525.Az

Braziliya-Çin strateji tərəfdaşlığının perspektivləri


 

Braziliya-Çin strateji tərəfdaşlığının perspektivləri<b style="color:red"></b>

1990-cı illərin əvvəllərində "Soyuq müharibə"nin başa çatması nəticəsində beynəlxalq səhnədə baş verən sistemli dəyişikliklər Braziliyanın xarici siyasətinə öz təsirini göstərdi.

Fernandu Kollorun prezidentliyi dövründə (1990-1992-ci illər) Braziliyanın Qərbin inkişaf etmiş ölkələri ilə yaxınlaşması inkişaf etməkdə olan ölkələrin ziyanına olsa da, ümumilikdə, buna bəraət qazandırmaq olar. Braziliya rəhbərliyi "itirilmiş 1980-cı illər"dən sonra öz mövqelərini və etibarı bərpa etməyə çalışırdı. Həmin illərdə Braziliya xarici borc böhranı, valyuta stabilsizliyi, inflyasiya, habelə iqtisadiyyatın staqnasiyasını yaşayırdı.

Braziliyadan fərqli olaraq, o dövrdə Çin ikitərəfli münasibətlərdə tərəqqi üçün yollar axtarırdı. ÇXR beynəlxalq təcriddən çıxmaq, itirdiyi strateji mövqeləri bərpa etmək, habelə ölkədə modernləşmə proseslərini inkişaf etdirmək zərurəti qarşısında idi. Bunun üçün Kommunist partiyasının rəhbərliyi islahatları sürətləndirmək, habelə xarici ölkələrə münasibətdə "açıqlıq" siyasətini yürütmək qərarına gəldi. 1990-cu illərin əvvəllərində həm Braziliya, həm də Çin əmtəə dövriyyəsinin genişləndirilməsi istiqamətində səmərəli tədbirlərin işlənməsi ilə bağlı çətinliklərlə üzləşirdi. Əmtəə dövriyyəsi əsasən dəmir filizi, aqrar və qara metallurgiya məhsullarından (Braziliya) və kimyəvi, tibbi məhsullar, maşın və elektronikadan (Çin) ibarət idi.

Braziliyada hakimiyyətə İtamar Franku hökumətinin gəlməsi (1992-1994-cü illər) ilə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında saziş imzalandı (1993-cü il). Burada əsas diqqət iqtisadi münasibətlərin inkişafı (ölkələr arasında əmtəə dövriyyəsinin tədricən və permanent şəkildə artırılması, elmi-texniki əməkdaşlığın genişləndirilməsi) üzərində cəmləşdirilirdi. Bu, Yerin süni peyki layihələrinin işlənməsi ilə bağlı birgə proqramların işə salınmasına gətirib çıxardı. Həmçinin qlobal və regional strukturlarda siyasi əməkdaşlığın möhkəmləndirilməsinə yönələn tədbirlər də görüldü.

Braziliya ilə Çinin münasibətləri Fernandu Enriki Kardozunun prezidentliyi dövründə (1995-2002-ci illər) xeyli möhkəmləndi. Həmin dövrdə münasibətlər yeni səviyyəyə yüksələrək təkcə iqtisadi deyil, həm də strateji və siyasi sahələri də əhatə etdi. Braziliya Çinin ÜTT-yə üzvlüklə bağlı səylərini dəstəkləyən ilk ölkələrdən biri oldu. Latın Amerikasının bu nəhəng ölkəsi Vaşinqtonla Pekin arasında ABŞ hərbi hava qüvvələri təyyarəsinin ÇXR-in hava məkanını pozması nəticəsində yaranan böhranın tənzimlənməsində də böyük rol oynadı.

Kardozunun prezidentliyi dövründə Braziliya mallarının Çinə ixracı iki dəfə artdı. 2002-ci ilə yaxın ÇXR Braziliyanın ikinci iqtisadi tərəfdaşı oldu. Lakin Braziliya-Çin əməkdaşlığında əsas nailiyyət Yerin orbitinə peyklərin çıxarılması ilə bağlı ikitərəfli proqramın işlənməsi oldu. СBЕRS (China-Brazil Earth Resources Satellite) adlanan bu proqram dörd peykin işlənməsini, istehsalını və buraxılmasını nəzərdə tuturdu. Peyklərin vəzifəsi iqlimin monitorinqini keçirmək, torpaqdan istifadə sahəsində layihələri sistemləşdirmək, habelə su ehtiyatlarını idarə etmək idi. Birgə Braziliya-Çin peyklərindən birincisi Yerin orbitinə 1999-cu ildə çıxarılmışdı.

