525.Az

Bir kərə yüksələn bayraq - Xalq yazıçısı Anar yazır


 

Bir kərə yüksələn bayraq - <b style="color:red">Xalq yazıçısı Anar yazır</b>

(Nəcibə Bağırzadənin "Uzaqdakı yaxınlar" kitabına Ön söz) 

Nəcibə Bağırzadənin "Uzaqdakı yaxınlar" kitabı çox vacib və çox önəmli kitabdır. Oxucusunu kədərli duyğulara və ağır düşüncələrə qərq edən kitabdır. Bir insanın, bir ailənin,bir nəslin faciəsini əks etdirən kitabdır. Onlarla insanın başına gələn müsibətlərin "səbəbkarı" isə tariximizin ən işıqlı və ən nəcib şəxsiyyətlərindən olan Məhəmməd Əmin Rəsulzadədir.

İnsanlara hürriyyət, xalqlara istiqlal istəyən Məhəmməd Əmin nə suç işləmişdi ki, qəddar Stalin rejimi qoca analığı Maral xanımdan, həyat yoldaşı Ümmülbanudan tutmuş,dörd övladı, nəvəsi, əmisi uşaqlarını, bütün yaxın -uzaq qohumlarını min bir bəlaya düçar etmişdi. Bu gün hələ də Stalinin əzəmətindən, böyük quruculuq işlərindən, tarixin ən qanlı müharibəsində zəfərin təşkilatçısı və ilhamçısı olmasından ağız dolusu danışanlar tapılır. Elə bir bu kitabı oxuyanlar bütün bu "xidmətlərin" nəyin bahasına başa gəldiyini əyani şəkildə görər. Tək milyonlarla günahsız insana və bütöv xalqlara deyil,bir konkret ailəyə də qənim kəsilmiş  quruluşun başında durana vicdanı olan heç kəs haqq qazandıra bilməz.

Sovet hakimiyyətinin elə ilk günlərində güllələdiyi Firudin bəy Köçərli, Xudadat bəy Rəfibəyli, İsmayıl xan Ziyatxanov, Məmməd Bağır Şıxzamanlıdan fərqli olaraq Məmməd Əmini edam edə bilmədilər, qatil gülləsinə hədəf olmuş Fətəli xan Xoyski, Nəsib bəy Usubbəyov, Həsən bəy Ağayev, Behbud xan Cavanşir kimi onu da qətl edə bilmədilər. Amma Quruluş heyfini onun bütün qohum əqrabasından çıxdı.Vaxtiylə cavan Stalini - Kobanı evində qonaq edən ixtiyar Maral ananı da, Məhəmməd Əminin ömür gün yoldaşı Ümmulbanu xanımı da sürgün etdilər.Dörd övladının dördündən də amansız qisas aldılar.Bir qızı -Xalidə itgin düşdü, o biri qızı Lətifə öz tifil  balası Firuziylə birlikdə sürgündə yatağındaca soyuqdan donub öldü. Böyük oğlu Rəsulu 19 yaşında güllələdilər,kiçik oğlu Azər ömrünü sürgündə vətən həsrətiylə başa vurdu.

Nəydi Məhəməməd Əminin günahı? Öz xalqını azad, müstəqil görmək arzusumu, bu amal uğrunda yorulmaz və cəsur fəaliyyətimi, yoxdan bir var yaratmasımı? Öz xalqını həyatından artıq sevə-sevə bütün başqa xalqlara da dost gözüylə baxırdı M.Ə.Rəsulzadə. X1X əsrdə Azərbaycanı istila etmiş çar imperiyasına,XX əsrdə müstəqilliyimzi  yerlə-yeksan etmiş bolşevik təcavüzünə nifrət edirdi, amma rus xalqına hörmət və ehtiram bəsləyirdi, - Rusiyadan ayrılmağımız Rusiyaya qarşı düşmən münasibətimizdən deyil - deyirdi- despotik rejimdən bizdən də artıq zülm çəkən rus xalqından heç bir incikliyimiz yoxdur-  deyirdi.

Qardaş Türkiyəyə böyük məhəbbətinə rəğmən Azərbaycanı bu məmləkətin bir əyaləti kimi yox,müstəqil dövlət kimi görmək istəyirdi.  Azərbaycanın heysiyyətini hər şeydən üstün tuturdu. Nuru paşanın Bakını bolşevik-daşnak əsarətindən azad edən Qafqaz İslam ordusuyla bərabər şəhərə Azərbaycanın öz  qoşun hissələrinin də girməsinə təkid edirdi. Böyük türk ailəsində Azərbaycanın öz milli simasını, öz doğma ana dilini qorumasının alovlu tərəfdarı idi.Acı qürbət günlərində belə öz xalqının təəssübünü çəkərək Nizami Gəncəvinin Azərbaycan varlığını  elmi dəlil- sübutla təsdiq edirdi.

Məhəmməd Əmini ölümün pəncəsindən Stalin qurtarmışdı,bu da təkzibolunmaz tarixi faktdır,haçansa Stalinin özünü də ölümdən Məhəmməd Əminin ailəsi xilas etdiyi kimi.M.Ə.Rəsulzadəni Moskvaya da öz qatarında Stalin aparmışdı. Dəmiryol vağzalında gələcək Sovet diktatoruyla bir nömrəli musavatçını yola salanlar arasında Azərbaycanın bir nömrəli kommunisti Nəriman Nərimanov da vardı.

