525.Az

Geniş yaradıcılıq imkanları və təkamül zərurəti


 

Geniş yaradıcılıq imkanları və təkamül zərurəti <b style="color:red"></b>

Azərbaycan ədəbi mətbuatında yarım əsrə yaxındır ki, gənclik nəşri kimi “Ulduz” jurnalı yeni yaradıcı nəslin ən davamlı və mötəbər ədəbiyyat kürsüsüdür.

Ədəbi gəncliyin yaradıcılıq axtarışlarını, boy artımını, eksperimentlərini, üslub müxtəlifliklərini, uğurlarını və kəsirlərini, ədəbiyyatda yeni dalğanın qabarmalarını və çəkilmələrini “Ulduz” daha çox əks etdirir. Beləliklə, “Ulduz” daim Azərbaycanda yeni yaradıcı nəslin inkişafının həssas barometri funksiyasını yerinə yetirib. Bundan başqa, “Ulduz” jurnalı yarandığı vaxtdan indiyə kimi neçə-neçə istedada qol-qanad verib, böyük ədəbiyyat meydanına çıxarıb. Bu mənada Azərbaycan ədəbiyyatının müxtəlif tarixi mərhələlərində meydana çıxmış ulduzlarının ulduzudur “Ulduz”.

Son vaxtlarda “Ulduz” jurnalında gedən proseslər bu jurnalın inkişafında yeni bir dövrün başlandığını göstərir. Hər şeydən əvvəl, “Ulduz” əsl mənada ədəbi gəncliyin jurnalı kimi daha çox görünür. İndi “Ulduz”da “Şaqqulu uşaqlardan” daha çox eksperimental gənclik çap olunur. Müasir ədəbi gəncliyə daha geniş meydan açmaq mənasında “Ulduz” jurnalındakı  “Debüt”, “Əsgər şeiri”, “Tanış olun” kimi daimi rubrikaların davam etdirməsini yeni yaradıcı nəsli üzə çıxarmaq, ədəbiyyat meydanına gətirmək və möhkəmləndirmək üçün düşünülmüş addımlar olaraq dəyərləndirmək lazımdır. May sayında hekayələri çıxan Səhər Əhmədi, Çinarə Nüsrətlini, Şəhriyyə Qəzənfərqızını ədəbi mühitə, demək olar ki, “Ulduz” təqdim edir. Əsasən şeirlər yazan Etibar Salmanov da ilk həyat hekayəsini oxucularla “Ulduz” vasitəsilə bölüşdürür. Əvvəla, “Ulduz”un əsasən kiçik hekayə janrına üstünlük verdiyi mühahidə olunur. Hətta Lətifə Əliqızı da “Gözlük” novellasında həm də janrın tələbinə görə yığcam həcm daxilində mətləbi açmağı bacarıb. Bütövlükdə “Ulduz”un ədəbiyyatda kiçik hekayə ənənəsini dirçəltmək meylini qiymətləndirirəm.

