525.Az

Azərbaycanda qaçqın və məcburi köçkünlər, əlillər və şəhid ailələri güclü qayğıyla əhatə olunub


 

ƏHALİNİN SOSİAL CƏHƏTDƏN QAYĞIYA EHTİYACI OLAN TƏBƏQƏSİNİN PROBLEMLƏRİNİN HƏLLİ İLƏ BAĞLI HƏYATA KEÇİRİLƏN TƏDBİRLƏR DÖVLƏTİN PRİORİTET MƏQSƏDLƏRİNDƏN BİRİDİR

Azərbaycanda qaçqın və məcburi köçkünlər, əlillər və şəhid ailələri güclü qayğıyla əhatə olunub<b style="color:red"></b>

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması 

Prezident İlham Əliyevin xalqın sosial müdafiəsinin gücləndirilməsi, onların bütün sosial məsələlərin vaxtında və yüksək səviyyədə həlli ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi və digər dövlət qurumları mühüm addımlar atırlar.

 Dağlıq Qarabağ problemlərindən danışarkən öncə işğalda olan torpaqlarımız diqqət mərkəzinə gəlirsə, eləcə də öz ata-baba yurdlarından, doğma od-ocaqlarından ayrı düşüb maddi və mənəvi qayğıya ehtiyacı olan qaçqın və məcburi köçkünlərin vəziyyəti də həssas yanaşma tələb edir. Azərbaycan dövləti bu diqqəti və həssas münasibəti onlardan bir an da əsirgəmir. Didərgin düşdükləri ilk illər onlar üçün çox ağır və məşəqqətli olsa da, qısa vaxt ərzində dövlətimiz tərəfindən onlara lazımi şərait yaradılıb və qayğıyla əhatə olunublar. Bu gün Bakıda və respublikamızın rayonlarında dinamik inkişaf prosesi, əhalinin rahatlığına yönələn genişmiqyaslı abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri özünü qabarıq şəkildə göstərir. Təbii ki, bütün bu inkişaf qaçqın və məcburi köçkünlərin də həyat şəraitinin yaxşılaşdırılmasına da müsbət təsir edir.

Qaçqın və məcburi köçkünlərin problemləri və onların mənzil-məişət qayğılarının həlli dövlətimizin əsas fəaliyyət istiqamətlərindən hesab olunur. Ölkəmizdə əhalinin sosial qayğıya ən çox ehtiyacı olan təbəqəsini təşkil edən qaçqın və məcburi köçkünlərin normal yaşayışı, həyat şəraitinin təmin edilməsi hökumətin sosial siyasətinin prioritet istiqamətini təşkil edir və göstərilən sahədə lazımi nəticəyə nail olunması üçün Azərbaycanın kifayət qədər böyük iqtisadi imkanları var. Bu imkandan səmərəli istifadə olunmaqla, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda əlil olmuş şəxslərin və şəhid ailələrinin dövlət büdcəsi hesabına yeni mənzillərlə təmin olunması istiqamətində mühüm addımlar atılır. Yeni mənzillər əhalinin sözügedən kateqoriyadan olan təbəqəsinin sosial durumunun, yaşayış səviyyəsinin yaxşılaşdırılması, onların rifah halının yüksəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Dövlətin bu istiqamətdə yürütdüyü məqsədyönlü siyasətin həyata keçirilməsində vacib rol oynayan qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Adıçəkilən nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirir ki, Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamı bu sahədə işlərin xeyli sürətlənməsinə şərait yaradıb: "Sərəncam 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınan, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, yəni ümumilikdə 5731 nəfər vətəndaşın 2014-2018-ci illərdə mənzil və ya fərdi evlə təmin edilməsini nəzərdə tutur. Sərəncamın icrası istiqamətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən məqsədyönlü tədbirlər görülür".

 

4500 nəfərdən çox müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib

 

Hazırda müharibə əlilləri və şəhid ailələri üçün Bakıda 12 mərtəbəli - 96 mənzilli, İmişli və Beyləqan rayonlarında hər biri 6 mərtəbəli - 54 mənzilli, Şamaxı rayonunda 4 mərtəbəli - 36 mənzilli yaşayış binaları, eyni zamanda respublikanın bölgələrində 379 ədəd fərdi ev tikilir. Eyni zamanda, Bakı şəhərində 164, Sumqayıtda 6, Gəncədə 6, Mingəçevirdə 3 ədəd hazır binalarda mənzillər alınıb və onlarda təmir işləri aparıldıqdan sonra qeyd olunan kateqoriyaya aid insanların istifadəsinə veriləcək. Ümumilikdə ölkəmizdə bu vaxta qədər 4500 nəfərdən çox müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib.

