525.Az

Bakı Ali Neft Məktəbi 10 tələbəsini “Petkim”ə göndərir


 

Bakı Ali Neft Məktəbi 10 tələbəsini “Petkim”ə göndərir<b style="color:red"></b> Bakı Ali Neft Məktəbinin (BANM) "Kimya mühəndisliyi" ixtisası üzrə 3-cü kursda təhsil alan 10 tələbəsi Türkiyəyə göndərilir.
 
BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, onlar Türkiyənin İzmir şəhərində “Petkim” şirkətinin müəssisələrində istehsalat təcrübəsi keçəcəklər. Bununla bağlı keçirilən tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov Ali Məktəbin tələbələri üçün belə fürsətlərin və geniş imkanların hər il yaradılacağını bildirib. O deyib ki, Ali Məktəb dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr qurub və bu səmərəli əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Rektor Elmar Qasımov BANM-in tələbələrinin, həmçinin SOCAR-ın müəssisələrində təcrübəyə cəlb olunduqlarını vurğulayaraq, BANM-in "SOCAR Turkey Energy" və “Petkim” şirkəti ilə əməkdaşlığından da söz acıb. O, yaradılan imkanlara görə tərəfdaş şirkətlərin hər birinə təşəkkür edərək, tələbələrə təcrübə müddətində fəallıq və uğurlar arzulayıb. 
 
Tələbələr təcrübəyə iki qrupda göndəriləcəklər. Birinci qrup iyulun 1-dən 24-dək, ikinci qrup isə, iyulun 26-dan avqustun 14-dək təcrübədə olacaqlar. Onlar tikintisi davam edən nəhəng obyektdəki tikinti-quraşdırma və tamamlama işləri, hazırda fəaliyyət göstərən müxtəlif təyinatlı texnoloji qurğuların işi ilə yaxından tanış olacaqlar. Onlar hər bir qurğunun avadanlığı, orada gedən texnoloji prosesləri, texnoloji reqlamentləri, qurğuların nəzarət və idarəetmə sistemlərinin işini və istehsalat proseslərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi tədbirlərinin tətbiqi üsullarını öyrənəcəklər. Tikintisi davam edən və bir sıra istehsal sahələri istismarda olan bu müəssisədəki istehsalat təcrübəsi tələbələrin il boyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən mənimsəmələrinə kömək edəcək. Razılaşmaya əsasən, BANM-in tələbələri “Petkim” şirkətinin əməkdaşlıq etdiyi digər kimya profilli müəssisələrdə də təcrübə keçə biləcəklər.
 
Xatırladaq ki, bu barədə Ali Məktəbin rektoru Elmar Qasımovun və "SOCAR Turkey Energy"  şirkətinin Baş icraçı direktoru və “Petkim” şirkətinin İdarəetmə Şurasının üzvü Kənan Yavuzun görüşündə razılıq əldə edilib.
 





01.07.2015    çap et  çap et