Kiçik hekayə yazmaq povest və ya roman yazmaqdan heç də asan iş deyildir. Lakin  son vaxtlar ilk povestləri, hətta ilk romanları ilə ədəbiyyatda birinci addımlarını atanları görəndə təəccüblənməmək olmur.
Ədəbiyyatda otuz il  bundan qabaqkı “hekayə axını”nı indiki mərhələdə “roman axını” əvəz edir. Nəzərə almaq lazımdır ki, kiçik hekayə nəsrdə böyük janrların baş məşqidir. Fikrimizcə, kiçik hekayə janrına üstünlük verməsi “Ulduz”un Azərbaycan ədəbiyyatında yeni dövrün gerçək böyük nəsrinin yaranmasına xidmətidir. “Ulduz”un cavan hekayəçilərinin, məsələn, Səhər Əhmədin “Özü ilə söhbəti”ndəki ədəbiyyat haqqında düşüncələri yeni nəsrin təmsilçilərinin böyük ədəbiyyatın vəzifələrini düşünərək, öyrənərək, yaşayaraq ədəbiyyata gəlməkdə olduğunu göstərir. Heç şübhəsiz, ədəbiyyata istedadın işığında həyatdan gəlmək, təbii olaraq sənətə qədəm qoymaq vacib şərtdir. Ədəbiyyat nəzəriyyəsini əzbər bilməklə əsl şair və ya yazıçı olmaq mümkün deyildir. Ancaq ustad Füzuli demişkən, “elmsiz şeir əsası yox divar olur”. Bu müdrik kəlam ədəbiyyatın bütün növlərinə və janrlarına eynilə aiddir. Doğrudur, Səhər Əhmədin “Ədəbiyyat vətən deyil ki uğrunda ölmək lazım olsun. Söz də torpaq deyildir ki, 3-5 sot götürüb üstündə ev tikəsən” - kimi sözləri nəzəriyyədən çox, gənc qələm sahibinin öz düşüncəsindən doğan fikirlərdir. Lakin bu mühakimələrdə ədəbiyyatı həm də elmi cəhətdən qavramaq cəhdləri də görünür. Və yaradıcı gənclik mütaliəyə, öyrənməyə xüsusi diqqət yetirməsə, yalnız istedadın gücü ilə tam qələbə çətin ki, mümkün olsun.

Poeziya baxımından da “Ulduz”un may sayı cəlbedicidir. Xəyalə Sevilin, Seymur Sunun, Tural Balabəylinin, Rauf  Qərib Alagözün, Ehtiram İlhamın şeirləri “Ulduz”un yaz sayında tumurcuq kimi açılır. “Ulduz”un may şeirləri poetik forma baxımından yeni, maraqlı, düşündürücü və bir çox hallarda bənzərsizdir. Səhər Əhmədin “Həyat simfoniyası” hekayəsindəki müasir inkişafın fonunda insan ümidlərinin təqdimi yeni ədəbi nəslin əsasən bu yolda olacağına ümidi artırır. Bu baxımdan Rauf Qərib Alagözün “Canım qurban bu torpağa” şeirindəki “Elin layiqdirmi tapdağa, oğul” misrası üstündə köklənmiş notlar bir qədər nəsihət tonunda olsa da, mərdanə misralardır. Ehtiram İlhamın müəyyən dərəcədə postmodernist görünən şeirlərində “Sonuncu sözümü birinci dedim, birinci sözümü sonuncu kimi” - uğurlu misraları yetkin poeziyadan xəbər verir. Lakin gəncliyin poeziyasındakı ağrı, acı, göz yaşı, dərd, “kədərin kölgəsində” kimi qüssəli notların, “tavanı çökmüş evdi gözüm” kimi dekadans mənalandırmaların, “bir dəvəsiz, atsız dərd” düşüncəsinin ağırlıq təşkil etməsi narahatlıq doğuran haldır. İndi elə vaxtda yaşamırıq ki, bizdən yalnız “nikbin poeziya” tələb etsinlər. Yox! Lakin eyni zamanda, yazıçını mütləq bədbinlikdən bəhs etməyə məcbur etmək şərti də qoyulmayıb. Reallıq belə olduğu halda ədəbiyyatda, xüsusən gənc nəsildə dinamik şəkildə inkişaf edən müasir həyatın, milli-mənəvi dirçəlişin doğurduğu nikbin notların poetik ifadəsinin az olmasına ciddi bir ictimai səbəb görmürəm. Ədəbi gənclik “kədərin kölgəsində” məngənəsindən çıxıb, həyatın axarında “gəlimli-gedimli” dünyanın hər üzünü dərk etməklə, müasir gerçəkliyin mahiyyətinə varmaqla  və irəliyə baxmağı, hətta ədəbiyyat “dilində” gələcəyə işıq salmağı bacarmaqla yazdığı əsərlərlə böyük ədəbiyyat yarada bilər.  Keçən əsrin 90-cı illərində bir sistemin dağılmasının və yenisinin yaradılmasının məsuliyyətli çətinliklərinin doğurduğu dekadans meyillər artıq arxada qalmışdır. Ona görə də ədəbi gəncliyin hələ də dekadans ruhda köklənməsi çağdaş zamanla müqayisədə geridə ilişib qalmaq kimi görünür. Əlahəzrət böyük ədəbiyyat isə bədii lövhələr və surətlər vasitəsi ilə həyatı əks etdirməli, necə deyərlər, tipik şəraiti açıb göstərməli, tipik zamanın obrazlarını  yaratmalı, ümumiləşdirmələr aparmağı bacarmalıdır. Səmimiyyət üçün açıq  demək istəyirəm ki, “Ulduz”un may sayındakı şeirlərdə (elə hekayələrdə də!) bu meyillərin qüvvətləndirilməsinə ehtiyac hiss olunur. Və yazıları təqdim olunan gənc yaradıcı qüvvələrin nəzərə çarpan istedadı zəruri olan təkamül prosesinə təkan verə bilər. Düşünməyə dəyər!

