525.Az

Xalqa, dövlətə və prezidentə sadiqlik nümunəsi


 

AZƏRBAYCAN POLİSİNİN PRİORİTET VƏZİFƏLƏRİ

Xalqa, dövlətə və prezidentə sadiqlik nümunəsi<b style="color:red"></b>

Bu il Azərbaycan polisi özünün 97 yaşını Bakı-2015 Birinci Avropa Oyunlarının möhtəşəmliyi, hələ uzun müddət davam edəcək böyük əks-sədası, qüdrətli vətənimizin daha böyük bir ilkə imza atmağının xoş təəssüratları, idmançılarımızın, bütövlükdə Azərbaycanın qələbələri fonunda qeyd edir.

2015-ci ildə Azərbaycan üçün, bölgə üçün, nəinki Avropa, həm də dünya üçün tarixi idman hadisəsi baş verdi və təkcə idman hadisəsi yox. Ölkənin birinci xanımı, millət vəkili, xoşməramlı səfir Mehriban xanım Əliyevanın rəhbərliyi ilə yaradılmış Təşkilat Komitəsi isə ən xırda məsələlərə belə çox böyük həssaslıqla yanaşaraq həll etməklə Azərbaycanın zirvəni fəth etməsinə xüsusi xidmətlər göstərdi. Təşkilat Komitəsinin sədri Oyunların açılış törənində "Bu gün burada biz tarix yazırıq. Azərbaycan xalqı tarix yazır" bəyanatını verməklə dünyanın diqqətini tarixi hadisənin baş verdiyi məkana yönəltdi. "Bakı-2015"ə ev sahibliyi edən Azərbaycan bütün dünyaya sübut etdi ki, ölkəmiz qüdrətli, müstəqil və suveren dövlətdir. Burada sabitlik və təhlükəsizlik hökm sürür və bu məsələ dövlətin ali rəhbərinin-möhtərəm prezidentimiz cənab İlham Əliyevin gündəlik nəzarətindədir. Azərbaycanın həll edə bilməyəcəyi məsələlər isə yoxdur.

2003-cü ildə dövlət başçısı seçilən möhtərəm prezidentimiz cənab İlham Əliyev deyirdi: "İndi bizim qarşımızda nadir imkanlar var. Sabah, ondan sonrakı illərdə necə olacaq? Elə etməliyik ki, güclü dövlət yaradaq, müstəqilliyimizi daha da möhkəmləndirək. Azərbaycanın potensialını bütöv şəkildə insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldək. Bizim proqramımız budur: azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət, ölkəmizin maraqlarının tam şəkildə qorunması".

Dövlət başçımız özünün şəxsiyyətinin gücü, alternativsiz siyasəti, ölkəmizin maraqlarını böyük dövlət başçısı, Ümummilli Lider Heydər Əliyev kimi qorumaqla sübut etdi ki, əgər vəd veribsə, deməli, hökmən icra olunacaq. İndi yalnız revizionistlər, Azərbaycanın düşmənləri və gözü götürməyənləri, xəbis və iblislər iddia edə bilərlər ki, xeyr, elə deyil! Bəli, həmin qrup elə də düşünməli, yazmalı və danışmalıdır. İndi heç kəsə sirr deyilki, Azərbaycanın əleyhinə çox böyük maliyyə dəstəyinə malik erməni lobbisi, ikiüzlü beynəlxalq təşkilatlar, ikili standartların başbilənləri, riyakar siyasət dəllalları, həm də riyakar dövlətlər və dövlət başçıları işləyirlər. Prezident İlham Əliyevin yalnız və yalnız Azərbaycanın millli maraqlarını tam şəkildə qorumağa xidmət edən müstəqil siyasəti bir sıra böyük güclərin xoşuna gəlmir. Onlar isə artıq ifşa olunublar. İfşa olunduqca da daha da azğınlaşırlar. Lakin hər dəfə də başları əhlət daşına dəyib məyus olurlar. Böyük dövlət xadimi U.Çörçillin məşhur bir deyimi var: "Siyasətçi başını itirməkdən yox, simasını itirməkdən qorxmalıdır". Dünyaya hökm etmək istəyən bir çox siyasətçilər isə simalarını çoxdan itiriblər.

