525.Az

Gənc rəssam Aida Mahmudovanın Nyu-Yorkda fərdi sərgisi açılacaq


 

Gənc rəssam Aida Mahmudovanın Nyu-Yorkda fərdi sərgisi açılacaq <b style="color:red"></b>

Mayın 28-dən iyulun 3-dək ABŞ-ın Nyu-York şəhərində yerləşən "Leila Heller" Qalereyasında Aida Mahmudovanın "Yan keçərkən..." ("Passing By…") adlı fərdi sərgisi keçiriləcək.

YARAT Müasir İncəsənət Məkanından bildirilib ki, sərgidə Aida Mahmudovanın əvvəlki əsərlərində də əksini tapmış nostalji və xatirələr mövzusuna əsaslanan və ilhamını rəssamın hazırda yaşayıb-yaratdığı Azərbaycanın təbiət və memarlığından alan səkkiz yeni əsəri təqdim ediləcək.

Aida Mahmudova rəssamlıq prosesinə və rənglərin fiziki xüsusiyyətlərinə eyni dərəcədə diqqət yetirərək kətan üzərindəki boyaları canlandırır. O, tamaşaçını cəlb etməyə qadir iri səhnələr yaradarkən dərinlik, rakurs və miqyas üzərində işləyir. Rənglərin qabarıq sərhədlərinin strukturu fırçanın nahamar izlərinin çoxsaylı təbəqələri ilə birləşir. Rəsmin səthi ona sintetik köpük kimi materialların əlavə edilməsi və onların üzərindən rəsmə həcm vermək üçün boyaların impasto (yəni çox qalın qatlarla) üsulu ilə çəkilməsi ilə daha hərəkətli və canlı olur.

Bu rəsm silsiləsində Aida Mahmudova anilik ideyasını araşdırır. Onun əsərləri daimi və sürətli dəyişikliklərə məruz qalan bir arxa planı - Azərbaycanın təbii şəraitini, şəhər mühitini və memarlığını görməyə imkan verir. Əgər kimsə İslam memarlığı tarixi nümunələri yanında parlaq yeni tikintilərin təzadlı mənzərəsini görmək istəyirsə, Aida Mahmudova isə əksinə, diqqəti şəhər mərkəzlərinin ətrafında olan sadə tikililərə cəlb edir. Bu tikililər təbiətin təmiz rəngləri ilə qovuşur və vəhdət yaradır. Rəssam bu diqqətdən kənar yerli mənzərələri əsərinin ön planına yerləşdirməklə doğma diyarın müxtəlifliyini araşdırır. Onun zərif nostalji hissi ilə aşıb-daşan əsərlərində şəhər mənzərəsinin təkamülü ilə əlaqədar sosial-antropoloji baxışlar əksini tapır.

Aida Mahmudovanın əsərlərinin mərkəzində onun yaddaşa münasibəti - bu yaddaşın şəxsiyyətlə əlaqəsi və bu iki məfhumun daima dəyişməsi və zaman keçdikcə yenidən yaddaşlara qayıda bilməsi haqqında düşüncələri və araşdırmaları durur. Aida Mahmudova deyir: "Rəsmlərimdəki səhnələr mənim üçün şəxsi əhəmiyyətə malikdir. Onlarda Bakıdakı məkanlarla, xatırladığım və təsəvvür elədiyim yerlər bir araya gəlir. Hər bir mənzərə daim dəyişən arxa plandakı sabitlik anını əks etdirir".

Aida Mahmudovanın fərdi sərgisinin nümayiş olunacağı "Leila Heller" Qalereyası Nyu-Yorkun 568 West 25th Street ünvanında yerləşir.

 





28.05.2015    çap et  çap et