525.Az

Dünya bir nəğmədir...


 

Dünya bir nəğmədir...<b style="color:red"></b>

İstedadlı şair dostum Yusif Nəğməkarın 60 illik yubileyi münasibətilə

Dünya bir nəğmədir, Yusif Nəğməkar,
Dürüst oxuyana, çalana əhsən.
Duzlu göz yaşını içib nəğmənin,
Ondan öz kamını alana əhsən!

Skripka deyilən sinə kamanı,
Köksündə göynədir ahı-amanı.
Sazın tellərində qopan tufanı,
Təzə tufanlara salana əhsən.

Sən saz adamısan, sən söz adamı,
Sazdan gələn sözü duyurmu hamı?
Həqiqət acıdır şair ilhamı
Hərdən uydurduğu yalana əhsən!

Ən böyük yaradan o Haqq-taladır,
Onun yaratdığı hamısı əladır.
Ancaq söz yanğısı ayrı bəladır,
Səndən üzülməyən bəlana əhsən.

Yolu dizləyən var, yolda qalan var,
Yolları əliboş yola salan var.
Neçə kitabın var - neçə balan var?
Sayılıb-seçilən balana əhsən!

Doğmasından çoxdur yadı dünyanın,
Düşüb canımıza odu dünyanın...
Yadından çıxıbsa yadı dünyanın,
Şeiriylə yadlarda qalana əhsən!

Musa, az olmayıb qaya çapdığın,
Daş-kəsək içindən inci tapdığın...
Bu gün dost adına sözlə yapdığın,
Dağılmaz, sökülməz qalana əhsən!

12 mart 2015

 





29.06.2015    çap et  çap et