525.Az

"Meydan TV", yoxsa "Madyan TV"?


 

XALQA, MİLLƏTƏ VƏ DÖVLƏTƏ QARŞI DÜŞMƏNÇİLİK YOLU TUTANLARIN İÇ ÜZÜ İFŞA OLUNMALIDIR

"Meydan TV", yoxsa "Madyan TV"?<b style="color:red"></b>

Miqyasına, eyni zamanda bəşəri dəyərlərin inkişafı və tərəqqisində oynadığı mütərəqqi rola görə dünya idman tarixinin əhəmiyyətli yarışlarından biri kimi xarekterizə edilən "Bakı 2015" Birinci Avropa Oyunları başa çatdı.

SİA-nın xəbərinə görə, məhz indi təmkinlə oturub Azərbaycan üçün bu tarixi əhəmiyyət daşıyan oyunlar dövründə, ölkəmizə qarşı müəyyən anti-Azərbaycan dairələrin, erməni lobbisi və ölkə daxilində fəaliyyət göstərdiyi dəfələrlə sübut olunmuş "5-ci kalon"un çirkin kampaniyası və uğursuz qarayaxma cəhdlərini qiymətləndirə bilərik.

Adətən ölkə olaraq yeni bir uğura imza atdığımız zaman bu cür qarayaxma cəhdlərinin müxtəlif spekterlərdə təzahürləri ilə tez-tez qarşılaşırıq. Bu oyunları fürsət bilib Azərbaycanı hər an gözdən salmağa çalışanlar da cəhdlərini səngitmədi.

Təəssüf ki, müəyyən dairələrin təsirinə düşən bu soydaşlarımız öz milli kimliklərinə xəyanət edərək, cılız hisslərin qurbanı oldular və beləliklə, siyasi və maliyyə maraqlarına görə ölkəmizə qərəzli olaraq kin bəsləyən qüvvələrin əllərində maşaya çevrildilər.

Bunlardan biri də Azərbaycanın əleyhinə kampaniya aparan, erməni lobbisinin maraqlarına xidmət etmək üçün yaradılmış "Meydan TV" oldu. Bu, özünə müstəqil informasiya orqanı deyən qurum bu dəfə də Azərbaycanın və dövlətçiliyin əleyhinə yönəlmiş fəaliyyətlərin mərkəzində qərar tutdu. Saytın yaradıcıları Avropa oyunları ərəfəsində və oyunların davam etdiyi 17 gün müddətində özünün əsl mənasında simalarını ortaya qoydu, müstəqil media deyil, göstəriş qulu olduğunu təsdiqlədilər. ABŞ-dan maliyyələşən hər hansı təsisatdan bundan ayrı nə isə gözləmək də ağılsızlıqdır.

Həqiqətən bu dövr ərzində vicdansızlıqda Meydan TV-yə çatan olmadı. Azərbaycana nifrəti ilə seçilən bəzi beynəlxalq media vasitələrinə, ən dəhşətlisi erməni mətbuatına uydurma xəbərlər tirajlamaqla məşğul oldular. Təsadüfi deyil ki, qərəzli xarici media ilə yanaşı , erməni mətbuatı da Azərbaycanla bağlı yaydığı informasiyalarda birmənalı olaraq "Meydan TV"-yə istinad etdi.

Misal üçün özünü xarici turist kimi qələmə verərək televiziya ekranlarında reklam olunmağa çalışan gənc bir şəxslə bağlı videosüjetin tirajlanmasında bi qondarma media resursu xüsusi canfəşanlıq göstərdi. Ancaq o da aydın idi ki, bu, planlı şəkildə, əvvəlcədən qurulmuş bir ssenari idi. Necə ki, müxalifətin öz adamları seçki məntəqələrində "qanunsuzluq" halları yaradıb sonra da onları yayırlar, bu hadisə də həmin qəbildəndir.

O cümlədən, oyunlar ərəfəsində avtobus sürücüsünün ehtiyatsızlığı nəticəsində yaralanan avstriyalı idmançılarla bağlı həqiqətlə uzlaşmayan məlumatların qərəzli şəkildə paylaşılması və ən nəhayət Vyanada müalicə olunan avstriyalı xanım idmançının ölməsi ilə bağlı yalan məlumat yayılması bu media orqanının obyektivlik, ədalət, qərəzsizlik kimi meyarlardan uzaq olduğunu təsbit etdi. Ona rəhbərlik edən şəxslərin isə vətənpərvərlik kimi anlayışdan məlumatları olmadığı, kosmopolit ünsürlər kimi xəyanət yolu tutduqlarını göstərdi.

Dövlət rəhbərliyi də daxil olmaqla hər bir azərbaycanlının ürəkağrısı ilə qarşıladığı hadisəni "şou"ya çevirməklə "Meydan TV" nəyə nail olmaq istəyirdi ? Bu yol qəzasından özünün və "maliyyə boss"larının çirkin məqsədləri üçün itifadə edən "Meydan TV" bundan sonra necə iddia edə bilər ki, o, Azərbaycan vətəndaşlarının marağından çıxış edir? Heç bir normal azərbaycanlı bu hadisənin sui-istifadəsi ilə razılaşmazdı , amma əslən azərbaycanlı olan Emin Millinın rəhbərlik etdiyi media orqanı bu təxribata getdi.

