525.Az

Vətəndaş amalı və əqidəyə sədaqət


 

MİLLƏT VƏKİLİ, YAZIÇI-DRAMATURQ, PROFESSOR HÜSEYNBALA MİRƏLƏMOVA YUBİLEY MƏKTUBU

Vətəndaş amalı və əqidəyə sədaqət<b style="color:red"></b>

Əziz Hüseynbala müəllim!

Ədəbiyyat qəzetinin 26 iyun 2015-ci il tarixli sayında vətənin ali mükafatı -"Şöhrət" ordeni ilə təltif olunmanız barəsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı və anadan olmanızın 70 illiyi ilə bağlı AYB-nin ətraflı təbrikini oxuyub sevindim. Səni ürəkdən təbrik edirəm, əziz dostum!

Sən çağdaş Azərbaycan ədəbi-ictimai mühitində görkəmli alim və yazıçı-dramaturqsan, həm uzaqdan, həm də yaxından aydın görünən bütöv bir şəxsiyyətsən. Təsadüfi deyil ki, sənə "Şöhrət" ordeni "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə" verilib.

Mən sənin zəngin və çoxcəhətli yaradıcılığın haqqında səmimi fikirlərimi "Yazıçı ömrünə uvertüra" (2010) adlı monoqrafiyamda əks etdirmişəm.

Sən təkcə doğulduğun müqəddəs ocağa, təkcə cənub zonasına deyil, bütöv Azərbaycana sədaqətlə xidmət edən görkəmli bir ziyalısan. Azərbaycan xalqının və millətimizin tarixi taleyi üçün məsuliyyət, dövlətçiliyə ehtiram, müstəqil respublikamızın elminə və çoxəsrlik ədəbiyyatına vətəndaş amalı ilə xidmət sənə nüfuz gətirən əsas cəhətlərdir.

Sən həyatda və sənətdə əbədini ötəridən ayırmağı bacaran bir şəxsiyyətsən. Bəşəriyyətin yolu nadanlıqdan insanlığa doğru gedir. Zehninin bütün imkanları, qəlbinin bütün enerjisi ilə sən bu yolda addımlayanlara kömək edirsən.

Əzizim! Mən dost olmağı və dostluğu qorumağı bacaran adamam. Dostluq heç vaxt qocalmayan, əbədi fidan qalan elə ali duyğudur ki, ömrün sonuna qədər, körpə uşaq ata və ananın qayğısına möhtac olduğu kimi hər iki tərəfin sevgisinə möhtac olur. Dostluq bir-birinə sədaqət, səmimiyyət, qarşılıqlı həssaslıq bağlayır.

Sənin yaradıcılığını təhlil etmək fikrində deyiləm. Bunun üçün hələ vaxtımız olacaq. Təkcə bunu qeyd edim ki, "Gəlinlik paltarı", "40-cı otaq" romanları, "Xəcalət" və "Cəza" povestləri çağdaş Azərbaycan nəsrinin sayılıb-seçilən nümunələridir.

Əziz qardaşım! Səninlə görüşlərimizi həyatın dəyərli anları hesab edirəm. Bizi birləşdirən şəxsiyyət bütövlüyü, yüksək mənəvi ideallar, dinimizə ehtiram, vətənsevərlik və kişilikdir. Bunları qorumasaq yaşamağın mənası yoxdur.

Əziz dostum, Hüseynbala!

70 yaşını səmimi qəlbdən təbrik edir, sağlamlıq və böyük uğurlar arzulayıram.

Köhnəlməyən köhnə dostun

Nizaməddin Şəmsizadə

 





02.07.2015    çap et  çap et