525.Az

Mən aqronomam


 

On birinci yazı

Mən aqronomam<b style="color:red"></b>

Qızılgül xəstəliyi və ya bitkilərdə unlu şeh

Qızılgül Şərqin  bəzək kol bitkisidir, insan həyatının əlamətdar günlərinin rəngli və ətirli nişanəsinin  birinci gülüdür, güllərin şahıdır.  

May-iyun ayı qızılgüllərin kütləvi yetişkənlik ayıdır. Daha isti aylarda, Abşeron şəraitində iyul- avqust  aylarında güllərin açılması müvəqqəti olaraq  dayanır  və sentyabr ayının ikinci yarısından başlayaraq yenidən gül açır. Əldə edilmiş xeyli qızılgül sortları var ki, may ayından başlayaraq  ilin sonuna kimi, hətta ciddi qış şaxtaları olmazsa yanvar ayında da  butonları açılır. Vegetasiya dövründə  mənfi 3 dərəcəyə qədər belə yarpaqlarını tökmür. 

Qızılgülün vətəni İrandır, bəzi ədəbiyyatlarda Suriyanın da adı çəkilir. Bu da onu göstərir ki, qızılgül bitkisi quraqlıq və istisevən bitkidir. Təbii ki, yarpaqların bir qismi aldığı suyu məhdud buxarlandırmaq üçün tikana çevrilib,  bu da onun  uyğunlaşan xassə və əlamətinə görə quraqlıq bitkisi kimi tanınmasını təsdiq edir. İtburnu cinsindən olması da qızılgülün  quraqlığa davamlılığının genetik nişanəsi sayıla bilər. Qızılgül tikansız olmur deyənlər də öz poetik fikirlərində haqlıdırlar.

Qızılgülləri bəzən səhv olaraq yaşıl çəmənin (qazonun) sahəsində, çevrəsində sututar yerini saxlamadan, sərhədsiz əkir və fasiləsiz olaraq axşam-səhər suvarırlar. Belə halda   qazon sahəsində  qızılgüllərin qidalandırılması demək olar ki,  mümkün olmur.  Bu da qızılgüllərin  ya cılızlaşaraq öz təravətini itirməsinə, ya da tələf olmasına gətirib çıxarır.

Çalışmaq lazımdır ki, suvarma zamanı qızılgülün yarpaqlarına su çilənməsin, duzlu su günəş şüasının təsirindən yarpaq ayasını yandırır, günəşsiz  havalarda isə damlalardan göbələk xəstəlikləri əmələ gəlir. Əslində bütün bitkilər kökdən suvarılmalıdır.

Qızılgüllərin qida sahəsi, yəni cərgəarası və  bitkiarası  məsafə 1,5 metrdir. Ara məsafəsinə digər bitki və ya çiçəklərin əkilməsinə ehtiyac yoxdur. Əsas və ara yolların kənarlarına zövqlə əkilmiş  qızılgül kolları onsuz da hər kəsin könlünü oxşadığından onun yanında əkilmış ən yaxşı çiçəklər belə insanın diqqətini cəlb etməyəcək. Onsuz da uzun əsrlərdir ki, insan nəsli qızılgülləri güllərin şahı kimi təsdiq etmişdir. Təsadüfi deyil ki, respublikanın bir çox regionlarında gülçülüklə məşğul olan tanınmış qızılgül yetişdiriciləri vardır. Gəncədə, Tovuzda, Şəkidə, Zaqatalada, eləcə də Azərbaycanın digər rayonlarında  efir yağlı bitki kimi qızılgüllər yetişdirilir. Qızılgül suyu (gülab) ətri bütün müsəlman ölkələrində geniş istifadə edilməkdədir. Bir nümunəni diqqətinizə çatdırmaq istəyirəm:  "Qızılgülün ətri insanın sinir sisteminə sakitləşdirici təsir edir, stresslə və depressiya ilə mübarizə etməyə kömək edir. Qızılgül əsl təbii antidepressantdır".

İndi   qızılgül yetişdiriciləri itburnudan calaqaltı kimi istifadə edərək göz calağı vasitəsi ilə quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlı sortlar əldə edirlər. AMEA Mərkəzi Nəbatat Bağında artıq yüzlərlə belə sortlar yetişdirilmişdir. Bəzi həvəskar bağbanlar da bu işin öhdəsindən gəlirlər. Calaqla yetişdirilmiş bu cür bitkilər daşlı-çınqıllı torpaqlarda da yaxşı nəticə verir, quraqlığa, xəstəlik və ziyanvericilərə qarşı davamlı olurlar. 

