525.Az

28 May - Respublika Günü münasibəti ilə Cakartada rəsmi qəbul


 

28 May - Respublika Günü münasibəti ilə Cakartada rəsmi qəbul<b style="color:red"></b>

28 May - Respublika Günü münasibəti ilə Cakartada rəsmi qəbul keçirilib.

Bu barədə APA-ya Azərbaycanın İndoneziya, Timor-Leste, Filippin və Sinqapurdakı Səfirliyindən məlumat verilib. Səfirliyin təşkil etdiyi tədbirdə İndoneziyanın iqtisadi məsələlər üzrə əlaqələndirici naziri Sofyan Cəlil, Parlamentin nümayəndələr palatasının sədr müavini Fəxri Həmzə, regional nümayəndələr şurasının sədr müavini Faruq Məhəmməd, xarici işlər nazirinin müavini Əbdurrəhman Məhəmməd Faxir, İndoneziyada fəaliyyət göstərən diplomatik nümayəndəliklər, bəzi QHT və KİV  nümayəndələri, iş adamları, azərbaycanlı tələbələr və digər şəxslər iştirak ediblər.
 
Səfir Tamerlan Qarayev bildirib ki, Azərbaycan xalqı 1918-ci ildə şərqdə ilk qurulmuş, həmçinin Milli Məclisində qadın nümayəndələrin də təmsil olunduğu 23 aylıq Azərbaycan Demokratik Respublikasının ildönümünü qeyd edir. O, 71 ildən sonra təkrar qurulan bugünkü Azərbaycanın 1918-ci ildəki Respublikanın varisi olduğunu vurğulayıb.
 
Səfir qeyd edib ki, müstəqilliyinin ilk dövrlərindən hərbi təcavüzə və işğala məruz qalmasına, bunun nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün mövcudluğuna və iqtisadiyyatın tamamilə çökməsinə baxmayaq, Azərbaycan Respublikası inkişaf etməyi bacarıb və bu gün bütün sahələr üzrə göstəricilərə görə regionda lider dövlət kimi beynəlxalq aləmə inteqrasiya yolunu seçib. Tamerlan Qarayev bu istiqamətdə Azərbaycanın atdığı addımlara və uğurlarına misal olaraq Bakıda Birinci Avropa Oyunlarının keçiriləcəyini, 2016-cı ildə “Formula-1” yarışının, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının təşkil ediləcəyini xatırladıb.
 
Sofyan Cəlil ikitərəfli əlaqələrin daha da inkişafına dair gələcək plan və layihələrdən danışıb və Azərbaycan xalqının bayramını təbrik edib.
 
Rəsmi mərasimdən sonra iştirakçılara Azərbaycanın milli xörəkləri və şirniyyatlarından ibarət olan ziyafət verilib.
 
Tədbir İndoneziya dövlət televiziyası TVRİ, “Liputan” və digər KİV vasitələri tərəfindən işıqlandırılıb. İştirakçılara Azərbaycan haqında müxtəlif nəşrlər, həmçinin İRS jurnalının ingilis və İndoneziya dillərinə tərcümə olunmuş versiyaları paylanıb.

 





28.05.2015    çap et  çap et