Bu gün Braziliya-Çin münasibətləri inkişaf etməkdə olan dünyanın bu iki nəhəng ölkəsinin müxtəlif səviyyəli əlaqələrindən ibarətdir. ÇXR-in xarici işlər naziri Van İnin sözlərinə görə, "yeni iqtisadi subyektlərin mühüm hissəsi olan Braziliya-Çin münasibətləri ənənəvi ikitərəfli əlaqələr sferasının hüdudlarından kənara çıxaraq strateji əhəmiyyət kəsb etməyə başlamışdır". Çinlə Braziliyanın əməkdaşlığı Cənub-Cənub xətti ilə münasibətlərin dərinləşdirilməsini, inkişaf etməkdə olan ölkələrin qanuni hüquqlarının müdafiəsini, habelə beynəlxalq birliyin balanslaşdırılmış və sülhsevər əlaqələrinin formalaşmasını dəstəkləyir.

1993-cü ildə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasından sonra onlar arasında münasibətlər tamamilə yeni səviyyəyə yüksəldi ki, bu da Çin-Braziliya iqtisadi münasibətlərinin hərtərəfli inkişafının, iki ölkənin liderləri arasında əlaqələrin intensivləşməsinin, habelə siyasi sahədə qarşılıqlı inamın artmasının nəticəsi oldu. Ölkələr arasında beynəlxalq münasibətlərin bir çox mühüm məsələləri (iqlim dəyişikliyi, BRİKS çərçivəsində əməkdaşlıq, "İyirmilər qrupu" iqtisadi forumu, beynəlxalq maliyyə strukturlarında islahatlar və s.) üzrə qarşılıqlı anlama müşahidə olunmqdadır.

Braziliya ilə Çin arasında strateji tərəfdaşlıq haqqında saziş hələ 1993-cü ildə imzalansa da, ikitərəfli qarşılıqlı əlaqələr yalnız L.İ.Lula da Silvanın prezidentliyi dövründə xüsusi çalarlar aldı. Əməkdaşlığın intensivləşməsi Braziliya ilə Çinin bugünkü ikitərəfli münasibətlərinə yeni təkan verdi. Öz növbəsində bu, əmtəə dövriyyəsi ilə iqtisadiyyatın müxtəlif sahələrinə qarşılıqlı investisiyaların artmasının nəticəsi oldu. Hər iki ölkə rəhbərlərinin ikitərəfli əlaqələrinin intensivləşməsi siyasi səviyyədə uğurlu əməkdaşlığa nümunə oldu. L.İ.Lula da Silvanın və Dilma Ruseffin prezidentliyi illərində ali və yüksək səviyyədə 15-dən çox ikitərəfli səfərlər, o cümlədən hər iki ölkənin rəhbərlərinin beş qarşılıqlı rəsmi səfəri baş tutdu. 2008-2009-cu illərdə Braziliya prezidenti L.İ.Lula da Silva və ÇXR-in lideri Hu Szintao ikitərəfli görüşlərdə, habelə müxtəlif beynəlxalq sammitlər çərçivəsində doqquz dəfə görüşmüşlər.

Dilma Russefin 2011-ci ildə Çinə rəsmi səfəri zamanı Çin rəhbərliyi Braziliyanın BMT TŞ-nin daimi üzvü olmaq niyyətini dəstəklədiyini bildirmişdi. Kommünikedə qeyd olunurdu ki, "Çin Braziliyanın Qərb yarımkürəsində rolu və nüfuzuna böyük əhəmiyyət verir və Braziliya rəhbərliyinin BMT-də rolunu getdikcə artırmaq niyyətini dəstəkləyir". Lakin praktikada bu cür bəyanatlar reallaşmadı, çünki Çin Braziliyanın ardınca BMT TŞ-də daimi üzv kürsüsünü Yaponiyanın tuta biləcəyindən ehtiyatlanır. Yaponiya Braziliya ilə birgə G-4 adlanan qrupa daxildir.