Kim bilir, bəlkə də Sovet iqtidarı "keçənə güzəşt deyərlər" prinsipiylə M.Ə.Rəsulzadəni öz niyyətləri üçün istifadə etmək fikrinə düşmüşdü.Bir müddət Moskvada,şübhəsiz Stalinin nəzarəti və razılığıyla ona lazımi diqqət və qayğı da göstərilirdi.

Amma M.Ə.Rəsulzadə Moskvada Stalinin himayəsində qalıb öz əqidəsinə xilaf çıxmaqdansa min bir əziyyətlə,min bir itgiylə,min bir risklə bağlı ağır mühacir qismətini seçdi, ömrü boyu sürəcək vətən həsrətiylə, ailəsinin,yaxınlarının nisgiliylə,çəkilməz dərdləriylə yaşadı və son nəfəsində  "Azərbaycan" sözüylə dünyayla vidalaşdı...

Kommunist rejimi və şəxsən ona həyatıyla borclu olan Stalin bax bütün bunları bağışlamırdı bu böyük azəri türkünə. Özünə əlləri çatmadığına görə intiqamı məmə yeyəndən pəpə deyənə qədər bütün ailəsindən,nəslindən aldılar tək Məhəmməd Əminin öz ailəsini məhv etməklə ürəkləri soyumurdu, əmiuşaqlarını da pərən-pərən salırdılar.

Ölümdən qurtulub sürgün edilmiş  sonbeşiyi Azərin gözəl Şölə xanımla ailə qurması bir müddət bu ailəyə nisbi səadət vəd etmişdisə də sonda ağır itgiylə nəticələndi. Bu səfər insanların yox, amansız taleyin hökmüylə. Şölə xanım Azər bəyə iki oğul - Ramizi və Rəisi bəxş edərək gənc yaşında vəfat edir. Kitabın bu yerində Nəcibə xanım təsirli ifadə işlədir: "dərd yaxşı tanıdığı qapıları döyürmüş sən demə".

Bu kitaba Ön söz yazmaq təklifi böyük ailənin salamat qalmış son nümyəndəsi, istedadlı rəssam, dəyərli ziyalı Rəis Rəsulzadədən gəldi. Buna məmnuniyyətlə razılıq verərək bu cəfakeş ailə qarşısında hamımızın borcunun cüzi bir hissəsini ödəməyə çalışdım.

Tək M.Ə.Rəsulzadənin deyil, onunla birlikdə Müsavatın qurucularından və əmisioğlunun ən yaxın silahdaşlarından olan Məhəmmədəli Rəsulzadənin, Məhəmməd Əminin bacanağı, gözəl yazıçı, o da repressiya qurbanı olmuş Seyid Hüseynin, Seyid Hüseynin xanımı Ümmülgülsümün, iztirablı sürgünlərdə təsadüfən muğam eşidib vətən həsrətiylə qovrulan istedadlı şairəmizin və bu kitabda acı taleləri qələmə alınmış bütün fəlakətzadələrin qarşısında vicdan borcumuz var.

Doğma kəndi Novxanıda heykəli qoyulmuş M.Ə.Rəsulzadənin Bakıda da abidəsi ucaldılmalı, mənzil muzeyi yaradılmalıdır. Belə bir muzey Novxanıda da açılmalıdır, bu muzeydə və onun qarşısında qurulacaq çoxfiqurlu memorial kompozisiyada bütün bu insanların işıqlı xatirələri əbədiləşdirilməlidir.

Məhəmməd Əmin Rəsulzadə: "Bir kərə yüksələn bayraq bir daha enməz" demişdi. Bu tamamilə gerçək söz imiş. Yetmiş ildə Sovet quruluşu üçrəngli bayrağı dirəklərdən endirsə də, ürəklərdən qoparda bilmədi. Bu bayraq hər bir vətənsevərin qəlbində, yaddaşında, arzularında yaşadı. Mübarək bir gün gəldi, ölməz Heydər Əliyevin təşəbbüsü və iradəsiylə bu bayraq Naxçıvanda yenidən ucaldıldı, sonra Bakıda yüksəldi və bu gün müstəqil Azərbaycanın paytaxtında dünyanın ən uca bayraq dirəyi üzərində sonsuzadək vüqarla dalğalanmaqdadır.

Bütün problemlərimizdən,bütün çətinliklərimizdən,itgilərimizdən daha üstün olan müstəqilliyimiz yolunda,bayrağımızın heç bir zaman enməyəcəyi ümidi və inamıyla  həyatlarını fəda etmiş insanlara - böyük Məhəmməd Əmin Rəsulzadəyə,onun doğmalarına rəhmətlər diləyir, xatirələrini əziz tutanlara, o cümlədən, bu kitabın müəllifinə, nəşrində əməyi keçənlərə dərin təşəkkürümü bildirirəm.

10 mart 2015

 





28.05.2015    çap et  çap et