Bəs Azərbaycanın bu uğurlarının mayasında nə durur? Prezidentin xalq, dövlət, Azərbaycan üçün yaşayıb işləməsi, xalqın da dövlət başçısının siyasətini  tam dəstəkləməsi. Bütün müvəffəqiyyətlərin rəhni Prezident- Xalq tandemindədir.

Azərbaycanda hüquqi-demokratik dövlət qurmağın əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyuldu və möhkəmləndirildi. İndi onun müəyyənləşdirdiyi xətt möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu dövlətin əsas hədəflərindən başlıcası sabitlik və təhlükəsizlikdir. DİN və onun strukturları məhz bu məqsədə xidmət edir. Ən vacibi odur ki, indi Azərbaycan vətəndaşı "demokratiya ixrac edən" ölkələrinin sakinlərindən onunla fərqlənir ki, o, olay yerinə gələn polisin belindəki tapancadan atəş açıla biləcəyini ağlına belə gətirmir. Avropanın göbəyində, okeanın o tayında, cinayətkar rejimin hökm sürdüyü Ermənistanda və bəzi MDB ölkələrində baş verən misli görünməmiş polis zorakılıqları Azərbaycan üçün tamamilə yaddır. Azərbaycan polisi vətəndaşların hüquq və azadlıqlarını, qanuni haqlarını, sabitliyi və təhlükəsizliyi şərəflə, ləyaqətlə qoruyur. Əgər ölkəmizin son 24 illik tarixi salnaməsi obyektiv araşdırılarsa qısa zaman kəsiyində ölkəmizin keçdiyi tarixi inkişaf yolu, o cümlədən də DİO-nun bir güc strukturu kimi hansı mərhələlərdən keçdiyi aydın görünər. Artıq çalxalanmalar və bulanmalar, qabarmalar və çəkilmələr çoxdan geridə qalıb. Deqredasiyalar və mənəvi aşınmalar barədə isə indi elmi araşdırmalar aparmaq olar. Bütün bunlara isə  həm Ulu Öndərin, həm də cənab prezidentin DİN və onun strukturlarına göstərdiyi böyük diqqət və qayğının nəticəsində nail olunub. Ali Baş Komandan cənab İlham Əliyev deyir: "Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə icra edir. Azərbaycanın hərtərəfli inkişafında, ictimai asayişin qorunmasında, sabitliyin saxlanılmasında çox önəmli rol oynayır. Mən Azərbaycan polisinin inkişafı üçün bütün lazımi tədbirləri görürəm. Ancaq polis işçiləri də, əlbəttə, öz fəaliyyətləri ilə, öz hərəkətləri ilə elə etməlidirlər ki, xalq tərəfindən daha böyük hörmətə layiq olsunlar".

Hədəf açıq-aydın göstərilir: xalq tərəfindən daha böyük hörmətə layiq görülmək. Xalqın daha böyük hörmətini isə yalnız savadlı, peşəkar kadrlar, dövlətini, xalqını, prezidentini sevən əsl Azərbaycan vətəndaşları olan polis işçiləri qazana bilərlər. Fəxrlə demək olar ki, bu gün DİO-da xidmət edən və bu tələblərə cavab verən bütöv bir nəsil yetişdirilib. Bu nəslin yetişdirilməsi üçün isə planlı surətdə aparılan gərgin iş və illər lazım gəlib. DİN rəhbərliyi səhvləri islah edə-edə, nöqsanları aradan qaldıra-qaldıra, qarayaraları isə kəsib ata-ata hazırda əldə olunan uğurlara imza atıb.

İndi informasiya texnologiyası dövrü olduğundan yazını statistik rəqəmlərlə yükləməyə dəyməz. İstənilən şəxs DİN-in daim açıq olan saytına daxil olmaqla cinayətkarlığa qarşı aparılan mübarizə, ölkədəki kriminogen durum, axtarışda olan şəxslər, cinayətkarlığın dinamikası ilə bağlı qonşu ölkələrlə müqayisəli faktları da çox asanlıqla əldə edə bilər.