Baxmayaraq ki, ölkə rəhbərliyinin tapşırığına əsasən Azərbaycan hökuməti adından səfirlik avstriyalı idmançıya hərtərəfli dəstək və qayğı göstərdi. Zədələnmiş idmançılar Azərbaycan hökumətinin hesabına Azərbaycan Prezidentinin təyyarəsi ilə bir neçə saatdan sonra Vyanaya çatdırıldı və səfirliyin iştirakı ilə birbaşa xəstəxanaya yerləşdirildi. Həmin gündən etibarən səfirlik həm həkimlərlə, həm də zərər çəkmiş idmançının ailəsi ilə yaxşı münasibət yaradıb və demək olar ki, onlarla hər gün təmasdadır. Səfirlik Azərbaycan hökuməti adından zərər çəkmiş idmançıları və ailələrini hər cür kömək və tibbi reabilitasiya ilə təmin etməyə hazır olduğunu açıqlayır. Bu humanist addıma və dəstəyə görə avstriyalı idmançıların ailələri Azərbaycan hökumətinə öz minnətdarlığını bildirirlər. Amma bütün bu məlumatları "Meydan TV" sanki eşitmir və görmür. Ciddi-cəhdlə yalan ölüm xəbəri yaydılar, sonda bu məlumatı da təkzib eləməli oldular. Bunu yalnız təxribat, jurnalist etikasına sığmayan hərəkət kimi qiymətləndirmək olar.

Bəli , pulu verən mahnını da sifariş edir. Maliyyəsini anti-Azərbaycan qüvvələrindən alan “Meydan TV”nin də ifa elədiyi mahnı bəlli idi. Bu özünə "müstəqil" deyən media orqanının qarşısına qoyulan məqsəd Azərbaycanı sevməyən , onun uğurlarını qəbul etməyənlərin mətbuat ruporuna çevrilmək idi.

Xatırlayırsınızsa, hələ may ayında bu media orqanı Azərbaycana qarşı kampaniyada fəallığı ilə seçildi. May ayının 22-də "Meydan TV"-də "Bakı 2015" Avropa Oyunlarının Təşkilat Komitəsinin baş nəzarətçisi Rəşad Adjalov Bakıda baş vermiş yanğın hadisəsinə etiraz olaraq vəzifəsindən istefa verdi" başlıqlı uydurma, dezinformasiya xarekterli və eyni zamanda sifarişli xəbər yayımlandı. Məqsəd yanğın hadisəsinin fonunda Birinci Avropa Oyunlarının müsbət imicini ləkələmək, anti-Azərbaycan, erməni və ermənipərəst qüvvərin qarşısında götürülən öhdəlikləri yerinə yetirməkdir.

Maraqlı burasındadır ki, Rəşad Adjalov adı Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinə yad idi . Belə bir adam orada ümumiyyətlə işləməmişdi . Məlumdur ki, yalan, iftira, şər və böhtandan ibarət bu tipli xəbərlərin ictimailəşdirilərək insanların şüuraltılarına yeridilməsi kampaniya iştirakçılarının qarşısına qoyulmuş əsas tapşırıqlardan biridir. Bu xəbəri tirajladıqdan bir gün sonra isə "Meydan TV" estafeti CİVİLNET.AM adlı erməni saytına ötürdü. Budur, artıq qondarma xəbər erməni xəbər saytının manşetindədir.

"Meydan TV" nin erməni sevgisi ən son İrəvanda baş verən hadisələrdə ortaya çıxdı. Təsəvvür edin, Ermənistanın paytaxtında böyük etiraz aksiyasıdır, hökumət qüvvələri sadə insanlara zor tətbiq edir , onlara az qala küçənin ortasında işgəncə verir və bütün dünya bundan danışır . “Meydan TV” isə Ermənistandakı hadisələrlə bağlı heç bir informasiya və foto yoxdur , adi xəbər belə yerləşdirilməyib. Nəhayət sosial şəbəkədə bu media orqanının ünvanına bu məsələ ilə bağlı tənqidi fikirlər səsləndiriləndən sonra "Meydan TV" bu xəbəri vermək məcburiyyətində qalır . Necə deyərlər, bu da əlahəzrət fakt.

Azərbaycanın ictimai-siyasi həyatına azdan-çoxdan bələd olan hər kəs bilir ki, "Meydan TV" adlı saxta media orqanının Azərbaycan ictimai rəyinə təsir qüvvəsi sıfıra bərabərdir. Heç kimə sirr deyil ki, bu dırnaqarası media orqanı fəaliyyət göstərdiyi ölkədə dəfələrlə bağlanmaq təhlükəsi ilə qarşı-qarşıya qalsa da, ehtiyac duyulduğu zaman Azərbaycan dövlətinə qarşı istifadə etmək üçün onu saxlayıblar.

Göründüyü kimi Avropa oyunları ərəfəsində və dövründə nümayiş etdirdiyi anti-milli mövqe ilə "Meydan TV" öz fəaliyyəti ilə bizə vicdansızlığın bariz nümunəsini göstərdi. Bu media orqanı, obrazlı desək, informasiya meydanında at oynatmağa çalışdı. Əslində isə ortaya əsl "madyan" nümunəsi qoydu.

Ancaq maraqlı məsələlərdən biri də odur ki, Azərbaycanda fəaliyyət göstərməyən, bu ölkənin nə hüquqi, nə də fiziki şəxsi olmayan bu qondarma "tv" ölkədə necə fəaliyyət göstərə bilir. Onun əməkdaşları Azərbaycanda akkreditasiya olunmadıqları halda necə informasiya hazırlayırlar, dövlət orqanları ilə necə əlaqə saxlayıb məlumat əldə edirlər? Axı onlar maaş alırlar və deməli, vergi ödəməlidirlər! Sosial Müdafiə Fonduna ayırmalar olmalıdır! Ortada qanun pozuntusu var və bu məsələlərə aidiyyəti orqanlar aydınlıq gətirməlidirlər.

"SƏS" İNFORMASİYA AGENTLİYİ

 





01.07.2015    çap et  çap et