Bundan başqa, “Ulduz”un may sayındakı dizayn və tərtibatda qara rənglərdən bir qədər çox istifadə olunmasını da münasib hesab etmirəm. “Ulduz” jurnalı, may sayı, yaz çağı, gənclik və qara rəng - bir-biri ilə uyuşmayan baxışlardır. Doğrudur, “Ulduz” ağ-qara rəngdə çıxan jurnaldır. Lakin yenə də qara rəngləri azaltmaq, işığı qabartmaq mümkündür. Həm müasir fotoqrafiyanın, həm də qrafikanın indi geniş imkanları vardır. “Tərcümə saatı” rubrikası ilə verilmiş, ilk Nobel mükafatçılarından biri olmuş, tanınmış Avstriya yazıçısı Peter Rozeqqerin “Ata sözü naminə” hekayəsindəki zəngin həyat materialı və mövzunun uğurlu bədii həlli üçün “dəyişmə” prosesinin diqqət mərkəzinə çevrilməsi “Ulduz”çuların yol, rəng və ovqat seçiminə işıq sala bilər.

Son vaxtların dramaturji əsərlər qıtlığı dövründə bu janrda ardıcıllıq göstərən Firuz Mustafanın “Marian çökəkliyi” pyesinin oxuculara çatdırılması faydalı addımdır. Fikrimcə, “Ulduz”un cəmisi 13 səhifəsində yerləşən, Qarapencəkli kişi, Ağpencəkli kişi kimi iki obrazın dialoqu üstündə qurulan, əsas hissələri “Meşədə”, “Tala” adlı hekayə başlıqları ilə təqdim olunan” Marian çökəkliyi” pyesi müasir lezedramanın yaxşı bir nümunəsidir. Ramilə Qurbanlının “Balacalar üçün ədəbiyyatın böyük problemləri” polemikasında ədəbiyyatımız üçün aktual olan məsələnin qoyuluşu da, təhlili də, həlli yollarına dair təkliflər də sadə və aydındır. Bura həm də onu əlavə etmək istəyirik ki, son onilliklərdə uşaqlar və gənclər üçün ölkə miqyasında diqqəti cəlb edən  pyeslərin meydana çıxmaması da dərin təəssüf doğurur.  Bütövlükdə ədəbi mətbuatımız, o cümlədən də “Ulduz” bu işə marağı artırmaq istiqamətində nə iş görmüş olsa, böyük ədəbiyyata da, cəmiyyətə də fayda vermiş olar. Mübariz Örənin  “Balıq gülüşü” nəsrin və publisistikanın qovşağında olan oxunaqlı  bədii material kimi diqqəti cəlb edir. Məti Osmanoğlunun “Vaqif Bəhmənli ilə görüşdən antireportaj” məqaləsi də yeni tipli təqdimatdır. Fikrimcə, “yeni tipli reportaj” janrında yazılmış bu məqalədə böyük ədəbiyyatda özünü isbat etmiş obrazlı duyğular şairi Vaqif Bəhmənlinin təmkinli poeziyasının mahiyyətinin şeirimizin gənc nəslinə çatdırılması bir növ düşündürmək, nümunə göstərmək mənasında da əhəmiyyətlidir. Filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr edilmiş məqaləsində də “Yubiley sözü”ndən çox, gəncliyin inkişafı üçün örnək ola biləcək məsələlərin diqqət mərkəzinə çəkilməsi “Ulduz”un  missiyasını ifadə edir. Və “Rumi və Emerson: Qərb dünyası ilə islam dünyası arasında körpü” məqaləsi də “Ulduz”un  təkcə sənət yox, həm də dünyagörüş məktəbi vəzifələrini həyata keçirmək baxımından müdafiə etdiyi əhəmiyyətli platformadır. Fikrimcə, bu xətt bir qədər də populyar şəkildə davam etdirilsə, yeni nəsil üçün faydalı olar.

