525.Az

Dağlıq Qarabağ problemində Qərb aktivliyini itirir


 

ELXAN ŞAHİNOĞLU: "İKİ ŞƏRT YERİNƏ YETİRİLƏRSƏ, AZƏRBAYCAN AVRASİYA İQTİSADİ İTTİFAQINA ÜZV OLA BİLƏR"

Dağlıq Qarabağ problemində Qərb aktivliyini itirir<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, mayın 25-də xarici işlər naziri Elmar Məmmədyarovun Moskvada həmkarı Sergey Lavrovla görüşü olub.

Rusiya ilə yanaşı Azərbaycanın da bəzi avropalı diplomatlar tərəfindən tənqidlərə məruz qaldığı Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində təşkil olunan Riqa sammitindən dərhal sonra Rusiyada baş tutan danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında fikir mübadiləsi aparılıb. Diqqət çəkən əsas məqam müzakirələrin nikbin notlar üzərində qurulmasıdır. Xüsusilə qeyd etmək lazımdır ki, hazırkı hadisələr keçən il Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə əldə olunan etimad mühitinin (red: Rusiya ilə Azərbaycan arasında) müsbət nəticələr verdiyi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Bakı ilə Moskvanın birgə rolunu artırdığına dair deyilən fikirləri ön plana çəkir. Eyni zamanda, görüşün Riqa sammitindən sonra, Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən öncə təşkil olunması məsələyə diqqəti ikiqat artırır.

Xatırladaq ki, əgər Aİ-nin tədbirində Ukrayna münaqişəsinə görə Rusiyaya haqlı iradlar bildirilibsə, Azərbaycana qarşı isə bəzi Qərb dairələrinin qərəzli bəyanatları öz əksini tapıb. Bu qarayaxma kampaniyası rəsmi Bakıya qabaqcadan məlum olduğu, Qərbin Azərbaycana qarşı mövqeyində heç bir dəyişiklik olmadığı, ikili standartlar siyasətinin davam etdirildiyi üçün Riqa sammitində ölkə rəhbəri İlham Əliyev iştirakdan imtina edib. Yəni, əslində milli maraqlar naminə atılan addım, Krımın ilhaqından sonra Moskvaya edilən təzyiqlər fonunda Dağlıq Qarabağ məsələsində "açar" rolunu oynayan Rusiya tərəfindən də müsbət qarşılanıb. Bu baxımdan, xarici işlər naziri E. Məmmədyarovun Moskva səfəri təkcə rusiyalı həmkarı S.Lavrovla aparılan müzakirələrlə yekunlaşmayıb. Səfər zamanı Azərbaycan naziri Dövlət Dumasının sədri Sergey Narışkin və baş nazirin təhlükəsizlik və hərbi məsələlər üzrə müavini Dmitri Roqozinlə də görüşüb, Dağlıq Qarabağ münaqişəsini qabardıb və onun həllində Kremlin rolundan danışıb. Putinin isə Birinci Avropa Oyunlarının açılışında iştirak etmək üçün iyunun 12-də Bakıya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində İlham Əliyevlə birgə müzakirələr aparacağı şübhə doğurmur. Ona görə də, Rusiya ilə Azərbaycanın münaqişəylə bağlı sistemli və ardıcıl fəaliyyəti nikbin danışıqlara nikbin baxmağa əsas verir.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Rusiya və Azərbaycanın xarici işlər nazirlərinin Moskva görüşündə müəyyən ümidverici açıqlamalar verilib. Onun sözlərinə görə, lakin nikbinlik o zaman olar ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə müsbət təsir edəcək addım atsın, hər hansı bir bəyanat versin: "Rusiya Ermənistanı məcbur etməlidir ki, ilkin mərhələdə işğal etdiyi Dağlıq Qarabağ ətrafındakı torpaqları geri qaytarsın. Əfsuslar olsun ki, iyirmi ildən artıq müddətdə rəsmi Moskva öz imkanlarından istifadə edərək işğalçını dayandırmayıb. Bu görüşdən sonra da Kreml rəhbərliyinin işğalçı Ermənistanın qarşısını alacağına inam azdır. Çünki Moskva görüşündə ümidverici açıqlamaları yalnız Elmar Məmmədyarov verib. Sergey Lavrovdan bu tip bəyanatlar eşitmədim. Əksinə, Rusiya xarici işlər naziri bildirib ki, tərəflər hansı razılığa gəlsə biz onu dəstəkləyə bilərik. Əgər tərəflər razılığa gəlsəydi, bu 20 il ərzində baş verərdi. Ona görə də, məndə elə bir optimist yanaşma yoxdur. Rusiya əvvəlki kimi Ermənistana təzyiq və təsir etmək istəmir. Həm də məsələnin başqa tərəfi var. Baxmayaraq ki, Azərbaycanla strateji əməkdaşlıqdan danışırlar, lakin dövlətimiz öz qazını Avropa bazarlarına çıxarmaq fikrindədir ki, bu da Rusiyada xoş qarşılanmır. Axı, Moskva Azərbaycanın problemlərinin həllində nə dərəcədə maraqlıdır? Bu suala hələ də cavab tapa bilmirəm. Ona görə də, düşünmürəm ki, Rusiya yaxın müddətdə Ermənistana təsir edəcək və biz sülh prosesinin intensivləşdiyini müşahidə edəcəyik".