Braziliya və Çin beynəlxalq səhnədə ikitərəfli səviyyədə də ortaq problemlərlə üzləşir. 2008-ci ilin beynəlxalq iqtisadi böhranı başladıqdan sonra Braziliya və Çin hər iki dövlətdə onun neqativ nəticələrini yumşaltmaq məqsədi ilə daimi məsləhətləşmələr aparır. Birgə fəaliyyət planını daha səmərəli yerinə yetirmək üçün 2011-ci ildə Braziliya prezidenti Dilma Ruseff və ÇXR-in baş naziri Ven Tszyabao ikitərəfli əməkdaşlığın intensivləşdirilməsi üzrə 10 illik plan imzaladılar. 2012-2021-ci illər üçün nəzərdə tutulan həmin plan aşağıdakı bölmələri əhatə edir: elm, texnologiya, innovasiyalar və kosmos. Bu plan üzrə əməkdaşlığın prioritet istiqamətləri kimi bərpa edilən enerji mənbələri, bioenergetika, nanotexnologiya və biotexnologiyalar müəyyən edilmişdi. Energetika və faydalı qazıntılar sahəsində əməkdaşlıqdan başqa, imzalanmış plan Çinin dünyada rəqabət üstünlüyünə malik olduğu sahələrdə də əməkdaşlığa çağırır. Bu, dəmir yol bağlantıları, liman qurğuları və tərsanələri layihələridir.

Hal-hazırda Çin Braziliyanın ən iri ticarət tərəfdaşına və sərmayəçisinə çevrilmişdir. 2013-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 83,3 mlrd. dollar təşkil etmişdir ki, bu da 2012-ci illə müqayisədə 10% artıqdır.

Çinlə Braziliyanın qarşılıqlı münasibətləri Çinin Latın Amerikası regionunda özünün əsas tərəfdaşları üçün müəyyən etdiyi prinsiplər üzərində qurulur. Bu, şəhərlə kəndin qovuşmasının ərzaq və uzunmüddətli istifadə mallarının istehlakının artmasına gətirib çıxaran nəhəng daxili bazarı doldurmaq üçün xammal ixracını nəzərdə tutur. Çinin maldarlığın yem bazası kimi soya tədarükçülərini, yanacaq və enerji daşıyıcısı kimi isə neft tədarükçülərini axtarması Latın Amerikası ölkələrinin ticarət balansının xeyli dərəcədə bu "Asiya nəhəngi"ndən asılılığına gətirib çıxarır. 2013-cü ildə Braziliya üçün ticarət balansının mənfi saldosu 8,7 mlrd. dollar təşkil etmişdir ki, bu da 2012-ci illə müqayisədə 25% çoxdur.

Çinin kapital qoyuluşları üçün imkanları genişdir. Bunun Braziliya kimi öz xüsusi vəsaitlərinin zəif olduğu ölkələr üçün böyük əhəmiyyəti vardır. 2004-2012-ci illərdə Braziliyada Çin kapitalının iştirakı ilə 25 mlrd. dollar həcmində 120 layihə həyata keçirilirdi. Bu kapital qoyuluşları Braziliyanın Mərkəzi Bankının apardığı statistikada çox vaxt öz əksini tapmır, çünki Çin kapitalının iştirakı ilə layihələr çərçivəsində bəzi əməliyyatlar üçüncü ölkələr vasitəsilə həyata keçirilir.

Braziliya bazarında Çinin iştirakı 2014-cü ildə "Petrochina" və "CNOOC" neft şirkətlərinin Campo de Libra (Rio-de-Janeyro ştatı) yataqlarının işlənməsində iştirak etməyə başlamasından sonra daha da genişləndi. Hər iki şirkət Braziliyanın "Petrobras" dövlət neft şirkəti ilə, habelə Hollandiya və Braziliyanın "Shell" və Fransanın "Total" şirkəti ilə birgə 12 mlrd. barel neft olan dərin yataqların işlənməsi ilə bağlı konsorsium yaratdılar.

