525.Az

İnkişaf mental dəyərlərə söykənəndə


 

İnkişaf mental dəyərlərə söykənəndə<b style="color:red"></b>

Hələ kommunikasiya, məbuatın olmadığı dövrlərdə tarixən üzərində yaşadığımız bu torpaqlarda saysız müharibələr, qarşıdurmalar fonunda belə, xalq öz fiziki varlığı qədər mənəvi varlığı, sərvəti və dəyərlərini qoruyub inkişaf etdirməyə nail ola bilmişdir.

Tarixi salnaməçilərin dövrümüzə gəlib çatan əlyazmaları da, həmçinin sübut edir ki, dövrünün böyük şəxsiyyətləri olan Məhəmməd Cahan Pəhləvandan tutmuş, Şah İsmayıl Xətai, Şah Abbas Cənnətməkan, Ağa Məhəmməd Qacaradək hər bir böyük AZƏRBAYCANLI apardıqları müharibələrlə yanaşı xalqın mənəvi dəyərlərinin - elmin, sənətin, sənətkarlığın inkişafına xüsusi önəm vermişlər və  bütün bunların maddi tərcümanı AZƏRBAYCAN TÜRKCƏSİ, yəni bu günkü Azərbaycan dili  olmuşdur. Xalqımızın kimliyini sübut edən, dilimizdə danışan Cənubi Azərbaycan vətəndaşları iki yüz ilə yaxın bir dövrdə ən böyük siyasi təzyiqlər altında belə dilimizin səddi-şirəsini, zənginliyini asinulyasiyadan qoruyub saxlaya biliblər. Ancaq Şimali Azərbaycan deyilən müstəqil məmləkətimizdə, son bir neçə ildə yaranan müstəqil televiziya, radio şirkətləri sanki min illərin formalaşan dilinə qənim kəsiliblər. Bayağı, anlaşılmaz ifadələrin tüğyan etdiyi eifrlər dilimizin zənginliyinə-sözün həqiqi mənasında təcavüz edirlər. Və mənə elə gəlir ki, bu cür problemi dövrümüzdə digər xalqlar yaşamır. Radio və Televiziyada ayaq açan əllaməçi (təbii ki, söhbət xalqının dəyərlərinə hörmətli yanaşan ziyalı aparıcılardan getmir) elə ifadə vasitələri işlədirlər ki, heç bir kitabda, dəftərdə yazılmayıb.

Bir fərd, vətəndaş, tamaşaçı, eyni zamanda efir məkanının nümayəndəsi olaraq,  illərdən bəri mən narahat düşüncələrimi aparıcısı olduğum verilişdə dəvət etdiyim ziyalıların, işıqlı söz sənət adamlarının da "yaralı yeri" olduğunu nəzərə alıb fikirlərimi oxucularla da bölüşmək istədim. Bir neçə əyalət - region televiziya və radiolarının da qoşulduğu efir ailəmizdə əsasən altı tele-radio fəaliyyət göstərir. Acınacaqlı cəhət ondan ibarətdir ki, müəllif verilişlərindən tutmuş, ümumi verilişlərədək onlara elə adlar qoyulur, seçilir ki, sanki efirə baxan, dinləyən elmi, məlumatı, əxlaqı olan  minlərlə tamaşaçı və dinləyici yox, öz aralarında hər mövzuda söhbət, qeybət etdikləri ətraflarıdır...

Deyirlər çinlilər uşağa ad qoyanda bir boşqabı üzü aşağı diyirlədirlər və boşqabdan hansı səs çıxsa uşağa da o adı qoyurlar. Təbii bu bir mübaliğədir, amma mən belə qənaətdəyəm ki, müstəqil dediyimiz tele-radiolarda verilişlərə qoyulan adların mexanizmi bu cürdür. Ucuz şoular, şit-şit söhbətlər, zarafatlar, kök-kök arvadların mətbəx verilişlərindən gələn bozbaş qoxusu, yuxuyozmalar, rəmmallar, falçılar, niardantal insan görkəmində aparıcılar, dəvətsiz, filansız evlərimizə, girib-birbaşa oturub əsəblərimizin üstündə.

Son vaxtlar televiziyaların əksərində klassik xəbərçiliyə yad bir ənənə formalaşıb: Xəbərin içərisində anons təkrarlamaq şousu. Adama deyərlər bala, xəbərin varsa, xəbərini söylə, məlumatını çatdır...