Ümumi şəkildə isə real mənzərə belə ifadə oluna bilər: Görülən işlərin nəticəsidir ki, hələ də MDB-nin bəzi ölkələrində, Avropanın bir sıra dövlətlərində, "mələksima Amerika"nın bir çox ştatlarında mövcud olan kriminal özbaşınalığa çoxdan son qoyulub. Son qoyulub ona görə ki, Ali Baş Komandan cənab İlham Əliyev bu güc strukturunun möhkəmləndirilməsi, onun Konstitusiya və qanunlarla müəyyənləşdirilmiş vəzifələrə sədaqətlə xidmət etməsi üçün lazım olan bütün tədbirləri görür. Nəticədə DİN və onun strukturlarında aparılan islahatlar idarəetmənin daha təsirli formalarının yaradılmasına, onun effektiv fəaliyyət göstərməsinə, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli formada qorunmasına xidmət edir. İllərin imtahanı sübut edib ki, nazirliyin rəhbərliyinin kredosu belədir: işdə səhv və nöqsan da ola bilər. Ancaq bir məsələdə səhv ola bilməz. Dövlətə sədaqət andına xəyanət etmək olmaz! Vətənə, xalqa, prezidentə sədaqət andına xəyanət etmək olmaz!.

Zamanla, dəyişən dünya ilə yeni vəzifələr meydana çıxır. Transmilli cinayətkarlıq, kiber hücumlara, beynəlxalq narkotrafikin sərhədlərini genişləndirməsi, terrorçuluq, beynəlxalq aləmdə özünə xüsusi yer istəyən silah qaçaqçıları, mafioz qruplar və s. kimi cinayətlər indi yeni vəzifələr müəyyənləşdirir. Bu vəzifələr isə yeni düşüncə tərzi, yüksək savad və hazırlıq, peşəkarlıq və çeviklik tələb edir. Odur ki, Azərbaycan polisinin özü də gözlərimiz önündə gözəgörünən və hiss olunacaq dərəcədə dəyişir. İndi o, nə ötən əsrin əvvəllərindəki polis, jandarma, nə Sovet dövrünün milisi, nədə müstəqilliyin bərpasının ilk illərində olduğu kimi başkəsən, quldurluq edən, "razborşik"deyil. İndi o, Azərbaycan Konstitusiyası, prezidentin fərman və sərəncamları, daxili nizamnaməyə uyğun aşkarlıq şəraitində fəaliyyət göstərən qanun keşikçisidir. O, indi sivil, bəşəri dəyərlərə söykənən, hüquqi-demokratik Azərbaycan dövlətinin əsas sütunlarından birinin-DİO-nun əməkdaşıdır-istər sıravi polis əməkdaşı olsun, istər zabit, istər ali rütbə sahibi. Tələblərdə vahidlik prinsipi Azərbaycan polisini nizamı, seçilmiş, seçkin qiymətə layiq bir güc strukturunun əməkdaşı etməklə yanaşı, əyər-əksiyin də lazımi qəlibə salınması ilə nəticələnib. Qarşılıqlı etimad əsasında ictimaiyyətlə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qaldırılması,sabitliyin və təhlükəsizliyin təmin olunması kimi çətin işdə  sadə vətəndaşların könüllü iştirakının stimullaşdırılması ümumi işə böyük töhfə verir. Artıq cəmiyyətdə belə fikir formalaşıb və oturuşub ki, heç kəs heç kimi qanuni hüquq və mənafelərindən məhrum edə, heç bir cinayətkar cəzasız qala, heç kəs özünü imtiyazlı qrupun üzvü saya bilməz. Məşhur bir deyim var: " Cəzalandırılmış cinayətkar bütün yaramazlar üçün nümunədir. Günahsız cəzalandırılmış isə bütün namuslu insanların vicdan məsələsidir". Bu deyim ədalətin təntənəsinin mahiyyətini açır. Ədalət isə nəinki bərpa olunmalıdır, həm də görünəcək və hiss olunacaq dərəcədə bərpa olunmalıdır. DİN də ölkənin digər hüquq-mühafizə orqanları ilə birlikdə məhz bu məqsədə xidmət edir. Əgər kimsə dövlətin, xalqın mənafelərini özünün konyuktur maraqları ilə səhv salır, özünə toxunulmazlıq sərhədləri cızmağa cəhd edir, qanunun aliliyini gözardı etməyə çalışırsa bu onların problemləridir. Bu tip insanlar qarşılarında Azərbaycan polisini görəndə isə  nə çaşmalı, nə də təəccüblənməlidirlər.

