525.Az

"I Avropa Oyunları dünya idman tarixində yeni səhifə olacaq"


 

GƏNCLƏR TƏŞKİLATLARI RƏHBƏRLƏRİ: "AZƏRBAYCANIN İNKİŞAFI, TƏCRÜBƏSİ AVROPANIN ƏLAMƏTDAR TƏDBİRLƏRİNDƏN BİRİNƏ EV SAHİBLİYİ ETMƏSİNƏ ƏSAS YARADIR"

"I Avropa Oyunları dünya idman tarixində  yeni səhifə  olacaq"<b style="color:red"></b>

"Bakıda keçiriləcək birinci  Avropa Oyunlarına artıq sayılı günlər qalıb. Təəssüf ki, biz  bu ərəfədə yenə də Azərbaycana qarşı bəzi dairələrin  təzyiqlərini, qarayaxma kampaniyasını  müşahidə edirik".
 
Bu barədə "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov Azərbaycana qarşı yönəlmiş anti-təbliğat kampaniyası barədə danışarkən deyib. 

Onun  sözlərinə görə, ilk Avropa Oyunları artıq beynəlxalq təşkilatların deyil, birbaşa olaraq şəxslərin və fərdlərin maraqları dairəsinə gəlib keçib: "Hansı ki, bu şəxslər dünya ictimaiyyətində daha çox erməni lobbisinin təsiri ilə inkişaf edən və təsir qüvvəsinə malik ola biləcək münasibətlərin ortasında özlərinə bir yer müəyyənləşdiriblər. Onlar bu yerdən Azərbaycana qarşı təsir mexanizmi düşünməyə başlayıblar. Təbii ki, Azərbaycanın uğurları nə qədər çoxalacaqsa,  prezident İlham Əliyevin siyasi iradəsi ilə müstəqil siyasət aparacaqsa beynəlxalq təzyiqlər də səngiməyəcək. Biz çox yaxşı bilirik ki, beynəlxalq təşkilatların Azərbaycana qarşı etdiyi təzyiqlərin heç bir rolu yoxdur. Burada ən əsas, vacib faktor Azərbaycan faktoru və ölkə gəncliyinin ortaya qoya bildiyi vətəndaşlıq mövqeyidir. Əgər mən vətəndaşlıq mövqeyindən çıxış edərək milli kimliyimi tanıtdıraraq Azərbaycan haqqında hansısa xoş təəssürat yarada bilirəmsə, demək mən Azərbaycan adını layiqincə daşıya bilirəm".

M.Seyidov "İrəli" İctimai Birliyinin yeni kampaniyası haqqında da söz açıb: "Bu kampaniyanın adı "Dostunla oyna" kampaniyasıdır. Təbii ki, biz bu təbliğatın daha da artırılması, kütləvi forma alması üçün uşaq olarkən  hər zaman oynadığımız idman növlərini önə çıxarmaq istəyirik. Hansı ki, bu, bizim məhəllədə, küçədə dostlarımızla oynadığımız futbol, basketbol, voleybol və sairədir. Burada iki əsas hədəf qrup var. Birincisi, bizim həyətdə oynadığımız idman növlərinin inkişafıdır. İkincisi, uşaq evlərindəki gənclərin idmanın inkişafına marağıdır. Hansı ki, onlar üçün mövcud vəziyyət, struktur var. Kampaniya yaxın bir həftə ərzində öz işinə start verəcək. Gənclərlə bağlı böyük bir təbliğat qrupu yaradılıb. I Avropa Oyunları coşqusuna çox az vaxt qalıb".

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə  isə deyib  ki, Azərbaycan gündən-günə inkişaf edir və özünün sürətli dövrünü yaşayır. Ölkənin bütün sahələrində görülən işlər öz uğurlu nəticələrini göstərir və ölkəmiz illərdir beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir.

Ş.Seyidzadə qeyd edib ki,  Azərbaycanın inkişafı, sabitliyi və illərdir beynəlxalq tədbirlərin təşkilində təcrübəsi Bakı-2015 1-ci Avropa Oyunları kimi Avropanın ən əlamətdar tədbirlərindən birinə ev sahibliyi etməsinə əsas yaradır: "Oyunların ölkəmizdə keçirilməsinin əhəmiyyətini bir sıra amillərlə vurğulamaq mümkündür. İlk növbədə anlamaq lazımdır ki, Avropa Oyunları ilk dəfədir təşkil olunur. "İlk"lər isə daim tarixdə qalır. Yəni növbəti Avropa Oyunlarının hansı ölkədə təşkil olunmasından asılı olmayaraq, hər dörd ildən bir keçiriləcək Avropa Oyunlarında məşəl Azərbaycandan aparılacaq, ölkəmiz daim xatırlanacaq və yaddaşlarda qalacaq".

ARGTMŞ sədri vurğulayıb ki, əlbəttə, torpaqlarının 20 faizi işğal altında olan bir ölkənin həqiqətlərinin beynəlxalq aləmə çatdırılması üçün ilk növbədə ölkənin özü tanınmalıdır. O bildirib ki, yalnız Oyunlarda iştirak üçün ölkəmizə gələcək idmançılar, onların məşqçiləri, mətbuat nümayəndələri, Avropa Oyunları Təşkilat Komitəsində təmsil olunan ölkələrin sayına nəzər salmaq kifayətdir ki, Oyunların keçirilməsinin Azərbaycanın tanınması və beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində faydası dərk olunsun: "Digər tərəfdən, Oyunların ölkəmizdə təşkili Azərbaycanda müxtəlif idman növlərinin populyarlaşması və onlara marağın artması, eləcə də sağlam həyat tərzinin təbliğinə imkan yaradacaq. Ölkəmizə gələn qonaqlar Azərbaycanın tarixi abidələri, dəyərləri ilə yaxından tanış olacaqlar. Oyunların faydasını ifadə edən bir amil də Avropa Oyunlarının ölkəmizdə könüllülük hərəkatının inkişafına təkan verməsidir. Oyunların təşkili və idarə olunması prosesinə cəlb olunmuş 18 min könüllü xarici təcrübəyə yiyələnəcək və ölkəmizdə keçiriləcək digər beynəlxalq tədbirlərin təşkilində də bu təcrübədən faydalanacaqlar".