Rusiya dövlət başçısı Vladimir Putinin Birinci Avropa Oyunlarının açılışında iştirak etmək üçün Bakıya planlaşdırılan səfərinə də toxunan politoloq  qeyd edib ki, bu cür səfərlər kifayət qədərdir: "Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə Moskvaya səfər edib. Lakin heç birində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində real nəticələr əldə olunmayıb. Eləcə də Putin iyunun 12-də hansısa məsələni müzakirə etmək üçün Bakıya gəlmir. Onun səfərinin məqsədi Avropa Oyunlarının açılışında iştirak etməkdir. Bu tədbirin rəsmi açılış mərasimində başqa dövlətlərin rəhbərləri, o cümlədən, Türkiyə Prezindenti Rəcəb Təyyib Ərdoğan da iştirak edəcək. Əlbəttə, yaxşı olar ki, Bakıda Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin üştərəfli görüşü də keçirilsin. Münaqişənin həllində Türkiyə də maraqlı tərəfdir. Ona görə də İlham Əliyev, Rəcəb Təyyib Ərdoğan və Vladimir Putin birgə müzakirələr aparmalıdır. Çünki Dağlıq Qarabağ münaqişəsinin davam etməsi hər üç dövlətə mane olur. Bunu həll etmək lazımdır ki, Ermənistan da inteqrasiya proseslərinə qoşulsun. Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, şəxsən mən Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmasının əleyhinə çıxmaram. O şərtlə ki, işğal altında olan torpaqlar boşaldılsın, Dağlıq Qarabağın erməni icması Azərbaycanın yuridiksiyası altında həyatlarına davam etsin. İki şərt yerinə yetirilərsə, Rusiyanın istədiyi kimi Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv də ola bilər. Eyni zamanda, Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan münasibətləri normallaşa bilər. Münaqişə həll olunarsa, Türkiyə ilə Azərbaycan Rusiya ilə çox sıx əlaqələr saxlayacaq. Əgər Rusiya münasibətlərin müsbətə doğru inkişaf etməsini istəyirsə, konkret addımlar atmalıdır. Ancaq bununla bağlı məndə elə bir optimist əhval-ruhiyyə yoxdur".

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli qeyd edib ki, Rusiyanın Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində oynadığı rol danılmazdır: "Ümumiyyətlə, şimal qonşumuz MDB məkanında yaranan münaqişə ocaqlarının əsas səbəbkarıdır. Diqqət yetirsək, Gürcüstan və Ukrayna ilə Rusiyanın yaxın tarixlərdə apardığı müharibələr Obxaziya, Cənubi Osetiya, Donetsk və Luqanskda separatizm hərəkatlarını yaradıb ki, rəsmi Moskva bu qondarma qurumların hər birinin müstəqilliyini tanıyıb. Lakin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilən Dağlıq Qarabağ torpaqlarında yaradılan separatçı rejimin "müstəqilliyini" nə Rusiya, nə də Ermənistan tanıya bilib. Əksinə Kreml Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib. Bu, dövlətimizin apardığı uğurlu və məqsədyönlü siyasətin nəticəsidir".

Rusiyanın ATƏT-in və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olduğunu xatırladan hərbi ekspert bildirib ki, bu dövlət Azərbaycanla mövcud əlaqələri daha da irəliyə daşımaq istəyirsə, ya ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirilən danışıqlarda Ermənistanı konstruktiv mövqe ortaya qoymağa məcbur etməli, ya da BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamənin yerinə yetirilməsi üçün öz köməyini göstərməlidir: "Dünya ictimaiyyətinə məlumdur ki, Ermənistan istənilən məsələdə müstəqil qərar vermək imkanına sahib deyil. İşğalçı ölkə Rusiyanın bir vilayəti, forpostu kimi mahiyyət daşıyır. Azərbaycan isə iki əsrə yaxın Rusiyanın əsarəti altında olub və istər Çar hakimiyyəti, istərsə də Sovet İttifaqında ermənilərin İrəvan torpaqlarında hökmranlığının təmin olunması üçün təzyiqlərə məruz qalıb. Rəsmi Moskva prosesin davamı olaraq Dağlıq Qarabağ torpaqlarının işğalına da şərait yaradıb. Lakin müstəqillikdən sonra da Rusiya Ermənistanın üzərindən əlini çəkməyib, əsas idarəçiliyi özündə saxlayıb. Ona görə də, bu gün münaqişənin həllində Moskvanın oynadığı rolu inkar etmək olmaz. Əgər Kreml Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün heç bir addım atmaq istəmirsə, o zaman kənara çəkilib Azərbaycana problemini özü çözməsinə imkan yaratmalıdır. Biz işğal olunan torpaqlarımızı istənilən vaxt düşməndən azad edə bilərik".

E.Həsənli hesab edir ki, iki ölkə arasında Dağlıq Qarabağ münaqişəsi istiqamətində aparılan danışıqların nəticəsi Putinin Bakıya səfəri çərçivəsində İlham Əliyevlə görüşü zamanı aydınlaşa bilər: "Kreml sahibinin Dağlıq Qarabağ münaqişəsini həll etmək, ən azından bir pillə irəliyə daşımaq üçün kifayət qədər imkanları var. O bu imkanlardan istifadə edərək regionda sülhün təmin olunmasına öz töhfəsini verə bilər. Bununla da Ukrayna böhranından sonra Rusiya itirdiyi imici yenidən özünə qaytara bilər. Çünki bu problemin həlli post-sovet məkanda davam edən digər münaqişəli vəziyyətlərin də tənzimlənməsinə müsbət təsir edəcək, açar rolunu oynayacaq".

Ceyhun ABASOV

 





28.05.2015    çap et  çap et