525.Az

"Bir sözüm var ürəyimdə" kitabının təqdimatı olub


 

"Bir sözüm var ürəyimdə" kitabının təqdimatı olub<b style="color:red"></b>

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) şair Xatirə Rəhimbəylinin "Bir sözüm var ürəyimdə" kitabının təqdimatı keçirilib.

AYB-nin katibi Rəşad Məcid tədbirdəki giriş sözündə Xatirə Rəhimbəylinin yaradıcılığı və yeni işıq üzü görən kitabı barədə fikirlərini bölüşüb:
 
"Bir sözüm var ürəyimdə" kitabında Xatirə Rəhimbəylinin son illərdə yazdığı şeirlərdən seçmələr toplanıb. İnanırıq ki, Xatirə xanımın bədii yaradıcılığı özünəməxsus məzmunuyla oxucuların zövqünü oxşayacaq".

Tədbirin aparıcısı Fərqanə Mehdiyeva X. Rəhimbəylinin həyat və yaradıcılıq yoluna nəzər salıb:

"Xatirə Rəhimbəyli 1966-cı ildə Ağcabədi rayonunun Aran kəndində dünyaya gəlib. Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alıb. Orta məktəb illərindən bədii yaradıcılıqla məşğuldur. İlk şeiri 1982-ci ildə rayon qəzetində çap olunub. 1994-cü ildən ayrı-ayrı mətbuat orqanlarında şeir və hekayələri ilə mütəmadi çıxış edir. İki şeir kitabı- 1999-cu ildə "Sevgi də dindir" və 2007-ci ildə "Sonuncu şeirdir yazıram sənə" nəşr olunub". Fərqanə Mehdiyeva şairin yaradıcılığında lirizmin üstünlük təşkil etdiyini diqqətə çatdırıb və kitabdakı şeirlərdən oxuyub.

Tədbirdə bəstəkar Tahir Əkbər, filologiya üzrə fəlsəfə doktoru Elçin Muradxanlı, şairlər Kəmaləddin Qədim, Faiq Balabəyli, İlham Qəhrəman, Oqtay Rza çıxış edərək Xatirə Rəhimbəylinin poeziyasının özünəməxsus olmasından, şeirlərində xəlqi ruhla modern təfəkkürün vəhdət təşkil etməsindən, vətənpərvərlik ruhunun öz əksini tapmasından söz açıblar.

Kitabın redaktoru Əlisəfa "Oxucu sözü" adlı önsözdə X. Rəhimbəylinin yaradıcılığını ətraflı təhlil edib:

"Yetərincə mənəvi rahatlıqda yaşayan insanlar ciddi ədəbiyyat yarada bilmirlər. Demək, bu şeirlərin yiyəsi bu sayaq zillətlərdən keçib özünün, Xatirə Rəhimbəyli Mənini görkə qoyub. Haqqın yollarında savaşçı olan o Mənin axtarışında ürcahıma daha sərrast şeiri çıxdı.
 
Xatirə xanımın sevgisi qüsursuzdu. Onun sevgi subyekti gözə görünmür, maddiləşmir. Onun sevgi mənbəyi aşağılana bilməz, iradlana bilməz. Amma elə radlarında da uca, saf sevgi sərgilənir. Xatirə xanım öz yaradıcılığını gərək olan yerdə, gərək olan səviyyədə təqdim etməkdən utanır, arlanır, özünə şair deməkdən çəkinir. Amma çağımızın şeiriyyət gülşənində Xatirə Rəhimbəyli adında -sözün çəkisini, ölçüsünü, qiymətini bilən şairə var. Onun yaradıcılıq məziyyətlərindən bir kitablıq söz demək olar. Nə qədər deyilsə də, oxucuya təqdim edilən bu şeirləri daha görklü, məzmunlu deyir. Oxusanız, hərəsi bir hadisə olan bu şeirlərə vurulmaqdan özgə yolunuz qalmayacaq".

Xatirə Rəhimbəyli öz çıxışında bu kitabı və tədbiri anasına həsr etdiyini deyib, qonaqlara minnətdarlığını bildirib. Sonda müəllif oxucular üçün kitab imzalayıb.

S.ABDULLAYEVA

 





01.07.2015    çap et  çap et