Ş.Seyidzadənin sözlərinə görə, əlbəttə, Avropa Oyunları zamanı istifadəyə verilən idman tikililəri və qurğuları, Oyunlar zamanı və sonra əldə olunacaq fayda Azərbaycan xalqına məxsusdur: "İnanıram ki, Oyunların təşkilində peşəkarlıq, xalqımızın qonaqpərvərliyi ilə Bakı-2015 Avropa Oyunları ölkəmizdə yüksək səviyyədə təşkil olunacaq və hər birimiz qürurla deyə biləcəyik: "Azərbaycan bunu bacardı!".

Ölkəmizin gənclərlə iş və könüllülük sahəsində təcrübəsi olan Məcid Musayev isə hesab edir ki, Bakının ev sahibliyi edəcəyi "Bakı -2015" ilk Avropa Oyunları dünya idman tarixinin yeni səhifəsi olacaq. Onun fikrincə, paytaxtımız belə mötəbər yarışların təşkilində böyük təcrübəyə malikdir və həmişə olduğu kimi Azərbaycan gəncliyi yenə də bu beynəlxalq idman yarışında aktiv olacaq: "Heç şübhə etmirəm ki, Bakıda keçiriləcək Avropa Oyunları yeni idman standartlarının əsasını qoyacaq. Bu gün hər bir ölkə bu və ya digər böyük idman və mədəniyyət tədbirlərinə ev sahibliyi etməyə çalışır. Bu baxımdan paytaxtımız Bakının böyük təcrübəsi var. 2012-ci ildə keçirdiyimiz "Avroviziya -2012" Beynəlxalq Mahnı Müsabiqəsi hələ də unudulmayıb. Bütün dünyanın izlədiyi bu musiqi yarışmasından sonra hər kəs nəinki mükəmməl təşkilatçılıqdan, həm də Azərbaycanın zəngin mədəniyyətə, turizm baxımından böyük potensiala malik olmasından da danışırdı".

Məcid Musayev deyib ki, bu gün Bakı Qafqaz regionunun mədəniyyət, elm, siyasət və idman mərkəzinə çevrilib: "Əvvəllər ölkəmizi yalnız neft amilinə görə tanıyırdılarsa, bu gün artıq Azərbaycanın adı gələndə bir neçə məqamla bu ölkə önə çəkilir. Artıq biz bir sıra məsələlərdə irəli getmişik. Beynəlxalq tədbirlərin təşkilində də qısa zamanda böyük təcrübəyə malik olmuşuq. Qarşıdan gələn Avropa Oyunları da paytaxtımızın təcrübəsini bir az daha zənginləşdirəcək və kim bilir, bəlkə elə 2024-cü ildə Bakı Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək şansı qazanacaq. Niyə də yox? Ölkəmizin əhalisinin təxminən 33%-i gənc nəsildir. İdman sahəsi Azərbaycanda inkişaf edir. Güləş, gimnastika, şahmat, üzgüçülük, velosiped idmanı və s. bu gün ölkəmiz üçün xas olan idman sahələridir. Dövlət rəsmilərimiz də idman sahəsinə diqqət ayırır və qeyd edirlər ki, Azərbaycanda böyük idman nəsli yetişməkdədir. Mən özüm idman sahəsindən uzaq olsam da, hər dəfə idman yarışlarında Azərbaycan bayrağının 1-ci dalğalanmasını görəndə, qürur hissi keçirirəm. Əminəm ki, bu hissi mənimlə birgə hər kəs paylaşır. Oyunlarda da bayrağımızın zirvələrdə dalğalanacağına əminəm".

M.Musayevin sözlərinə görə, Avropa Oyunları ölkəmizin tanıdılması üçün gözəl fürsətdir. Bütün Avropa Şəqrlə Qərbin kəsişdiyi nöqtəyə, Bakıya gələrək, ölkəmizi, tarix, mətbəx və mədəniyyətimizi tanıyacaq və Oyunlardan sonra da əcnəbi idmançılar artıq turistlər kimi Azərbaycana gələcəklər.  Əlbəttə ki, Avropa Oyunlarından sonra bütün idman obyektləri ölkə əhalisi üçün qalacaq və yeni idman nəsli formalaşdırmağa kömək edəcək. Bakı yaratdığı, qurduğu idman infrastrukturu ilə bundan sonra keçiriləcək mötəbər idman yarışlarına da ev sahibliyi etməyə qadir olacaq. Bakıdan sonra Avropa Oyunlarını qəbul edəcək ölkələrdə də dəfələrlə qeyd ediləcək ki, Bakı bu böyük idman tədbirinə ilk dəfə ev sahibliyi edib və bunu çox uğurlu şəkildə bacarıb. Müasir dövrümüzdə hamının istifadə etdiyi bütün internet məlumat resurslarında Bakı ön sıralamada qərarlaşacaq. Avropa Oyunlarının tarixi məqalələri Bakının adı ilə başlayacaq".

PƏRVANƏ

 





28.05.2015    çap et  çap et