525.Az

Cavidin “İblis”, Saramaqonun “İsanın İncili” əsərlərində İblis surətləri


 

Cavidin  “İblis”, Saramaqonun “İsanın İncili” əsərlərində İblis surətləri<b style="color:red"></b>

Nobel mükafatı laureatı olan Portuqaliya yazıçısı Joze Saramaqonun (1922-1999) “İsanın incili” romanı mənəvi baxımdan dərin duyğu və düşüncələri əks etdirən nadir sənət nümunəsidir. Romanda uzun əsrlər boyu davam edən dini müzakirələr, gizli tarixə fərqli baxış ədəbi boyalarla bir rəssam ustalığı ilə təsvir edilib.

Saramaqo bu əsərdə xristian dininə özünə xas ədəbi üslubla yanaşıb. Bilindiyi kimi, İsa və onun nəsli barəsində həm din adamları, həm tarixiçilər, həm də ədəbiyyatçılar müxtəlif fikirlərlə çıxış ediblər. Bəziləri İsanın insani tərəflərini müdafiə edib (J.Saramaqo,  Den Broun), kimiləri isə onu tanrılaşdırmağa səy göstəriblər (Kilsə xadimləri). İsanın obrazının yaradıldığı əsərlərdə İsa, Məryəm, Kilsə, İsanın həvariləri ilə birlikdə Allah və şeytan (İblis) kimi surətlərə də yer verilib. Tədqiqatımıza kömək edən əsərlərə diqqət etdikdə görürük ki, onlar həm bədii, həm dini, həm də tarixi baxımdan reallıqlarla zəngindir. Bu həqiqətlər oxucuya cazibədar gəlir və həmin dövrü anlamaq baxımından onlarda maraq oyadır. Tarixin bütün dövrlərində dini-fantastik, fanatik düşüncə tərzini əks etdirən romanlar və tədqiqatlar  olub. Bilindiyi kimi, bəzi cahil insanlar tərəfindən qəbul olunan fanatiklik və elmi rədd səyləri çox pis nəticələr doğurub. “İsanın İncili”ndə Saramaqo bu düşüncələrlə birlikdə onlara aydınlıq gətirmək üçün yollar axtarın. Bu əsərdə İsa tanrılıqdan uzaqlaşdırılıb bütün gerçəkliyi ilə təsvir edilin. Əsərdə Allah və İsa arasında gedən dialoqlarda Tanrı anlayışına fərqli şəkildə yanaşılıb. J.Saramaqonun bu əsərində İblis daha müdrik və yaxşı təsvir edilib. İblisin mənfi tərəflərinə işıq tutan bəzi hissələr xaric, bu surət oxucuda nifrət hissi yaratmır.

Digər İblis obrazı yaradan müəlliflərdən fərqli olaraq məşhur Azərbaycan dramaturqu Hüseyn Cavidin yaratdığı İblis surəti də J. Saramaqonun İblisinə bənzəyir. Hər iki İblis surəti sonda qismən də olsa yumşaldılır. Bunu etməkdə sənətkarların məqsədi insanların diqqətini öz nəfslərinin köləsi olmaları məsələsinə yönəltməkdir.

H.Cavid klassik Azərbaycan ədəbiyyatının ənənələrini davam etdirən və bu ənənələrə öz orijinal qələmi ilə naxış vuran böyük ədəbi simadır. XX əsr Azərbaycan romantizmi onun adı ilə bağlıdır. Cavid Azərbaycan dramının mövzu sərhədlərini genişləndirmiş, tragik xarakterin, romantik qəhrəmanın və dramın yeni tiplərini yaratmışdı. 1912-1918-ci illərdə iki böyük faciə yaradan sənətkar insanlığı faciəyə, uçuruma sürükləyən mühitin rəsmini söz vasitəsilə təsvir edib. Cavid kimi yaratdığı qəhrəmanlar da həqiqət axtarışındadırlar. H.Cavidin 1918-ci ildə qələmə aldığı “İblis” faciəsi ən gözəl və diqqət çəkən əsərlərindəndir. Bu əsər  bir çox tədqiqatçı tərəfindən araşdırılıb. Az sözlə fikrin təməlini oxucuya çatdırmağı bacaran H.Cavid bəşəri sevgini, bəşəri yaxşılığı ustalıqla izah etmişdir. Əsərin qəhrəmanları özünə xas düşüncələri ilə oxucuda dərin təsir buraxır. Bu əsərdə Cavid müharibənin əsl səbəbləri ilə birlikdə, insanların nəfslərinin köləsi olmaları nəticəsində başlarına gələcək fəlakətləri də qələmə alıb. Cavidin “İblis” faciəsi bəşəri, qlobal bir problemə diqqət çəkmək məqsədi ilə yazılsa da, əsərdə fərqli düşüncələrə də yer verilib. Biz eyni fikirlərə J.Saramaqonun “İsanın İncili” əsərində də rast gəlirik. H.Cavidin orijinallığı odur ki, onun hələ 1918-ci ildə yazdığı, təsvir etdiyi gerçəkləri J.Saramaqo və digər sənətkarlar sonralar qələmə alıblar. Bu, Cavidin böyüklüyünün sübutudur. 1918-ci ildə Cavid qələmi ilə təsvir olunan mövzu illər keçməsinə baxmayaraq öz dəyərini və müasirliyini qoruya bilib. Həmişə ədəbiyyatsevərlərin diqqətini cəlb edən H.Cavidin əsərləri öz mistik təbiəti, dinə müasir yanaşması və bununla birlikdə keçmişə hörməti baxımından özünəməxsusluğu ilə seçilib. Onun yaratdığı “İblis” əsəri bunun ən bariz nümunəsidir. H.Cavidin “İblis” əsərində iblisin insanlara görünmək üçün müxtəlif yolları mövcuddur:

 

Xilqətdəki hər məsələ, hər nöqteyi-mövhum,

Hər fəlsəfə, hər məzhəbü məslək mənə məlum,

Bəzən olaram bir çoban, azadə bir insan,

Bəzən olaram zülmü fəsad aşiqi sultan.

 

Bu parçada izah edildiyi kimi, İblis insanlara çatmaq üçün müxtəlif yollar axtarır, bəzən çoban, bəzən sadə insan, bəzən isə fəsadlıqlar aşiqi olan bir sultan qiyafəsinə bürünür.

J.Saramaqonun “İsanın İncili” əsərində də İblis, H.Cavidin “İblis” əsərində İblisin özünü mədh edərkən söylədiyi kimi “çoban” qiyafəsində təsvir edilib. Çobanlıq İblisin insanlara yaxınlaşmaq üçün büründüyü kimliklərdən biri olaraq göstərilib.

“ - Öz əllərimlə xəmir yoğurdum, ancaq yerin dərinliyində yanan ocaqda bişirdim çörəyi və onu sənə gətirdim...

Məryəm o dəqiqə anladı ki, həmin çoban kimdir”.

J.Saramaqonun “İsanın İncili” əsərində İsanın anası Məryəm əvvəl İblisi mələk sanmışdı. Lakin törətdiyi əməllərdən çıxardığı nəticələrə diqqət etdikdən sonra Məryəm onun İblis olduğunu anladı. İblis əvvəlcə dilənçi qılığında İsanın anasının (İsanın) ziyarətinə gəlmişdi. İsanın doğumu gerçəkləşdikdən sonra isə İblis təkrar mağaraya onları ziyarətə gəlmişdi. Bu dəfə də iblis Çoban qiyafəsində görünmüşdü İsanın anasına. İsa böyüyüb evi tərk etdiyi zaman o yenə həmin çobana rast gəlmiş (İsa bu vaxt Çoban barəsində heç nə bilmirdi)  və onun yanında işə başlamışdı. Bir gün Tanrıya dua etmədiyi üçün İsa Çobandan uzaqlaşmağa qərar verir, bu zaman onlar arasında belə bir söhbət gerçəkləşir:

“İsa: Mən gedirəm, Tanrıya təşəkkür və dua etməyən biriylə daha yaşaya bilmərəm.

Çoban: Mən yəhudi deyiləm, başqa dinin ayinlərini icra edə bilmərəm.

İsa: Tanrı təkdir!

Çoban: Ah, bəli, əgər tanrı varsa, bəlkə də təkdir. Amma iki dənə olsa, daha yaxşı olardı. Biri canavar, digəri quzu üçün, biri öldürən, digəri ölənlər üçün, biri məhkum üçün, digəri cəllad üçün”.    

J.Saramaqonun “İsanın incili” əsərindən alınmış bu dialoqda iki fərqli düşüncə mövcuddur. H.Caviddə də İblisin Elxanın düşüncələrinə qarşılıq olaraq verdiyi cavabda bu cür bənzərliklər var.

“Elxan

İstəməz artıq həyəcan,

Yerdə qoymaz qanı ədalətli Yaradan.

İblis

( lağlağı bir qəhqəhəylə )

Bəli, əzsən də, əzilsən də, bəli,

Yenə adildir o müdhiş qüvvət!”

 

Hər iki əsərdə sənətkarlar İblis obrazından istifadə edərək insanlığın cavablaya bilmədiyi bəzi sualları və problemləri ortaya atırlar.

