525.Az

Heydər Əliyev Fondu Bolqarıstanın tarixi mədəniyyət abidəsini bərpa edəcək


 

Heydər Əliyev Fondu Bolqarıstanın tarixi mədəniyyət abidəsini bərpa edəcək<b style="color:red"></b>

Heydər Əliyev Fondu Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpası işlərini həyata keçirəcək.

Fonddan APA-ya verilən məlumata görə, bununla əlaqədar mayın 27-də Sofiyada “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında” saziş imzalanıb.
 
Bolqarıstana səfər edən Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyev, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Veliko-Tırnovo şəhərində olub. Azərbaycan nümayəndə heyətini qarşılayan Veliko-Tırnovo şəhər bələdiyyəsinin meri Daniel Dimitrov “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu və burada təmir-bərpa işlərinə ehtiyacı olan tarixi mədəniyyət abidələri barədə məlumat verib.
 
Veliko-Tırnovo şəhər bələdiyyəsinin meri abidənin bolqar xalqının zəngin mənəvi dəyərlərindən biri olduğunu diqqətə çatdıraraq, belə bir mədəniyyət qoruğunun Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir edilməsi təşəbbüsünü yüksək qiymətləndirib və bu nəcib missiyanın həyata keçirilməsinə görə Azərbaycan prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.
 
Son illər Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə istər Azərbaycanda, istərsə də dünyanın bir çox ölkələrində qədim mədəniyyət abidələrinin bərpa edildiyini diqqətə çatdıran Fondun icraçı direktoru Anar Ələkbərov Bolqarıstan tarixinin bir parçası olan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun Azərbaycan tərəfindən yenidən qurulmasının ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına xüsusi təkan verəcəyini deyib. A.Ələkbərov son illər Azərbaycanda dini məbədgahların, mədəniyyət ocaqlarının tikintisinə və bərpasına xüsusi diqqət yetirildiyini bildirib və Heydər Əliyev Fondunun Avropanın ən məşhur abidələrindən biri olan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunması tarixinə imza atmasının mühüm əhəmiyyətindən danışıb. İcraçı direktor bu layihənin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi diqqət mərkəzində olduğunu bildirib.
 
Sonra çıxış edən Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova bu abidənin bərpa edilməsinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib və bu hadisəni ölkələrimiz arasında möhkəm dostluq körpüsü adlandırıb. Çıxışlardan sonra tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar. Tədbir bolqar xalqının qədim adət-ənənələrini özündə əks etdirən bədii proqramla başa çatıb.
 
Sonra paytaxt Sofiya şəhərinin Hökumət Evində Bolqarıstanın Baş naziri Boyko Borisov və Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevin iştirakı ilə tarixi abidənin bərpasına dair Heydər Əliyev Fondu, Veliko-Tırnovo şəhər bələdiyyəsi, Bolqarıstanın Mədəniyyət Nazirliyi, Bolqarıstanın Azərbaycandakı səfirliyi və Azərbaycanın Bolqarıstandakı səfirliyi arasında saziş imzalanıb.
 
Qeyd olunub ki, sazişə əsasən Heydər Əliyev Fondu tarixi abidədə 150 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 700 metr uzunluğunda turist xiyabanının inşasını, mədəniyyət mərkəzinin yaradılmasını və təchiz olunmasını, ərazidəki 3 kilsənin təmiri və konservasiyasını, qoruğa gələn qonaqlar üçün nəqliyyat infrastrukturunun yaradılmasını həyata keçirəcək. Bərpa və konservasiya işlərinin 2015-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulub.

 





28.05.2015    çap et  çap et