525.Az

Şanlı 23 rəqəmi


 

Şanlı 23 rəqəmi<b style="color:red"></b>

Ölkəmizin XX əsrdəki yeni tarixinin - Azərbaycan Xalq Cümhuriyyəti tarixinin 97-ci ili tamam olur.

Bəşər tarixinin hər yüz ili qlobal, yaxud lokal siyasi, iqtisadi, ictimai, mədəni hadisələr yaradır. Həmin hadisələr zamanı fəlakətlər, tələfatlar, insan qırğınları ilə bərabər (təzadlı görünsə də) tərəqqi meylləri də müşahidə edilir. Elə bil ki, "İblisə uymuş bəşəriyyət" (H.Cavid) hər dəfə ondan qurtulduqca zəka işığında əsl həqiqətləri görür, dərk edir, yoluna davam edir. Tarixin qaranlıq dəhlizlərində bəzən böcək parıltısında, bəzən şam şöləsində, bəzən də çıraq işığında diqqət çəkən faktların ibrət dəyəri nə qədər böyükdürsə, özlərini yandırmaqla "zülmətləri aydınlığa" (N.Hikmət) çıxaranların hünəri də misilsizdir.

1918-ci ilin may ayında bütün türk dünyasında ilk müstəqil Xalq Cümhuriyyəti quruldu. Azərbaycanda fəaliyyətə başlayan əqidə meyli etibarilə (müxtəlif fraksiyalardan ibarət) milli parlament, təşkil edilən milli hökumət istiqlalın açdığı imkanlar daxilində siyasi, iqtisadi, ictimai islahatlar apardı, beynəlxalq əlaqələrin qurulmasına, müdafiə qüdrətinin yaranmasına yönələn qətiyyətli addımlar atdı. Və qısa zaman içərisində müstəqil dövlət quruculuğu, həmçinin daxili və xarici siyasət sahəsində bir sıra əhəmiyyətli uğurlar əldə edildi.

Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşadı, cəmi 23 ay... Daxili və xarici düşmənlərlə, aclıqla, nadanlıqla, satqınlıqla mübarizəyə, hər şeyi yenidən başlamağa, ölü nöqtədən tərəqqiyə yönəlməyə, əqidə döyüşlərinə sərf etməyə, şübhələrə, gümanlara, tərəddüdlərə xərclənən, milli şüur, milli mənlik, vətən və  millət sevgisinə həsr edilən, misilsiz iradə və sədaqət hünərinin təzahür örnəyi olan, qərinəyə bərabər 23 aylıq ömür...

Bəzən bir neçə dəqiqəyə sığan qəhrəmanlıq əbədiyyət qazanır. Həmin 23 ay ərzində millətimizin namus və zəka sahiblərinin əməlləri qəhrəmanlıq deyildisə, nə idi?!

Tarix (qəribə səslənsə də) əcəl kimidir, güzəştsiz və amansız. Tarixin yaratdığı acı müqayisə - 28 mayın əvəzinə 28 aprel gəldi. Birinci də baharla gəldi, ikinci də, amma Sədinin təbirincə desək, "o necə idi, bu necə"...

Xalqımızın taleyinə müdhiş illər yazıldı. Azadlıq nəğmələri susduruldu, mücahidlər qətl edildi, məhbəslərə atıldı, sürgünlərə göndərildi. Kim bilir, bəlkə 37-ci ilin qanlı olaylarının möhürü elə bu zaman vuruldu?!

Milli istiqlalımızın öncül mücahidlərindən olan Məhəmməd Əmin Rəsulzadə "Bir kərə yüksələn bayraq bir daha enməz" demişdi. Amma nə yazıq ki, qəhrəmanların öpüb, gözlərinə qoyduqları, uğrunda can fəda etdikləri, Əhməd Cavad, Cəfər Cabbarlı, Almas İldırım kimi söz ustalarının tərənnüm etdiyi bayraq enmişdi.

O bayraq bir də yetmiş ildən sonra, Ulu Öndər Heydər Əliyevin o zaman rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırıldı. Bəli, həmin o bayraq xalqın uzun onilliklər boyu ürəyində yaşatdığı azadlıq həsrətinin, onun rəhbərinin siyasi iradəsinin əyani rəmzi, milli istiqlalımızın üçrəngli bəyanı idi.