Nə qədər diqqət və səy göstərilsə də, vaxtlı-vaxtında suvarılsa da, təkcə aqrotexniki qulluq göstərməklə  bitkilərdən istədiyini almaq üçün  xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq lazım gəlir. Zərərvericilər qızılgüllərin ən zərif orqanlarını zədələyir,  qönçələmə- butonazasiya zamanı qızılgüllər  tez-tez xəstəliyə  yoluxurlar.

Qızılgüllərə çanaqlı və  çanaqsız ilbislər də xeyli ziyan vurur: gecələr, sərin vaxtlarda qızılgülün ən zərif uc nöqtələrini zədələyir, gündüz, isti vaxtlarda isə torpaqda və ya sıx yerlərdə gizlənirlər. Nəticədə zədə öz işini görür,  zədələnmiş hissəyə şeh damcısı düşdüyündən həmin hissə göbələk xəstəliyinə yoluxur.

Belə xəstəliyin biri (ncisi)  unlu şeh xəstəliyidir.

Unlu şeh xəstəliyi ən çox qızılgülə ziyan verir. Bu qızılgül xəstəliyidir.  Oidium, Şibrə, Külləmə, Çor adlanan bu xəstəlik Abşeron zonası üçün də xarakterik sayılır. Xəstəliyə yoluxmuş qızılgülün yarpağı, budağı, gövdəsi,  hətta qönçəsinin üzəri sanki un kimi ağ kiflə örtülmüş olur, düzgün kimyəvi mübarizə aparılmazsa  bitki zəifləyər və ya məhv olar.

Aparılan müşahidələr göstərir ki, unlu şeh (oidium) xəstəliyinin  törədicisi son illər həddindən artıq aqressivləşib, tumurcuğun daxilində qışlayan mitsel zoğlarda şirə hərəkəti başlayan kimi həyatiliyini bərpa edir və ilkin yoluxmanı törədir. Buna görə də xəstəliyə qarşı ilk profilaktiki çiləmə tədbiri çiçəkləməyə qədər  aparılmalıdır.

Xəstəliyinin ilk nişanələri müşahidə edildikdə kükürd tozu ilə tozlama (12-15 kq/hek), Kolloid kükürdün 1%-li və Karatanın 0,2%-li məhlulları ilə çiləmə aparılması tövsiyə edilir.

Unlu şehə (Oidiuma) qarşı sistem təsirə malik, təsiretmə müddəti 18 gün, sərfiyyat norması az olan topsin-M (0,1%), Tilt (0,25%), Bayleton və Topaz kimi preparatların (0,1%) birinin istifadəsi daha məsləhətdir.

 Oidium - Unlu şeh üzüm bitkisinin də təhlükəli  xəstəliyidir və  son zamanlar çox geniş miqyasda yayılaraq məhsuldarlığa ciddi ziyan verir. Respublikamızın üzümçülüklə məşğul olan bütün bölgələrində, xüsusən də  isti və quraq rayonlarda Oidium xəstəliyi hər il baş verir. Xəstəliyin törədiciləri  tumurcuqların daxilində qışlayır, sonradan da tənəyin bütün yaşıl hissəsini sirayətləndirir. Bu zaman yarpaqlar, qönçə, çiçək, qora və salxımlar açıq kül kimi toz təbəqəsi ilə örtülür. Bunlar unlu şehin  xarakterik əlamətidir.

Müxtəlif üzüm sortlarının Oidium xəstəliyinə tutulma səviyyəsi də  müxtəlif olur. Təbrizi, Tavkveri,  Bayanşirə və s. sortları bu xəstəliyə qarşı davamsızdırlar. Ona görə də, vegetasiya dövründə həmin sortlar  3-4 dəfə dərmanlanmalıdı.Onu da əlavə edək ki, üzümdə şəkərin faizi artdıqca belə sortun oidiumla yoluxması da artır.

Oidiuma qarşı (Unlu şeh) istifadə olunan ən müasir funqisidlər təklif olunur:

Punch 40 EK - oidiuma qarşı sistem təsirli fungisiddir. Təsiredici maddəsi: flusilazol 400 qr/lt mühafizə və müalicə xüsusiyyətlidir; yeni zoğları qoruyur; 1-2 günlük yoluxma ilə də mübarizə aparmaq olur. İstifadə dozası -1000 lt suya 50-60ml-dir. Hava şəraitindən asılı olaraq dərmanlamalar arasında interval  10-14 gündür. İlk və xüsusilə də əlverişsiz hava şəraitində dərmanlamalar üçün tövsiyə edilir.

Talendo - kontakt və lokal sistem təsirlidir. Oidium (Uncinula necator) xəstəliyində istifadə edilən yeni bir funqisiddir.  Qoruyucu xüsusiyyəti vardır.  Uzun müddət (14 gün) təsir etmə qabiliyyətinə  malikdir. Hətta, yağış yağarsa belə, təkrar dərmanlamağa gərək yoxdur.

Xosrov Natil

 





01.07.2015    çap et  çap et