525.Az

"Sarkisyanın proseslərdən geri çəkilməsi etirazçıları daha da ruhlandırıb"


 

"Sarkisyanın proseslərdən geri çəkilməsi etirazçıları daha da ruhlandırıb"<b style="color:red"></b>

"Ermənistan dövləti iki sistemli böhran yaşayır. Ermənistanda baş verən son hadisələr yəni, elektrik enerjisi tariflərinin qalxması ölkə əhalisinin, xüsusilə gənclərin məlum reaksiyası onu göstərdi ki, əslində bu böhran özünün yeni dağıdıcı mərhələsinə daxil olmaqdadır". 

Bu barədə  Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib. Onun sözlərinə görə, təbii ki, bu vəziyyətdə Ermənistan prezidenti Serj Sarkisyan problemlərdən çıxış yolları axtarır. Politoloq hesab edir ki, bütün bunlar hadisələrin  3 ssenari üzrə davam etdiyini göstərir: "Birinci ssenari ondan ibarətdir ki, president Serj Sarkisyan əlində olan xüsusi mühafizə orqanlarını, polis, güc strukturlarını nümayişlərin əleyhinə yönəldir. O, insanlara qəddarlıq edərək qan içərisində problemi həll etmək istəyir. Amma hadisələrin gedişatı göstərdi ki, artıq bu üsul effekt vermir. Hazırda rəsmi İrəvanda daha çox insan "Azadlıq" meydanına toplaşmaqdadır. Ümumiyyətlə, Sarkisyanın hakimiyyətdən getməsi istefalar tələbi ilə daha çox eşidilməkdədir. İkinci ssenari odur ki, hakimiyyət gənclərin etiraz mitinqləri qarşısından geri çəkilir və onların güzəştlərini yerinə yetirməyə başlayıb. Artıq bu ikinci versiyanın elementləri tam da olmasa müəyyən mənada Sarkisyanın həmin qəbul olunmuş qərarın dayandırılması ilə bağlı yanaşmasını göstərir. Əslində o öz mahiyyətini dəyişməyib".

E.Nəsirli əlavə edib ki, Sarkisyanın proseslərdən geri çəkilməsi də lazımi effekti də verməyib əksinə etirazçıları daha da ruhlandırıb: "Üçüncü variant Serj Sarkisyanın hər zaman istifadə etdiyi üsuldur. İşğalçı ölkənin prezidenti daxili auditoriyanın etirazlarını neytrallaşdırmaq, daxili ictimai-siyasi gərginliyi zəiflətmək üçün diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə çalışır. Danılmaz faktdır ki, onlar bu versiyadan hər zaman istifadə ediblər. Hətta onlar ötən ilin iyul ayının sonu, avqust ayının əvvəlində bu üsuldan istifadə etdilər. Amma nəticə çox acınacaqlı oldu. Azərbaycan ordusu onlara layiqli cavabı verdi və böyük itkilərlə üzləşdilər".

 Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli isə Ermənistanda etiraz aksiyalarının davam etdiyi bir zamanda Rusiyanın bu ölkənin ordusuna maliyyə yardımı etməsinə münasibət bildirib. O deyib ki, Ermənistan Rusiyanın hərbi siyasi müttəfiqidir. Siyasi şərhçinin sözlərinə görə, Rusiya bu ölkəyə bütün sahələrdə mütəmadi olaraq yardımlar edir: "Şübhəsiz ki, atılan hər bir addım bilavasitə Ermənistanın himayəsi kimi dəyərləndirilməlidir. Amma bu himayə ona görə deyil ki, Rusiya müttəfiqlik öhdəliklərinə uyğun şəkildə addım atmağı sevən bir dövlətdir və öz müttəfiqləri ilə münasibətlərdə səmimidir. Ermənistan Rusiya üçün bir forpostdur. Ermənistan vasitəsilə yaradılmış münaqişələr Rusiyanın Cənubi Qafqazda öz nəzarətini qorumaq, saxlamaq üçün vasitədir. Ermənistan o zamana kimi Rusiyaya lazım olacaq ki, işğalçı ölkə bu missiyanı yerinə yetirir. Təbii ki, sözügedən bu missiya da Ermənistanın özünə lazımdır. Himayə deyəndə əslində bu müstəvidə dəyərləndirmək lazımdır".

PƏRVANƏ

 





01.07.2015    çap et  çap et