Qeyd etmək lazımdır ki, Azərbaycanda dövlət büdcəsi hesabına müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinə Ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı sayəsində 1990-cı illərin ikinci yarısından başlanılıb. Azərbaycan Respublikası Prezidentinin 29 iyul 1999-cu il tarixli 169 nömrəli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı"nda (1999-2002-ci illər üzrə) Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olan şəxslərin mənzillə təmin olunması da tədbirlərdən biri kimi əksini tapıb və bu tədbirin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

E.Babayev qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi naminə fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində mənzil növbəsinə götürülmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə deyil, yaşadıqları rayonun və ya şəhərin İH-lərinə müraciət etməlidirlər. Əlil və şəhid ailələrinin mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ya ləğv olunması müvafiq rayon (şəhər) icra hakimiyyətlərinin səlahiyyətindədir. Nazirliyin sifarişi ilə inşa edilən mənzillərin bölgüsü də məhz rayon (şəhər) icra hakimiyyətlərinin nazirliyə təqdim etdikləri mənzil növbəliliyi siyahıları əsasında aparılır.

Qeyd edək ki, məcburi köçkün olan Qarabağ əlilləri və şəhid ailələri də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə digər məcburi köçkünlərlə birgə həmin qəsəbə və komplekslərdə mənzillə təmin olunurlar.

Məcburi köçkün həyatını yaşayan vətəndaşlarımızın ailələrində böyüyən gənclərin işsiz qalmaları, əmək bazarlarına çıxışlarının məhdud olmaları, bu ailələrin mövcud olan problemlərini bir qədər də artırmaqdadır. Son illərdə ölkədə işsizlik probleminin aradan qaldırılması istiqamətində bir çox işlər görülür.

Qaçqın və köçkünlərin işsizlik problemləri həll edilir

 

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən, 2006-2015-ci illəri əhatə edən "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nda məcburi köçkünlərin məşğulluğunun gücləndirilməsi prioritet məsələ kimi qeyd olunub və bir sıra fəaliyyət istiqamətlərini əhatə edib. Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun rəsmi açılışında cənab prezident qeyd edib ki, son on il ərzində Azərbaycan Respublikasında 1 milyon 300 min iş yeri açılıb. Qeyd olunan göstəricilər "Məşğulluq Strategiyasının" uğurlu nəticələri kimi qəbul oluna bilər.

"Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Nisə Rəhimova bildirib ki, ölkəmizdə gənclərin məşğulluğunun artırılması və xüsusilə məcburi köçkün gənclərin işlə təmin olmaları dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən biridir: "İctimai sektor olaraq, dövlətin bu istiqamətdə fəaliyyətinə dəstək verməyə çalışır, Bakı şəhərində məskunlaşan məcburi köçkün gənclərin təhsil aldıqları məktəblərdə peşə seçimi sahəsində maarifləndirmə işinin aparılmasını məqsədəuyğun hesab edirik. Bu yaxınlarda icra etdiyimiz "Məcburi köçkün gənclərinin əmək bazarına çıxışının artırılması üçün məlumatlandırma sessiyalarının təşkili" layihəsi də buna xidmət edir. Layihəyə 300-dən artıq məcburi köçkün gənc qoşulub. Həmçinin "Uğur yolu" kitabı çap olunub ki, bu kitab gənclərin ixtisas seçimində ciddi dəstəkçisi olacaq. Layihəni keçirməkdə əsas məqsəd məcburi köçkün gənclərin uğurlu karyera qurmalarına və məşğulluqlarının artmasına kömək etməkdən ibarətdir. Həmçinin gənclərə öz resurslarını ölçmə bacarıqları yaratmaq, milli qanunvericiliyin onlara verdiyi əmək və məşğulluq hüquqları barədə məlumatlandırmaq, düzgün peşə seçiminə istiqamətləndirmək, əmək bazarına çıxışını asanlaşdırmaq, səmərəli işaxtarma mexanizmləri ilə tanış etmək istəyirik".

Ölkəmizdə vətəndaşların əmək bazarı ilə münasibətləri, onların işlə təmin olunması məsələləri "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Bir çox gənclərimiz, təəssüf ki, bu qanunun tələblərindən, məşğulluğun təmin olunması üçün dövlət dəstəyi almaq, iş üçün hara müraciət etmək barədə məlumatsızdırlar. Gənclərimizin əmək bazarından məlumatsız olmaları, düzgün peşələrə yiyələnməmələri və sevmədikləri, dərindən bilməkdikləri ixtisas sahibləri olmaları da onların iş tapmalarına tutarlı əngəl yaradır. Halbuki dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir, insanların məşğulluğunun təmin olunmasına güclü dəstək verir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət siyasətinin başlıca hədəflərdən biri ölkədə iş yerlərinin yaradılmasının təmin edilməsidir. Qarşıya qoyulan əsas məqsədlərdən biri bölgələrdə yeni yaradılan müəssisələrdə əhalinin iş yerləri ilə təmin olunmasıdır. Ötən müddət ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bir milyondan çox iş yerinin yaradılması, ölkə üzrə işsizliyin səviyyəsinin azaldılması bu strategiyanın mühüm müsbət nəticələr verdiyini təsdiqləyir.

Samirə QULİYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

 





01.07.2015    çap et  çap et