525.Az

Doğma yurda bağlı insan


 

Doğma yurda bağlı insan<b style="color:red"></b>

Rauf Tahirovu bizim Şabranda rəssam kimi tanıyırlar. O məktəb illərində mənim rəsm müəllimim olub. Saleh müəllimlə tanışlıqdan sonra Rauf Tahirovun rəssamlığının səbəbini anladım. Demə, o elə uşaqlıq çağlarından böyük sənətkarımız Səttar Bəhlulzadəni Şabranda evlərində tez-tez görüb. Axı, əmisi Saleh müəllim bu böyük rəssamın ən yaxın dostlarından biri olub.

Uzun ömür yaşamış Saleh Tahirovun vəfatı xəbərini də, elə Rauf müəllimdən eşitdim.

Bəs kimdir Saleh Süleyman oğlu Tahirov?

Ömürlüyündən sətirlər: O, 1926-cı ildə Şabran şəhərində anadan olub. 1950-ci ildə ADU-nun Filologiya fakültəsinin jurnalistika şöbəsini  bitirib, bir müddət universitetin nəşriyyatında redaktor, direktor vəzifələrində işləyib. 1957-1959-cu illərdə Azərbaycan KP Bakı Vilayəti komitəsində və Mərkəzi Komitədə təlimatçı, 1959-1962-ci illərdə isə Nazirlər Kabinetində  referent, baş referent işləyib, əsasən mədəniyyət və elm sahələrinin problemləri ilə məşğul olub. Otuz ilə yaxın bir müddətdə isə Azərbaycan Xalq Nəzarətti Komitəsində şikayətlər və təkliflər bürosunun müdiri vəzifəsində çalışıb.

1992-ci ildən ömrünün son illərinəcən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komitəsində baş məsləhətçi işləyib.

Moskva və respublika mətbuatında çap olunan çoxlu saylı məqalələrin, Xalq rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuş "Yollar, mənzərələr," öz maraqlı ömür yolundan, uzun müddət ünsiyyətdə olduğu sənət adamlarından bəhs edən "Həyat dastanı", "Valeh və Minayə" adlı kitabların müəllifi idi.

Saleh Tahirovun ictimai-siyasi fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilmiş, o,  "Şəhər nişanı" ordeninə, digər təltiflərə layiq görülmüşdü.

Təəssüf ki, zəngin və maraqlı, həm də uzun bir ömür yolu keçmiş bu gözəl ziyalı ilə cəmi üç il bundan qabaq bizim Şabranda ilk tədris ocaqlarından biri olan şəhər M.Nəzirov adına 4 saylı tam orta məktəbin 90 illik yubileyi tədbirində tanış olmuşdum. O tədbirdə Saleh müəllim bu məktəbdə oxuduğu illəri yada saldı, 86 yaşlı kişi sanki orta məktəb şagirdinə çevrilmişdi. Tədbir iştirakçıları onun yaddaşına heyran qalmışdı. Saleh müəllim qol götürüb elə bir "Ləzginka" oynadı ki, sanki dəliqanlı bir ləzgi cavanı idi.

Mənim üçün Saleh müəllim ilə bu görüşümüzdə yadımda qalan həm də onun böyük sənətkarımız Səttar Bəhlulzadə ilə bağlı bir-birindən maraqlı xatirələri idi.

O xatirələri burada, ötəri də olsa, yada salmaqla hər iki dosta "Ruhunuz şad olsun" - deyirəm.

Saleh müəllimlə Səttar Bəhlulzadənin tanışlığı müharibədən sonrakı illərə təsadüf edir. O zaman universitetin Filologiya fakültəsində yenicə açılmış jurnalistika şöbəsində oxuyan tələbə Saleh, Əmircanda qalırmış. Bu kənddə yaşayan, hər gün şəhərə, emalatxanasına işləməyə gedən Səttarla cavanca Saleh 10-12 il bir qatarda yol gedib-gəlirlər. Bu yol yoldaşlığı sonralar bu görkəmli sənətkarla onun bir çox yaradıcılıq səfərlərində də davam etdi. Öz səfər təəssüratlarının bir qismini Saleh Tahirov hələ 1993-cü ildə çap etdirdiyi "Yollar... Mənzərələr..." kitabında əks etdirib. Bu kitab dünya görmüş müdrik bir insanın, sənətkarın Azərbaycan sevgisidir.

Saleh müəllim danışırdı ki, rəssamlar üçün tikilmiş yeni binada Səttara ikiotaqlı mənzil ayırmışdılar ki, Əmircandan köçsün. Lakin o köçmədi. Mənzil uzun müddət boş qaldı. Bir dəfə ondan soruşanda ki, nəyə görə təzə mənzilə köçmək istəmirsən? Cavabında dedi ki, kənddən ayrıla bilmirəm, anamdan iraq düşmək istəmirəm.

Səttar həqiqətən öz doğma Əmircanına qəlbən bağlı idi. Onun Əmircana həsr elədiyi bir neçə gözəl əsəri var.

Saleh müəllimdə Səttarın öz kəndinə bağlılığını göstərən bir neçə nişanəsi qalıb. Bunlar 1959-cu ilin fevral və mart aylarında sulu boya ilə çəkib ona bağışladığı 5 rəsmdir. Bunların birində Səttargilin həyəti və evi təsvir olunub. Şəklin arxasında yazılıb: "Məndən sonra məni xatırlayın. Səttar Bəhlulzadə. 29 mart 1959-cu il" Sonra isə mötərizə arasında əlavə edilib: "Bizim həyətimiz və evimiz".

Sözlər qısa olsa da mənası böyükdür. Səttar özünün xatirəsini hələ sağlığında öz kəndləri ilə, doğma həyət-bacası ilə bağlayırdı.

Saleh müəllim özü də doğma yurda bağlı insanlardan idi.

Şabran

 





28.05.2015    çap et  çap et