Saramaqonun da yaratdığı obrazlar H.Caviddə olduğu kimi dərin psixoloji vəziyyətlər yaşayarkən, məntiqli olmağa çalışmaqla birlikdə nəfsləriylə mübarizə aparırlar.  

Hər iki əsər fantastik surətlərlə zəngin olsa da, H.Cavid “İblis” əsərində bəşəri problemləri daha real təsvir edib. Saramaqonun əsərində diqqətimizi çəkən hekayələrdə insanlar fanatikcəsinə inanclarının köləsi halına düşürsə, Cavidin “İblis”ində insanlar bu köləliyə son vermənin bir yolunu tapır. Saramaqo “İsanın İncili” əsərində müxtəlif fanatiklikləri ironik bir dillə tənqid etsə də, onlara aydınlıq gətirə bilmir. Dövrləri müqayisə etsək, görərik ki, Cavidin təhlilləri daha orijinal,  çıxardığı nəticələr isə daha qətidir. “İsanın incili” əsərində daxili inanclar və sarsılmaz kilsə gerçəklərinə ciddi zərbə vurulur. Cavid də eyni üsuldan istifadə etmiş, qəbul olunmuş bəzi fikirlərin iç üzünü açmaqdan çəkinməmiş, sözlər ilə təhlükəli oyun oynamışdır. Saramaqo hadisələri və həqiqətləri müdhiş ironik bir şəkildə şərh edir, hər paraqrafda qarşılaşdığımız ironik şərhlər ilə insanı gülümsədir. O, “İsanın İncili” əsəri ilə dörd rəsmi versiyası olan bir din kitabının (İncil - Matta, Mark, Luka, Yəhya) qeyri-rəsmi və qəbul edilməyən bir şərhini ortaya qoymuş sənətkar olmaqla bərabər, bu şərhlərini real həyatla çox gözəl sintez şəklində izah və isbat edə bilib. Cavidin əsərində xeyir və şər daima yarış içindədirlər, bəzən xeyir qiyafəsinə bürünmüş şər yanılma və məğlubiyyətlərə səbəb olur. Saramaqonun yaratdığı İblis surətinin ağıllı söz oyunlarını daha əvvəl yaradan dahi dramaturq H.Cavidin “İblis” faciəsi bu tərzdə əsərlər yaradan sənətkarların əsərlərindən əsla geridə qalmır. H.Cavidin “İblis” əsərində bəzi yerlərdə, məsələn; İblisin Arif və Arifin sevdiyi qadın Rənanı qurtarmaq bəhanəsiylə onları daha pis bir sona hazırlamaq məqsədi ilə oynadığı oyuna, yaxşılıq bəzəyi verdiyi səhnədə Şeytanın az qala yaxşılıq mələyinə çevrildiyini görürük.

Eyni vəziyyətlər Gete, Bulqakov, Lermontov və nəhayət, Saramaqo kimi məşhurların əsərlərində də görülməkdədir. Bu sənətkarların hamısında qəhrəmanlar əvvəl şər ruhları pisləsələr də, bir müddət sonra nəfslərinin toruna düşərək xeyirlə, şəri ayırd edə bilmirlər. Bu səhnələrdə əsər qəhrəmanlarının psixoloji məğlubiyyəti müşahidə edilir. Cavid qəhrəmanı Arifin də bəzən ağlını qarışdıran İblis öz məqsədi üçün hər şeyə əl atır. Faust dünyəvi nemətlərə yenidən alışmağa başlarkən Mefistofel sevinir, Lermontovun Demonu zəfərini qeyd edir, Bulqakovun Volandı Margaritanı onun qanlı mərasiminə ev sahibliyi etməyə razı salır, Saramaqonun İblisi öz rolunu çox gözəl oynayır, Cavid İblisi isə həqiqəti anlayıb onu lənətləyən insana:

“ - İblis nədir?

- Cümlə xəyanətlərə bais ...

- Ya hər kəsə xain olan insan nədir?

- İblis!..”

- söyləyərək qəhqəhələrlə yer altına çəkilir.

Nəticə olaraq qeyd edə bilərik ki, müxtəlif dünya sənətkarlarından və onların yaradıcılığından heç də geri qalmayan H.Cavidin yaradıcılığı, sənətkarlığı təqdirəlayiqdir. Cavid həm dünyanın, həm də Vətəninin ən ağır günlərində sözün gücü ilə şərlə mübarizə aparıb və bu mübarizədən qalib çıxıb. Onun əsərləri dünya miqyasında tanınmağa layiqdir.

Nərgiz İSMAYILOVA
AMEA Naxçıvan Bölməsinin əməkdaşı

 





29.06.2015    çap et  çap et