Azərbaycan şəffaf evdir. Burada hər şeyi hər zaman müşahidə etmək olar. O cümlədən də DİO-nun fəaliyyətini. Biz sizinlə birlikdə ağır cinayətlər törətmiş adamlar, cinayətkarlar barədə, cinayətə meylli insanlar haqqında polisin gördüyü qanuni tədbirlərin bəzi xarici və yerli mətbuat orqanlarının konyuktur və qərəzli maraqlarının ifadəsinin də şahidi oluruq. Lakin bütün xarici təzyiqlərə, təxribatlara, həm də qarayaxmalara baxmayaraq DİN və onun strukturları qərar qəbul edərkən kiminsə xoşuna gəlib gəlməməsindən asılı olmayaraq qanunları tətbiq edirlər. Eyni zamanda qərar qəbul edərkən sosial kontekstə əhəmiyyət verirlər. Hüquq və onu formalaşdıran cəmiyyət arasında hər zaman bir balans olmalıdır -prinsipi DİN-in fəaliyyətində açıq-aydın görünür.

Azərbaycanın müstəqilliyini nə qədər çox müdafiə edirsə, ona qarşı təxribatlar da bir o qədər çoxalır. Haqlı mübarizəmizdə həmişə öz sözünü deyən DİN və onun strukturlarının isə özəl yeri var. Orada müstəqilliyimizə, təhlükəsizliyimizə, ictimai asayişimizə, diş qıcardanlara qarşı ürəyini sipər edən və edə biləcək Azərbaycan polisinin vüqarlı siması görünür. Əgər biz ötən 97 ilə nəzər salsaq aydın olar ki, DİN və onun strukturları asayişi mühafizə dəstələrindən müstəqil dövlətin ən zəruri təsisatlarından birinə çevrilib. Onun ölkə həyatında müstəsna yeri, rolu olub, var və olacaq. Həm də o səbəbdən idi ki, hələ ADR dövründə ölkəmizin ilk baş naziri Fətəli xan Xoyski həm də daxili işlər naziri idi. Ümumiyyətlə, bütün zamanlarda, hər bir dövlətdə Daxili İşlər Nazirliyinin yeri və rolu müstəsnadır. Və bu müstəsnalıq o zaman ölkə həyatının lokomotivinin gücünə zəruri güc qatır ki, DİN rəhbərliyi xüsusi peşəkarlıq və təşkilatçılıq qabiliyyətinə, qətiyyətə, həlledici məqamlarda həlledici qərarlar qəbul etməyə, ölkədə və dünyada gedən prosesləri lazımınca təhlil edib doğru nəticələr çıxara bilsin. Ən başlıcası isə xalqa, dövlətə, Ali Baş Komandanına tam sədaqətlə xidmət etsin. Elə buradaca Ümummilli Lider Heydər Əliyevin və möhtərəm prezidentimiz cənab İlham Əliyevin Azərbaycan polisinin fəaliyyətinə verdiyi qiymətləri qeyd etməklə yazıya nöqtə qoymaq olar.

Bayramınız mübarək olsun!

Ümummilli Lider Heydər Əliyev: " Polis, Daxili İşlər Orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə, Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir, hər bir Azərbaycan vətəndaşına xidmət edir. Sizə inanıram, Sizə arxalanıram".

Prezident İlham Əliyev: "Mən şübhə etmirəm ki, ölkəmiz daha da güclənəcək. Azərbaycanda insanlar rahat şəraitdə, sülh şəraitində yaşayacaqlar. Asayiş qorunacaq, sabitlik möhkəm olacaq. Bu işdə polisin üzərinə xüsusi bir vəzifə düşür. Azərbaycan polisi bu vəzifələri ləyaqətlə icra edir. Görülmüş bütün   işləri yüksək qiymətləndirirəm. Arzu edirəm ki, bundan sonra da doğma vətənə öz xidmətlərini göstərsinlər".

 





02.07.2015    çap et  çap et