinin musiqi və təranələrini bu dili bilənə də, bilməyənə də sevə-sevə sevdirən M.Ə.Sabirin ictimai-siyasi həyatımızdakı, mənəvi dünyamızdakı müəllimliyi isə dünya durduqca, ağıllı sözə ehtiyac duyulduqca davam edəcək.

Nazim NƏSRƏDDİNOV
Əməkdar müəllim

 





03.07.2015    çap et  çap et