“Ulduz”un hər sayında yeni bir gənc  rəssamı təqdim etməsi təqdirəlayiqdir. May sayındakı Ülviyyə Mahmudovanın rəsmlərindən ibarət kollaj işıqlı rəngləri ilə jurnala bahar ovqatı gətirə bilir.

“Ulduz” jurnalı Azərbaycan ədəbiyyatının təbliği istiqamətində faydalı bir missiyanı da yerinə yetirir. Jurnal hər sayı ilə birlikdə redaksiyaya müəlliflər tərəfindən təqdim olunmuş kitabları abunəçilərə və kitabxanalara göndərir, satışa çıxarır. İndiki halda bu, ədəbiyyatın təbliğinə əhəmiyyətli xidmətdir. “Ulduz”un may sayı ilə birlikdə aldığım Novruz Nəcəfoğlunun “Bir mən oyaqdım” hekayələr kitabı ilə ətraflı tanışlıq dövri mətbuatda ara-sıra bədii və publisist yazılarını oxuduğum bu istedadlı qələm sahibinin artıq yetkin bir yazıçı olması qənaətini möhkəmləndirdi. Dərin həyati məzmun, təbii bir səmimiyyət və obrazların bənzərsiz zəngin mənəviyyat dünyası ilə yanaşı, həm də müdrik, düşüncəli, dünyagörüşlü olması onun hekayələrini səciyyələndirir. Bu mənada Novruz Nəcəfoğlunun Nəsirəddin Tusidən, İbn Xəldundan, Məhəmməd Füzulidən misallar, nümunələr gətirməsi də təsadüfi olmayıb, hekayələrində müşahidə olunan düşüncə və baxış səviyyəsini daha da qüvvətləndirməyə xidmət edir. Həm də Novruz Nəcəfoğlunun “Bir mən oyaqdım” hekayələr kitabını geniş ictimaiyyətə təqdim etməsi “Ulduz”un ədəbiyyatın bu janrına davamlı münasibətini tamamlayır. Eyni zamanda, Elçin İskəndərzadənin şeirlərinin elektron versiyasının kompakt disk şəklində may sayının əlavəsi olaraq ünvanlara çatdırılması “Ulduz”un müasir informasiya cəmiyyətinin ədəbiyyat mühitinin inkişaf etdirilməsinə də diqqətinin, meylinin ifadəsi kimi maraq doğurur.

Bütövlükdə “Ulduz” jurnalı ədəbi gəncliyin müasir mərhələdəki real yaradıcılıq imkanlarını güzgüdə olduğu kimi aydın surətdə göstərmək vəzifəsini yerinə yetirir, yeni istedadlara böyük meydan açır. Jurnalın poliqrafiya səviyyəsi də yaxşı mənada dəyişib. Fikrimcə, artıq müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeni istedadlı ədəbi nəslin mövcudluğu faktını meydana qoyması “Ulduz”un uğuru sayıla bilər. Ancaq yeni ədəbi nəslin daha böyük inkişaf etməsi üçün istiqamətləndirilməsinə və yetkinləşdirilməsinə də ehtiyac vardır. Bu isə təkcə “Ulduz”un yox, hamımızın borcudur.

“Ulduz” jurnalı, iyun, 2015

 





29.06.2015    çap et  çap et