525.Az

"Çox siyasiləşməyə ehtiyac yoxdur"


 

MUSA QULİYEV: "O İL OLMUR Kİ, BİZƏ QARŞI HƏR HANSI ƏKS-TƏBLİĞAT, BASQI OLMASIN"

"Çox siyasiləşməyə ehtiyac yoxdur"<b style="color:red"></b>

"Mən də qarşıdan gələn növbəti parlament seçkiləri ilə bağlı anti-Azərbaycan kampaniyasının yeni dalğasının yaranacağını ehtimal edirəm, düşünürəm".

Bunu "525"-ə açıqlamasında Milli Məclisin (MM) Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev dilə gətirib.
 
"Bilirsiniz, biz gənc dövlətik, bir az da - istər siyasilərimiz, istər mətbuatımız, istərsə bütövlükdə vətəndaşlarımız hamımız emosionalıq"- deyən M. Quliyev  qeyd edib ki, odur ki, indi bütün məsələləri də həddindən artıq siyasiləşdirməyə, ümumiyyətlə, çox siyasiləşməyə ehtiyac yoxdur: "Məsələn,  bitkilərin vegetasiya dövrü var, bitkilər ildən-ilə uzanır, boy atır, yarpaqları böyüyür, sonra çiçək açır, çiçəyi tökülür, meyvəsi gəlir, bu, bir tsikldir. Siyasi həyatda da məhz belədir, yəni,  bu cür hadisələr, kampaniyalar tək Azərbaycanın başında deyil, dünyada bütün inkişaf etmiş dövlətlərə qarşı bu kampaniyalar keçirilir.

Son on ilin tarixini nəzərdən keçirsək, Azərbaycana qarşı onlarla belə kampaniyalar olub. O il olmur ki, bizə qarşı hər hansı müəyyən əks- təbliğat, müəyyən basqı olmasın, o da o dövlətlərin marağıdır, o da o dövlətlərin strategiyasıdır, o da o dövlətlərin siyasətidir və onlar doğrudan da, bundan qazanc əldə edirlər.

İstər siyasi qazanc, istər iqtisadi qazanc əldə edirlər, istərsə də müəyyən mərhələdə özlərinin kapitallarını artırırlar və sair". M. Quliyev bu baxımdan  hesab edir ki, bu, bir siyasi oyundur:  "Yəni, biz düşünməyək ki, bu cür kampaniyalar yalnız Azərbaycana qarşıdır, dünyanın o biri dövlətlərinə də qarşı belə hallar var.

Odur ki,  buna o qədər də  emosional reaksiya verməyin  tərəfdarı deyiləm. Dövlətin başçısı, dövlətin müvafiq qurumları, strukturları vaxtaşırı profilaktik tədbirlər görürlər, vaxtaşırı hər kəsə öz yerini göstərirlər". M. Quliyevin eyni zamanda bildirdiyinə görə, Azərbaycan dövləti kifayət qədər güclüdür ki, belə təzyiqlərə, təsirlərə qarşı öz müqavimətini göstərsin. "Əsas odur ki, Azərbaycanın daxilində sabitlikdir. Azərbaycan iqtidarı Azərbaycan vətəndaşının maraqlarını doğru-düzgün təmin edir,  həyata keçirir və vətəndaş bu iqtidardan razıdır, Prezidentin ətrafındadır. Əsas budur.
 
Eyni zamanda, məsələn,  xarici ölkələrdə hər bir kəsin dostu da var, düşməni də var, onu istəməyən də var, paxıllığın çəkən də. Dövlət də elə insan kimidir. Hər bir dövlətin paxıllığın da çəkən var, onun təəssübün də çəkən var, onun inkişafını da görmək istəyən var, onun inkişafına badalaq vurmaq istəyən də.

Demək istəyirəm ki, bu Avropa Oyunlarından sonra parlament seçkilərində, onun ardınca gələn İslam Həmrəylik Oyunlarında, daha sonra prezident seçkilərində,  tutaq ki, bir referendum keçirəcəyik o zaman, ondan sonra məsələn, ikinci süni peykimizi kosmosa buraxacağıq həmin vaxt, bu cür kampaniyalar olacaq.İndi bunlara da insanlar, vətəndaşlar, siyasətdən kənar olan insanlar səviyyəsində emosional reaksiya verilməsinin, xüsusilə, mətbuatda, əsasən də qeyri-peşəkar jurnalistlər tərəfindən bunun qabardılmasının, şişirdilməsinin, birtərəfli cəmiyyətə təqdim edilərək oxucu sayının artırılmasının tərəfdarı deyiləm. Bu işlərlə məşğul olan müəyyən qurumlar var, o qurumlar da öz işlərini görür. Neçə ki, çəkməçi çəkməsini tikir, papaqçı öz papağını tikir, sürücü öz maşınını sürür, maşinist qatarını sürür, deməli, dövlət strukturunda olan bu insanlar öz işləri ilə məşğuldur. 

Ona görə də burada hər kəsin öz işi var və bütövlükdə, demək istəyirəm ki, dünyada ikili standartlar var, dünyada ədalətli olmayan mövqelər var, ümumiyyətlə, siyasət deyilən şey çox təəssüf ki, səmimiyyət və ədalət üstündə qurulmur. O vaxt siyasət səmimiyyət və ədalət üstündə qurulacaq ki, onda həmin siyasətə ehtiyac olmayacaq".

Kamil HƏMZƏOĞLU

 





28.05.2015    çap et  çap et