Tamaşaçı və dinləyicini intizarda saxlayıb - müəyyən qədər maraqlı xəbəri sona çatdırmaqla özünə baxmaq, yaxud qulaq asdırmaq istəyi sübut edir ki, ona qədər verilən xəbərlər efiri doldurmaq üçün lazımsız bir şey imiş. Bu hal acizliyin ən açıq ifadə formasıdır.

 Hər kəsə bəllidir ki, yalançı və aldadıcı reytinq eyforiyasından uzaq olan bir düşüncə mühiti var Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də. Elə bu üzdən də bu məkanda verilişlərə qoyulan adlar barədə bir qədər ətraflı danışmaq istəyirəm.

Mənim gördüyüm və bildiyim budur ki, yeni hazırlanan hər bir verilişin adı, verilişdə qoyulan məsələ və mövzuları özündə ehtiva etməlidir. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri, millət vəkili Arif Alışanovun rəhbərlik etdiyi teleradio şirkətinin verilişlərinin adlarını sadalamaq kifayətdir ki, söhbətin hər bir veriliş adına nə qədər həssaslıqla yanaşıldığından getdiyi hiss olunsun.

Azərbaycan ədəbi-bədii və ictimai mühitində özünü təsdiq etmiş insanlarla söz, sənət sahibləri haqqında "Sevilənlər", özünü, sözünü bilən insanların "Bu axşam"da əyləşib xalqın bu günündən, sabahından, insanlarından etdikləri ağıllı söhbətlər,  maddi qayğılarla dolu zəmanəmizdə xalqın mənəvi aləmində gəzişmələr edən "Ovqat", hər cür işıqlı fikirləri gənclərimizə aşılayan "Tələbə dünyası", tutduğu vəzifədən, peşəsindən asılı olmayaraq - sənəti qədər  sevib-sonaladığı hobbisi ilə öyünüləcək işlər araya-ərsəyə gətirən insanların tanıdılmasında yardımçı olan "Maraq dünyası", bu günə, sabaha güzgü salan "Nəzər nöqtəsi", hər efir dəqiqəsində övladlarımıza bir vətəndaş mövqeyi sərgiləməklə stimul yaradan  "Azərbaycan Respublikasına xidmət edirəm", Radiomuzda 15 ildən artıq səslənən müəllifi bəndəniz olan "Elçi daşı", "Vaxtınız varsa", nəsillərin estafetinin ləyaqətlə ötürülməsində müstəsna rolu olan "Bizdən sonra", dinləyici rəğbətini qazanan "Düşüncələr" və ən nəhayət, neçə onilliklərin o başından bu yana ruhumuzun tərcümanına çevrilmiş "Bulaq" kimi və adlarını çəkmədiyim neçə-neçə verilişlərin hanısının adında, mahiyyətində mücərrəd bir fikir ifadəsi mövcuddur? Təbii ki, heç birində. Çünki verilişlərə qoyulmuş adlar konkret və anlaşılan olmaqla yanaşı, daşınan adın mahiyyətinə xidmət edir. Əsgəri olduğum və çox sədaqətlə xidmət etdiyim bu efir məbədgahında gedən istənilən televiziya və radio verilişinə hər bir ailə qız-gəlinləri, övladları,  milli-əxlaqi dəyərləri çərçivəsində rahatlıqla baxa, dinləyə bilərlər. Budur Azərbaycan Televiziyasının qayəsi, məramı, məqsədi. Ləyaqətli, əxlaqlı, vicdanlı, ədalətli və milli!

El arasında belə bir deyim var: bir kəsdən soruşurlar ki, sən atana bu vaxta qədər nə xeyir vermisən? Cavabında deyir: mən atama o xeyiri vermişəm ki, hələ ziyan vurmamışam.

Bu fikri hardasa əsla maarifçilik mövqeyi tutmayan bəzi teleradioların fəaliyyətinə şamil etsək, millətin əxlaqına, mədəniyyətinə, ədəbiyyatına vurulan zərbələr böyük Atamıza, Vətənimizə vurulan zərbədən başqa bir şey deyil.

Bu  anlamda  Azərbaycan  Televiziya  və  Radio  Verilişləri   QSC (Az.TV)  xalqın   maddi  və  mənəvi   dəyərlərinə   həssaslıqla  yanaşaraq, öz fəaliyyətində  ən   azından bu keyfiyyətləri  qoruyub  saxlaya  bilib.

Mahəddin ƏSGƏR

 





28.05.2015    çap et  çap et