Xalqımızın tarixi keçmişdən aldığı acı dərs hər kəsə bu həqiqəti anladırdı ki, istiqlalı qorumaq, onu qazanmaqdan qat-qat çətindir. Və bu həqiqət elə ilk illərdən, irili-xırdalı siyasi-ictimai hadisələr yaşandıqca özünü hər dəfə xatırlatdı. Vətənimiz və xalqımız ağır sınaqlara dözməli oldu. Xarici və daxili düşmənlərin təzyiqindən sınmadı, parçalanmadı, alnıaçıq çıxdı. Çünki onun həyatın hər tufanından, hər burulğanından qalibiyyətlə çıxmağı bacaran Öndəri vardı. Xalqın ən ağır məqamlarında O, özünü yetirdi, epos qəhrəmanları kimi möcüzə yaratmağı bacardı.

Allahın türk dünyasına Mustafa Kamal Atatürkdən sonra bəxş etdiyi Heydər Əliyevin siyasi ömrü daha uzun, daha mənalı oldu.

Bu iki dahi şəxsiyyətlə bağlı düşüncələrimizdə qəribə və rəmzi bənzərlik görürük. Belə ki, Mustafa Kamalın hakimiyyətə gəldiyi 1923-cü ildə Heydər Əliyev anadan olmuşdu. Hər ikisi ölkənin paytaxtından uzaq bölgədə doğulmuş, hər ikisinin atasının adı Əli Rza olmuşdur. Hər ikisi rütbə etibarilə general idilər. İstər Musrafa Kamal Atatürkün, istər Heydər Əliyevin zamana sığmayan fəaliyyəti epoxal hadisələrlə zəngin, əsl epopeya idi. Tarix onlara öz vətənlərinin və xalqlarının taleyini dəyişmək missiyası ayırmışdı. Və onlar bunu böyük hünərlə bacardılar.

Bəli, 1918-ci ildən qurulan və cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətindən sonra, 1923-cü ildə Türkiyədə Cümhuriyyət quruldu və elə həmin ildə yəni 1923-cü ildə türk dünyasında daha bir dahi şəxsiyyət dünyaya göz açdı. Və nələr etmədi?! Nə saymaqla bitər, nə də dəyərləndirməyə ifadə tapılar. Hər əməli xalqın gələcəyinə işıq tutub, hər sözünün hikməti milli varlığımızı mənalandırıb. Dövlət müstəqilliyimizi və milli ideyamızı ən yüksək kürsülərdən bütün dünyaya bəyan edən Ulu Öndərimiz Heydər Əliyev "müstəqilliyimiz əbədidir, dönməzdir" deməklə, həm də xalqımızın bugünkü nəslinə yüzilliklərə yetəcək mənəvi güc, əqidə tamlığı, vətənpərvərlik ruhu təlqin etmiş oldu.

Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan bugünkü müstəqil və yeni Azərbaycan ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur, dünya birliyində ən ləyaqətli yerlərdən birini tutur.

23 ay məhrumiyyətlər, daxili çəkişmələrin, xarici təhdidlərin gərginliyini yaşayan, bir sıra təsisatlardan məhrum, iqtisadiyyatı zəif, ordusu dağınıq olan, Azərbaycan Xalq Cümhuriyyətinin varisi müasir Azərbaycan artıq 23 ildir ki, dövlət quruculuğu, dinamik inkişafda olan iqtisadiyyatı, güclü ordusu, müstəqil xarici siyasət xətti ilə, cəmiyyət həyatının sabitliyi, tolerant ovqatı, ictimai-mədəni səviyyəsi ilə dünyada tanınır, danılmaz beynəlxalq nüfuza malikdir.

23 aylıq tarixi ömrü ərzində Xalq Cümhuriyyəti "millətə istiqlalı dadızdıra bildi", amma Ulu Öndər Heydər Əliyev müstəqil dövlət, Yeni Azərbaycan quraraq, millətə istiqlalı misilsiz nemət kimi bəxş etdi.

Hazırkı müstəqil Azərbaycan, dünya azərbaycanlılarının qürur mənbəyi, arxalandığı dövlətdir. Və bu dövlətin başçısının, möhtərəm Prezidentimiz İ.Əliyevin cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən əməllərini yüksək minnətdarlıq hissi ilə dəyərləndirən xalqımız müstəqilliyimizin əbədi və dönməz olduğuna, üçrəngli bayrağımızın bir daha enməyəcəyinə qəti əmindir.

 





28.05.2015    çap et  çap et