Digər tərəfdən, Braziliya və Çin sahibkarları Şurasının məlumatlarına görə, ÇXR-də cəmi 57 Braziliya müəssisəsi fəaliyyət göstərir. Onların 51%-i xidmət, 28%-i sənaye, 21%-i isə təbii ehtiyatların hasilatı sahəsində ixtisaslaşıb. Çin iqtisadiyyatında Braziliya investisiyaları zəifdir və Braziliyanın bütövlükdə xarici investisiyalarının cəmi 0,06%-ni təşkil edir. Bu, onunla izah olunur ki, Çin hökuməti son onilliklərdə xarici investisiyaları "filtrdən keçirmək və keyfiyyətini yüksəltmək" siyasətini yürüdür. Bu isə Braziliya investisiyalarının ÇXR iqtisadiyyatına hərəkəti doğru yolunda maneələr yaradır.

Çinlə Braziliya arasında aviasiya sahəsində də əməkdaşlıq inkişaf edir. 2013-cü ilin aprel ayına olan məlumata görə, "Embrayer" şirkəti Çinə 136 təyyarə tədarük etmiş, bununla da özünün regionda iştirakını 80% artırmışdır. Şirkətin prezidenti Paulo Sezar Silva 2013-cü ildə demişdi: "Dünyada "Embrayer" markalı təyyarələrin ən çox tədarük olunduğu ölkə Çindir".

İki ölkənin iqtisadi və siyasi əməkdaşlığı ilə yanaşı, mədəniyyət və təhsil sahəsində əlaqələri də qeyd etmək lazımdır. İkitərəfli mübadilələr xalqlar arasında qarşılıqlı anlaşmanın və yaxınlaşmanın vacibliyindən xəbər verir. Ölkələr arasında akademik əməkdaşlığı genişləndirmək öhdəliyi isə prezident Dilma Ruseff administrasiyasının həyata keçirdiyi "Sərhədsiz elm" proqramına tam uyğundur. 2012-ci ildə Braziliya və Çin hökumətləri tərəfindən 2015-ci ilə qədər Çin universitetlərində Braziliya tələbələrinə 5 minə yaxın yer təklif edilməsi ilə bağlı saziş imzalanmışdır. Hətta həmin sazişə görə hər il ÇXR Braziliya tələbələrinə 250 təqaüd də təqdim edəcəkdir.

Yekun olaraq qeyd etmək olar ki, Çin-Braziliya əməkdaşlığının hər iki ölkə üçün müstəsna əhəmiyyəti vardır ki, bu da onları faktiki olaraq bir-birindən asılı vəziyyətə salır: iqtisadi artımını davam etdirmək üçün Çinə Braziliyanın kənd təsərrüfatı malları, metallurgiya məhsulları və faydalı qazıntıları lazımdırsa, Braziliyanın Çinin investisiyalarına və texnologiyalarına ehtiyacı var. Braziliya-Çin münasibətlərində gözə çarpan problem Braziliya investorlarının ÇXR-də zəif iştirakıdır. Bu, bir çox mənada Çin hökumətinin tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin nəticəsi olmuşdur.

XXI əsrdə Cənub-Cənub xəttində əməkdaşlığın gücləndiyi də göz önündədir ki, bu da BMT, BRİKS, G-20 kimi nüfuzlu beynəlxalq təşkilat və qruplarda müxtəlif siyasi məsələlər üzrə mövqelərin əlaqələndirilməsində öz ifadəsini tapmışdır. Lakin bir çox problemlərdə, məsələn, Braziliyanın BMT TŞ-də daimi üzvlüyə namizədliyinə dəstək verilməsi və s. kimi problemlərdə ziddiyyətlər qalmaqdadır.

Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, Braziliya ilə Çinin əməkdaşlıq potensialı kifayət qədər yüksəkdir və perspektivdə münasibətlər daha da intensivləşərək yeni səviyyəyə yüksələ bilər.

Newtimes.az
Rafael Hüseynov, Tarix üzrə fəlsəfə doktoru

 





01.07.2015    çap et  çap et